“Qaynar Qazan”ın qonağı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir
– Necəsiniz, Hafiz bəy?
– Çox sağ olun, Əvəz bəy. Minnətdaram. Əziyyət çəkibsiniz. Böyük qınaqlar qarşısında böyük cəsarət tapmısınız ki, mənim kimi qalmaqallı bir insanla, bir siyasətçi ilə üz-üzəsiniz.
– Niyə qalmaqallısınız?
– Bilirsinizmi, nətəridir? Həqiqəti deyən, xalqının qayğısına qalan, həyatını xalq üçün şam kimi əridən, dövlətçilik üçün əridən bir adamı Azərbaycanda bu gün sevmirlər. Bəzən mənim açıqlamalarım çox ciddi şəkildə, ən yüksək səviyyədə olan məmurlara sərt şəkildə ünvanlanır. Və mən açıq deyim ki, etdiyim çıxışların məsuliyyətini dərk edirəm və dediyim, üzərinə getdiyim faktlarda əli olan məmurların da yaxasından axıradək əl çəkmirəm. Amma çox təəssüf ki, nə eləmək olar, bu da bizim bəxtimizdir. Siyasətçi var ki, ağzını ildə bir dəfə də açmır. Partiyasında bir nəfər də üzvü yoxdur. Amma özünü elə yuxarıdan aparır ki, guya bu ağıllı bir adamdır- nə müsahibə verməyə meyllidir, nə də ictimaiyyətlə, xalqla görüşə meyllidir. Bu cür hər kəsdən qaçan insanlar bu gün, əlbəttə ki, istəmirlər… Hafiz Hacıyev Azərbaycan siyasətində hal-hazırda son vaxtlar birinci, ikinci yeri tutan bir insandır. Bu partiya dinamik inkişaf edən, gündəlik iş başında olan bir partiyadır və hər halda bu cür münasibətə mən “siyasi qısqanclıq” deyirəm. Və istəməzdim ki, mənim dostlarım, siyasi opponentlərim bu dərəcədə “siyasi qısqanc” olsunlar. Hər halda mən öz sözümü demişəm və deyəcəm də… Onlar da narahat olmasınlar, mən prezident olanda mənə qarşı nə qədər qısqanc insanlar var, hamısını öz ətrafıma, öz komandama gətirəcəm. Onlar qəti narahat olmasınlar…
– Yeri gəlmişkən, Muradxan Hüseyn soruşur ki, nə vaxt biz Hafiz Hacıyevi ölkə başçısı kimi görəcəyik? Ölkə başçısı olarsa, ilk qərarı nə olar?
– Bilirsiniz ki, artıq prezident seçkilərinin bünövrəsi 2017-ci ildən qoyulur. 2018-ci il prezident seçkiləridir…
– Yəni namizədliyinizi verəcəksiniz?
– Təbii… Buna heç söz yoxdur. Artıq apardığım bu təbliğt-təşviqat işləri də, partiyada apardığımız gündəlik işlər artıq prezident seçkilərinə hesablanmış addımdır. Hafiz Hacıyev Azərbaycanın prezidenti olacaq, buna heç kimin şübhəsi olmasın. Bunu mən tam səmimi deyirəm, cəsarətlə deyirəm. Özümün özümə olan inamımdan deyirəm və partiyamın gücünə bələd olaraq, arxayın olaraq deyirəm…
– Bundan əvvəl prezident seçkilərinə 3 dəfə qatılmısınız?
– Bəli, 3 dəfə qatılmışam.
– Seçicilərin neçə faiz səsini toplamısınız?
– Çox toplamışam və hər dəfə də öz səslərimi, prezident, qardaşım İlham Əliyevin xeyrinə vermişəm. Seçicilərimə də demişəm ki, vəziyyət belədir. Hər halda bu dəfə də qardaşım mənə güzəştə gedəcəkdir. Mən belə düşünürəm. Azərbaycanı mən idarə eləyəcəm və mənim qardaşımın olan düşmənlərinin axırına da mən çıxacam. Hörmətli, bizə sual verən dostumuz narahat olmasın. Mən prezident olan dövrdə Azərbaycan xalqını bütün kommunal xərclərdən azad eləyəcəm. Azərbaycanı bu günə qoyan, talan edən indiki məmurların heç biri mənim əlimdən qaça bilməyəcək. Hara qaçsalar da çox yaxşı üsulla hamısını qaytarıb Azərbaycan gətizdirəcəm.
– Gətirdəndən sonra nə edəcəksiniz ki?
– Gətirdib, Azərbaycandan yığdıqları bütün varı-dövləti əllərindən alıb, bir fond yaradacağıq… Azərbaycan xalqının işığı da pulsuz olacaq, qazı da pulsuz olacaq. Hamısını kommunal xərclərdən azad edəcəyəm. Məsələn, mən hesablamışam ki, bugünkü məmur kontingentinin haradasa hər birinin 10 milyardlarla dollar pulu var. Hələ bunların xarici ölkələrdəki otelləri, villaları, əlavə saxladıqları xanımlara xərclədikləri vəsaitlər… hələ buna daxil deyil… Mənim apardığım hesablamalarda bunların harada nə qədər tikililəri var, onu çox gözəl bilirəm. Onların hamısını qaytarıb, Azərbaycanda bir sosial fond yaradacağıq. O işıq, qaz pulu, …həmçinin Qarabağ torpaqlarının azad olunmasında şəhid olan qəhrəman oğullarımızın ailələri bu gün çox pis gündədirlər, onların hamısı çox yüksək səviyyədə həmin fonddan təmin olunacaqlar. Ona görə də Hafiz Hacıyevin prezidentliyi dövründə Azərbaycan xalqı yağ-bal içində yaşayacaqdır.
– Orxan Səlimzadə soruşur ki, “Hafiz Hacıyev son prezident seçkiləri zamanı İlham Əliyevlə birlikdə koalisyon hökumət quracağını deyirdi. Seçki saxtalaşdırıldı və nəticə də bəllidir. Sualım belədir: İlham Əliyevin özü Hafiz Hacıyevə koalisyon hökumət qurmaq təklifini etsə, razılaşarmı? Yoxsa, Hafiz Hacıyev iqtidara tək gəlməkdə qərarlıdır? Təşəkkürlər…”
– Mən prezident seçiləndən sonra təklif edəcəm ki, bugünkü ölkə prezidenti kənarda qalmasın. Baş nazir, ya da indiki Konstitusiya dəyişikliklərindən sonra birinci vitse-prezident təyin olunsun. Bilirsinizmi, İlham Əliyevi kənarda qoymaq olmaz. Onun böyük potensialı var. Düzdür, biz müxalifət bəzən həqiqətləri deməkdən çəkinirik. Niyə çəkinirik? Bax, bizi bu günə qoyan da odur. Yaxşıya yaxşı deməliyik, pisə də pis… İlhm Əliyevin bu qədər potensialı olduğu halda, xariclə bu qədər böyük imkanları olduğu halda bunu kənara qoymağa dəyərmi? Qətiyyən dəyməz. İlham Əliyev gənc kadrdır, gənc dövlət başçısıdır. Əlbəttə ki, mən prezident seçilən andan sonra onu böyük səlahiyyətlərlə baş nazir qoya bilərəm. Təyin edə bilərəm, təklif edə bilərəm… və əl-ələ verib, işləyə bilərik… Siyasətdə düşmən yoxdur, siyasətdə maraq var. Siyasətdə xalqın marağı var, dövlətin marağı var. Biz əgər İlham Əliyevi kənarda qoysaq… Bizim bəzi dırnaqarası siyasətçilərimiz elə düşünürlər ki, tək başına hakimiyyətə gəlib, hakimiyyəti tək idarə edə biləcəklər… O kadr potensialı bu gün heç bir partiyada yoxdur. Bunu danmağa dəyməz. Bugünkü hakimiyyətin tərkibində də ciddi fiqurlar var. Xalqını sevən insanlar var. Kadr məsələsində onlardan da istifadə etmək lazımdır. Hər halda mənim qardaşım İlham Əliyev əgər ölkə daxilində bu gün yaranmış kataklizmlərdən və xarici dövlətlərin Azərbaycana olan basqılarından bir balaca kənara çəkilər, hakimiyyət məndə olar. Onsuz da mən seçiləcəm. Mən bütün bu proseslərin hamısını tənzimləyəcəm. Ölkəni iqtisadi böhrandan çıxararam. Ölkənin bugünkü bütün iqtisadi problemlərini…
– Deyirsiniz ki, mən hakimiyyətə gəlim, vəziyyəti düzəldim, sonra da İlham Əliyev hakimiyyətə qayıtsın?
– Nə olar? 5 ildən sonra hakimiyyətə yenə qayıtsın.
– Putin-Medvedyev kimi?..
– Nə olar, çox gözəl olar. Nə problem var ki? Niyə biz qonşu dövlətdən öyrənməyək? Putindən bu məsələləri öyrənməyək? Bilirsinizmi, bunun üçün də etibarlı adam lazımdır.
– Niyə hesab edirsiniz ki, başqaları etibarsızdır?
– Bu bir tarixdir. Bilirsiniz ki, mən Elçibəy hakimiyyəti dövründə nazir olmuşam. O komandada ən çox hörmət etdiyim adam Pənah Hüseynovdur. O zaman baş nazir işləyib. Bacarıqlı bir adamdır. Mən onu təmiz bir adam kimi tanıyıram. Pənah bəylə eyni komandada işləmişik. Ona görə də hesab edirəm ki, Pənah Hüseynov da bizim komanda da işləyə bilər. Və digərləri də işləyə bilər- məsələn, Sülhəddin Əkbər milli təhlükəsizlik sahəsində çox cəsarətli bir insandır, çox qabiliyyətli bir adamdır.
– Yəni deyirsiniz ki, indiki müxalifətlə də…
– Bəli, əlbəttə ki, indiki müxalifətdən də dəvət etmək olar.
– Öz komandanızda kimləri görürsünüz?
– Sülhəddin Əkbəri milli təhlükəsizlikdə görürəm. Özü də birmənalı şəkildə. Ona görə ki, millətini sevən, milli qüruru olan, əsl türk olan bir insandır. Məsələn, bəzi sahələr var ki, Pənah bəyi kənarda qoymaq olmaz. Bu gün Qubad İbadoğlu kimi bir iqtisadçını kənarda qoymağın özü Azərbaycan iqtisadiyyatı üçün bir xəyanətdir. Mən indiki prezidentə də təklif edirəm ki, əgər bugünkü bu “Qocalar Evi”ndən canını qurtara bilsə, iqtisadiyyat sahəsində Qubad İbadoğlundan, Əli Məsimlidən istifadə eləsin. Məsələn, Vahid Əhmədovdan istifadə eləmək lazımdır. Bilirsinizmi, nətəridir? Biz bu bacarıqsız komandadan geri çəkilməliyik.
– Hafiz bəy, Ülfət Ədalətoğlu da bir sual verir: ““Qocalar Evi” deyir, amma özünu də orada görmək istəyir… Axı Hafiz Hacıyevin də yaşı o məqamdadır.” Rail Məmmədov yazır: “Hafiz bəyin qardaşı nəyə görə bu “Qocalar Evi”ndən imtina etmir?”
– Hafiz Hacıyevin hələ o yaşı yoxdur. Hafiz Hacıyevin yaşı hələ 60-ı keçməyib. Hafiz Hacıyev kifayət qədər bu xalq üçün başını ağartmış adamdır. Mənim saçımın ağlığına baxıb, yaşımı bu qədər də çox görməsinlər. Hafiz Hacıyev Elçibəy hakimiyyətindən sonra bütün həyatını bu xalqa həsr eləyib, iki dəfə də müxalifətdə olduğum və haqq-ədalət uğrunda çalışdığım üçün həbs olunmuşam və siyasi məhbus olmuşam. Hafiz Hacıyevin bu gün hələ 55-56 yaşı var və o qədər də çox yaşı yoxdur ki, pensiyaya getsin. Mən hələ pensiyaya hazırlaşmıram. Mən prezident seçiləndən sonra hər halda indiki “Qocalar Evi”ndə olan, başları kiflənmişlər kimi, huşları itənlər kimi, katibələrinin dayağı ilə kresloda oturanlar kimi olmayacam… Belə olsa biz gedə bilərik, çünki biz bunu görmüşük. Məsələn, mən nazir işlədiyim dönəmdə Azərbycanda ilk və son dəfə balıqçılıq sənayesi elə bir həddə çatdı ki, dünya miqyasında birinci yerə çıxdı. Dünya bazarına 55 min ton qara kürü çıxardıq.
– Elçibəyin hakimiyyəti dövründə ən varlı nazirlik idi…
– Ən varlı… Açığı sizə deyim ki, həmin dövrdə – bunu bizim o vaxtkı baş nazirdən də soruşa bilərsiniz, bu gün özünü mənə opponent hesab edən, o vaxtkı dövlət katibi Əli Kərimlidən də soruşa bilərsiniz – biz öz gücümüzü, öz bacarığımızı ortaya qoyduq. 55 ton qara kürünü dünya bazarına çıxardıq. O cümlədən Türkiyə Cümhuriyyətinə 650 ton nərə balığı verdik və oradan da bizə külli miqdarda dollar daxil oldu. O vaxt Azərbaycanın dövlət büdcəsinin haradasa 20-30 faizi bu məhsullardan gələn pullar hesabına təşkil olundu.
– Hafiz bəy, siz kimin kadrı idiniz? Əbülfəz Elçibəy komandasında sizin təklifinizi kim irəli sürüb?
– Həmin ərəfədə mən işləyirdim. Ayaz Mütəllibovun hakimiyyəti dövründə mən uzun müddət komsomolun ikinci katibi, sonralar birinci katibi işləmişəm. Uzun müddət böyük vəzifələrdə işləmişəm. Məsələn, Ayaz Mütəllibovun hakimiyyəti dönəmində uzun illər balıqçılıq sənayesində işləmişəm. Açığını deyim ki, Ayaz Mütəllibov çox demokrat bir adam idi. Onu indi kimlər nə cür adlandırır, opponentlərimiz çox cılız hisslərə qapılaraq xoşagəlməz sözlər deyirlər, amma mən sizə açığını deyim ki, Ayaz Mütəllibovun dövründə istənilən müxalif qüvvələr, o cümlədən də bizlər onunla danışıqlara gedirdik və müəyyən məsələləri görə bilirdik. Mən Ayaz Mütəllibovun vaxtında işləmişəm. Ondan əvvəl rəhmətlik Heydər Əliyevin dönəmində komsomolda katib işləmişəm. Hətta Kamran Bağırovun zamanında işləmişəm. İndikilər kimi ayaqyalın deyiləm, kiminsə xahişi ilə gəlib nazir olmamışam. Mən hər şeyə həyatımda mərhələ-mərhələ gəlib çatmışam. Mən 14 il balıq sənayesində işləmişəm. Özüm də indiki alimlər kimi 5-10 min manat verib elmlər doktoru adını almamışam. Düzdür, mənə də belə təkliflər etdilər. Mən bu gün elə adamlar tanıyıram ki, o təklifləri qəbul etdilər və bu gün də elmlər doktoru adını aldılar.
– Kimdirlər onlar?
– Mən ad çəkmək istəmirəm. Onların kim olduqlarını bütün Azərbaycan xalqı bilir. Sizin “Qayanar Qazan”da da müsahibə götürdüyünüz müəyyən insanlar var ki, o insanların adını çəkiblər. Amma mən sadəcə olaraq SSRİ dövründə Leninqradda, indiki Sank-Peterburq şəhərində elmlər namizədliyi dissertasiyamı müdafiə eləmişəm.
– Balıqçılıq üzrə?
– Balıqçılıq üzrə elmlər namizədliyi dissertasiyasını eləmişəm. Ona görə də Hafiz Hacıyevə bəzən “Balıq Hafiz” də deyirlər. Amma mən buna görə heç də təəccüblənmirəm. Bu da bir xoşbəxtlikdir ki, quldur demirlər, nə də oğru demirlər. Ona görə də…
– Ona görə də “Balıq Hafiz” deyəndə əsəbiləşmirsiniz?
– Qətiyyən, qətiyyən… Bu, bizim ixtisasımızdır. Bizə quldur demirlər ki… Bizə oğru demirlər ki… Mən fəxr edirəm ki, öz sahəmdə çox böyük irəliləyiş əldə eləmişəm və milli dövlətin ilk illərində Azərbaycan xalqının, Azərbaycan dövlətinin büdcəsinə milyardlar, milyonlar gətirmişəm. Bununla fəxr edirəm. Demirlər ki, Hafiz Hacıyev o vaxt rüşvət, quldurluq üstündə tutuldu? Bizi sadəcə Sürət Hüseynovun tələb etdiyi pulu ödəyə bilmədiyimiz üçün həbs elədilər. H.Əliyev rəhmətlik olmasaydı, bəlkə də bizi güllələyərdilər. Düzdür, bizim bəzi opponentlərimiz, müxalifətdə olan, bizim komandamızdan olanlar çox belə pafosla danışırlar, amma H.Əliyev rəhmətlik həmin adamlara iki dəfə parlamentdə yer verdi, onların rəhbərlik etdiyi partiyalara onları inkişaf etdirmək üçün müəyyən xidmətləri oldu. Elə ki o əlini çəkdi, bunlar oldular ən qatı ana müxalifət, ən qatı dədə müxalifət. Düzdür, elə mən də bu müxalifətin içindəyəm. Amma H.Əliyev rəhmətliyin vaxtında bunların hamısı qiymətləndirilmişdi…
– Sürət Hüseynov sizdən pul tələb eləmişdi?
– Bəli. Həmin ərəfədə – bir vaxt tapıb ondan da müsahibə götürəndə soruşun ki, Hafiz Hacıyev sizin haqqınızda belə deyir – Sürət Hüseynov məndən 600 min dollar pul tələb elədi. Bizim elə imkanımız yox idi. Biz hökuməti yeni qururduq. Bəli, biz də bəziləri kimi oğru olsaydıq, bəziləri kimi xarici banklarda pulumuz olsaydı, əlbəttə ki, Sürət Hüseynovun “ağzını yummağa” bizim də imkanımız olardı. Pulu verərdik, heç türmələrə də getməzdik. Bu, yaxın tarixdir, biz bunu keçmişik. Görmüşük, görə-görə də gəlirik. İndi deyirsiniz ki, Elçibəyin kadrı… Həmin dövrdə mən nazir işləyirdim. Sabir Rüstəmxanlı ilə məni Ayaz Mütəllibov eyni dövrdə nazir təyin etmişdi. Sabir Rüstəmxanlı mətbuat naziri idi, mən isə “Azərbalıqsənaye”nin naziri təyin olundum. Bu mənada mən Ayaz Mütəllibova minnətdaram. Ona görə ki, o, bizim əməyimizi qiymətləndirdi və biz baxmayaraq ki, ona qarşı oppozisiyada idik, müxalifətdə idik, o, bizimlə koalisyon bir birlik yaradırdı. Bunu da qiymətləndirmək lazımdır. Dəyərləndirmək lazımdır. Qoy, millət bilsin, yaxşını yaxşı kimi tanısın, pisi pis kimi…
– Hafiz bəy, siz Ayaz Mütəllibovla indi görüşürsünüzmü?
– Bəli, görüşmüşəm, görüşürəm də…
– İndi?
– Bəli, ola bilər ya bu gün, ya da sabah görüşüm. O, mənim prezidentim olub. Bilirsinizmi, nətəridir? Mənə xırda bir yaxşılıq eləyən adamın mən yaxşılığını itirən deyiləm. Onda adamın bütün yaxşılıqlar burnundan gələr.
– Hafiz bəy, maraqlı suallar çoxdur və yeri gəldikcə o sualları da verəcəm. Amma o mərhələyə gəldik deyə soruşuram. Bir ölkənin əsas nazirlərindən, Əbülfəz Elçibəy hakimiyyətinin əsas, strateji nazirlərindən biri olmusunuz. Ölkədə pul yoxdur, yalnız sizdə daha çox var və birdən Elçibəy hakimiyyətdən gedəndən sonra siz uzun müddət bu hökumətin, demək olar ki, öz komandadaşlarınızla çox ciddi müxalifətdə olursunuz, onlarla çox böyük qalmaqallarda olursunuz, irəli-geri sözlər sərf olunur. Niyə belə oldu?
– Əvəz bəy, səmimi danışaq da…
– Bəli…
– Qoy sizin bu “Qayar Qazan”ın tamaşaçıları çoxdur, onlar da dəqiq bilsinlər. Mən Bayıl türməsində yatıb-çıxandan sonra – axı bu hakimiyyətə görə mən ora gedib düşmüşdüm, çoxu indiyədək türmə üzü görməyib, amma bu gün az qala demək istəyir ki, ana müxalifətin anası, dədəsi mənəm- gəlmişəm… O vaxt Allah Heydər Əliyevə rəhmət eləsin, məni buraxdırıb, Lalə Şövkət də o vaxt dövlət katibi idi.
– Siz əfvlə azadlığa çıxmısınız?
– Yox, mənə verilən cəzanın yarı hissəsini yatdım – mənə 5 il həbs cəzası kəsmişdilər. Əbülfəz Elçibəyə yaltaqlandığıma görə… Məhkəmənin qərarı belədir. Həmin qərar bu gün də məndə durur.
– Elçibəyə yaltaqlanmaq üçün cəza verirdilər?
– Elə bir cəza maddəsi var. CM-nin 167-ci maddəsinin ikinci bəndi, “vəzifəsindən sui-istifadə etdiyinə görə…” Guya mən vəzifəmdən sui-istifadə etmişəm və Əbülfəz Elçibəyə yaltaqlanmışam. Turqut Özalın yaxın qohumu Əhməd Yurddaşa “Urfa bazar şirkəti”nə guya 650 ton qara kürünü Türkiyəyə, Amerikaya satdığımızdan 10 dollar ucuz satmışam. Yəni bilmişəm ki, bu Əhməd Yurddaş Elçibəyin yaxın adamıdır, mən prezidentə yaltaqlanmışam. Prezidentə yaltaqlanarlar da… Prezidentə gedib kəllə-zad atası deyildik ki… Onda 5 il mənə həbs cəzası verildi. Lalə Şövkət də o vaxt dövlət katibi idi. Heç rəhmətlik Heydər Əliyev də istəməzdi ki, mən tutulam. Surət Hüseynovun tələbi qarşısında buna yol verildi. Ovaxtkı baş prokuror, hörmətli Əli Ömərov da bunu təsdiq edə bilər. İndi bütün bunların üstü açılır. Mən Əli müəllimə çox minnətdaram ki, heç olmasa bütün həqiqətləri dedi. O, həqiqəti deyən, düz adamdır…
– Yəni bunu sizə Əli Ömərov deyib?
– Hə, o, düz adamdır. Mənim haqqımda olan fikirlər də mətbuatda getdi. Söhbət nədən gedir? Mən türmədən çıxıb gəlmişəm Müsavat partiyasının qərargahına – ovaxtkı Dzerjinski adına klubda yerləşirdi. Şahidlərim də var – Sülhəddin Əkbər, İbrahim İbrahimli. Bayıl türməsindən birbaşa ora gəlib bunlarla görüşmüşəm. Evimdə də bilmirdilər ki, məni buraxıblar. Onda üstümdə də pul olmayıb ki, 88 saylı avtobusa minəm.
– Həbsdən çıxan kimi birbaşa partiyaya gəlmisiniz?
– Hə, həbsdən birbaşa Müsavat partiyasının qərargahına gəlmişəm. Orada Çingiz Qənizadə ilə, Sülhəddin Əkbərlə, İbrahim İbrahimli ilə görüşmüşəm. O vaxt Qəmbərov İsanın qapısının ağzında 3-4 qız otururdu. Qızlardan birinə demişəm ki, “İsa bəyə deyin ki, Hafiz bəy türmədən çıxıb bura gəlib, onunla görüşmək istəyirəm.” Mənə nə desə yaxşıdır? “Deyin ya gözləsin, ya da sonra gələr…” Mənim də cibimdə pul yoxdur ki, heç olmasa 88 nömrəli avtobusa 10 qəpik verib çıxıb gedəm… Onda Sülhəddin bəyin, İbrahim bəyin də yanında qayıdıb özüm-özümə söyünc elədim. Açığını deyirəm. Dedim, “əgər mən Qəmbərov İsanın axırına çıxmasam, nakişiyəm…” Axırına da çıxdım. Axı mən sənin yanına gəlmişəm. Yanında da heç kim yox idi. Sonra bildim ki, içəridə multfilmə baxır. Ondan sonra mən nə eləməliyəm, Əvəz bəy, nə eləməliyəm? Və yaxud da ikinci… Siz deyirsiniz belədir… Türmədən çıxandan sonra getmişəm Kələkiyə. Şahidlərim də var… Arzu bəy də bilir, Oktay bəy də – hamısı şahiddirlər. Rəhmətlik Elçibəyin yanına getmişəm. Çox çətinliklə getmişəm. Novella Cəfəroğlu da bunu bilir. Digər adamlar da bunu bilir. Çox çətinliklə Naxçıvanın ovaxtkı baş prokuroru çox məxfi şəkildə məni aeroportdan keçirib. Qoymayıb ki, orada ikinci dəfə tutulam. Getdim 10 gün rəhmətliyin yanında qaldım. Müəyyən məsələlərlə bağlı danışmışıq. Bəy deyib ki, səni AXCP-də sədr müavini təyin edirəm, mənim müavinim ol. Gəlmişəm Cəbhəyə və Əli bəyə demişəm ki, Bəy belə göstəriş verib. Əli bəy mənə nə desə yaxşıdır? “Gəl, komxozun müdiri ol…”
– Komxoz?..
– Yəni təsərrüfat işlərinə baxan sahə. İndi sən təsəvvür elə… Mən bundan sonra neyləməliyəm? Bu incəlikləri ilk dəfədir ki, sizin “Qaynar Qazan”a açıb deyirəm. Ondan sonra mən bunlardan aralandım və Elçibəy Xalq Hərəkatını yaratdım. Bu hərəkat genişlənəndən sonra Müasir Müsavat partiyasını yaratdım. Gördüm ki, artıq partiyanın ideologiyasına xələl vururlar…
– Mən yanlış xatırlamıramsa, o zaman “Xural”a vertdiyiniz müsahibədə demişdiniz ki, Müasir Müsavat partiyasını yaratmağı da Əbülfəz Elçibəy sizə vəsiyyət etmişdi… Bu xəbəri də Tənzilə Rüstəmxanlı sizə çatdırmışdı.
– Bəli, bəli, bəli, bəli. Bilirsinizmi, Əbülfəz bəy bilirdi. Bilirdi ki, bütün komanda ona xəyanət elədi. Onun hakimiyyətdən getməsində – açıq deyək, gəlin səmimi danışaq – bir nömrəli səbəbkar Qəmbərov İsa oldu. Yəni bizim hakimiyyətimizin devrilməsində səbəbkar o oldu. Niyə? Nəyə lazım idi, Xalq Cəbhəsi var idi də… Müsavat partiyasını yaratmağa nə ehtiyac var idi? Həmin ərəfədə ikihakimiyyətlilik yarandı. Siz təsəvvür edin. Mən nazir idim və gedirdim Prezident Aparatına, İsa bəy deyirdi ki, “sən ora getmə, Əli bəyin yanına getmə…” Dövlət katibidir, çağırıbsa, mən onun yanına getməliyəm. Və yaxud da deyirdi ki, “Pənah bəyin yanına getmə”. Biz nazirlərə o deyirdi ki, ora getmə, bu deyirdi ki, bura getmə. Nə oldu? İkihakimiyyətlilik yarandı, Əbülfəz Elçibəyin hakimiyyəti devrildi. Elçibəy rəhmətlik dəfələrlə bunu bizə deyirdi. Rəhmətlik mənə deyirdi ki, “Hafiz, bu cür vəziyyət yaranıb…” Mənim təcrübəm var idi. Mən parta arxasından gəlməmişdim. Mən kifayət qədər təcrübəsi olan bir insan idim və o təcrübə də mənim köməyimə gəldi. Azərbaycan xalqına kifayət qədər böyük xidmətlərim oldu. Siz təsəvvür edin ki, ondan sonra bizim hakimiyyət dağıldı. Əbülfəz Elçibəy rəhmətlik mənə məsləhət gördü ki, artıq bunlar müsavatçılıq ideyasından kənara çıxırlar. Sonralar o komandadan çıxan Vurğun bəy də bunu dedi. Bunu Sülhəddin bəy də dedi. Digərləri, Qabil Hüseyn də bunu dedi. Ondan sonra biz Müasir Müsavat partiyasının təşkilat komitəsini yaratdıq. Qurultayımız da o vaxt “İnturist” otelində keçirildi. Qeydiyyatdan da keçdik və bu partiya 3 dəfə özünün namizədliyini prezident seçkilərində irəli sürdü. Bu elə-belə məsələ deyil. Azərbaycanda mən 3 dəfə prezidentliyə namizəd olmuşam. Prezident olmaq istəmişəm. Çünki öz gücümə bələdəm. Xalqıma çörək verim, Azərbaycan dövlətinə rəhbərlik eləyim. İndi nə olar, bu gün mən deyiləm, mənim qardaşımdır. Bunun bir fərqi yoxdur. Mən burada bir fərq görmürəm. Amma bizim o məsləkdaşlarımız, əqidədaşlarımız bizə xəyanət elədi. Mən Əbülfəz Elçibəyə qarşı xəyanəti görəndən sonra özüm-özümə nifrət elədim ki, “niyə mən 55 ton qara kürünü gətirib bu hakimiyyətdə olanlara verdim?” Mən onu dövlətə verdim, yəni işlədim verdim. Amma onlar bizim qədrimizi bilmədilər. Mən istəmirəm, indi köhnə palan içi tökəm. Sizin verdiyiniz suallar müqabilində biz də bunu cavablandırdıq. Xalq açıq bilməlidir ki, bizə xəyanət edənlər kimlər olub. Öz daxilimizdən olub və bu gün də həmin o xəyanətkarlıq davam edir. Bu xəyanət millətə qarşı yenə də davam edir. Və mən Hafiz Hacıyev olaraq, M.Ə.Rəsulzadənin və Ə.Elçibəy ideyalarının daşıyıcısı kimi imkan vermərəm ki, mənim dövlətçiliyimə haradasa xəyanət olsun. İndi hanı ovaxtkı adamlar? Yoxdurlar. Buna görə də Əvəz bəy, mən həqiqəti deyirəm, həqiqət də bu gün heç kimin xoşuna gəlmir. Sözün düzünü demək heç kimin xoşuna gəlmir. İnsanların nöqsanlarını demək heç kimin xoşuna gəlmir. Bunlar üçün ya gərək yaltaq olasan, ya da axşamadək kimin üçünsə dələduzluq eləməlisən, o da xasiyyətimizə, bizim mentalitetimizə uyğun gəlməyən bir məsələdir.
– Ceyhun Mirzənin bir sualı var: “M.Ə.Rəsulzadənin elmi-siyasi düşüncələri ilə tanışdırmı? Onun əsərlərini oxuyubmu? Onun milli təsanüdçülük fikrinə münasibəti necədir?”
– Sual verən şəxs də bilməlidir ki, Hafiz Hacıyev elmlər namizədidir və kifayət qədər də… Ömrünün haradasa 30 ilini siyasətə sərf edibsə, Hafiz Hacıyev rəhmətlik M.Ə.Rəsulzadənin kitablarını vərəq-vərəq oxuyub və Ə.Elçibəyin yanında böyümüş bir insan hər halda bunların hamısının yollarını keçib. Rəhmətlik M.Ə.Rəsulzadənin ideyaları bu gün də davam edir – o üçrəngli bayraq və digər məsələlər. Yaxşı olardı, həmin adam soruşsun ki, sən də Qəmbərov İsa kimi rəhmətlik M.Ə.Rəsulzadənin ideyaları ilə siyasi alver eləmirsən ki? Bu sual daha yaxşı ola bilərdi… Bütün partiya sədrlərinin otaqlarına gedin, baxın. Nə Əbülfəz Elçibəyin, nə o birilərin, bu birilərin… Bilirsinizmi, bunlar həmişə onlara yad baxıb. Onların adından bir vasitə kimi istifadə ediblər. Bu, tarixdir, bunu mən demirəm. Hakimiyyətdən getdiyimiz son illərin acıları, onun açdığımız səhifələri… Rəhmətlik Əbülfəz Elçibəyin dəfələrlə deməsi ki, “ayağınızı yerə döyürsünüz… Niyə ayağınızı yerə döyürsünüz?” O vaxt Xalq Cəbhəsinin “Azadlıq” prospektində, indiki Hesablama Palatasının binasında olan yerində nə vəziyyətə salırdılar… Həmin adamlardır da… Bunlar nə böyük yeri qandılar, nə də kiçik yeri qandılar… Ona görə də Allah-Təala bunları pis günə qoyub, pis günə də qoyacaqdır. İnsan gərək böyüyünə qarşı naşükür olmasın, böyüyünə qarşı hörmətsizlik eləməsin. Amma bizim insanlar belədir. Ona görə də mən həmişə rəhmətlik M.Ə.Rəsulzadənin, Elçibəy rəhmətliyin qədrini hər zaman bilmişəm. Bu gün də onların o ideyalarına, hər birinin fikirlərinə hörmətlə yanaşıram və onların dövlətçiliyimizə verdiyi vəsiyyətlərdir… Elçibəy rəhmətlik deyirdi ki, “kimliyindən asılı olmayaraq, elə eləməliyik ki, dövlətçiliyimiz əlimizdən getməsin…” Biz buna riayət eləməliyik. İndi prezident İlham Əliyevdir, sabah Hafiz Hacıyev olacaq, o biri gün Əvəz bəy olacaq, bunun fərqi yoxdur. Millət millətdir. Biz dövlətçiliyimizi qoruyub saxlamalıyıq. O dövlətçiliyimizi qoruyub saxlaya bilsək, belə deyək, axıra qədər davam etdirə bilsək, Azərbaycan dövləti axıradək yaşayacaqdır. M.Ə.Rəsulzadənin ideyaları da bundan ibarət idi. O nə deyirdi? Demirdi ki, gələnə qara yaxın, dövlətçiliyə daxildən zərbə vurun, ermənilərin, xaricdə yaşayan erməni mənşəli ingilislərin tapşırıqları ilə Azərbaycan dövlətçiliyinə zərbə vurun. O, bunu demirdi. O, ölən gününə qədər “dövlət, dövlət” dedi.
– Ceyhun Mirzəlinin bir sualı da var: “2010-cu ildə daha bir iddia ilə çıxış etmişdi. Demişdi ki, Fərəc Quliyev Elçibəyi aldadıb, Naxçıvanda təyyarənin qanadını deşdirib ki, Elçibəy Bakıya dönə bilməsin. Fərəc Quliyevin bunu etməkdə məqsədi nə idi? ”
– Bilirsinizmi, nətəridir? Əgər istəyirlər ki, Azərbaycanda bütün sağlam müxalif qüvvələr birləşsin, köhnə palan içi tökməyə də ehtiyac görmürəm. Bəli, həmin ərəfədə – bunu mən demirəm, bu gün mənim Fərəc bəyə də böyük hörmətim var, əlaqəmiz də var. Danışırıq da… Mən Fərəc bəyin müsahibəsini oxudum. Mənim dediklərimi o da təsdiqləyir ki, həqiqətən bu hakimiyyətə imkan vermirlər. Amma o dövrdə həqiqətən də bu hadisə baş vermişdi. Məsələn, rəhmətlik Ə.Elçibəyi Naxçıvana aparan təyyarənin birdən-birə qanadını deşmişdilər. Təyyarə qalxıb Bakıya gələ bilmədi. Oradakı cəbhəçilər və digərləri bunu belə izah elədilər, rəhmətlik Ə.Elçibəyin özü də dedi ki, “mənim samolyotumu geri qayıtmamaqdan ötəri elə vəziyyətə saldılar”. Onu da Fərəc bəydən görürdülər.
– Yəni Əbülfəz bəyin özü də?
– Rəhmətlik Ə.Elçibəyin özü də bunu Fərəc bəydən görürdü. Bu, gizli deyil. Ə.Elçibəyin köməkçisi Oktay da orada olub. Orada digər yoldaşlar da var idi. Orada bəyin böyük qardaşı Almurad bəy də var idi. Arzu bəy də orada var idi. Düzdür, Arzu bəyin özünü heç vaxt Bəy qəbul eləmirdi, deyirdi, “sən satqının birisən, bilmirəm, nə üzlə bura gəlirsən…”
– Arzu Səmədbəyli?
– Bəli, bəli…
– Arzuya niyə elə deyirdi ki?
– Bilmirəm. Bəyin heç bir vaxt xoşuna gəlmirdi. Deyirdi, “sən hara işləyirsən, hələ mənə bəlli deyil…” Bunu açıq demək lazımdır. Gizlətmək lazım deyil. Qoy xalq bilsin bunları. Arzu ilə biz qohumuq. Bunu da mən sizə deyim. Elə bir ədavətimiz-zadımız da yoxdur. Əmisi qızı mənim qardaşımın yoldaşıdır. Yəni Arzu haqqında Ə.Elçibəyin ağzından çıxan sözləri mən deyirəm. Bu, faktdır. Bu faktlar tarixdə yazılacaqdır. İndi mənim hər halda bunu yazmağa vaxtım yoxdur. İndi bəzi kitab yazan Aparat rəhbərlərindən fərqli olaraq, bunları yazmağa bizim vaxtımız yoxdur. Biz partiya işi ilə məşğul oluruq. Ya bu işlə məşğul olmalıyıq, ya da kitab yazmalıyıq. Yəni bu hamısı olan faktlardır. İndi hər halda Ceyhun Mirzəli bu sualı verirsə, deməli, onun özü də bu işləri yaxşı bilir. Fərəc bəy də 8-9 il türmədə qaldı. O vaxtlar belə bir fikir də var idi ki, rəhmətlik H.Əliyevi yerdən qranatamyotla vurmağa çalışıb. Buna görə həbs olunmuşdu.
– Fərəc bəy?
– Fərəc bəy, bəli. Ceyhun bəyin dediklərində həqiqət var. Hər halda Fərəc bəyi tanıyırlar.Tanımasalar da, adresini deyə bilərik – Nərimanov ərazisində yerləşir. Bunu gedib onun özündən də soruşa bilərlər. Soruşa bilərlər ki, “niyə belə elədiniz?” Həmin axşam Ə.Elçibəyə heç bir təhlükə yox idi ki, “səni gəlib buradan atacaqlar, öldürəcəklər”, – belə bir şey yox idi… Prezidenti aldadıb, deyib ki, “səni burada qalsan öldürəcəklər, buradan tez qaçmalısan”, – fikrinə də inandırmaq lazım deyildi.
– Deyirsiniz ki, Əbülfəz Elçibəyin Bakıdan Kələkiyə getməsini də Fərəc Quliyev təşkil eləyib?
– Bu, faktdır. Bunu cəbhəçilər də gözəl bilir. Bu gün Ə.Elçibəyin partiyasına rəhbərlik eləyən yoldaşlar da gözəl bilirlər. Bunların hamısı bəllidir, bəlli məsələlərdir. Gəlin çox palan içi tökməyək də. Bilirsiniz ki, Hafiz Hacıyev böyük bir məlumat bankıdır. Hər şeyi mən çox gözəl bilirəm. İstəmirəm bu məsələlərin üstünə gedim. Mən istərdim ki, bundan sonra belə hadisələr təkrar olunmasın.
– İnşallah. Amma bu deyilənlərin qarşılığında Fərəc Quliyev də danışsa, maraqlı olar… Əslində, mən də onun danışmağını çox istəyirəm.
– Mənim ona böyük hörmətim var. Bu gün də onunla danışırıq. Sizdən sonra bir də onunla danışacam. Sizin verdiyiniz sualı ona da deyəcəm ki, mən belə demişəm. Çünki o vaxt da bunu mənə filankəs deyib… Qoy, məndən inciməsin. Bilirsinizmi, nətəridir? Mən reallığı deyirəm.
– Təbii ki… Mübarizə hər səviyyədə aparılsın, amma etik normalar da hər zaman qorunsun…
– Etik normalar da hər zaman qorunmalıdır…
– Yeri gəlmişkən, ailə söhbətləri eləmisiniz o zaman. Onun üçün bir narahatçılığınız, peşimançılığınız varmı ki, gərək bu söhbətləri etməyəydik?
– Nə söhbətlər?
– Ailə məsələləri ilə bağlı.
– Yox, mən nə demişəm ki? Bir dəfə mən demişəm ki…
– Deməyək nə demisiniz. Sadəcə, seçkilər vaxtı belə söhbətlər etmişdiniz.
– Orada bir qəbahətli iş də yoxdur. Bilirsinizmi, bəzən… Bəli, mən bir dəfə demişəm ki, filankəsin yoldaşı Türkiyədə küçədə qalası deyildi ki… Burada etikadan kənar nə iş var ki? Hörmət eləyib demişəm…
– Hər halda məncə o haqda heç nə demək olmaz.
– Yaxşı, onda deyək ki, qoy küçədə qalsın. Bu da düzgün deyil axı. Əgər mən səni tanıyıram, sən məni tanıyırsansa bir-birimizə hörmət eləməliyik də… Burada nə problem var ki? İndi onların qarnı düz deyil, özləri xofludur, indi buna Hafiz Hacıyev neyləsin ki? Yəni bu məsələlərin də hamısı deyilməlidir.
– Nurlan Mirəli soruşur: “Qohumu Bəxtiyar Hacıyevə münasibəti. Danışırlarmı?” Bəxtiyar Hacıyev də “Qaynar Qazan”a müsahibəsində demişdi ki, siz əmioğlu deyilsiniz…
– Bilirsinizmi, necədir? Nurlan bəy haqlı sual verir. Bəxtiyar Hacıyev mənim atamın doğmaca əmisioğludur. Doğmaca da… Əmisinin oğlunun oğludur…
– Əmisi nəvəsi…
– Əmisi nəvəsidir. Hər halda bizə əmizadə düşür də, elə deyilmi? Bəxtiyar Hacıyev Harvard universitetini bitirəndən sonra mən onu partiyaya çağırdım. Dedim, “əgər siyasətlə məşğul olmaq istəyirsənsə, gəl bizdə xarici məsələlər üzrə partiya sədrinin müavini ol. Sənə yaxşı pul da verə bilərik. Gəl işlə…” Bilirsinizmi, nətəridir? Bəxtiyar getdi müəyyən qrupların fitnə-fəsadına… Düzdür, mən Bəxtiyarı danışdırmıram. Bəxtiyar kiçik məsələdir, heç onun adını çəkmək də mənim üçün yeri deyil. Uşaqdır, o nə qanır… O, Hafiz Hacıyevin səviyyəsinə gəlməkdən ötəri Harvard universiteti deyil, istər lap Trampın yanında bizneslə məşğul olsun, o qədər əhəmiyyət kəsb eləmir. Hafiz Hacıyev nə dedi ki? Dedi, müəyyən adamların dudkasına getmə. Tutuldu, zorla xahiş elədik, içəridən buraxdırdıq. Bilirsiniz, insan əqidəsini…
– Sizmi buraxdırdınız?
– Mənim də xahişim oldu.
– Daha çox Klintonun rolu oldu…
– Yox, mənim də xahişim oldu. Sağ olsun, ölkə prezidentini. Prezident humanistlik elədi. Hillari Klinton Bəxtiyar buraxılandan sonra bura gəldi. Bilirsiniz, nətəridir? Gərək, prezidentin elədiklərinin də üstündən xətt çəkməyəsən…
– Həmin gün gəldi, səhv etmirəmsə…
– Yox, səhvdir… Ondan çox-çox qabaq…
– Yox… Təbii ki, son qərar prezidentindir…
– Çoxlarını prezidentdən xahiş ediblər, prezident heç onları buraxmayıb. Bu da var… Bu gün də, məsələn…
– İlqar Məmmədov…
– İlqar Məmmədovdur, digərləridir… Avropa Şurasının qərarları var. Prezident heç onları buraxmır… Söhbət nədən gedir… Belə deyək, qədirbilməzlik çıxır da ortaya… Bəxtiyar Hacıyev Harvard universitetini bitirib deyə, o demək deyil ki, o hər şeyi əla bilir. Uşaqdır, hələ o bilmir ki, ölkədə hansı proseslər gedir. Yeraltı sular harada axır, harada durulur… Elə Amerikadan zəng vurub dedilər ki, keçin o biri tərəfə, siz də çıxın küçələrə, bu o demək deyil ki…
– Amma niyə, Bəxtiyar Hacıyev savadlı oğlandır.
– Mən demirəm ki, savadsızdır. Elə o savadına görə mən dedim ki, sən gəl o savadını müəyyən yerlərdə işlət. Lap köməklik edək, Xarici İşlər Nazirliyində işlə, istər böyük yerlərdə, böyük müəssisələrdə işlə…
– Niyə qəbul eləmədi sizi?
– Bilirsinizmi, nətəridir? Beynini o qədər doldurmuşdular ki… Bu gün bizim ideoloji baxımdan mübarizə apardığımız qüvvələr elə bilirlər ki, elə bu gün hakimiyyətə gələcəklər. Hələ oturublar… Bunların beynini elə yemişdilər. İnsanların beynini belə yeyirlər – nə qədər insanlar bədbəxt oldu, nə qədər insan bu qədər türmələrdə çürüyür… Gənclərimizin əksəriyyəti qaçıb xaricə, ora-bura… Bilirsən, insanları düzgün yola dəvət eləmək lazımdır. Söhbət ondan gedir… Mən həmişə onu düzgün yola dəvət eləmişəm – bir-iki dəfə özünə demişəm… Sonra da açığı sizə deyim ki, ikinci dəfə ona söz deməyi heç özümə layiq bilmirəm. Bu gün heç danışdırmıram da… Açığı deyim, danışdırmıram… amma ölkə prezidentinin də elədiklərini yaddan çıxarmaq lazım deyil. O yaxşılığı itirmək lazım deyil. Yoxsa, onun beynini yeyirlər ki, biz gələcəyik hakimiyyətə, sən də olacaqsan Xarici İşlər naziri… Bu, düzgün deyil… Nə oldu bəs? Nə oldu? 20 ildir Azərbaycan xalqının gəncliyini aldadıb, küçələrə tökməyə ehtiyac yox idi. Zaman var… O zaman gərək gəlsin yetişsin. Zamanı tutmaq lazımdır. Onları öyrədənlər axşamacan prezidentin yanında idilər, gizlicə… Gizli müxalifətçilik edirdilər. Bilirsiniz, mənə çox şeyi açdırmasınlar, tökdürməsinlər. Getsinlər, siyasi mübarizələrini aparsınlar. Ona görə mən onların xoşuna gəlmirəm. Əvəz bəy, bilirsiniz, nətəridir? Mən bildiyimi deyirəm, gizlətmirəm. Bu da onların xoşuna gəlmir. Haradadılar bu gün? Necə olublar? Hanı özlərini bu millətin dədələri, anaları hesab edən insanlar? Harada qalıblar, bu millətin ağır günündə bir dəfə də olsun yanına gedib, deyirlərmi ki, təmkinli ol, səbrli ol, darıxma, düzələcək? Birinin işıq puluna kömək eləsinlər, birinin qaz puluna kömək eləsinlər. Nətəri olur ki, özləri Çində marketlər şəbəkəsi yarada bilirlər, amma özlərinin yanındakıları ac saxlayırlar? Baxın, mən bunun pisiyəm…
– Məmurlar məsələsinə gələcəyik…
– Məmurlardan söhbət getmir… Bu gün Azərbaycanda sənə və mənə özünü müxalifət adlandıran, müxalif fikir adlandıran, müxalifətin başında duranlardan söhbət gedir.
– Yəni deyirsiniz ki, müxalifətçilərin də o miqyasda biznes sahələri var?
– Bu gün Çində böyük marketlər şəbəkəsinin başında kimlər dayanır?
– Amma ay Hafiz bəy, belə deyək, sizin qardaşınız da Azərbaycanda müxalifətə elə imkan vermir axı… Yəni müxalifətin normal fəaliyyət göstərməsi üçün hər hansı bir sfera yoxdur. Sizin özünüzdə belə imkan varmı? Siz də Azərbaycan müxalifətinin bir hissəsisiniz? Hətta həmişə deyirsiniz ki, sizə qarşı təzyiq var, hədə-qorxu var… Deyirsiniz ki, “məni öldürməklə hədələyirlər…”
– Məsələn, məni öldürməklə hədələyənlər kimlərdir? Mən haqqında həqiqəti dediklərimdir. Mən deyirəm ki, məsələn, bu gün Heydər Əsədov prezidenti aldadır… Gizlətmirəm ki? Kənd Təsərrüfatı Nazirlindən bunun xəbəri yoxdur. Bu adam kartoşka ilə soğanı tanımır. Mən bunu deyirəm. Bunların da pulları çoxdur. Mən də açıq deyirəm ki, bu nazirin qızının əri Ziya Məmmədovun oğlu Anar Məmmədov anti İlham Əliyev koalisiyasında Avropada prezidentin əleyhinə təbliğat aparır.
– Bir sual var, bəlkə onu da oxuyum. Bu sual da Ziya Məmmədovla bağlıdır…
– İcazə verin, bunu deyim, elə gəlib ora çıxır…
– Buyurun…
– Mən bunun pisiyəm. Faktı mən bilirəm. Anar Məmmədov gedir Avropada, Amerika senatına, Konqresdə deyir ki, mənim atamdan yaxşı prezident ola bilməz. Gəlin, kömək edin, mənim atam gəlsin. Axı mən də Amerikada olmuşam. Mənim də böyük imkanlarım var. Mənə də bunu xəbər verirlər. İndi mən sual verirəm özüm-özümə və yaxud da sizin tamaşaçılara: Necə ola bilər ki, prezidentin əleyhinə işləyən adamın həm dədəsi nazir olur, həm də qayınatası nazir olur? Bu, çox porodoksaldır. Axı bunlar bilirlər ki, bu faktın üstü açılıbdır. Məsələn, yadınıza gəlirsə, bu günlərdə Trampın prezident seçkilərindən sonra həmin o məmurların övladı Anar Trampın şəklini qoydu və yazdı ki, “mən də inauqurasiyaya gedirəm…” İstədilər prezidentə siyasi təzyiq göstərsinlər. Ziya Məmmədovun özü də dedi ki, “bu, bizim üçün yaxşıdır…” Məndə olan məlumata görə, Ziya Məmmədovgil Trampın seçkilərinə 30 milyon dollar yardım ediblər. İndi ortaya sual çıxır ki, “sən o 30 milyonu hardan alıbsan?” Mən bunu qardaşıma görə demirəm. Əgər bunun dədəsi, qayınatası bu gün nazirdirsə və bununla da qane olmurlarsa, Ziya Məmmədovu Azərbaycana prezident gətirmək istəyirlərsə və Ziya Məmmədovun bir ayağı Azərbaycan müxalifətində, belə deyək, Milli Şurada təmsil olunursa, bunu tək Hafiz Hacıyev yox, kim olur-olsun deməlidir. Rəhmətlik Elçibəy deyirdi, “bildiyini de, dövlətə nə ziyanı olacaqsa, qoy qabaqlayıcı tədbirlərlə qarşısı alınsın…”
– Arif Əliyev soruşur ki, “Ziya Məmmədovun müəyyən dairələrlə əlbir olaraq, ölkədə ictimai-siyasi sabitliyi pozmaqla bağlı bildiyim qədər Hafiz Hacıyevin əlində ciddi məlumatlar olub. Hafiz Hacıyev bu məlumatı Nazim İbrahimov vasitəsilə prezidentə çatdırmağa səy göstərib. Amma istəyinə nail ola bilməyib. Buna səbəb nə olub?”
– Yox, qətiyyən. Qoy Arif bəy bilsin ki, mənim əlimdə çox ciddi faktlar var idi. Mən o faktları əziz qardaşıma çox asanlıqla çatdırdım…
– Yəni Nazim İbrahimov vasitəsilə çatdırmağa səy göstərməmisiniz?
– Qətiyyən… Nazim müəllimə də çox böyük hörmətim var. Gənc kadrdır, dövlət komitəsinin sədridir. Kaş Azərbaycan hökumətinin daxilində Nazim İbrahimov kimi 2-3 millətini sevən, xalqına canı yanan olaydı… Onda belə olmazdı… Bəli, Ziya Məmmədov haqqında məndə olan faktlar çox güclü idi. Çox idi. Ziya Məmmədov həmişə deyirdi ki, mənim qazandığımın 5 faizi mənə qalmır. Və əlaltından prezidentə böyük təxribat edirdi…
– Bəs, qazandığı pullar hara gedir?
– Guya ki, bunun əlindən alırlar və s. Mən bunların hamısını ölkə prezidentinə, mənim əziz qardaşıma çatdırdım. Çatdırandan sonra da başına nələr gəldi, siz hamısını gördünüz… Bu gün də o əməllərindən əl çəkmir.
– Yəni deyirsiniz ki, Ziya Məmmədovun başına gətirilənlərin hamısı sizin o məlumatları prezidentə çatdırandan sonra olub?
– İndi mən demişəm. Faktlar təsdiq olunub…
– Burada maraqlı bir şey də var. Mehman Əlibəyli soruşur ki, “Məmurlarla bağlı dediklərini prezidentə deyə bilər? Prezidentlə görüşə heç cəhd edib? İlham Əliyevlə görüşübmü?”
– Mehman bəyə mən deyim ki, Azərbaycan əleyhinə olan bütün məlumatları mən prezidentə çatdırmağa imkanı olan bir insanam.
– Siz İlham Əliyevlə görüşürsünüzmü?
– Bu, bizim aramızda olan məsələlərdir. Biz bunu deyən deyilik ki, biz nə edirik? Biz görüşsək də demərik, görüşməsək də demərik. Hər halda Hafiz Hacıyev bir vaxtlar Azərbaycanda…
– Əgər qardaş deyirsinizsə, deməli, tez-tez görüşürsünüz?
– Əlbəttə… Biz indi bunu deyə bilmərik. Bu, sekretdir… Dövlət işidir… Əhəmiyyətli məsələlərdir.
– Niyə ki, görüşürsünüzsə, deyə bilərsiniz…
– Bircə şeyi Mehman bəy bilsin ki, o vaxtlar İqtisadi İnkişaf naziri olan Fərhad Əliyevlə bizim üzləşməmiz, onun dövlət başçısına xəyanəti və digər məsələlərdə mən bu dövləti qorumuşam. Bu gün də bu dövlətin qorunmasından ötəri canımı qoyuram. Ona görə də, mən öz fikrimi, öz bildiklərimi heç kimin vasitəsi olmadan birbaşa elə özünə çatdırmağa imkanım var. Narahat olmasınlar…
– Elvin Aslanov sual verir: “Hafiz Hacıyev sanki Azərbaycanın Jirinovskisidir”. Rail Məmmədov yazır: “Hafiz Hacıyevlə Jirinovskinin fərqi nədədir?” Jirinovski məsələsi də bir başqa məsələdir. Amma belə bir fikir var ki, “hökumətin özü deyə bilmədiyi sözü sizin dilinizlə deyir… Xitab olunan qisim isə daha çox hakimiyyətdaxili qruplara olur… Əksərən də bu hədəflər seçkilərdən sonra sıradan çıxarılır. Məsələn, Heydər Babayev, İsmət Abbasov, Eldar Mahmudov və s. Bunlar bir təsadüfdürmü?”
– Qətiyyən… Həyatda təsadüf olan heç bir şey yoxdur. Hər şey zərurətdən əmələ gəlir. Bu insanlar mənim qardaşıma xəyanət edirlər, biz necə dözə bilərik? Əvəz bəy, bilirsinizmi, nətəridir?
– Mən də müşahidə eləmişəm. Seçkilərdən əvvəl siz Heydər Babayevin üzərinə getdiniz, sonra Heydər Baayev vəzifəsindən çıxarıldı.
– Heydər Babayevin üzərinə mən necə getməyim? Heydər Babayev…
– Bunu sizə kimsə deyir?
– Yox, demirlər mənə… Heydər Babayev ad günündə deyir ki, “mənə çörək verən, məni bu səviyyəyə çatdıran arvadımdır…” Amma Heydər Babayev demir ki, “Allah Heydər Əliyevə rəhmət eləsin, bu çörəyi mənə verən odur…”
– Mütləq eləmi demək lazımdır?
– Niyə də deməyəsən? Əgər sən mənə çörək vermisənsə, sənin qədrini niyə bilməməliyəm?
– Heydər Əliyev Heydər Babayevi xahiş edib Moskvadan gətizdirmişdi…
– Nə pislik elədi? Gətirdi, mülk yiyəsi oldu, milyard yiyəsi oldu, sonra da başladı xəyanət eləməyə… Bunu biz necə qəbul eləyək? Necə qəbul eləyək? Və yaxud da o biri… Məsələn, deyirsiniz ki, digər nazirlər… O biri nazirlər də… Prezidenti aldadırlar, gedib Londonda 300-400 milyona ev alırlar…
– Kim alır?
– Bunu Azərbaycanda bütün qüvvələr bilir. Mən də bunu deməyə borcluyam və deyirəm də…
– Siz bu məsələləri bilirsiniz, yaxından bilərsiniz də… Prezidenti necə aldada bilirlər?
– Biıirsinizmi, necədir? Prezident çox humanist bir adamdır. Bu gün bəzi qüvvələr az qalırlar ki, prezidenti qəddar bir adam kimi cəmiyyətə təqdim eləsinlər. Prezident çox humanist, demokrat bir adamdır. Neyləsin ki, prezidentin ətrafında onun informasiya daşıyıcıları onlara xeyir eləyən məlumatları verirlər. Prezident dəqiq hər şeyi biləndən sonra çox ağıllı və qəti qərar qəbul edir. Azərbaycan hökumətini bir il idarə edə bilmədik, Əvəz bəy. Bu gün hakimiyyətə iddialı olanlar Elçibəy hakimiyyəti dövründə bir il dözə bilmədilər. Qoymadılar. Bir-birimizi qırırdıq orada… Açığını deyim… 13 ildir bu adam burada dövləti idarə eləyir. Nə eləsin ki, bunun da ətrafında xəyanətkarlar var. Eldar Mahmudova çörək verdi, o da əlində olan kasetləri ora-bura yayır. Bəzən mən bunu deyirəm. Həmin kassetlərdən də bir neçəsi gəlib keçib müəyyən adamların əlinə… Ailə məsələləri var, o birisi var, bu birisi var… Hafiz Hacıyev heç bir şeyi təsadüfdən demir.
– Kimlərin ailə məsələləridir?
– Demiyəjəm mən o məsələləri… O adamların özləri bilirlər…
– Eldar Mahmudovu ona görə tuta bilmirlər?
– Yox, tutacaqlar, narahat olmasınlar. Düzdür, bu gün xalq arasında elə şayiələr yayırlar ki, guya Eldar Mahmudovu tutmağa prezidentin gücü çatmır. Prezidentin ona yaxşı gücü çatdı, döydü onu çıxartdı.
– Prezident Eldar Mahmudovu döydü?
– Onu hər halda zaman göstərər. Amma bütün bunların hamısını onun özü də çox gözəl bilir. Eldar Mahmudov orada-burada şayiə yaymasın ki, ya da Eldar Mahmudovu müdafiə edənlər elə düşünməsinlər ki, Eldar Mahmudov çöldə qalacaq. Bizim hörmətli baş prokuror da dedi ki, materiallar toplanır, hər halda yaxın günlərdə qəti qərar qəbul olunacaq. Amma bunu da prezidentin zəifliyi kimi ictimaiyyətə təqdim eləmək düzgün deyil. Hər yerdə görürsünüz, deyirlər ki, prezidentin gücü çatmadı. Necə yəni gücü çatmadı, belə şey olar? Prezidentin gücü hər şeyə çatır. Prezident sadəcə hadisələrin axarını gözləyir – istintaq gedir. O istintaqda nələr ortaya çıxır, görürsünüz… Bu gün xalqı aşağılayan deputat Şahmərdan idi, nə idi, onun qardaşının qızı həbs edildi. Yəni zaman lazımdır hər şeyə… Amma burada bunu prezidentin zəifliyi kimi dəyərləndirmək də düzgün deyil. Bilirsən, obyektiv olmaq lazımdır ki, sənə baxan tamaşaçı görsün ki, sən həqiqətən də sözün düzünü deyirsən.
– İnsanları maraqlandıran bilirsinizmi nədir? Mən də bunu hiss edirəm, suallardan da bu hiss olunur. İnsanlar hamısı gözəl bilir ki, sizin məmurlar haqqında dediyiniz sözləri demək çox çətindir. Hər hansı bir sadə vətəndaş sizin məmurlar haqqında dediklərinizi təkrarlasa, onun dilini çəkib yerindən çıxararlar. Adamlar fikirləşirlər ki, necə olur, Hafiz Hacıyev bunu deyir, amma Hafiz Hacıyevə heç kim heç nə eləyə bilmir. Ona görə də elə bir rəy yaranır ki, bəlkə Hafiz Hacıyev də qardaşının dediklərini deyir?
– Qoy elə də başa düşsünlər. Amma Hafiz Hacıyev heç bir vaxt ədaləti yerdə qoymur. Hafiz Hacıyev o biri siyasətçilər kimi yatmır. Bütün günü partiya üzvləri, rayon təşkilatları ilə ciddi işləyirik. Ciddi faktlar toplayırıq. Bilirsinizmi, necədir? Elə məsələlər var ki, vaxtında qabaqlayıcı tədbir görməsən, ölkənin sütunları əldən gedə bilər. Hafiz Hacıyev nəyi səhv deyir ki? Belə götürəndə mən yerlipərəst deyiləm. Azərbaycanın da bütün bölgələrini özümə yaxın bilirəm. Amma Heydər Babayev də yerlimdir…
– Heydər Babayev də sizin yerlinizdir?
– Qərbi azərbaycanlıdır. Söhbət ondan getmir. Azərbaycanın hər yeri bizimdir. Biz eyni torpağın övladıyıq. Amma mən neyləməliyəm ki, Azərbaycan xalqının övladları ocağının başında bir kilo ət alıb qaynada bilmirsə, bunun səbəbkarı kimdir? Bilirsinizmi, nətəridir? Belə bir pis ideologiya formalaşıbdır – hər şeyin günahını istəyirlər ki, birincinin üzərinə atsınlar. Qoy mənə sual verən yoldaşlar da fikirləşsinlər. Necə olur ki, bir nəfər durub demir ki, ölkənin baş naziri haradadır? O, bu sahəyə məsul olan şəxsdir. Və yaxud da bu gün bir nəfər demir ki, ölkənin bankının başında duran Samir Şərifovun üzünə durduğu Beynəlxalq Bankın sədri 8 milyard pul oğurlayıb aparıb. O adam, belə deyək, vaxtilə valyuta satan olub. İndi ölkənin milli valyutasının başına bu oyunu açır. Bunu Hafiz Hacıyev deməsin, Əvəz bəy deməsin, o birisilər deməsin, adını müxalifət qoyanlar gedib, onların cibinə girir, Hafiz Hacıyev isə 1 kilo Gədəbəy kartoşkası ilə gündə soyutma bişirib yesə, ona bəs eləyir. Və yaxud da iki yumurta… amma onlar kimi gündə 100 qapı döymürük biz… Bəzən mənim dediklərimi… Əzizlərim, qardaşlarım, ölkənin birinci şəxsi dövlətin atributudur. Siz hər şeyi onda görməyin. O deyir, nə eləməlidir ki, dediklərinin icrası layiqincə yerinə yetirilmir. Yerinə yetirməyəndə də Hafiz Hacıyev buynuzundan tutub, çırpır yerə…
– Dediklərinizlə bağlı bir sual var. Dilqəm Əhməd soruşur: “Banklar dollar satmır. Ölkədən kənarda yaşayanlara vətəndən pul gəlmir. Dollar satmayan bankların mövcudluğu haqqında nə düşünür? Mərkəzi Bankın sədri ilə zamanında eyni hökumətdə təmsil olunub. Onun haqqında nə düşünür?”
– Dilqəm bəyə mən demək istəyirəm ki, bu gün Azərbaycanda valyuta ehtiyatları demək olar ki, tükənibdir. Yoxdur. Azərbaycanın Beynəlxalq Bankında neçə milyard xaricə çıxarılıb. Əgər Dilqəm bəy bunu bilmirsə, qoy indi bilsin. Yoxdur pul. Bu gün Azərbaycanın maliyyə strukturunun başında duran adam hər an yalan danışır. Söhbət Samir Şərifovdan gedir.
– Amma burada söhbət Elman Rüstəmovdan gedir…
– Elman Rüstəmov bizim hakimiyyətimiz dövründən işləyən bir adamdır. İndi bilirsən, nətəridir? Maliyyə sahəsinə baxan məmurların hamısı bir-birilərinin fikirlərini təkzib edir. Məsələn, Elman Rüstəmov deyir ki, mənlik bir şey yoxdur. Təzə nəsə maliyyə nəyisə yaranıb, onun da başında duran uşağın biridir də, bilirsiniz… Gədəbəydəndir. Nənəsi də bilirsiniz kimdir? Əmirxan kişinin nəvəsidir. O bilir ki, mən nəyi deyirəm. O kimdir…
– Ailəsinə toxunmayaq…
– Ailəsinə toxunmuram. Elə deyil. Burada söhbət ailə məsələlərindən getmir. Ailə həyat yoldaşıdır və s. Bu nəsildən söhbət gedir. Həmişə mən demişəm ki, əgər bizim də ailəmizdən kimsə erməni olsaydı, biz də vəzifədə olardıq. Deməli, bunun arxası hara gedir? Bircə şey deyirəm ki, Əmirxan kişinin nəvəsidir. Özü bilir. Bilir ki, Hafiz Hacıyev nə demək istəyir. O, bu millətə sadiq ola bilməz. Görürsünüz, ayrı heç nəyə qarışmıram. Bizi dinləyən tamaşaçılar, ağıllı adamlar hər halda biləcəklər ki, Hafiz Hacıyev nə demək istəyir. Məsələn, Elman Rüstəmov da deyir ki, bunlar mənə imkan vermir. Elman Rüstəmov nə eləsin? Elman Rüstəmov bankın, xəzinənin başında durandır, ona nə pul verirlərsə, orada qoruyub saxlayır. Amma gərək Maliyyə Nazirliyi… Beynəlxalq Bankda nə qədər proseslər gedib. Məhkəmədə ortaya çıxanları bütün xalq gördü. Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev deyir ki, “mən kim idim axı, mən kredit vermirdim. Krediti verən bu idi”.
– Əslində, doğru demirmi?
– Bəli, düzünü deyir…
– O zaman hanı pul?
– İndi bundan soruşmaq lazımdır ki, hörmətli maliyyə naziri, hanı pul? Hanı pullar? Ondan soruşulacaq, o zaman gəlib çatıb. Yaxın günlərdə ondan da soruşulacaq…
– Hafiz bəy, siz əgər bu gün Maliyyə naziri Samir Şərifovun üzərinə gedirsinizsə, deməli, onun da vəziyyəti çətindir…
– Samir Şərifov ölkəni bu günə salıb. Azərbaycan manatını öldürən budur da… Bunun başında bu durur. Gətirdi qoydu Beynəlxalq Banka sədr əvəzi, onun vasitəsilə “qara bazar”a dolları ötürüb, manatı öldürdü. Milli Təhlükəsizlik İdarəsi bir neçə araşdırma apardı, bir neçə adam tutuldu. Milli Bankın sədr əvəzi niyə vəzifəsindən kənarlaşdırıldı?..
– Yəni deyirsiniz ki, pulları “qara baza”a ötürən də Samir Şərifovdur?
– Bəli, bəli, bəli…
– Burada bir sual da var. Arif Əliyevin sualının birinci hissəsi var idi, verməsəm, deyəcəklər ki, niyə vermədiniz. “Hafiz Hacıyev Kəmaləddin Heydərovu rüşvətxor, korrupsioner hesab edirmi?”
– Qətiyyən. Bilirsinizmi, necədir? Gəlin hamısının üstündən xətt çəkməyək də… Kəmaləddin Heydərov mənim əmimoğlu deyil, dayımoğlu deyil…
– Amma sizə yaxın adamdır… Sizin ona yaxın olduğunuzu deyirlər.
– Yox, qətiyyən. Mən ağıllı adamların hamısına yaxınam. Millətini sevən, xalqından ötrü işləyən adamlara yaxınam. Kəmaləddin Heydərov qurub yaradanlardan biridir. Yaradır, qurur… Gəlin, onun da üstündən xətt çəkməyək də… Mən bir dəfə – haradasa birinci devalvasiyada təklif irəli sürdüm ki, gəlin, Kəmaləddin Heydərovu baş nazir qoyaq. Xalqı bu vəziyyətdən çıxarsın…
– Çıxara bilərmi?
– Niyə eləmir? Sizin inandırım ki, mənə Prezident Aparatında bir basqılar oldu.
– Aparatda?
– Bəli, Aparatdan… “Tez verdiyin müsahibəni geri götür…” Mən gəldim, burada oturdum. Bir neçə sayt rəhbərləri ilə danışdım ki, görün imkan varmı, bunu yığışdırın… O vaxt səndən də xahiş elədim. Sən də yığışdırmadın.
– İndi yadıma düşdü. Bizə vermişdiniz o müsahibəni…
– Hə… Sən də yığışdırmadın. Ondan sonra apardılar, atdılar məni içəri…
– O müsahibəyə görə sizi tutdular?
– Bəli, o müsahibəyə görə məni tutdular. Mənim izahatlarımda da, istintaq dövründə onların hamısı yazılıb, tarixdir… Zaman gələr, açılar…
– Axı, məni deyəsən, tutdular…
– Hər ikimizi tutdular da… Məni də tutdular, səni də tutdular… Gəldim, səndən də xahiş elədim ki, “Əvəz bəy, xahiş edirəm, bu müsahibəni buraxma…” İndi komitə sədridir Mübariz Qurbanlı… Mənə dedi ki, bu müsahibəni vermə, yığışdırtdır…
– Hə, anons vermişdim…
– Hə, anons vermişdin. Mən də gəldim, sizdən xahiş elədim, siz onu yığışdırmadınız…
– Hə, anons getmişdi.
– Hə, dediniz ki, “anons gedib, bu material getməlidir”. Gedəndən sonra nə oldu? Səni də tutdular, məni də tutdulr. Eybi yoxdur, biz bu həyatı belə yaşamış insanlarıq. Amma bu gün Kəmaləddin Heydərovun Azərbaycanda baş nazir olmasını qəbul etməyən, bəzi “aparatda olan işçilər” niyə qəbul eləmir? Olsa, daha yaxşı olardı… Bu gün manat bu günə düşməzdi. Kənd təsərrüfatı yaxşı inkişaf edərdi. Necə oldu ki, Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyini heç bir şeydən yaratdı. Bunun nəyi pisdir ki, Əvəz bəy? Belə məsələlərdə əgər biz hamının üstündən xətt çəksək, qaralasaq, mən sizə açıq deyim ki, bizim ölkədə nüfuzumuz olmaz. Onda bizə baxan tamaşaçı da inanmaz.
– Yəni deyirsiniz ki. Kəmaləddin Heydərov təmiz işləyir?
– Bəli, təmiz işləyir… Mən sizə açıq deyirəm. Kəmaləddin Heydərov haqqında məndə elə bir fakt yoxdur ki, mən onu sizə deyəm. Mən qorxaq deyiləm…
– Necə ola bilər ki, hökumətin Nazirlər Kabinetinin bir hissəsi tam rüşvətin içində olur, o biri hissəsi təmiz olur? Bu, necə olur?Ola bilər?
– Niyə ola bilmir ki? Niyə ola bimir ki? Özünün tamahını qoruyan, özünün gələcəyini düşünən…
– Kəmaləddin Heydərov kimi başqa kimlər var? Təmiz dediyiniz başqa kimlər var?
– Var, çox var… Məsələn, Nazim İbrahimov. Bir vaxtlar da müxalifətlə işləyən adamdır. Bir zamanlar müxalifətə yardım edən, əl uzadan adam idi. İstəyirdi ki, müxalifətdə səhv yolda olan bəzi insanları yolundan qaytarsın. Təmiz işləyir. Nəyi var onun? Dövlət Komitəsində nə var? Heç bir şey yoxdur. Yəni çalışır ki, ölkədə milli barışıq olsun, sülh olsun. Ölkədə insanlar bir-birinin qanına susamasın. Bilirsiniz, Əvəz bəy, hara gedirik? Görün, nə qədər qisasçılıq var bu gün. Gəlib, deyirlər ki, filan nazirin özündən də qisas ala biməsək, oğlundan, nəvəsindən alacağıq. Hara gedir bu cəmiyyət? Biz azərbaycanlıyıq axı. Bizim ikinci bir vətənimiz yoxdur. Hakimiyyətin daxilində də ləyaqətli insanlar var. Bunların hamısının üstündən xətt çəkməyə də dəyməz. Məsələn, keçən ilin aprel döyüşlərində bizim Müdafiə nazirimiz nə qədər böyük işlər gördü. Zakir Həsənovun üstündən xətt çəkmək olarmı? Yox. Bu, Allahsızlıq olar, insafsızlıq olar. İşləyir, həyatını qoyur, canını qoyur. Ordumuz da bu gün güclənib. İndi nə vaxt komanda veriləcəksə, veriləcək. Qardaşım verəcəksə, onun vaxtında olacaq, mənim vaxtımda olacaqsa da, mən komanda verəcəm. İnşallah, Xankəndini də Azərbaycanın paytaxtı eləyəcəyik. İndi bütün bunların üstünə “pisdir, pisdir” deyib xətt çəkmək olmaz. İndi bütün pisləri deyirik. Məsələn, mən deyirəm ki, Abid Şərifovun orada oturmağı yersizdir. Yaşlaşıbdır, özünü idarə edə bilmir. Elçin Əfəndiyevin Allah atasına rəhmət eləsin, yaxşı, gözəl, adlı-sanlı insandır. Özü də gözəl insandır. Amma bu gün onların bu gücü yoxdur ki, rəhbərlik etdikləri qurumları idarə eləsinlər.
– Bəzi suallar var ki, bu mövzu ilə bağlıdır. Onları da oxuyum, hamısını bir yerdə əhatə edin.
– Buyurun…
– Hüseyn Tağıyev soruşur ki, “Onun kölgə kabinetində kimlərin adı var?” Xəyyam Rəvan soruşur ki, hakimiyyətə gələrsə, hakimiyyətdə olan hansı nazirlərlə işləyər? Ölkənin sonunu necə görür?”
– Mən sizə onu deyim ki, bu gün həmin komandanın adını açıqlamayacam. Açıqlayan kimi bizim hörmətli tamaşaçılarımız dərhal deyəcəklər ki, Hafiz Hacıyevin filankəslərlə əlaqəsi var. Görürsünüz ki, hələ heç bir əlaqəm olmadan, deyirlər ki, filankəslə əlaqəliyəm, behmənkəslə əlaqəliyəm. Bizim Azərbaycan xalqında bir balaca düzüb qoşmaq, onu buna calamaq məharəti var. Dərhal deyəcəklər ki, Hafiz Hacıyev dedi, deməli, Hafiz Hacıyevi öyrədən bunlardır. Görürsünüzmü, bu gün öz həyatımı risqə qoymuşam, öz təhlükəsizliyimdən keçmişəm, yaxşı günlərimdən keçmişəm, pis vəziyyətdə yaşayıram. Niyə? Millətimə görə… Hər bir məmurun nöqsanını üzünə deyirəm. Yaxşı, bu gün əgər mən desəm ki, Hafiz Hacıyevin komandasında – kölgə kabinetində filankəslər var, dərhal deyəcəklər ki, elə filankəslər öyrədib. Bəli, mənim bu komandada işləyəcəyim adamlar çoxdur, var. Onların hamısını yerdə qoymaq olmaz. Amma mənim bu komandadan haqq-hesab soracağım adamlar da çoxdur. Bunu da hörmətli Hüseyn bəy bilsin, Xəyyam bəy də bilsin ki, mənim bu komandanın içində haqq-hesab çürüdəcəyim insanlar, məmurlar və Vətənə, xalqa, prezidentə xəyanət edən insanlar çoxdur. Əlimdə kifayət qədər faktlar var, sağlıq olsun, mənim qardaşım İlham Əliyev onlarla haqq-hesab çəkə bilməsə, mən çəkəcəm. Axırıncı sual. Açığını deyim ki, ölkənin sonunu mən hələlik yaxşı görə bilmirəm. Əgər bu gedişatla, yaxın günlərdə, yaxın 1-2 ayda ciddi islahatlar başlamasa, mənasız söhbətdir. Bilirsiniz, kiməsə xoş gəlməkdən, yaltaqlanmaqdan ötrü nə qədər istəsəniz, demək olar ki, yaxşı olacaq. Yaxşı olmayacaq. Nə yaxşı olacaq? Yol xəritəsi tətbiq olunub, düzdürmü? Onun icrasına maneçilik törədirlər, tormozlayırlar məmurlar. Prezident təsdiqləyib verib. Milli Məclis də təsdiqləyib. Hökumət niyə addım atmır? Bax, budur məni narahat eləyən. Vaxt gedir, zaman gedir. Bu gün artıq yanvarın ortasıdır. Payıza götürüləsi taxılın bünövrəsi bu gündən qoyulmalıdır. Kartofun bünövrəsi bu gündən qoyulmalıdır. Ət, heyvandarlıq…
– Yaza hazırlıq…
– Bəli, yaza hazırlıq lazımdır. Gərək yazda əkəsən ki, payızda da biçəsən. Bu yoxdur. Və yaxud da ki, yeni sənaye müəssisələri hanı, var? Yoxdur. Yol xəritəsində göstərilən Azərbaycan iqtisadiyyatının inkişafını 2017-ci ildə qaldırmaqdan ötəri ilin əvvəlindən 10 gün keçib. Yəni Azərbaycan hakimiyyətinin daxilində bütün bu prosesləri tormozlayan məmurlar var. Bu məmurlarla mən haqq-hesabı çürütməliyəm.
– Vüqar Aslan soruşur: “Hafiz Hacıyevə görə ölkəni ən çox yeyb-talayan məmur hansıdır? Cavabı faktlarla əsaslandırsın, zəhmət olmasa…”
– Vüqar bəy çox gözəl bilir ki, Azərbaycanın sərvətlərini talayıb, aparıb, xaricdə nələr edirlər, nələr alıblar. Mən dedim, demişəm və bu gün də sözümün üstündə dururam. Mən bunları dəfələrlə demişəm. Bəlkə tamaşaçılara da xoş deyil ki, mən dəfələrlə onların adlarını hallandırmışam. Ziya Məmmədov 37 milyon dollara Londonda, ən bahalı yerdə oğluna ev alıb. 37 milyon elə-belə pul deyil. 37 milyon dollara…
– Hafiz bəy, prezidentin də oğluna Dubayda ev aldığı deyilir…
– Yalan söhbətdir. Bəlkə də yalan söhbətdir. Bilirsən, prezidentin… Bunu o vaxt dedilər. O faktı da kimlər verib, onu da biz bilirik. Düzdür, sonradan Xədicə xanımın araşdırmaları ortaya çıxdı, ofşor zonalar və s. Bunların hamısı bəllidir, faktları yayanlar bəllidir. Mənim əlimdə olan fakta görə deyə bilmərəm ki, prezidentin harada nəyi var, nəyi yoxdur. Bunu mən deyə bilmərəm. Mənim əlimdə fakt yoxdur. Məsələn, mənim əlimdə fakt var, şəklini çəkib, gətiriblər, onu deyə bilərəm.
– Yəni əlinizdə fakt olan haqda danışırsınız…
– Bəli, mənim əlimdə fakt var ki, İsmət Abbasovun oğlunun Londondakı evləri…
– Amma Xədicə xanımın da əlində fakt var idi…
– Görünür, fakt var, deyir də… İndi mən gedib onun yerinə… Düzdür, Xədicə xanım türməyə düşəndə mən onu müdafiə elədim…
– Yeri gəlmişkən, siz siyasi məhbuslar məsələsini o vaxt ölkə rəhbərliyinin diqqətinə qədər aparıb çıxarmışdınız…
– Bəli, mən çatdırdım ki, bu, mənasız bir fikirdir. Xədicə xanımı tutmaq ölkənin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu hakimiyyətin daxilində olan bəzi qrupların məqsədi prezident İlham Əliyevi elə bil aparıb siyasi tora salmaqdır . Nə ehtiyac vardı ki? Xədicə xanım tutulur, Amerikanın – Senatın, Konqresin üzvlərini qaldırırlar ayağa… Və yaxud da Leyla xanımı tutmağın nə əhəmiyyəti var idi? Nə oldu? Nə dəyişdi?
– Rəsul Cəfərov, İntiqam Əliyev və s.
– Bəli, yəni bu adamları həbs etməklə bu hakimiyyət nə əldə etdi? Bunlar bilirsiniz kimlərdir? Bunlar hakimiyyətin daxilində o qüvvələrdir ki, Avropa dövlətlərində, Qərb dövlətlərində olan siyasi gücləri üz-üzə qoymağa çalışırlar. Mən bunları dedim, o vaxt…
– Ümumiyyətlə, siyasi məhbus məsələsinə gələk… Bir vaxtlar siz də siyasi məhbus olmusunuz…
– Bəli.
– Siyasi məhbuslar məsələsinə necə baxırsınız?
– Çox pis baxıram. Bilirsiniz necədir, Əvəz bəy, siz də, mən də türmədə olmuşuq. Ədalətsizcəsinə tutulmuşuq. Bir yazının, bir haqq sözü deməyimizin üstündə… Qərəzçilik eləməyə dəyməz…
– Yeri gəlmişkən, Tehran Abdullayev yazır ki, “ölkənin bu duruma düşməsinin səbəbkarı kimdir və siyasi məhbuslar haqqında nə deyə bilər?” Sarvan Hüseynov yazır ki, “ölkəmizdə siyasi məhbuslar varmı?” Mirfail Hadıyev soruşur ki, “ölkəmizdə siyasi məhbusların olmasını danmır ki?”
– Yox, qətiyyən…
– Yeri gəlmişkən, bu gün də Mehman Hüseynov həbs olunub. İstərdim bu haqda da fikrinizi bildirəsiniz.
– Bilirsinizmi, Mehman gənc və cəsarətli oğlandır. Mehman nə iş görür ki? Gedir Səlim Müslümovun 5 mərtəbəli evini çəkir. Burada nə pis şey var ki? Səlim Müslümov 1750 manat maaşla Zeytunluqdakı o villanı nə ilə tikdirir? Niyə ondan soruşmurlar ki, “ay yoldaş nazir, sən bunu nə ilə tikirsən?”
– Əslində, Səlim Müslümov da bunu inkar eləmədi, dedi, “Mən fəxr edirəm, mənim çox yerdə də evlərim var…”
– Nə ilə? Əslində, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdırlar.
– Qanunla Səlim Müslümov həbs olunmalıdır, Mehman Hüseynov yox. Deyilmi?
– Mən elə sizin vasitənizlə hörmətli Zakir müəllim Qaralov – ona mənim böyük hörmətim var – və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edirəm, həmin faktı araşdırmalı idilər və öyrənməli idilər ki, bu nazir ayda 1750 manat maaşla bu evi necə tikir? Ayda 1750 manat məvaciblə 5 mərtəbəli villa tikmək olarmı? Bu adam nə pis iş görüb? Çəkib və məsələ ictimailəşib. Deməli, nazir rüşvətxordur, bu adam pensionerlərin təqaüdlərinə göz tikir. Mən bunu deyirəm həmişə… Bu adam pensionerlə 50/50-yə iş görür. Aldığı pensiya 6 ay Səlim Müslümova gedir, 6 ay da pensionerin cibində qalır. Bu da saymamazlığın bir formasıdır. Nümayişkəranə şəkildə çıxıb deyir ki, “elə hamısını mənim adıma yazın…” Sənin adına yazılanlar var, narahat olma, hamısı var. Gələcəkdə bunların hamısının hesabı ondan soruşulacaqdır. Amma bilirsinizmi, nətəridir? Bir onu tutmağa nə ehtiyac var ki? Yoxdur. Yenə beynəlxalq təşkilatları üstümüzə qaldırmaqdır. Yenə beynəlxalq təşkilatları Azərbaycanın dövlət başçısının üzərinə qaldırmaq, prezidenti xaricdə olduğu səfərlərdə gözüqıpıq saxlamaqdır.
– Beynəlxalq qınaq gələcək?
– Bir şeyi sizə xatırladım, qoy tamaşaçılar da bilsinlər. Prezident Amerikada olanda Vaşinqtonda görüşlər keçirir, Barak Obama ilə, Con Kerri ilə və digər məsul şəxslərlə görüşlər keçirir. Həmin anda Azərbaycanda hakimiyyətdə olan insanlar bir neçə nəfəri həbs etdirirlər. İndi dövran da elədir ki, internetlə bütün məlumatları çatdırırlar. Prezident ayrı bir şey deyir, burada da ayrı bir şeyi deyirlər. Yəni bütün bunların hamısı da xəyanətdir. Xəyanət necə olur? Xəyanətin qaşı-gözü olmur ki, Əvəz bəy.
– Siz İlham Əliyevlə görüşlərinizdə, təmaslarınızda siyasi məhbuslar məsələsini ona deyibsinizmi?
– Bilirsinizmi, nətəridir? Əgər mən desəm ki, axşamacan prezidentin yanındayam, bu da yalan olar. Mən öz fikirlərimi ictimaiyyətə çatdırmağı da bacarıram, müəyyən faktları… Yersiz tutulmaların mən əleyhinəyəm. Bunu birmənalı şəkildə hamı bilməlidir. Məsələn, biz Leyla Yunusu tutduq, nə qazandıq? Buraxdıq, nə qazandıq? O niyə tutulmalıydı ki?
– Daha da ziyan oldu.
– Daha da ziyan oldu. Xədicə İsmayıl nəyə görə tutulurdu, nəyə görə də buraxılırdı? Axı bu nə etdi? Əksinə, üzərimizə yeridilər, pis imic formalaşdı. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gəldi.
– Haqlı olaraq… Nə ehtiyac var idi ki?
– Bilirsinizmi, nətəridir? Qoy canı çıxsın o məmur düzgün işləsin, aylıq 1750 manat qazancı ilə 5 mərtəbəli bina tikdirmək iddiasında olmasın, Mehman da gedib onun şəklini çəkib verməsin. Nazirdən soruşmaq lazımdır ki, sən o qədər pulu haradan alıbsan? Bax, bu məsələdə ədalətli olanda cəmiyyətdə gəlib hər şey öz yerini alır.
– Maraqlı bir şeydir ki, Mehman Hüseynov Kəmaləddin Heydərovun da villasının içini çəkib vermişdi.
– Vallah, baxmamışam… Düzdür, Qəbələdə elə bir şey var, amma o da məndə olan məlumata görə dövlətin xaricdən gələn qonaqların qəbulu üçün tikilmiş bir yerdir. Bu təcrübə bütün dövlətlərdə var. Məsələn, mən xaricdə çox olmuşam. Fransada da, Almaniyada da, Avstriyada da olmuşam…
– Hafiz bəy, bunların evində olmusunuz. Deyirlər, unitazları da qızıldandır?
– Yox, yalan deyirlər…
– Stəkanları, nəlbəkiləri…
– Yox, bu yalan söhbətdir. Şişirdirlər. Bunu da şişirdənlər öz övladlarıdır. Bunların övladlarının boyunlarını yerə soxum… Bunların övladları özlərini belə çox açıq şəkildə, biabırçı şəkildə aparırlar. Ona görə də qıcıq yaradırlar. Yoxdur, elə bir şey… İndi hansı ağılsız məmur tualetini qızıldan edər? Bunun nə mənası var? Mən bunu görməmişəm.
– Doğrudan mənası yoxdur…
– Doğrudan mənasızdır. Mənasız şeylərdir, mənasız şeylərin də dalına düşməyə dəyməz. Bəzən xırdaçılığa çox gedirik. Real məsələlər qalır qıraqda, xırdaçılığa gedirik ki, filankəsin evində filan şey var. Bu da düzgün deyil. Tramp dünyanın milyarderidir, indi də ABŞ-ın prezidenti oldu.
– Bayaq sizə verdiyim sual yarımçıq qaldı. Sizi Jirinovski ilə sizi müqayisə edənlər də var, Trampla müqayisə edənlər də var.
– Bilirsinizmi, onu deyim ki, Jirinovski ilə mənim münasibətlərinm də var. Azərbaycanın əleyhinə danışanda, cəhd eləmişəm, onun aparatının rəhbəri ilə də danışmışam, onun özünə də fikirlərimi çatdırmışam. Jirinovski öz xalqını sevən insandır. Millətini sevən bir adamdır. Bunun nəyi pisdir ki? Bilirsiniz, mən millətimi sevdiyimə görə…
– Amma bizi də təhqir eləməsin də…
– Bizi nə vaxt təhqir etdi? Gəldi burada bizə nə qədər tərif dedi. Getdi Türkiyədə…
– Deməmişdi ki, “Heydər Əliyev dünyada ən zəngin adamdır, onun 9 milyon qoyunu var…”?
– Millət də özünü qoyun yerinə qoymasın da… Bu millət də özünün bir millət kimi qürurunu hiss elətdirsin də… Bəzən millət ondan ötrü canı yanana arxasını çevirir, başını kəsənin isə ayağının altında başını əyir. Hər şeyi biz siyasətçilərdə görürlər.
– Millət nə eləsin, Hafiz bəy? 200-ə qədər siyasi məhbus var. Hər gün yeni insanlar həbs olunur…
– Nə olar ki? Siyasi məhbusların sayı lap 500-1000 olsun. Azərbaycanın 9 milyonu da tutulası deyil ki…
– Deməli, millət də qoyun deyil…
– Millət qoyun deyil. Millətə qoyun deyənin özünü qoyun elədik, oturtduq yerinə. Keçi gününə salıb, buraxdıq getdi. Jirinovskinin üstünə gedən yeganə adam mən olmuşam. Əgər lazımdırsa… İndi onun rus saytlarından olan məlumatlarını çıxarıb arxiv olaraq saxlayırıq. İkincisi, Tramp məsələsi… Belə deyək də, Tramp millətinin dilində danışır. Bizdə elə adamlar var ki, elə danışırlar, elə söz deyirlər ki, gərək Azərbaycan ensiklopediyasını iki-üç gün araşdırıb, onların dedikləri sözün mənasını tapasan. Hafiz Hacıyev də millətin dilində danışır. Millətinin içindədir. Millətinin ağrısı-acısı ilə yaşayır. Hafiz Hacıyev də milləti kimi ac-yalavac yaşayan insanlardan biridir. Gəlin görək o biriləri də belədirmi? Ona görədir ki, mənim hörmətim var və xalq da özünüz görürsünüz… İctimai rəy keçirirsiniz, sağ olsunlar, ikinci yeri mənə verirlər. Bunu elə-belə vermirlər ki… Belə deyirlər ki, xalqın gözü tərəzidir… Mən inandırım sizi ki, səhər saat 10-dan axşam 7-yə kimi biz burada oturub işləyirik. İnsanları qəbul eləyirik. Müəyyən yerlərə gedirik, müəyyən insanları başa salırıq. Yəni qoy millətim başa düşsün ki, Tramp Amerikada necə hakimiyyətə gəldisə, Hafiz Hacıyev də Azərbaycanda elə hakimiyyətə gələcək. Narahat olmasınlar. Həyat bununla qurtarmır. Narahat olmasın mənim xalqım. Hər şey düzələcək. İki il əziyyət çəksələr də, sonra mən gəlirəm. Mən gələndən sonra da bu çəkdikləri əziyyətlərin hamısının bədəlini mən ödətdirəcəm. Qoy Səlim Müslümov da tiksin, Ziya Məmmədov da tiksin. Qoy Kənd təsərrüfatı naziri də “Vorovski”də 6 villasını tikdirsin, yeddincisinə başlasın. İndi hər baytar rəisinə…
– İsmət Abbasov?
– Yox… Heydər Əsədov… 6-nı tikib, yeddincisini də tikdirsin. Hamısı kimə qalacaq? Bu xalqa qalacaq da… Sabah narahat olmayın, hakimiyyətə gələndən sonra aranızda böləcəm, hamınız götürün…
– Nə edəcəksiniz? Bir məmurun 50 villası var.
– 50 villası var, onların hamısını satışa çıxaracağıq. Oradan gələn pulların hamısını “obşiy” mənbəyə…
– O villaları kim alacaq?
– Alacaqlar. Xaricdə yaşayan o qədər insanlar var ki… Biznesmenlərimiz, imkanlı adamlarımız var. Təmiz pul qazanan biznesmenlərimiz var ki, onların hamısı gəlib alacaqlar. Onlara şərait yarat, onlara qanunun aliliyi tətbiq olunsun, onlar vaxtında vergilərini ödəsinlər. Daha bizim məmurlarımız kimi yox. Hərəsinin 50 villası var. Ona görə hər şeyin qiyməti qalxır. O villaların pulu kimindir? Bizim cibimizdən çıxarırlar. Yəni budur məsələ… Ona görə mən xalqıma deyirəm ki, qoyun tiksinlər. 1750 manat maaş alan Səlim Müslümovun tikdirdiyi villalar bizə qalacaq. Və yaxud da Həsən Əliyev küçəsində tikilən villaların hamısı, ay millət, narahat olma, sənindir. Narahat olmayın. Bunların hamısı qoyub qaçasıdırlar. Bu saat onların hamısının ailələri xaricdə, axşamacan da balaları, nəvələri zəng vurub deyirlər ki, “baba, tez elə oradan çıx, bu xalqın cibindən, dövlətdən nə oğurlayıbsansa, tez elə qoy cibinə, özün də tez elə, çıx gəl…” Onlar bunun üçün əlləşirlər. Amma biz bu dövlətin yiyələriyik, bu millətin yiyələriyik. Ortada çox ciddi məsələlər var. O məsələlərin həllinə biz elliklə nail ola bilərik. Biz siyasilərin – o kin-küdurəti kənara qoyub, bir masa arxasında əyləşib, o məsələləri müzakirə etməklə buna nail ola bilərik.
– Həmin bu müxalifətin bir nasa arxasında əyləşməsi üçün nə edirsiniz?
– Çox iş görürəm mən.
– Mitinq eləmək xəbəri də çıxmışdı…
– Təbii.. Artıq bizim mitinq komitəmiz də yaranıb. Mitinqlərlə bağlı mitinq komitəsi yerlərdə görüşlər keçirir, müzakirələr aparırıq. Biz martın 3-cü ongünlüyündə mitinqlərimizi eliyəsiyik.
– Nəyə görə martın üçüncü ongünlüyündə?
– Nəyə görə? Biz gözləyirik. Prezidentin islahatlar məsələsini gözləyirik. Əgər görsək ki, bu hakimiyyətin daxilində müəyyən qüvvələr dirəniş göstərib prezidentə imkan vermirlər ki, bu islahatlar keçirilsin, biz məcbur olub, meydanlara çıxıb, o məmurlarla bir-bir artıq başqa dildə danışacağıq. Aydın məsələdir. Gəlin görək, bizim bu üzdə olan siyasilərimizdən hansı bu təşəbbüsə qoşulur? Bunların Azərbaycanda bir hədəfi var – İlham Əliyev. Ay qardaşlar, başınıza dönüm. Bir nəfərdən yapışmaqla heç nəyə nail ola bilməyəcəksiniz. Xaricə gedirsiniz, onun əksinə danışırsınız, xaricdə sizə sponsorluq eləyənlərin dediklərini eləyirsiniz. Gəlin, buna kömək eləyək…
– Amma əksəriyyət də, çox adamlar İlham Əliyevi problem kimi görür. Gülağa Əliyev soruşur ki, “həmişə əsas hədəfi qoyub, ətrafı tənqid edib, hədələyirsiniz. Hər şeyi öz adı və ünvanı ilə niyə çağırmırsınız?”
– Mən Gülağa Əliyevə demək istəyirəm ki, Hafiz Hacıyev hər şeyi öz adı ilə çağırır. Bu qədər nazir adları çəkdim.
– Nəzərdə tuturlar ki, niyə İlham Əliyevin adını çəkmir.
– …Yenə İlham Əliyev?
– Üzr istəyirəm, Həcər Aslanov yazır: “Həmişə deyir ki, məmurlar ölkəni çapıb talayır, İlham Əliyev qardaşım tək qalıb… Bununla da özü etiraf etmiş olur ki, İlham Əliyevin sözünün kəsəri yoxdur. Məmurlar prezidenti heç veclərinə də almırlar. Hafiz Hacıyevin fikrincə, İlham Əliyev bu vəziyyətdə niyə istefa vermir? Əgər bir prezident 3-5 məmurla bacarmırsa, o insan prezidentliyə layiqdirmi?”
– Gülağa bəyə də, Aslanova da demək istəyirəm ki, prezident tapşırığını verir, yerinə yetirməyənləri də Milli Təhlükəsizlik nazirinin gününə salır. Prezident artıq son tapşırıqlarını verib. Nətəri deyərlər, “bıçaq artıq gəlib sümüyə dirənibdir…” Bundan o tərəfə yoxdur. Hafiz Hacıyev niyə prezidenti müdafiə eləyir? Axı biz hamımız prezidentin üzərinə getsək, prezident görəcək ki, o təklənir, deyəcək ki, qoy ətrafımdakı rüşvətxor məmur məni müdafiə eləsin.
– Daha çox…
– Bəli. Bizim hörmətli, bizə sual verən bəylər də bilməlidirlər ki, evdə uşağını döyəndə qaçıb, anasının qucağında özünə sığınacaq tapan kimi, prezidentin də 10 ağzı-burnu yoxdur ki… Biz də o həyatı yaşamışıq. Biz də Elçibəy hakimiyyətində prezidentin kim olduğunu yaşamışıq. Prezident bir nəfərdir. Əgər biz bütün elliklə prezidentin üzərinə gedəndə…
– Onların işinə yaramış olur da…
– Bəli, onların ömrünü uzadırıq. Mənim dediyim budur. Qoy tamaşaçılar kanal vasitəsilə bunu görsün. Əgər hamımız onun üzərinə getsək, o da deyəcək ki, qoy rüşvət alsalar da, bunlar yanımda qalsın. Mən ona görə deyirəm ki, bütün Azərbaycan müxalifəti gəlin, sözü bir yerə qoyaq, İlham Əliyevi müdafiə eləyək. İlham Əliyevə deyək ki, əzizim, ətrafındakıların hamısı sənə qarşı, sənin əksinə işləyən adamlardır. Bunlardan canını qurtar, bu məsələlərdə xalqının içində, xalqla bir yerdə ol. Prezident görəndə ki, bütün elliklə onun üzərinə gəlirlər, əlbəttə yanındakı insanlardan yapışmalıdır. Deyilmi, Əvəz bəy? Tarixən belə olub. Götürün tarixə baxın. Həmişə tarixdə belə hallar baş verib. Mənim də dediyim odurki, hörmətli Gülağa bəy bilsin ki, Hafiz Hacıyevin prezidenti müdafiə etməsi – bəlkə də onun heç mənim müdafiəmə də ehtiyacı yoxdur, amma mən ideoloji işin başında duran ideoloji bomba kimi bir insanam. Mən bunların üstünə gedirəm ki, heç olmasa bunlar prezidentdən çəkinsin. Səlim Müslümovu görürsünüzmü? Utanmaz-utanmaz deyir ki, onların hamısı mənimdir. Bu, saymamazlıqdır. Biz hamımız desək ki, prezident elədir, prezident də yanındakı o quldurlardan yapışmaz.
– Elə yeri gəlmişkən, istəyirəm ki, onu da soruşum. Mehman Hüseynov iki məmurun villalarını çəkib ictimailəşdirdi, onu həbs elədilər. Bəs, siz bu qədər məmurların üzərinə gedirsiniz, heç olmasa nazirlərin özləri tərəfindən sizə qarşı bir reaksiya, hədə-qorxu və ya hansısa müstəvidə bir təzyiq varmı, Hafiz bəy? Yoxsa, onların hamısı öyrəniblərmi?
– Yox, elə deyil. Gördünüz ki, mən bunu deyəndən sonra Səlim Müslümov çıxdı, televiziyada təkzib verdi. Mən deyəndən sonra dedi. Onun villasını… Həmin ərazidə olan bir polis işçisi gəlib mənə dedi ki, “Hafiz bəy, siz ədalətli adamsınız, bu millət üçün həyatınızı qoymuş bir insansınız, prezidenti həyatınızdan artıq istəyən bir insansınız. Bu, 5-6 mərtəbəlik bir villa tikir, özü də Zeytunluqdakı ağacları dağıdır”. Düzü, mən buna inanmadım.
– Mehman Hüseynovun çəkdiyi villadan söhbət gedir?
– Bəli, bəli… Mən gedib ora baxandan sonra gəlib bunu özümün müəyyən kanallarım vasitəsilə…
– Yoxsa, materialı Mehman Hüseynova siz vermisiniz?
– Nə isə… Hər halda Mehmanın özündən soruşarsınız, Mehman özü deyər. Hər halda mən bu işə çox ciddi reaksiya verdim. Necə olur ki, 170 manat pensiya alan adam vaxtında pensiyasını ala bilmir. Kartını salır, qalan qəpiyini də çıxara bilmir. Amma Səlim Müslümov – pensionerin o qəpiklərini yeyən adam o 5 mərtəbəli villanı nə ilə tikir? Mən bunu ən yuxarı səviyyəyə çatdırdım. Qoy hörmətli Mehman bəy də bilsin, Gülağa bəy də, o biriləri də bilsin. Və ölkə prezidenti – mənim əziz qardaşım çox ciddi tədbir gördü, o villa yarımçıq qalıbdır və o villa bu günə-sabaha söküləcək.
– Maraqlıdır…
– Hə, gedib çəkə də bilərsiniz. Söküləcəkdir… Bunun nəyi pisdir ki? Bunun nəyi pisdir ki? Əlbəttə ki, onlar mənə təzyiq edirlər.
– Deyirsiniz ki, məsələyə bu prizmadan baxırsınız və məsələni də belə həll etmək istəyirsiniz?
– Bəli, mən o prizmadan baxıram və elə də məsələni həll etmək istəyirəm. Dava-dalaşla yox. Görürəm ki, həqiqətdir, ədalətdir, mən çatdırıram və əsaslandırıram ki, 1750 manat maaş alan məmur bunu necə eləyir? Əlbəttə ki, prezident ədalətli bir adamdır və bunu eşidən kimi əks reaksiya verir və dayandırır. Onu tanımayan adamlar belə başa düşürlər. Prezident çox humanist bir adamdır. Çox demokrat, çox səmimi… Onunla durub-oturanda deyirsən, ürəyimi çıxarım buna verim. O qədər səmimi bir adamdır. Sizinlə bir neçə ildir dostluq, yoldaşlıq eləyirik. Ola bilsin ki, sizdən çəkinəm, utanam, amma o adamla oturanda o qədər ürəyi təmiz bir insandır ki… İndi elə məsələlər var ki gedib, ona elə başa salırlar ki… Məsələn, gedib deyirlər ki, filankəs az qalır dövlət çevrilişi eləsin. Bu da bundan keçə bilməz axı. İnandırırlar. İndi keçək sualın ikinci hissəsinə… Bəli, məni o qədər hədələyirlər ki, Əvəz bəy. Mənim maşınımın da qabağını kəsirlər, məni öldürməklə də hədələyirlər. Mənə mesaj da yazırlar – bir gün açaram telefonumu görərsiniz ki, mənim haqqımda nə mesajlar yazırlar. Bilirsən, axırını fikirləşəndən qəhrəman olmaz. Mən bunlardan qorxum, bunlar da mənim qardaşımın üzərinə getsinlər. Necə ki, dədəmiz Heydər Əliyev Siyasi Büroda işləyəndə bunlar torbaynan teleqrammalar vururdular… Onun əksinə çıxanlar, onu Azərbaycana qoymayanlar, baş nazirin müavini, mənim hörmət etdiyim Əli Həsənov o vaxt Sumqayıtda Heydər Əliyevin ünvanına nələr danışırdı… İndi Qaçqınlar Komitəsinin sədridir.
– Nə danışırdı?
– Nə danışmırdı ki? Rəhmətlik Cəlal müəllim deyirdi ki, “gedin, görün bunun ağzını yuma bilirsinizmi?” Baxın, mən bunun pisiyəm. Mən nəyin pisiyəm? Mən bunun pisiyəm də… Axı, mən də deyirəm, qardaş, başına dönüm, ətrafındakı belə insanlara görə bu millətə…
– Hafiz bəy, siz də Heydər Əliyevə qarşı sərt olubsunuz…
– Yox, mən heç vaxt sərt olmamışam. Heydər Əliyev rəhmətliyi Moskvada olanda Azərbaycana qayıdışını mən təmin eləmişəm. Qoy bilməyənlər bilsinlər. İlk dəfə Heydər Əliyev Siyasi Bürodan çıxandan sonra Moskvadakı evində, “İskra” qəzeti redaksiyasının arxa tərəfindəki meşənin içindəki Andropovla yaşadığı alt-üst evdə yanına mən getmişəm. Ayaz Mütəllibovun vaxtında olub. Mən onda nazir səviyyəsində çalışırdım.
– Burada bir sual var, sual o zaman yanlışdır?
– Amma Heydər Əliyev rəhmətliyin Azərbaycanda hakimiyyətə gəlməsinin bir nömrəli xidməti mənimdir. Bunu danmaq olmaz. Kim danacaqsa, onun burnundan gələcək. Moskavada yanına getmişəm. Qəzet redaktorlarını yığıb, aparmışam ki, rəhmətlik Heydər Əliyevdən müsahibə götürsünlər. Mən Bakıya qayıdanda «Независимaya» qəzetinin 100 dənəsini qoltuğuma vurub gətirmişdim. “KQB”-nin rəisi İlhüseyin Hüseynov məni aeroportda tutdurdu. Mən də o zaman nazir səlahiyyəti olan bir insanam. Ayaz Mütəllibovun müşaviri rəhmətlik Aydın Hacıyev mənə zəng vurdu, Mütəllibov məni qurtardı. Ayaz Mütəllibov sağdır, istədiyiniz vaxt telefonu verim, ondan bu barədə müsahibə götürün. O vaxt dedi ki, Heydər Əliyevin yanına getməkdə sən düz eləmisən.
– Ayaz Mütəllibov dedi?
– Bəli, bəli, Ayaz Mütəllibov dedi. Dedi ki, bundan sonra sən Moskvaya gedəndə həmişə onun yanına get. Rəhmətlik Heydər Əliyev qayıdanda məndən soruşdu ki, bəs səni nə yaxşı tutmadılar? Dedim ki, bəs belə-belə… Tutdular, apardılar, Ayaz Mütəllibov mənə kömək elədi, buraxdırdı. Mənə də dedi ki, Moskvaya gedəndə həmişə Heydər Əliyevin yanına gedərsən, mənim də salamımı çatdırarsan… Yaxşı, biz bu işləri görmüşük. Yadınıza gəlirsə, son günlərdə Heydər Əliyevin mühafizəsini Hafiz Hacıyev öz üzərinə götürmüşdü, məsələsi çıxdı. Mən demədim ki… Bunu Xalq Cəbhəsində Ələsgər Siyabov dedi ki, “bəli, o vaxt Hafiz Hacıyev gəldi, özü dedi ki, mən onun mühafizəsini öz üzərimə götürürəm…” O vaxtlar mənim imkanlarım yaxşı idi. Mən Azərbaycanın balıq sənayesində işləyirdim və imkanlarım da böyük idi. İndi neyləmək olar ki, bugünkü bu quldurlar Heydər Əliyevin Azərbaycana gəlişinə mane olan adamlar bu gün Azərbaycanı söküb-talan edirlər. Mənim mübarizəm budur. Mənim mübarizəm budur ki, dünən dədəmiz Heydər Əliyevə xəyanət edənlər, bu gün onun oğluna – mənim qardaşım İlham Əliyevə xəyanət edirlər. Bu insanlardan biri deyir, mən vitse-prezident olacam, biri deyir, mən nə olacam… Olubsan da… Nə iş görmüsünüz, a qardaş?
– Vitse-prezident kim olacaq, sizcə?
– Bilirsinizmi, bu, prezidentin səlahiyyətində olan bir məsələdir. Mən də onun arzusundayam ki, birinci vitse-prezident olum, qardaşımı bəlalardan qurtarım. İndi mənim əlimdə o səlahiyyətim yoxdur ki, mənim fərmanımı verən verir. Versin, bircə aya görsün ki, Azərbaycanda nətəri işlər görülür.
– Bu sualı bayaq verdim. İndi də Ruslan Nəsirli yazır: “Ölkədəki durumla bağlı niyə mitinq keçirilmir? Axı, belə bir sosial sifariş var…”
– Mən bayaq da dedim ki, bizim mitinq komitəmiz artıq fəaliyyətdədir. Ruslan bəy də hansı rayondadırsa, bizim rayon təşkilatlarımızda mitinq komitələri fəaliyyət göstərirlər. Oradan məlumat öyrənə bilərlər. Onlar da kömək eləmək istəyirlərsə, 10-20 nəfərlə, öz dostları ilə mart ayına təyin edəcəyimiz mitinqə gələ bilərlər və orada nə haqda danışacağımızı da öz qulaqları ilə eşidə bilərlər. Hər halda biz bu işlərin mayağı olacağıq və Azərbaycanda da imkan verməyəcəyik ki, xarici dövlətlərdən sifariş alanlar bizdən qabağa keçsinlər.
– Samir Əhmədov soruşur: “Hafiz Hacıyev qəbul elədiyi 10 siyasi partiyanın adını çəksin”.
– Azərbaycanda 50 siyasi partiya dövlət qeydiyyatından keçib. Bu günlərdə Vergilər Nazirliyindən bizim müavinə zəng ediblər ki, filan partiyanın telefon nömrəsini verin. Partiyanın özü yoxdur, adı var. Açığını mən sizə deyim. Partiyalar çoxdur, 50 partiya var. Məsələn, Pənah Hüseynlə oturub normal polemika aparmaq olar.
– Xalq Partiyasının sədri…
– Sülhəddin Əkbərlə normal polemika aparmaq olar…
– Hə…
– Məsələn, Mirmahmud Mirəlioğlu ilə normal polemika aparmaq olar. Hadisələrə ayıq başla baxmaq olar. Məsələn, Qulamhüseyn bəylə bu işlərə ayıq başla baxmaq olar. İxtiyar Şirinlə bu işlərə baxmaq olar. Baxmayaraq ki, bizim hakimiyyətimiz dövründə baş prokuror olub və bizim prezident Elçibəyin həbs olunmasına sanksiya verib. Onu da bir kənara qoymaq olar. Digər partiyalarla da bizim elə də… Məsələn, Müsavat partiyası ilə…
– Müsavat partiyası, AXCP, Əli Kərimli ilə…
– AXCP-yə bir dəfə dedim ki, gəlin yığılağın…
– Yəni siz buna hazırsınızmı?
– Niyə hazır deyiləm. Hamımız Azərbaycan millətiyik, qıraq millət-zad deyilik ki… Adını çəkdiyin insanlar gedib, xaricdə ermənilərlə siyasi polemikaya girirlər, burada Hafiz Hacıyevlə siyasi polemikaya girə bilmirlər. Ortaya mövqe qoyaq. Bütün KİV yanında yığılaq BMM-ə – xərcini də mən çəkirəm – oturağın. Bir Dəyirmi Masa səviyyəsində görüş keçirəyin. Siz jurnalistlər, yazarlar görsünlər ki, kim düzdür, kim düz deyil. Oturağın müəyyən məsələləri müzakirə eləyək və ortaq məxrəcə gələk.
– Keçmişdə onlar haqqında söylənən sözlərə görə bir üzrxahlıq ola bilərmi? Yəni mən bu sözləri demişəm, xatirinizə dəyibsə, üzr istəyirəm, amma millətin taleyi üçün birləşək.
– Ay qardaş, mən nə demişəm ki? Rəhmətlik Süleyman Dəmirəl də deyirdi ki, “dünənki dünəndə qaldı…”
– “Dün dündür, bu gün bu gündür…”
– Siyasətdə əbədi dost yoxdur, əbədi maraq var.
– Yəni deyirsiniz ki,“mən hazıram…”
– Mən hazıram… Oturağın. Daha biri durub, “mən daha böyük partiyayam” deməsin. Oturağın, ortaq məxrəcə gələyin, ortaya bir mövqe qoyağın. O mövqeyimizi də dövlət başçısına çatdırağın ki, Azərbaycanda bu gün fəaliyyət göstərən partiyaların məqsədi budur. Buna nail olmaq istəyirik. İndi sən bunu eləyərsənsə, biz sənə kömək eləməyə hazırıq, eləməsən, məcburuq ki, millət naminə hamımız birləşək, nəsə eləyək. Birinci bundan başlamaq lazımdır.
– Hətta o şəkildə prezidentə xəbərdarlıq eləmək olar ki, ya sən bizim dediyimizi elə…
– Ay qardaş, biz prezidentə deyirik ki, sənin məmurların sənə xəyanət eləyir. Sən bu məmurları kənarlaşdır, yeni qüvvələrlə əməkdaşlıq elə… Sən də otur, orada prezident ol, biz də sənin yanında. İşləyə bilsən işlə, işləyə bilməsən də canın sağ olsun, amma ətrafında təmiz adamlar olsun. Burada nə problem var ki, Əvəz bəy? Seçki ilidir. Seçki ilində ola bilsin ki, mən sənin ünvanına nəsə deyəm, sən də mənim ünvanıma nəsə deyəsən… Bu, təbiidir. Bu, seçkidir. Seçkidə qara piar da gedəcəkdir…
– Yəni deyirsiniz ki, müəyyən məqamlarda birləşə bilərik.
– Bəli, burada nə problem var? Millət naminə, Vətən naminə, Azərbaycanın torpaqlarının bütövlüyü naminə bir yerdə olmağa hər dəqiqə mən hazıram. Hər dəqiqə mən hazıram. Amma bir nəfərin üzərinə gedilən yerdə mən ola bilmərəm.
– Yəni deyirsiniz ki, birləşək, problemləri həll eləyək?
– Problemləri həll eləyək. Biz elə adamların üzərinə getməyək, axşamadək bir nəfərdən yapışmayaq. Niyə bir nəfərdən yapışırıq? Gəlin oturaq, siz deyin, mən eşidim, mən deyim, siz eşidin. Mən faktları ortaya qoyum ki, prezidentin burada günahı yoxdur. Prezident bunu eləyib, burada günah bu gün Milli Şurada təmsil olunan Ziya Məmmədovun günahıdır. Yenə bunu mən deyim.
– Ziya Məmmədov Milli Şurada təmsil olunur?
– Bəli, Milli Şurada təmsil olunan Ziya Məmmədovun günahıdır. Gəlin, bunu mən deyim. Siz də deyin ki, yox. Gəlin prezidentə kömək eləyək. Amma siz prezidentin üzərinə gedəndə prezident də məcburdur ki, ətrafındakılarla bir komandada qalsın, rüşvətxorlardan, 10-100 villası olanlardan yapışsın. Mənim bu barədə Pənah bəylə də geniş söhbətlərim olub. Pənah bəyə də demişəm ki, sən bu məsələlərlə bağlı filankəslərlə danış. Axı Vətən ağır gündədir. Vətənin ağır günündə nəyə lazımıq? Sən orada küs qal, bu burada qalsın. Küsmək, üzr istəyirəm, qadına yaraşır. Küsmək siyasətçiyə yaraşmır. Bu gün əgər mən bir söz demişəm, sənin xatirinə dəyibsə, sən də başqa söz de. Burada başqa nə problem var?
– Sən də elə söz de ki, mənim xatirimə dəysin, hə?
– Dəyməz axı. Siyasətçinin xatirinə heç nə dəyməməlidir. Siyasətçi səbrli olmalıdır. Siyasətçinin dənçəyi böyük olmalıdır. Siyasətçi təmkinli olmalıdır. Deyib, deyib də… Seçki ili idi, mən dedim, sən də dedin. Çalışıram mən qalib gələm, sən də çalışırsan ki, sən qalib gələsən. Yarışdır bu, sən də qaçırsan, mən də… Sən də məndən qabaqda qaçmağa çalışırsan, mən də… Bunu elə ora-bura fırlayırsınız… Ona görə ölkə bu günə qalıb, ona görə Azərbaycanın müxalifəti bu gün ölü vəziyyətdədir.
– Çox suallarımız var, amma mən də sualları yekunlaşdırmalıyam. Vaxtımız da yekunlaşır. Vüqar Fəttayev deyir ki, “onun o barmaq oynatmağı heç xoşuma gəlmir…”
– Əgər mənim barmaq oynatmağım Vüqar Bayramovun xoşuna gəlmirsə, mənim də xoşuma gəlir. Ona görə xoşuma gəlir ki, mən əgər o barmağımı silkələməsəm, bu məmurlar çoxdan Vüqar bəyin bütün varını-dövlətini – bilmirəm varıdır, yoxudur, yoxsa, mənim kimi ac-susuzdur, onu deyə bilmərəm – əlindən almışdılar. Tramp da barmağını silkələmişdi, gəldi Amerika dövlətinin başına… Bu, siyasətdir. Siyasətçinin müəyyən imicləri var, siyasətdə müəyyən rollar var. Siyasətdə müəyyən gedişlər var. Bunun hamısını bilmək lazımdır. Vüqar bəyə mən arzu edərdim ki, böyük alimlərin, böyük siyasətçilərin kitablarını oxusunlar. Siyasətşünas kitablarını… onlarda bu məsələlərin hamısı öz əksini tapıbdır. Orada əgər mən nəyi səhv eləmişəm, nəyi səhv eləməmişəmsə, onu növbəti səfər qismət olsa sizinlə bir də görüşsək, o sualı bir də verər…
– Pünhani Əsgərli soruşur: “Növbəti prezident seçkilərində namizəd olacaqsınızmı?” Bu suala cavab verdiniz və dediniz ki, olacaqsınız.
– Prezident seçkilərində namizəd yox, prezident olacam.
– Gülnaz Qəmbərli soruşur ki. “bəs prezident kimi sizi nə vaxt görəcəyik, axı?.. ”
– Allah qoysa…
– “… Daha gözümüzün kökü saraldı. Son vaxtlar da bir az passiv fəaliyyət göstərir. Heç kimi söymür, barmaq silkələmir. Kompromat qıtlığı var? Səbəbi nədir? Hazırkı hakimiyyət ona təpinib yoxsa? Bəlkə başqa səbəblər var?”
– Gülnaz xanım, görünür…
– Tanınmış jurnalistdir.
– Gülnaz xanım görünür, mənim siyasi fəaliyyətimi izləmir. Bütün günü mən siyasi fəaliyyət aparıram.
– Vüqar Fəttayev deyir ki, onun barmaq silkələməsi xoşuma gəlmir, amma Gülnaz Qəmbərli yazır ki, barmaq silkələmir.
– Elə mənim dediyim də odur. Mənim, bizim hörmətli tamaşaçılar, bizə pərəstiş edənlər bilməlidirlər ki, biz həmişə mübarizənin önündə getmişik. Bu gün də mübarizənin önündəyəm. Gülnaz xanım da bilsin ki, Hafiz Hacıyev namizəd yox, prezident olacaqdır. Olduğu dövrdə də nə iş görəcəkdir. Mənim barmaq silkələməyim də onların xeyrinədir. Bu gün məmurlarla mübarizə aparmağım da bu millətdən ötəridir. Mən tək adamam. Məndən ötəri fərq eləməz. Gedib, haradan olsa, bir parça çörək tapıb dolanaram. Amma mən millətimi belə tək qoyub getmək istəmirəm. Bir də istəmirəm ki, qardaşım siyasi meydanda tək qalsın. Bu gün hər şey pulla ölçülmür, Əvəz bəy. Əgər pulla ölçülsəydi, pulla hakimiyyəti saxlamaq mümkün olsaydı, Qəzzafi, Hüsnü Mübarək saxlayardı. Nə bilim Telmanı, o birisi, bu birisi saxlayardı. Bu gün siyasi mübarizədə bütün dünyada ideoloji mübarizə gedir. İdeoloji mübarizədə də Gülnaz xanım, Hafiz Hacıyev həmişə qabaqdadır. Heç bir passivliyim yoxdur. Əgər siz bütün günü saytları izləsəniz, Azərbaycanda mənim bir dənə müsahibəm 30-40 mini keçir. Siz elə bir siyasətçi göstərin ki, onun 100 nəfərdən artıq oxuyanı olsun. Saytların adını çəkib onları reklam eləmək istəmirəm, amma siz bütün saytlara girin, elə Əvəz bəyin bu gün apardığı rəy sorğusunda da hər halda Hafiz Hacıyev ikinci yeri tutur. Ona görə də Hafiz Hacıyev bilir, hansı addımları atır və narahat da olmayın. Hamınızı xoşbəxt eləyəcəyik ki, Azərbaycanın öz sərvətlərini sizin kimi öz qeyrətli insanlarına qaytaraq.
– Vəlixan Çobanoğlu soruşur: “YAP hakimiyyətdən gedəndən sonra “nağayrajax”?”
– YAP hakimiyyətdən gedəndən sonra biz qisasçılıq da toxumu səpə bilmərik və biz onlara deyə bilmərik ki, hamınızı gəlib qırasıyıq. Bunlar da getməzlər. Elə yapışarlar, qopmazlar ki, elə bunlar bizi öldürəcəklər ki, qabaq biz bunları öldürək. Ölkədə bir barış ənənəsini qoymalıyıq. Hər halda bunların pisləri cavab verəcəklər bu millətə pislik elədiklərinə, bu milləti taladıqlarına, bu millətə xor baxdıqlarına görə… Vallah YAP-ın da bir fəaliyyətini görmürəm. Nə qədər rüşvətxor məmur var, YAP-dan çıxıb. Məsələn, rabitə naziri YAP-da idi, gördünüz… Məsələn, Nəzarət Təftiş Komissiyasının sədri tutuldu, bu gün də həbsdədir. Bu gün nə qədər cinayət törədənlər var, hamısı YAP-ın üzvüdür…
– Amma Gülər Əhmədovanı da özünüzə müavin dəvət edirdiniz… Nə oldu axırı, alınmadı?
– Mən dəvət eləmirdim Gülər Əhmədovanı… Gülər Əhmədovanın özü bizim partiyaya meyilli idi. Sonra bizim görüşlərimiz keçirildi, onun səhhətində problemlər yarandı və keçmişdə olan müəyyən məsələlərini biz müzakirə elədik. O cümlədən sənin üzünə durma məsələsini də müzakirə elədik. Hər halda bu məsələ də indi dondurulmuş vəziyyətdə dayanıb. Bilirsiniz Əvəz bəy, mən siyasətlə məşğulam. Hər halda sabah bir düşmənim də gəlib partiyada mənim qapımı döysə, onda gəlib partiyada mənimlə bir yerdə olacaq. Bayaq dedim, siyasətdə dost yoxdur. İndi nə dost yoxdur, nə də əbədi düşmən yoxdur. Siyasətdə maraqlar var, o maraqlar harada toqquşdusa, orada mən düşmənimlə də bir yerdə olacam. Onu da nəzərə almaq lazımdır. Qoy, bu gün də məni özünə düşmən hesab edənlər fikirləşsinlər ki, istənilən an Hafiz Hacıyevlə düşmənçilik eləyən adamlarla Hafiz Hacıyev dostluq eləməyə hazırdır.
– Sizə Gülər Əhmədova ilə uğurlu fəaliyyət arzu edirəm…
– Xeyr, Gülər Əhmədova artıq bizimlə deyil, Gülər Əhmədova artıq uğurlu fəaliyyətinə başlayıb. Hansısa bir təşkilatda, nədirsə, falabaxma işi ilə məşğuldur. İmicmeykerlik edir, nəsə psixoloqluq edir.
– Hə…
– Ona uğurlar arzu edirəm. Hər halda Gülər xanım da istərdim ki, siyasi proseslərdə ona xəyanət edən, onu öyrədən adamların sözünə baxmasın. Onda da günah yoxdur. Lənət ilana zəhər verənə!
– Salam Hüseynə, lənət Yezidə…
– Bəli, bəli…
– Elşad İbadov soruşur: “Hafiz müəllim, bütün məmurların xalqı taladığını söyləyirsiniz. Sizinlə tam razıyam. Prezidentin ailə üzvlərinin etdikləri qanunidir. Ramiz Mehdiyev haqqında niyə heç vaxt danışmırsınız?”
– Vallah, bir dəfə Ramiz Mehdiyev haqqında Əvəz bəyə 3 səhifəlik müsahibə vermişəm, ondan sonra da 3 il həbsdə qalmışam. Əvəz bəydən o vaxt çox xahiş elədim ki, o müsahibəni verməsin, Əvəz bəyin də insafı olmadı, o müsahibəni verdi. 10-cu kolonda 3 il, hələ iki saat da artıq yatdıq ki, qoy sonra bizim başımıza qaxmasınlar ki, sizi tez buraxmışıq. Ona görə də vaxtında Hafiz Hacıyev öz sözünü deyib, bu gün də deyir. Allah lənət eləsin onlara… Allah var, özü cəzalarını verəcəkdir ki, bunlar mənim qardaşıma xəyanət edirlər və imkan vermirlər işləməyə…
– Hafiz bəy, sizin işlətdiyiniz bəzi ifadələr var, məsələn, Freyd Şaban soruşur: “Qırajam sizi….”
– Bəli, “qırajam” Azərbaycan sözüdür və bunların hamısını qırmaq lazımdır. Bunlar ki, bu qədər bu Vətənə, bu xalqa xəyanət edirlər, bu gün iqtidarından və müxalifətindən asılı olmayaraq, kim bu Vətənə xəyanət edirsə, Əvəz bəy, onların hamısını qırmaq lazımdır.
– Ruslan Məmmədzadə yazır: “Hafiz Hacıyevdən soruşun görək, tez-tezmi güzgüyə baxır? Hər baxanda özü haqqında nə düşünür? Ümumiyyətlə, özü haqqında cəmiyyət içində formalaşan, yumşaq desək, qeyri-ciddi adam imicindən razıdırmı? Qardaş dediyi adam onu özünə qardaş sayırmı?”
– Axırıncı sualdan başlayım. Bəli, biz qardaşıq və bizi qardaşlıqdan heç kim ayıra bilməz. Ruslan bəyin də fikrinə mənim münasibətim bundan ibartdir ki, mən güzgüdə özümə baxıram, saçımı da düzəldirəm. Ruslan bəy, görünür, sizin siyasi cəhətdən ya savadınız azdır, ya da… Bu gün Azərbaycan siyasətində son iki ildə Hafiz Hacıyevdən populyar və Hafiz Hacıyevin pərəstişkarlarından çox adam yoxdur. Sizin özünüzə ideal lider seçdiyiniz adamlar bir gün İsveçdə, Norveçdə saunalarda çimirlər. Amma Hafiz Hacıyev bu gün Azərbaycanda olan buynuzlu məmurlarla kəllələşir. Ona görə də siz əgər bunu bilmirsinizsə, o zaman vay, biz siyasətçilərin halına… Əgər siz bizim etdiyimizə qiymət vermirsinizsə, siz bizə mənəvi dəstək vermirsinizsə, biz hansı mübarizəni aparaq? Ona görə də sizin işığınız da qalxmalıdır, çörəyinizin də qiyməti qalxmalıdır, qazınızın da qiyməti qalxmalıdır. Əgər Hafiz Hacıyevin bütün günü, sutkanın 24 saatını apardığı mübarizəyə siz bu cür ögey münasibət bəsləyirsinizsə, daha mənim sizə heç bir sözüm yoxur. Amma mən ruhdan düşməmişəm, düşmürəm də…
– Nəzərə alın ki, sualların bəziləri ironik xarakter daşıyır…
– Bəli…
– Bəziləri cəbhəçi ola bilərlər…
– Təbii, təbii… Söysələr də qəbuldur. Ondan sonra bizi təhqir eləsələr də, biz bunu qəbul eləməyə hazırıq.
– Dedim, bayaq. “Qaynar Qazan”da çox böyük söz-söhbətlər, müzakirələr oldu. Hər halda o müzakirələrin özü də bir göstəricidir.
– Təbii, Əvəz bəy, bu gün məndən inciyənlərin də sayı çoxdur. Niyə? Əlbəttə ki, Hafiz Hacıyev dollar deyil ki, hamının xoşuna gəlsin. Dolları hamı eyni dərəcədə sevir. Qızıla biri deyir, italyan qızılı yaxşıdır, biri deyir İran, o biri də deyir Türkiyə qızılı yaxşıdır. Amma Hafiz Hacıyevi hamı eyni dərəcədə sevə bilməz ki… Hafiz Hacıyev əlbəttə ki, üstlərinə getdiyi məmurların övladları, qohumları, onların ətrafı olan bu cür insanlar təhqir edir, təzyiq edir, tənqid edir, söyürlər. Amma Hafiz Hacıyevi xalq sevir axı. Hafiz Hacıyev bu gün xalqın dilidir. Söz deyən dili, vuran əlidir. Ona görə də bu insanlar narahat olmasınlar. Bəli, biz qardaşıq, axıra qədər də qardaşımı müdafiə eləyəsiyəm. Heç kim o yoldan məni döndərəmməz. Ölən günümə qədər dost dediyim adama qarşı dostam, düşmən dediyim adama qarşı da düşmənəm. Onlar da bilməlidirlər ki, Hafiz Hacıyev olan yerdə onların liderlərindən heç biri hakimiyyətə gələ bilməyəcək.
– İnqilab Kərimov soruşur: “Sualım özümlə bağlıdır. Siz İnqilab Kərimovu tanıyırsınızmı? Əgər tanıyırsınızsa, haradan və necə tanıyırsınız? Ümumiyyətlə, mənimlə qarşılaşsa, məni tanıyarmı?”
– Bəli, tanıyaram. İnqilab bəyə də buradan salamlar deyirəm. İnqilab bəy, istədiyiniz vaxt gələ bilərsiniz. Oturub söhbət də eləyə bilərik, müəyyən fikirlərimizi də bölüşdürə bilərik. Sizi mən çox gözəl tanıyıram, harada, hansı partiyada olduğunuzu da bilirəm. Oradan istefa verməyinizi də bilirəm. Ağıllı iş görübsünüz. Qapılarımız da üzünüzə açıqdır.
– “…Tanışlığımızı unudubsa, söz verirəm ki, bu dəfəki tanışlığımızı heç vaxt unutmayacaq. Daim məni xatırlayacaq…”
– Mən öz fikrimi dedim. İnqilab bəyə böyük hörmətim var. İstənilən vaxt – partiyamızın qapıları saat 10-dan axşam saat 7-dək açıqdır – görüşüb, keçmişi xatırlaya bilərik.
– Bu sualla müsahibəni bitirmək istəyirəm. Elşən Əlisoy yazır: “Qərbi azərbaycanlılar Əli İnsanovu niyə müdafiə etmədilər?”
– Əli bəyin bu gün türmədə qalması deyərdim ki, kimlərinsə səhvi ucbatındandır. Bir neçə ay bundan öncə mən müsahibələrimdən birində demişəm ki, qisasçılığa getməyə dəyməz. Hakimiyyətə də demişəm ki, bu qədər qisasçılığa getməyə dəyməz. Ağsaqqal adamdır, yaşlı adamdır. Çıxıb, neyləyəsidir ki? Leyla Yunusu tutdunuz, buraxdınız, o neylədi? Xədicə İsmayıl nə elədi? Bu gün də Əli İnsanov çölə çıxsa, o neyləyəsidir? Ona görə də belə məsələlərdə bir az soyuqqanlı olmaq lazımdır. Hər halda biz Azərbaycanı, qərbi azərbaycanlılara, şimali, cənubi azərbaycanlılara bölməmişik. Bir Azərbaycan var, hamımız da o Azərbaycanı sevməliyik. Onun içindən yetişən insanları da, çıxan siyasiləri də, qeyrətli adamları da sevməliyik. Allah Əli İnsanovun qapısını açıq eləsin. Hər halda mən düşünürəm ki, yaxın vaxtlarda Əli İnsanov da çöldə olacaq və milləti üçün çalışacaq. Hər halda yaşlı adamdır, o həbsdən çıxandan sonra elə də qorxulu deyil. Düzdür, bəzi qüvvələr onu çox şişirtdilər ki, Əli müəllim çıxacaq, siyasətlə məşğul olacaq. Birincisi, Əli müəllimin o fiziki imkanı yoxdur, mən eşitdiyimə görə… Yaşı o yaş deyil. Siyasətlə məşğul olmaqdan ötəri möhkəm bədən lazımır, möhkəm iradə lazımdır. O da yaşlanandan sonra siyasətlə məşğul olması mümkün deyil. Ona görə də biz qərbi azərbaycanlılar fərdləri yox, Azərbaycanı müdafiə edirik.
– Sağ olun, təşəkkür edirəm.
– Siz sağ olun, Əvəz bəy, zəhmət çəkdiniz. Bizim dinləyicilərin, tamaşaçıların, sizin oxucuların suallarını bizə verdiniz, kim necə qəbul eləyir, eləsin. Biz buyuq. Bundan sonra da bu millətin yolunda fəda olmağa hazırıq. Sağ olun.
– Sağ olun, Təşəkkürlər.
Əvəz Zeynallı xural.com
Комментариев нет:
Отправить комментарий