02.08.2019

BAKIDA HƏLƏ DƏ “QUL BAZARI” FƏALİYYƏT GÖSTƏRİR – “Bu camaata iş yerləri açmaq lazımdır”

Onlar yay-qış bilmədən, hər gün körpülərin altında saatlarla dayanıb müştəri gözləyirlər ki, çörək pulu qazansınlar…

Bakıda hələ də əmək bazarları fəaliyyət göstərir. Onlar özləri üçün iş yerləri açan adamlardan ibarətdirlər. Kimisi qaynaqçıdır, kimisi fəhlədir, kimisi kondisioner ustasıdır... Hər gün yay-qış bilmədən, istidə, soyuqda körpülərin altında saatlarla dayanıb müştəri gözləyirlər ki, çörək pulu qazansınlar.
Elə ki bir maşın dayanır, üzərinə şığıyıb “O olmasın, bu olsun” filmində “Məşədi İbad”ın üstünə yüyürən hamballar kimi öz xidmətlərini təklif edirlər. Özlərinin dediyi kimi, “evə çörək aparmaq lazımdır”.
Son dövrlər daha çox “Çermet” körpüsünün altında, Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospekti kəsişməsində və Bakıxanov qəsəbəsində, Sabunçu Rayon Məhkəməsinin yaxınlığında “əmək bazarları”na rast gəlmək olur. Rəngsazlar, elektriklər, parketçilər, bənnalar, kimlər, kimlər burada müştəri gözləyir.
Əslində bizdə əmək bazarları həmişə olub. XX əsrin əvvəllərində neftlə zəngin Azərbaycanın hambal bazarları, qulxanaları var imiş.
İndi XXI əsrin ilk 20 ili geridə qalmaq üzrə olsa da, Bakının dörd bir yanında əmək bazarları görmək olar: “Xalqlar Dostluğu” körpüsünün altında, Zabratda, Bakıxanovda…
“Bizimki zülmdür e, zülm. Hər gün səhərdən axşama kimi gəl dayan burada, gözlə ki, biri ”Leksus”da yaxınlaşacaq, səni aparıb bağında, villasında işlədəcək”, – deyə “qul bazarı”nın sakinlərindən biri “Yeni Müsavat”a danışıb.
Digəri isə çəkiliş aparmağımızı qınayır: “Əşi, siz yazanda guya nə olur ki?! Bu camaata iş yerləri açmaq lazımdır. Bu yoldan hər gün AA seriyalı xidməti maşınlar keçir. Naziri, deputatı, icra başçıları hər keçəndə bu körpünün altındakı adamları görürlər. Biri fikirləşmir ki, bu adamlar nə çəkirlər. Heç olmasa bizi bir zavoda işə düzəltsinlər, ortabab maaş alaq”, – deyə əmək bazarının sakinlərindən biri şikayətlənir.
Onların əksəriyyəti bölgələrdən iş dalınca Bakıya axın edənlərdir. Rəsmi statistikaya görə, Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildiriblər.
Ekspertlərin sözlərinə görə, işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur. Amma ölkədə qeyri-rəsmi məşğulluğun miqyasının həddən artıq böyük olduğu deyilir.

Комментариев нет:

Отправить комментарий