Nəriman Nərimanovun bir əsr əvvəl yazdığı məktubu sanki bu günkü Qərbyönümlü liberallara ünvanlanıb. Tarix necə də təkrarlanır!
Nəriman Nərimanov, 1919-cu il:
"Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi sürətdə çıxış etmişəm. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kim, lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız. Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz?
İngilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi), bir ovuc zavod sahibinin və mülkədarın mənafeyinin müdafiə edənlərsiniz. Siz Azərbaycanı həqiqətən sevsəydiniz, həmişə dediyiniz kimi, ümumiyyətlə müsəlmanların əsil müdafiəçiləri olsaydınız, müsəlman kütlələrilə heç vaxt belə rəftar etməzdiniz. Lakin, mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş. İndi ingilislər gedirlər. Onlar ona görə getmirlər ki, siz onları məcbur edirsiniz; yox, buna səbəb odur ki, İngiltərədə iğtişaş vardır. Lakin onlar gedirkən sizi İtaliyanın əlinə ötürmək istərdilər (ah nə rəzalət!), lakin İtaliya özü də bu saat özünü o yan-bu yana ata bilməz, çünki orada da çox qarışıqlıq vardır. İngiltərənin məqsədi sizi elə əllərə verməkdir ki, siz Sovet Rusiyası ilə əlaqədə ola bilməyəsiniz. Bunların hamısı sizə, əlbəttə, məlumdur. Nəhayət, İngiltərə möhkəm ümid edəcəyi bir adam tapmışdır ki, o da Denikindir. Sizin fikrinizi bilmirəm, lakin biz əminik ki, Denikin Bakıya İngiltərənin razılığı ilə hücum edir... Burjuaziya üçün bunun qətiyyən heç bir fərqi yoxdur; ona eyş-işrətli və arsız həyat lazımdır, bu isə Denikin vaxtında da olacaqdır.
Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saat yaxınlaşır. Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız, qonşularınız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. Zülm altında inləyən və təbiətlə mübarizədə geri qalmış müsəlmanların buna hamıdan çox ehtiyacı vardır… Qoy bütün dövlətlərdə Sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər. Belə bir prespektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi… Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram... Yaxın vaxtlarda Azərbaycan fəhlə və kəndliləri görəcəklər kimin ürəyi onların səadəti üçün tam səmimi və həyəcanla çırpınırdı".
Комментариев нет:
Отправить комментарий