13.09.2018

Anası: Yunis Səfərova vəkilinin əleyhinə danışması üçün işgəncə verilir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyevə sui-qəsd etməkdə təqsirləndirilən Yunis Səfərovun anası Leylaxanım İsmayılova ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “3 iyul 2018-ci ildə oğlum Yunis Səfərov icra başçsının xalqına zülm işlətməsinə tab gətirməyərək son çarə kimi ona hücum etdi və ondan sonra oğluma olmazın işgəncələri verilərək, fotoşəkilləri çəkilib bizə gözdağı vermək üçün sosial şəbəkələrdə paylaşıldı. Oğlumun hüquqlarını müdafiə etmək üçün bir neçə vəkilə müraciət etsək də, işin qorxulu olduğunu bildirib müqavilə bağlamaqdan imtina etdilər. Oğlum 25 gündən çox DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı və aldığım dəqiq məlumata görə, hər gün əllərinin baş barmaqlarına elektrik naqillləri bağlanılmaqla elektrik işgəncəsinə məruz qalıb və məcburi istintaq tərəfindən uydurulan bütün ifadələrə imza edib”.
L.İsmayılova deyir ki, iyulun 23-də övladı Yunis Səfərovun hüquqlarının müdafiəsi üçün vəkil Elçin Sadıqovla müqavilə bağlayıblar. 24 iyulda isə vəkil orderini Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərib: “27 iyul 2018-ci il tarixdə vəkilin orderi istintaq idarəsinə daxil olmasına baxmayaraq, istintaq vəkilə cinayət işinə daxil olmağa icazə vermədi. Əksinə vəkilə təzyiqlər başladı və məcbur etməyə çalışdılar ki, bu işdən imtina etsin. Elçin Sadıqovun Nəsimi Rayon Məhkəməsinə Yunis Səfərovun müdafiə hüququnun pozulması və BMCMİ-yə qanunsuz etap olunması, orada uzun müddət qanunsuz olaraq saxlanılması barədə şikayəti vəkilin adından saxta imza ilə geri götürüldü. Nəhayət, avqustun 13-də, yəni 21 gündən sonra vəkillə oğlumun görüşməsinə şərait yaradıldı. Bundan sonra oğlumun işgəncələrə məruz qalmayacağına dair ümidlər yarandı. 1 sentyabr tarixli ifadəsində oğlum tutulan zaman polis maşınında, Gəncə Polis İdarəsində polis və mülki geyimli şəxslər tərəfindən döyülməsi və BMCMİ-də elektrik işgəncəsinə məruz qalması barədə ifadə verdi”.
Ana deyir ki, bundan sonra vəkilə təzyiqlər başlanıb və hətta, o, işdən imtina etməyəcəyi təqdirdə ölümlə hədələnib: "4 sentyabr 2018-ci il tarixdə artıq hədələr açıq-aşkar gəlməyə başladı və 5 sentyabr 2018-ci ildə Baş Prokurorun birinci müavini tərəfindən imzalanmış qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edildi. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib, vəkilin oğluma məsləhətlərini dinləyib və vəkilin oğluma məsləhətləri Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb. Birincisi vəkil oğluma belə bir məsləhət verməyib, ikincisi oğlum Elçin Sadıqovun onu peşəkar dərəcədə müdafiə edəcəyinə ümidləri yaranaraq işgəncəyə məruz qalması barədə faktiki olaraq doğru olan ifadə verib. Prokurorluğun qərarından belə çıxır ki, onlar Bakı İstintaq Təcridxanasında bütün otaqları dinləyirlər və faktiki olaraq konfedensial olmalı olan görüşün lent yazılarını əldə edirlər və vəkilin məsləhətləri onların xoşuna gəlməyəndə onu işdən kənarlaşdırırlar və hatta Vəkillər Kollegiyasına şikayətlə müraciət edirlər. Bu yolla da ölkədə kazarma vəkilliyinin formalaşmasını təmin edirlər. Hazırda vəkil Elçin Sadıqov öz işini dürüst və vicdanlı yerinə yetirdiyinə görə barəsində Vəkillər Kollegiyasına şikayət edilib".
L.İsmayılova deyir ki, hazırda vəkilin əleyhinə ifadə verməsi, konfedensial görüş barədə danışması üçün Yunis Səfərova ağır işgəncələr verilir: "Çünki prokurorluq konfedensial söhbətin dinlənilməsini rəsmi qərara yazmaqda səhv etdiyini başa düşür. Oğluma mənimlə, ailəsi ilə danışmaq, yanına sovqat aparmaq, dişlərini yumaq, paltarlarını dəyişmək qadağan olunub. Ümid edirəm ki, vəkilimizə qarşı bu qanunsuzluqlara son qoyulacaq. Mən ölkənin özünü vicdanlı hesab edən bütün vəkillərinə müraciət edirəm, Yunis Səfərovun müdafiəsinə qoşulsunlar, ona və vəkilinə qarşı qanunsuzluqları qınasınlar". /MeydanTV/

Комментариев нет:

Отправить комментарий