03.08.2019

Kim kimin itidir, Qulu Məhərrəmli?

Azərbaycan cəmiyyətinin “mülayim” adam kimi tanıdığı Qulu Məhərrəmli son zamanlar nəyə görəsə əməlli-başlı sərt olmağa başlayıb. Onun mülayim, yoxsa sərt olması kimsə üçün elə bir problemə çevrilməsə də, “nəyə görə” sualı istər-istəməz maraq doğurur. Uzun illər çalışdığı AzTV-də sabiq sədr Arif Alışanova qarşı bayraq açması başa düşülən idi. Allahqulu (20 yaşına qədər daşıdığı adı sonradan dəyişdirib) AzTV sədrlərinin hər birinin qılığına girir, dövlət televiziyasında özündən istedadlı adamlara “torba” tikə-tikə məmurlarla, iş adamları ilə sövdələşərək özünə cah-cəlal qururdu. Günlərin birində isə Arif Alışanov onun “ruzi”sini kəsdi və bundan qəzəblənən telejurnalist onun haqqında sağda-solda danışmağa, açıqlamalar verməyə, yazılar yazdırmağa başladı.
Bəli, AzTV-də öz fitnə-fəsadları ilə, yumşaq desək, heç də yaxşı ad çıxarmamış Qulu Məhərrəmli müasir telejurnalistika üçün o qədər də uğurlu olmayan bir mövzuda yazdığı dissertasiyanın, “professor” titulunun arxasında gizlənərək və əyninə Dədə Qorqud kaftanı geyinərək bu gün media cameəsinə “ağsaqqal nəsihəti” verməyə cəhd edir. Zira, onun nəsihətlərinin səmimiyyətdən qaynaqlanmadığı, moizələrində savaddan və müasir jurnalistikanın tələblərindən əsər-əlamət olmadğı üzə çıxdıqca aqressivləşir, təhqirə keçir, hədyanlar yağdırmağa başlayır.
Əlbəttə, nə AzTV-də çalışanda, nə Mətbuat Şurasının sədri Əflatun Amaşova müavinlik edəndə, nə də Azərbaycan prezidentindən “Əməkdar jurnalist” titulu alanda o belə danışırdı. Dilinin şirin yerinə salıb bu gün bəzən açıq, bəzən üstüörtülü şəkildə ”ilişdiyi” hər kəsə jestlər edir, tərif deyirdi...
Qulu Məhərrəmli dövlət, cəmiyyət və sabitlik üçün o zaman “əsl mina” hesab edilməyə başladı ki, onun Fətullah Gülənlə əlaqələri bütün çılpaqlığı ilə üzə çıxmış, deşifrə olunmuşdu. Uzun illər Azərbaycan cəmiyyətində təşkilatlanmağa çalışan FETÖ-nun Azərbaycandakı güvənli isimlərindən, PR qurucularından biri də məhz Qulu Məhərrəmli idi. Bakıdan ta Pensilvaniyaya qədər yol ölçmüş, gedib mürşidinin- “hoca əfəndi”nin əlini öpmüş və təbii ki, Azərbaycana da əliboş qayıtmamışdı. Fətullah Gülən onu şəxsən ödülləndirmiş, yəqin ki Azərbaycandakı militanlarına da “Allahın bu quluna yaxşı baxın” mesajı çəkmişdi. Bəs o görüşdən sonra Qulu Məhərrəmli nə yazmışdı, bilirsinizmi? Bilmirsinizsə, agah olun: “Onunla söhbətə başlayan kimi ağlın və zəkanın sehrinə düşürsən. Altmış yaşlı bu müdrik insanın səsinin ahəngində və ləngərində sanki bir ilahilik və yenilməzlik var. Nitqi təmkinli, rəvan, səlis və axıcıdır. Onun ən böyük cazibəsi isə mübarək ağzından çıxan cümlələrin fikir və məna yükündədir”.
Yaxud: “Xocaəfəndi xəstə dünyanın xəstə dərdini də, onun dərmanını da göstərən ulu TƏBİBDİR”.
https://fgulen.com/az/metbuat/kose-yazilari/22914-agil-ve-zekanin-sehrinde?fbclid=IwAR1hN-ykhgJBsh3XuHYmRw0jZY9zxLEpaFSssRVzv-8sqKJx-8oYEy37MhU
Fətüllahın “xəstəsi” əsl məddah məharəti ilə bildirirdi: “O, artıq çoxdan öz ideyaları və məsləki uğrunda Qandisayağı mübarizə ilə bu adların hamısına layiq olduğunu sübut edib”.
Qandimi, qaniçənmi, qoca vampirmi?
Əlbəttə, 16 iyul 2016-cı ildəki hərbi qiyam cəhdindən, o gecə yüzlərlə insan tankların altında öz canını Türkiyə üçün fəda edəndən sonra, zənnimcə, Qulu Məhərrəmlinin “qəlbindəki qara yaranı əlləyən təbib” haqqında ağır ifadələr işlətmək daha yerinə düşər. Ancaq lütfən emosiyalarınızı bir balaca cilovlayın və diqqət edin. Qulu Məhərrəmlinin hədəfində Azərbaycan hakimiyyətindəki və cəmiyyətindəki məhz o adamlardırlar ki, hər biri Gülən şəbəkəsinin ölkəmizdə şaxələnməsinə, qol-budaq atmasına qarşı çıxıb. Bəli, Qulu Məhərrəmlini bu gün həm də Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf etməsi, mediamızın Türkiyə prezidenti Ərdoğana simpatiya ilə yanaşması və heç şübhəsiz, Fətullah Gülənin Azərbaycan iqtidarındakı simpatizanlarının dövlət idarəçiliyindən kənarlaşdırılması qəzəbləndirir. Bütün hallarda, Qulu Məhərrəmli bir zamanlar Prezident Administrasiyasında önəmli vəzifə tutan Elnur Aslanovun haqqında yazdıqlarını inkar edə bilməz: “Elnur Aslanov... kimi üzdə olan istedadlı gənclərin hədəfə alınması uğursuz məzhəkədən başqa bir şey deyil”.
Cəmiyyət isə artıq nəyin məzhəkə olmadığını da yaxşı bilir, nəyin məzhəkə olduğunu da. Ən əsası, yırtılan maskaların arxasında hansı sifətlərin olduğunu da görür, başlıqda əks olunan suala da cavab tapır.

aznews.az

Комментариев нет:

Отправить комментарий