24.04.2020

Dövlət başçısından sərt XƏBƏRDARLIQ

“İndi biz iqtisadi sahə ilə bağlı, əlbəttə, öz addımlarımızı elə atmalıyıq ki, hazırkı çətin şəraitdə iqtisadi fəallığı müəyyən mənada qoruyub saxlayaq”.
Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.
Dövlət başçısının sözlərinə görə, hər kəs yaxşı bilir ki, demək olar bütün ölkələr indi pandemiya ilə əlaqədar öz sərhədlərini bağlayıblar, ancaq ticarət və yük daşımaları sahəsində işlər davam edir. “Düzdür, indi ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yükdaşımalarda isə vəziyyət nisbətən normaldır. Əlbəttə ki iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradır. Bu ilin 3 ayının yekunları haqqında biz üç gün bundan əvvəl danışdıq, təkrar etmək istəmirəm. Hələ ki müsbət dinamika var. Ancaq istisna olunmur ki, aprel, may, iyun aylarında tənəzzül müşahidə ediləcək. Çünki biz iki ayın yekunlarını üç ayın yekunları ilə müqayisə edəndə görürük ki, həm ümumi daxili məhsulda azalma var, eyni zamanda, qeyri-neft sektorunda tənəzzül var. Baxmayaraq hələ ki biz artımı görürük, ancaq növbəti aylarda necə olacaq, əlbəttə, bu da karantin rejiminin nə vaxta qədər davam etməsinə bağlıdır”,- deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, eyni zamanda, nəzərə alınmalıdır ki, karantin rejimi hələ müəyyən qədər davam edəcək: “Karantin rejimi çərçivəsində biz hansı əlavə addımları atmalıyıq ki, iqtisadi fəallığı, heç olmasa müəyyən dərəcədə qoruyaq və karantin rejimi başa çatandan sonra vaxt itirmədən iqtisadi fəallığı artıraq. Ona görə mən deyəndə ki, biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq, bu, eyni zamanda, bizim iqtisadi sahəyə də aiddir. Çünki bu sahədə də sizdə artıq prioritetlər olmalıdır. Hətta mən bir daha demək istəyirəm, istisna edilmir ki, karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq. Hesab edirəm ki, bayaq qeyd etdiyim məsələlər öz müsbət həllini taparsa, qeyri-formal məşğulluq karantin rejimindən sonra təbii olaraq düşəcək. Çünki bu müddət ərzində on minlərlə əmək müqaviləsi bağlanmışdır və bu gün qeyri-formal sahədə işləyənlər artıq görəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır. Ona görə siz sahibkarlarla müntəzəm əlaqə saxlayın, o cümlədən maarifləndirmə, onların vicdanla fəaliyyət göstərməsi ilə əlaqədar mütləq təmasları davam etdirin. Bir daha onlara göstərilməlidir ki, dövlət nə qədər böyük yükü öz üzərinə götürüb. Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir. İndi vergi güzəştləri, vergi tətilləri ilə bağlı mən göstəriş vermişəm və istəyirəm ki, siz bu məsələ ilə bağlı məlumat verəsiniz, hansı tədbirlər hazırlanıb və bu paket Milli Məclisə nə vaxt təqdim ediləcək”.

Комментариев нет:

Отправить комментарий