15.09.2018

İsrail xalqının formalaşmasında futbolun rolu

Tural Həmid

Futbol milli xüsusiyyətləri ortaya çıxarmaq üçün ideal arena sayılır. Xüsusən də, vətənpərvərlik ruhu ifadə edən şüarlar beynəlxalq yarışlarda tez-tez nəzərə çarpır. Bəzi hallarda milli duyğular ziddiyyət ortamı yaradan yeni bir arenaya çevrilir ki, bu da az qala müharibəyə belə gətirib çıxarda bilir (2009-cu ildə Dünya Kuboku seçmə mərhələsində Misir və Əlcəzair matçlarında olduğu kimi).
Yerli klublara gəldikdə isə özləri və tərəfdarlarının çoxu adətən komandaya, şəhərə və ya digər bir yerli kontekstə yönələn identifikasiya qurmağa çalışırlar. Futbol fanatlarının milli və yerli identikliyinin kəsişməsində İsrail unikallığı ilə fərqlənir.
İsrail cəmiyyətindəki müxtəlif milli qruplar arasındakı fərqlərin futbol klublarına təsiri çox böyükdür. Bu ölkədə yaşayan insanların identikliyini fərqləndirən amil sadəcə ərəblərlə yəhudilərin fərqli inanclara malik olmaları deyil, eyni zamanda yəhudilərin içindəki fərqliliklərdir. İsrailin hakim elitası olan aşkenazilər tərəfindən mizrahilərə (Yəhudi dilində “Şərq Yəhudiləri” anlamı daşıyır) qarşı ölkənin ictimai həyatında ərəblər qədər ayrı-seçkilik edilməkdədir.
Bu özünü ölkənin aparıcı klublarından olan “Beytar Yerusəlim”in fanatları timsalında göstərir. “Beytar” İsraildə aşırı milliyətçi, irqçi futbol azarkeşlərinə sahib olan klub kimi tanınır. Bu klubun tərəfdarlarının ideologiyası dini, eyni zamanda milli zəmində qurulduğu üçün komanda azarkeşlərindən sadəcə ərəblər deyil, eyni zamanda mizrahilər də xaric edilir.
Klubun fanatlarının ideoloji mübarizəsinin ən böyük nümunəsi 2013-cü ildə baş verib. “Beytar Yerusəlim” rəhbərliyi həmin il komandaya Rusiyanın “Terek” klubundan iki çeçen əsilli futbolçu – Zaur Sadayev və Cəbrayıl Kadıyevi gətirdi. Oyunçuların rəsmi təqdimatından sonra 15 nəfər tərəfdar məşq bazasına gələrək, “Ərəblərə ölüm” – deyə bağırmağa başladı.
Adıçəkilən futbolçuların iştirakı ilə ilk matç İsraildə ərəblərin klubu olan və Beytarın qatı düşməni hesab edilən “Bney Saxnin”ə qarşı keçirildi. Stadiona irqçi pankartlar keçirmək istəyən Beytar azarkeşlərinə polis izn vermədi. Oyun 2-2 hesabı ilə bitdi. Matç zamanı “Bney Saxnin”in futbolçusu Məhəmməd Xalibatın qol vurması və qolun sevincini ənənəvi müsəlman dua hərəkəti ilə qeyd etməsindən sonra stadionda azarkeşlər arasında çaxnaşma düşdü. Polis hər 2 klubun fanatlarından 100-dən çox adamı həbs etdi.
3 mart 2013-cü ildə baş tutan “Makkabi Netanya” ilə matçda Zaur Sadayevin qol vurmasından sonra “Beytar” azarkeşləri oyunçunu lənətləməyə başladı və yüzlərlə fanat – klubun Premyer Liqada qalma uğrunda mübarizə aparmasına baxmayaraq – stadionu tərk etdi. Oyun zamanı “Makkabi Netanya”lı Omri Ben Haruş “Beytar” qapısına qol vurduqdan sonra “Beytar” azarkeşləri nümayişkaranə şəkildə futbolçunu alqışladılar. Oyundan sonra komandanın baş məşqçisi Eli Kohen bunları açıqlamışdı: “Azarkeşləri anlaya bilmirəm, dünyada 1 milyarddan çox müsəlman var və biz onlarla yaşamalıyıq. Mən həmin futbolçuların müsəlman olduğunu bilmirdim və ümumiyyətlə, futbolçuları milli və dini kimliyinə əsasən transfer etmirik. Ümidvaram, məsələ həll olunar”. Zaur Sadayev isə hadisələrlə bağlı fikirlərini belə açıqlamışdı: “Mən ərəb deyiləm, müsəlman da deyiləm, mən sadəcə futbolçuyam. Bundan sonra “Beytar”ın gerbi bizimdir. Bəlkə də, gəlişimizlə bura sülhü gətirəcəyik”.
Ancaq Sadayevin optimistliyi ilə “Beytar” azarkeşlərinin ideologiyası uyğunlaşmırdı. Çeçen futbolçuların klubdan ayrılması üçün sadəcə 3 ay yetərli oldu. Klub rəhbərliyi bu futbolçuları istirahətə göndərdiklərini bildirsə də, onlar bir daha geri dönmədilər.
Bütün bunlar “Beytar” azarkeşlərini təkcə öz klublarında deyil, həmçinin digər komandalarda oynayan ərəb əsilli futbolçuları təhqir etməkdən uzaqlaşdırmadı. Onların ən çox təhqir hədəfində olan futbolçu “Hapoel Tel-Əviv”də oynayan ərəb əsilli Salim Tuama idi.
2018-ci ildə ABŞ prezidenti Donald Trampın qərarı ilə ölkənin paytaxt Tel-Əvivdəki səfirliyi Yerusəlimə köçürüldükdən sonra “Beytar” “Beytar Tramp Yerusəlim” kimi adlandırılır. Klubu hazırda ölkə iqtidarında olan Likud partiyası dəstəkləyir.
İsrailin ən böyük 4 futbol klubundan ikisi Tel-Əviv şəhərini təmsil edir. Bunlardan biri “Hapoel”, digəri isə “Makkabi”dir. Kommunist yəhudilər tərəfindən qurulan “Hapoel” indi də İsraildə sosial-demokrat imicini qoruyur. İşçi partiyası tərəfindən dəstəklənən klubun emblemində olan oraq və çəkic hələ də qalır. Klub Avropada qazandığı  uğurlarına görə digər İsrail təmsilçilərindən üstün olsa da, ideoloji xətt baxımından daim tənqidə məruz qalır.
2001/02 mövsümündə “Hapoel” UEFA kubokunda ¼ finala çıxdı və burda İtaliya “Milan”ına məğlub oldu. Klubun ultrasları bu dönəmlərdə üzərində “Biz İsraili təmsil etmirik, Hapoeli təmsil edirik” yazılı pankartı stadiona aparmağa başlamışdı. Bu şüar beynəlxalq arenada ilk dəfə Moskva “Lokomotiv”inə qarşı oyunda açılmışdı. “Hapoel” fanatları bu şüara mahnı həsr etdi və bu pankartı bütün oyunlara aparmağa başladı.
Beləcə, klubun tərəfdarları etno-milli ritorikadan çıxaraq, yerli futbol klubu xüsusiyyəti daşıyan yeni bir yol ortaya qoymuşdular. Bu, İsraildə populyar olan və etno-milli ritorika ilə hərəkət edən futbol klublarına qarşı yeni bir etiraz növü idi. Yəhudi hegemoniyasına qarşı olan şüar İsraildə şok effekti yaratdı və bu hərəkətə qarşı münasibət çox kəskin oldu. “Hapeol” İsraildə bütün azarkeşlərin nifrət etdiyi  klub olmağa başladı (“Bney Saxnin” azarkeşləri istisna). “Hapeol”lə oyunlarda rəqib klub azarkeşləri komandada oynayan ərəb əsilli futbolçulara qarşı irqçi şüarlar səsləndirməyə başlamışdı. Digər komandaların fanatları stadionda “Hapoel” əleyhinə “Hapoel ərəbləri”, “Ərəblərə ölüm”, “Qırmızı xainlər” kimi pankartlar açırdı. Ancaq bütün bunlar “Hapoel” azarkeşlərinin düşüncələrinin dəyişməsinə səbəb ola bilmədi. Onlarla dost münasibətdə sadəcə İsrail ərəblərinin klubu olan “Bney Saxnin” idi. Bu iki klubun tərəfdarları İsrail fanat səhnəsinin ostrakistləri olaraq qəbul edilirdi. Beləcə, “Hapoel” rəqibləri tərəfindən “Ərəblər” adlandırılaraq, yəhudi milli tərəfdarları siyahısından xaric edilmişdi. Klub artıq hegemon olan yəhudi kollektivinin bir parçası olmaqdan çıxmışdı. Bu, özünü ən çox “Hapoel”lə “Bney Saxnin” arasında 21 dekabr 2013-cü ildə keçirilən oyunda göstərdi. Matç zamanı stadiondakı “Hapoel” azarkeş qrupları içərisində bir neçə saniyə Fələstin bayrağı dalğalanmışdı. Bu klubun tərəfdarlarına qarşı ayrı-seçkiliyin daha da artmasına səbəb oldu.
Ölkənin digər məşhur klubu “Makkabi Tel-Əviv” azarkeşləri isə etnik baxımdan qeyri-müəyyən və birləşdirici xüsusiyyəti olan ritorikaya malikdi. 26 avqust 2010-cu ildə komanda Avropa Liqasında PSJ ilə qarşılaşarkən, klubun azarkeşləri belə bir pankart açmışdılar: “Biz Makkabini və İsraili təmsil edirik”. Bu ifadə yerli identifikasiya tərəfdarı olan “Hapoel”ə, həmçinin etno-milli kursu olan “Beytar Yerusəlim” və “Bney Saxnin”ə qarşı yönəlmişdi.
“Makkabi” azarkeşləri şüarı bu formada bəyan edirlər: “Bizim komandanın beynəlxalq arenada digər klublar tərəfindən dəstəklənib-dəstəklənməməsindən asılı olmayaraq, biz beynəlxalq oyunlarda yerli klublarla özümüz arasında heç bir fərq görmürük, çünki biz Makkabini və milləti təmsil edirik”.
Ancaq millət anlamına hələ İsraildə cavab tapılmayıb. Kim özünə “israilli” deyə bilər? Yəhudilər və ərəblərin daxil olduğu bütün vətəndaşlarmı? Yoxsa təkcə yəhudi kollektivimi?
İsraildəki futbol tərəfdarları digər qrupların əksinə cəmiyyətdəki başlıca münaqişələrin yenilənmiş real güzgüsünü göstərir. Bu səhnə ingilis tarixçisi Erik Hobsbaumun “Futbol azarkeşləri millətin simvolu olacaq” deyimi ilə tamamilə uyğunlaşır. İsraildə futbol klubları arasındakı fərqlərdən ortaya çıxan nəticələri göstərərək, əminliklə iddia etmək olar ki, bu ölkədə millət hələ formalaşmaq ərəfəsindədir. Bu formalaşmanı quran futbol azarkeşlərinin qarşısında çətin bir məsələ durur: Millət nədir? /futbolpress.az/

Комментариев нет:

Отправить комментарий