Hacı Əbdül:
-Bu məsələ haqqında danışım. 1992-ci ilin axırı idi. Bayıl həbsxanasında məni 18-ci kamerada saxlayırdılar. Mən idim, Qatır Məmməd idi, Şahvələd idi, bir də KQB-nin sədri Vaqif Hüseynov – bir kamerada yatırdıq. Rəhmətlik Qatır Məmməd birdən başladı danışmağa ki, Qarakənddəki vertolyotu mən vurmuşam. Dedi Tamerlan Qarayev bizə zəng elədi ki, bir erməni vertolyotu filan vaxtı oradan keçəcək, siz onu vurun, içindəkilərin birini də sağ buraxmayın, hamısını qırın. Deyir vertolyot gəlib keçəndə biz onu vurduq. Vertolyot özünü birtəhər dağın döşünə yetirəndə uzaqdan bunları gülləyə tutduq. Başladıq qırmağa. Amma gəlib gördük ki, özümüzkülərdir. Dedim Qatır Məmməd, sən nə danışırsan? Dedi, Hacı, mən o qədər şey bilirəm ki, buradan çıxandan sonra hamısını danışacağam. Dedim sən bu danışıqla buradan çıxa bilməzsən, qardaş, danışma, belə şeyləri burda danışma. Deməli, bizi saldılar yerimizə. Səhərisi gün günorta vaxtı yenə hamımızı çıxartdılar. Baxdım, Qatır Məmməd yoxdur. Nəzarətçiyə dedim bəs Qatır Məmməd haradadır? Dedi xəstədir, yatır. Dedim 2 dəqiqə onunla görüşsəm olar? Olar dedi. Getdim yanına. Dedim nə olub? Dedi sən mənə dedin ki, danışma. Mənim başıma hadisə gəldi. Dedi səhər-səhər nəzarətçi gəldi ki, həkim səni çağırır. Həkim də cənub zonasındandır, adı Arifdir, hündür oğlandır. Deyir məni çağırdı, mənə dedi ki, xəstəxanaya yoluxucu xəstəlik yayılıb, istəmirik ki, siyasi dustaqlar xəstələnsinlər. Sizə iynə vuracağıq. Qaldırdım qolumu vurdu. Gəlmişəm, ölürəm. Dedim necə yəni? Deyir, Hacı, ölürəm. Yenə otağa saldılar. Heç o otağa keçmədik. Gördüm, nəzarətçi gəldi ki, həkim səni çağırır. Məni də çağırırdı. Getdim. Dedi ki, Hacı, xəstəxanaya xəstəlik yayılıb, bəs biz siyasi dustaqlara iynə vururuq ki, onlar xəstələnməsinlər. Dedim ki, həkim, mən Ala Yaqub deyiləm. Xəbərim var axı. Onun boynuna şər atdınız, düzünü Allah bilir. Nəyi satdı, nəyi də aldı, bu ermənilərlə əlaqə saxladı, ya nə etdi, bilmirəm. Çağırıb ona iynəni vurdunuz, onu orada öldürürsünüz. İndi istəyirsiniz ki, məni vurub öldürəsiniz? Mənim günahımı deyin. Deyin ki, sən millətə qarşı bu cinayəti törətmisən, mən qolumu özüm qaldırım, deyim vur. Mən camaatı ağlım kəsəndən tövbəyə çağırmaqdan, düz yolu təqlid eləməkdən, haqqı deməkdən başqa heç nə eləməmişəm. Sən birini de, mən qolumu qaldırım, iynəni vur. Bu gördü ki, mən bilirəm, vəziyyətdən xəbərdaram. Əgər onu mən bilməsəydim, mən indi çoxdan ölmüşdüm. Dedi ki, Hacı, qaldır qolunu, indi nəzarətçiləri çağıraram, burarlar qolunu, iynəni vuraram. Gördüm, bu düz deyir. Orada kim məndən xəbər tutacaq, kim mənim vəziyyətimi biləcək? Kim biləcək ki, Ala Yaqub nədən öldü? Kim biləcək ki, mən niyə öldüm? Sadəcə deyə bildim ki, ay Allah, özün kömək ol. İlahi, özün kömək ol. Ürəyimdə “Allahu Əkbər, Allahu Əkbər” deyirdim. Bu yavaş-yavaş ayağa qalxır. Mən “Allahu Əkbər” də deyə bilmirəm. Sadəcə “Allah” deyirəm. Tək ümidim Allahadır. Bu siyirtməni çəkdi, iynə çıxartdı. Qarşıma keçdi. Mən də ayağa qalxdım ki, əgər mənə zorla iynə vursa, mən də müqavimət göstərəcəyəm. Nə qədər gücüm varsa. Mən ona necə baxıram, bir Allah bilir. O məndə nə görür, bir Allah bilir. Çatanda mənə, iynəni yerə vurdu. Dedi, Əbülfəzin də, İsgəndərin də var-yoxu belə-belə olsun. Otur. Mən oturdum. Oturmağımla elə bil ki, bir vedrə suyu mənim başıma tökdün. Bütün bədənim su oldu. Mən alnımın, başımın tərini yığa bilmirəm. Silirəm, yenə gəlir. Bütün bədənim su içindədir. Bu mənim vəziyyətimi gördü. Belə stolun üstündə balaca samovarı var idi. Açdı, oradan bir stəkan çay süzüb mənim qabağıma, bir stəkan da öz qabağına qoydu. Baxdım ona, baxdım, ürəyimdən keçdi ki, iynədən qurtardıq, keçdik çaya. Mən buradan nə vaxt salamat çıxaram? Çayı içmədim. Gördü ki, çayı içmirəm, ancaq tərimi təmizləyirəm. Götürdü çayımı içdi. Dedi, Hacı, qorxma iç. Bir az içdim. Dedi, Hacı, get, ürəyin nə vaxt istəsə, de ki, həkimi görmək istəyirəm, gəl, söhbətləşək. Ürəyimdə dedim ki, mən hələ buradan bayıra çıxım, ölsəm də bura gəlmərəm. Çıxdım, gəldim, uzandım. Bax məni belə öldürürdülər, Allah qoymadı... Amma Qatır Məmməd öldü. Mən kameraya gəldim. Elə uzanmışdım, öz fikrimdə idim ki, ay Allah, nə yaman qurtardım. Birdən qışqırıq qopdu ki, Qatır Məmməd öldü.
http://demokrat.az/news/4088
Комментариев нет:
Отправить комментарий