17.03.2017

İlkin - Rejimindir

Məzlum, bunu bil, cümlə bu "dövlət" rejimindir,
Verməz sənə bir parça da əlbət, rejimindir.

Məmur necə ibrət götürər əhli-halaldan?
Bir halda ki korrupsiya, rüşvət rejimindir.

Ey nəfsi-kreslo, neçə yanlar sənə dəymiş?
Ac günlərə həsrət bütün heyət rejimindir.

Aylıq maaşım kartofa çatmır, ətə çatmır
Çəksəm də mən eşşək kimi zəhmət, rejimindir.

Gəl, versə də Allah "qara nemət" bu vətənçün,
Öz neftinə millət qalıb həsrət, rejimindir.

Narkotiki doldur cibinə saf üləmanın,
Sən zənn eləmə 'ruzi-qiyamət rejimindir'.

Görsək də fəqət biz kağız üstündə azadlıq,
Vermir ona heç kim əhəmiyyət, rejimindir.

Bətnindəki hayqırtını, İlkin, çalış öldür,
Dərhal biləcəklər ki cinayət rejimindir!..

Комментариев нет:

Отправить комментарий