27.03.2017

İNSANLARIN GÖZƏLLİYİNİ GÖRMƏK ARZUSU

Sevinc Azay

Sakit bir yerdə oturub insanları müşahidə etməyi çox sevirəm. Onların xəbəri olmur. Amma mən onlara baxıram, yerişlərindən, hərəkətlərindən , gülüşlərindən necə insan olduqlarını təxmin etməyə çalışıram. Ətrafıma baxanda, insanlar arasında həyatdan ümidini üzmüş , xoşbəxt olmadığı hər halından bəlli olan, insanlara soyuq davranan və hətta üzlərindən pislik yağan insanlar çox görürəm. Tək-tək yaxşı adamlar da nəzərimdən qaçmır. Ağlımda həmişə belə bir sual yaranır. " Görəsən Tanrının yaratdığı bəndə nə vaxt pis insana çevrilməyə başladı?.. Nə vaxt xoşbəxtliyə qənim olmağa qərar verdi?" Mənə maraqlıdır, gördüyü hansı haqsızlıqdan sonra insanlar artıq pislik etməyə başlayır. Axı, insanlar hamısı pak-təmiz, yaxşı olaraq doğulur. Amma sonra nə olur ki, o özü də bilmədən qəddar bir insana çevrilir... 
Məncə, ən pisi xoşbəxt olmadığını qəbul etdiyin gündür. Əlləşirsən, vuruşursan, yıxlırsan amma yenidən qalxırsan... Yorulursan, amma sonra özündə güç tapmağa çalışırsan.  Bəlkə də bir gün sakit-sakit oturanda həyatını göz qabağına gətirirsən və görürsən ki, xoşbəxt deyilsən. Bəzən də çox yanıldığımız anlar olur. Məsələn, elə özümdən deyə bilərəm, zaman olur ki heç nə yolunda getmir və həmin müddətdə bundan qabaq yaşanmış bütün xoşbəxtlikləri unuduram, həyatım sadəcə bu imiş, mən xoşbəxt deyilmişəm deyib hər şeydən, dünyanın özündən küsürəm . Sanki "dağdakı gəlib bağdakını qovduğu kimi" mənfi şeylər də, gələn kimi bütün müsbət şeylər yığışıb gedir.Amma sonra ən kiçik ümid işığında belə xoş günlər , sevindiyim hadisələr yenidən qayıdır özümə. Amma yaxşı ki, inam hissləri çox da vəfasız deyillər. Bu hisslər qayıdır və sanki məni "Gülümsə!.. Gülümsə!.." deyib səsləyirlər.
...Hamıdan uzaq gəzən insanlar var. Elə istəyirəm ki, elə insanların yaxını olmum. Onlara içdən gülümsəməyi xatırlatmaq, həyatda hələ də güvəniləsi insanlar olduğunu göstərməyi bacaram. Həqiqətən inanıram ki,  daş kimi görünən insanların dərinliklərində çox yumşaq torpaqlar var və o torpaq bir damcı su gözləyir ki, çiçək bitirsin. Və, ürəyimdən su olmaq arzusu keçir...
Bəzi insanların ağlagəlməz arzusu dənizin dərinliyinə baş vurub oranın gözəlliyini görmək olduğu kimi, mənim də istəyim insanların dərinliyinə enmək və ordakı gözəlliyi görməkdir. Bacarırammı? Hamıda olmasa da... Amma çox istəyirəm ki , insanların üstündəki bu boz rəng dağılıb getsin...

Комментариев нет:

Отправить комментарий