30.04.2020

Sovet hökumətinin Hacı Zeynalabdin Tağıyevə münasibəti

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım kommunistlərin Tağıyevə olan münasibəti haqqında belə danışırdı:
"Sovet hökuməti Hacıya çox hörmət edirdi. Onun Azərbaycanda maarif və mədəniyyət sahəsində… xidmətlərini yaxşı qiymətləndirirdi. Atama deyirlər ki, o istənilən yerdə- şəhərdə və ya bağda, ancaq bir yerdə qala bilər. Haranı istəyirsən özün seç. Atam bağda qalmaq istədiyini deyir. Hökumət bizi köçürdü aşağı bağa. Bina iki mərtəbəli, on dörd otaq alt mərtəbədə, on dörd üstdə. Kaşı ilə döşənmiş mətbəx, hamamxana, təndirxana, darvaza yanındakı birmərtəbəli evdə bağban yaşayırdı. Dinamo maşını bağa işıq verirdi, quyulardan hovuza su vururdu. Hökumət şəhərdən avadanlıq və başqa şeylərimizi on dörd arabada bağa daşıtdırdı. Xalq Maarif komissarı Dadaş Bünyadzadə iki mühəndislə dəfələrlə bağa, Hacının yanına gəlib, mart hadisələri vaxtı yandırılmış teatr binasının bərpa edilməsi barədə bir bənna kimi Hacı ilə məsləhətləşdi. Bir gün də Hacının müsadirə edilmiş maşınında Sarabski, Mirzağa Əliyev və Sidqi Ruhula bağa gəldilər. On səkkizinci ilin mart ayında yandırılmış teatr binası təmir edilib qurtarıb, bərpa işləri başa çatıb, tamaşa veriləcək, teatrın açılışına sizi də dəvət edirlər. Hacı razılıq edib dəvəti qəbul elədi. Vaxt müəyyəndə maşın gəldi. Hacı, böyük bacım, bir də yeznəm üçlükdə getdilər. Bacım deyirdi ki, salon adamla dolu idi… Səhnə ilə üzbəüz ortadakı ən böyük loja atamın, səhnədən sağ tərəfdəki loja isə anamınkı idi, burada, arxa tərəfdə otaqlar vardı, fasilə vaxtı dincələr, qəhvə içər, şirniyyat, meyvə yeyərdilər… Hacı lojaya girəndə hamı ayağa qalxdı, əl çala-çala başladılar qışqırmağa : "Hacı, sağ ol, Hacı, var ol!" Atamın gözləri yaşardı, əllərini qaldırıb razılıq etdi… Dadaş Bünyadzadə qız məktəbinin şagirdlərindən iki nəfər qıza gül verib oturduğumuz ortadakı lojanı göstərib dedi: "Gedin sizin üçün o məktəbi və xalq üçün bu teatrı açan babanızın əllərini öpün!" Qızlar gəldilər, Hacıya və mənə gül verdilər. Atamın əlini öpdülər, o da qızların saçını tumarladı".
(Manaf Süleymanov, "Eşitdiklərim, oxuduqlarım, gördüklərim", səh.239-240).
Tağıyevin qızının da söylədiklərindən aydın olur ki, kommunistlər Hacıya və onun ailəsinə çox böyük diqqət və qayğıyla yanaşmış, ona ən yüksək səviyyədə hörmət və ehtiram göstərmişdirlər.
Burada diqqəti cəlb edən bir digər məqam "Tağıyev teatrı" kimi tanınan binanın, hansı ki 1918-ci ilin mart hadisələrində daşnaklar tərəfindən yandırılmışdı, Sovet hökuməti tərəfindən bərpa olunub, yenidən xalqın xidmətinə verilməsi faktıdır. Sən demə Müsavat müstəmləkə üsul-idarəsi mövcudluğu müddətincə daş üstünə daş qoymadığı kimi, "Tağıyev teatrı" binasının təmiri üçün də heç bir iş görülməmişdir və yalnız Azərbaycan Sosialist Respublikası qurulduqdan sonra binanın təmiri həyata keçirilmişdir.
Mənə elə gəlir ki, bu faktın özü də Azərbaycan irsinə bəslənən münasibətdir və bu münasibətdən kimlərin kim olduğu çox aydın və dəqiq görünür.

Nizami Məmmədov

Комментариев нет:

Отправить комментарий