26.04.2020

İranlı general: ABŞ-ın 400 hədəfini vurmağa hazır idik

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandiri general Əmirəli Hacızadə kosmosa müvəffəqiyyətlə buraxılan Nur adlı hərbi peyklə bağlı açıqlama verib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, general Əmirəli Hacızadə İran dövlət televiziyasına verdiyi müsahibəsində Nur peykinin yerdən 425 kilometr məsafədə orbitdə uğurla yerləşdiyini və beynəlxalq qurumların bunu təsdiqlədiyini söyləyib: “Peyki buraxdıqdan 90 dəqiqə sonra şimal-qərbdə bir siqnal aldıq. Hər 90 dəqiqədən bir siqnal alırıq. Mütəxəssislərimizin fikrincə, bundan bir-iki həftə sonra missiyamız üçün istifadə edə bilərik”.
Briqada generalı Hacızadə sözlərini belə davam etdirib: “Düşmənlər bizə qarşı qəddar sanksiyalar tətbiq etməyə çalışdı, lakin məhdudiyyətlər bizə imkanlar yaratdı. Gözlərimiz xaricilərə diksəydik, bunları bacara bilməzdik və hələ onlara ehtiyacımız olardı”.
Bərk yanacaqlı raket mövzusunda planlaşdırmalar etdiklərini bildirən general Hacızadə, belə deyib: “Bütün mərhələlərin bərk yanacaqla edilməsini planlaşdırırıq. İkinci və üçüncü mərhələdə mühərriklərimiz atmosferdən xaricdə heç sınanmamışdı”.
General Hacızadə SEPAH-ın İraqda ABŞ-ın hərbi bazasına ballistik raket hücumuna da işarə edərək belə deyib: “İran bazaya zərbə endirdikdən sonra amerikalıların İrana qarşı qisas alacaqları ilə bağlı gözləntilər adi idi, amma ABŞ heç vaxt buna cəsarət edə bilməz. ABŞ İranın əməliyyatına cavab versəydi, onlara aid 400 hədəfi vurmağa hazır idik”.
Bununla yanaşı, briqada generalı Hacızadə İran kimi bir ölkənin dünyanın fövqəldövlətlərinin yerləşdiyi kosmosda olmasının çox vacib olduğunu bildirib: “İranın bu gücü və əldə etdiyi məqam ABŞ-ı qıcıqlandırdı və narahat etdi və ABŞ-ın təlaşları İranın layihəsinin nəticələr verdiyini göstərdi”.

Комментариев нет:

Отправить комментарий