22.09.2018

Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar

Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı cinayət işi davam etdiriləcək. Gələn ay, oktyabrın 14-də Beynəlxalq Bankın keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının ikinci ili tamam olacaq. Təbii ki, növbəti mərhələdə davam etdiriləcək məhkəmə istintaqının yekununda sabiq bankirə əlavə iş verilib-verilməyəcəyi bəlli olacaq, bu öz yerində.
Bilməyənlər üçün xatırladım ki, Cahangir Hacıyev indiyədək yalnız bir epizodda mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin onun üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər…
Beynəlxalq Bankdakı mənbələrdən aldığım məlumata görə, məhkəmə işinin iki il əvvəl başa çatan birinci mərhələsində Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir. İndiyədək mətbuatda belə bir fikir formalaşmışdı ki, istintaq araşdırmaları “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru”nu tam açmaqda acizdir. Ancaq hökmdən iki il keçəndən sonra ona qarşı olan cinayət işinin davam etdirilməsi, konkret olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülməsi onu deməyə əsas verir ki, deyəsən bu dəfə istintaq C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricdə səpələnən kreditlərin izinə düşüb.
Mənbənin bildirdiyinə görə, Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay, və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib.
Mənbənin məlumatına görə, Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin, xadimələrin, bağbanların adına kreditlər rəsimləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsimləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması, 2007-ci ildən bankın likvidliyinin itirilməsinə baxmayaraq xaricdə lobbi işlərinə, xüsusilə özünün yüksək imicinin formalaşdırılmasına milyonlarla dolların xərclənməsi, mükafatların alınması növbəti məhkəmə araşdırmalarının əsas mövzuları olacaq.
Mənbənin məlumatına görə, mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü olan sabiq bankir hər il bunun üçün bir-neçə milyon xərcləyirmiş. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi.
Adi vətəndaşın Beynəlxalq Bankdan bir-neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit alamaq şansının faktiki olaraq mümkünsüz olduğu halda C.Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini amansıscasına talayıb.
Bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.
E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq Bakıya gətiriblər.
Beləliklə, C.Hacıyevə yeni yeni ittihamlar səslənir və sabiq bankirin dövlətə vurduğu ziyanlar üzə çıxır. Doğrudur, hökumətin restrukturizasiya planı baş tutdu və nəticədə Azərbaycan dövləti 3 milyard dollarlıq borcla əlavə yükləndi. Bu isə təbii ki balaca məbləğ deyil və Ermənistanın dövlət büdcəsinin xərclərindən belə çoxdur. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 465 milyard dram olub – təxminən 3 milyard dollar. Bu vəsaitlə Ermənistanın həm təhsil, həm səhiyyəsi, həm dövlət strukturları və ən başlıcası isə erməni ordusu maliyyələşir. Ancaq C.Hacıyevin dəstəsi bundan artıq vəsaiti ofşorlara daşıyaraq mənimsəyiblər.
Bir az öncə isə C.Hacıyevin siyasi dustaq elan edilməsi ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı. Bəzi hüquq müdafiəçiləri guya onun yalnız E.Mahmudovun qudası olması ilə bağlı qəzəbə tuş gəlməsini iddia edirdi. Halbuki C.Hacıyev E.Mahmudovdan 7 ay tez işdən azad edilmiş və haqqında cinayət işi açılmışdı. Yalnız London Ali Məhkəməsinin məlum qərarından sonra həmin hüquq-müdafiəçiləri “sakitləşdi”.
İndi düşünmək sadəlövlük olardı ki, Cahangir Hacıyevin bacısı vasitəsi ilə ölkə prezidentinə silsilə müraciətləri, guya ailələrinin təqib olunması (baxmayaraq ki, onun ailəsi İngiltərədə yaşayır), bir manatı belə mənimsəmədiyi barədə “səmimi etirafları” onun vəziyyətini yüngülləşdirəcək. Çünki Cahangir Hacıyev və dəstəsi təkcə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb, ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcək, verdiyi vergilərdən onun götürdüyü və mənimsədiyi vəsaitlərin borcunu ödəniləcək. /modern.az/

Комментариев нет:

Отправить комментарий