18.04.2020

Rüfət Səfərov - Həbsxana gündəlikləri

I HİSSƏ. Cəmiyyət Akif Çovdarovu evlər yıxan, ömürləri qazamatda çürüdən, onun-bunun sərvətini qamarlayan, Metro Tağı kimi hozuları qulaqlayıb milyonlarının dalına keçən, quldur, soyğunçu, oğru, bir sözlə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş yüksək rütbəli qanqster kimi tanıyır. Söz yox, eşitdiklərim, oxuduqlarım, ümumiyyətlə, hadisələrin dialektikası təsdiqləyir ki, cəmiyyət haqlıdır. Lakin Çovdarovun başqa diqqətəşayan məziyyətləri də vardır ki, günün tələbinə uyğun olaraq Sizlərlə bölüşməyin tam vaxtıdır, əziz dostlar.
General-mayor Akif Çovdarovla təxminən 1,5 il eyni cəzaçəkmə müəssisəsində saxlanılmışıq: 9-cu "zon"da. Hələ Kürdəxanı İstintaq Təcridxanasının tibbi-sanitariya hissəsində saxlanıldığı zaman 9-cu "zon"da cəza çəkən bəzi dustaqların ümumi fikri var idi: "Göy-göz kosaya xəbər göndərmişik! Hara cəhənnəm olursa olsun, amma bura ayaq basmasın! 9-a gəlsə, onu "sever"ə aparıb, üzdəniraq edəcəyik! Heç bir günahımız olmadığı halda ömrümüzə girdi, qandallayıb göndərdi bu xarabaya!"
Heç şübhəsiz, dustaq psixologiyasına azdan-çoxdan bələd olduğumdan, buna yalnız gülürdüm, səbirsizliklə Çovdarovun etapını gözləyirdim...
Və budur, günün birində "zon"da ildırım sürəti ilə xəbər yayılır ki, Çovdarov və iki sabiq əməkdaşı- polkovnik Səlim Məmmədov, mayor Orxan Osmanov "voronok"dan düşdülər, böyük hörmət-izzətlə inzibati binaya- rəisin yanına qaldırıldılar. Məni maraq bürüyür, dərhal generalı üzdəniraq edəcəklərinə dair qəti hökm vermiş "qəhrəmanlar"ı gözlərim gəzir...
Bu barədə bir dəfə yazmışam, dostlar, lakin aktuallığı nəzərə alıb bir də yazıram: həmin o gicdırnaq "qəhrəman"lardan 1-2-si Çovdarovun qabağına qaçıb özlərini "şnır" qismində təklif edirlər, üstəlik "Ağsaqqal, oldu, keçdi... Allah qapınızı açsın..." - deyib xeyir-dua da verirlər.
General bu dəfə "alicənab" davranır: birini "şustryak", digərini "şnır" kimi "işə qəbul edir" (bilməyənlər bilsin ki, məhkumluqda şəxsi rifahı naminə məişət işləri ilə məşğul olmaq olmaz, yoxsa ona "şustryak", ya da "şnır" deyəcəklər).
Bəli, Çovdarovu üzdəniraq etməyə səy edən, bu barədə qəti qərar verən o biri dustaqlar da generalı görcək yaxın durmağa cəsarət etməsələr də məsafədən başları ilə salam verib keçəcəkdilər...
II HİSSƏ. İşin ən betər tərəfi budur ki, Sovet Azərbaycanı dövründə bir neçə il 10 saylı cəzaçəkmə müəssisəsinin nasist rəisi kimi dustaqlara qan uddurasan, günlərini göy əskiyə bükəsən, müstəqil Azərbaycanın DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyərkən rəisi və arxadaşı Eldar Mahmudovla birlikdə Respublikanı narkotik vasitə, psixotrop maddə və onların prekursorları ilə "ağ ölüm" ün girdabına salıb, narkoticarətdən milyonlar qatlayasan, MTN-nin Baş İdarə rəisi olaraq milli təhlükəsizliyin təmin edilməsinə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəyə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkar olunmasına və s. töhfə vermək əvəzinə nazirlərin, komitə sədrlərinin, deputatların, oliqarxların, iş adamlarının şəxsi həyatını nəzarətə götürüb, intim səhnələri lentə alasan, şantaj edərək xüsusilə külli miqdarlara sahiblənəsən, sındırılması müşkül olan müxalif fikir daşıyıcılarının yataq otağına müşahidə kamerası yerləşdirib yayasan, buna görə də "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medallarla, general-mayor ali-hərbi rütbəsi ilə mükafatlandırılasan, günün birində hakimiyyətdaxili toqquşmaların qurbanı kimi vurulub, sıradan çıxarılasan, lakin istintaq təcridxanasında bəy balası kimi yaşayıb, kamera üzü görməyəsən, tibbi-sanitariya hissəsində yerləşdirilməklə 24 saat ərzində təcridxananın geniş ərazisində sərbəst hərəkətdə olasan, 9-cu "zon"a etap olunmazdan öncə "zon" un "sançast"ının iki otağını boşaldıb, "kapitalnıy remont"a başlanmasına dair göstəriş xarakterli xəbər göndərəsən...
Bəli, Akif Çovdarov "zon" a daxil olarkən, heç şübhəsiz, 14 günlük karantin müddətini keçmədən müvəqqəti olaraq tibbi-sanitariya hissəsinin baş həkiminin xidməti kabineti ilə üzbəüz otaqda yerləşdirildi.
8-9 gün ərzində nəinki baş həkimin, hətta "zon" un rəisinin kabinetini belə kölgədə qoyacaq lüks nömrə Çovdarovun sərəncamında idi: 109 ekran televizorla, samsung soyuducu ilə, split kondisionerlə, zövqlü və rahat çarpayıları ilə, cakkuzi vannası olan hamam otağı ilə, həm Genuya tualeti (çömbəlmə), həm də ayaqyolu çanağı (unitaz) olan sanitar qovşağı ilə birlikdə...
General qanqsteri icbari istirahətə göndərmişdilər.
Çox keçmədi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları və dustaqları Çovdarova "Akif baba" deyə müraciət etməyə başladılar. Dustaqları olmasa da xidmət edən ədliyyə işçilərini başa düşmək olardı, çünki bəzi hallarda, xüsusilə, bayram günlərində 1 paçka 50-lik "şnır"a verilərdi ki, "baba payı"nı rütbəli və rütbəsiz əməkdaşlara paylasın.
Günün birində uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş, Mahmudovun zibilinə düşüb, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək Çovdarovdan daha əvvəl "zon"a gəlib, bəndənizlə tanış olan, son dərəcə xaraktersiz, qorxaq, amma hiyləgər kimi yaddaşımda qalan general-mayor Elçin Quliyev yaxınlaşaraq dedi:
- Rüfət, baba ilə səni tanış etmək istəyirəm. Dünən xeyli sənin, xüsusilə, Eldar müəllimin Ramiz Mehdiyev haqqında yazdığı serial siyasi hekayələri müzakirə etmişik. Baba səni də, Sabiroğlunu da çox istəyir...
Açığı, həmin an düşündüm ki, əgər həqiqətən Çovdarov mənim və atamın xətrini əziz bilirsə, demək dədə-bala ikimiz də dünyanın ən pis insanları sırasındayıq. Fəqət yəqin bilirdim ki, general Quliyev cəfəng danışır, sadəcə, babası göstəriş verib ki, bizi tanış etsin. Şübhəsiz ki, fürsəti fövtə verə bilməzdim. Azərbaycanın altını-üstünü bilən biri ilə ünsiyyətdən yayınmaq gicbəsərlik əlaməti olardı, odur ki razılaşdım:
- Məmnuniyyətlə, Elçin müəllim.
- Onda qayıdıram "sançast"a, 15-20 dəqiqə sonra baba ilə birlikdə "zon"a keçəcəyik. O baş-bu baş fırlanarıq. Harda olacaqsan, xəbər göndərim?
- Kitabxanaçı Bəşirin yanında.
Təxminən 30 dəqiqə sonra Çovdarovun "şnır"ı kitabxanaya daxil olub generalların gözlədiyini bildirdi. Çovdarov cəzaçəkmə müəssisəsinə daxil olduğu 10-15 gündən bəri ilk dəfə idi ki, "sançast" dan çıxaraq növbətçi hissəni adlayıb "zon"a buyururdu. Çıxdım. Elçin Quliyevlə "baba"sı vaxtanın önündəki dəmir çərçivənin içinə yerləşdirilmiş "Azərbaycan" qəzetindəki hansısa mədhnaməyə gözlərini zilləmişdilər.
Yaxınlaşdım:
-Salam, Akif müəllim.
-Nə var, nə yox, kişi bala? - deyə Çovdarov yekəxana bir tərzdə sual etdi və açığı, biri yuxarı, biri də nisbətən aşağı baxan yamyaşıl gözləri məni diksindirdi.
-Şükür, Akif müəllim. Siz necəsiniz? - deyə növbətçi sualı verdim, çünki aydın görünürdü ki, yıpranıb.
-Belə də... Atan necədir? Yanına gəlib-gedirmi? Onun xidmətləri çox olub. Bu da axırı...
-Atamın səhhəti yaxşı olmasa da ayda 2 dəfə görüşə bilirik. Qanun belə imkan verir.
-Nəəə? Qanun? - deyə sual verdi, istehzalı formada gülümsədi.
Bu əsnada Elçin Quliyev də dişlərini ağardıb,
dodağını qaçırtdı. Elə bil qarşımdakılar bu xalqın düşmənləri yox, hüquq, qanun, ədalət uğrunda illərlə savaş verib məhbəsə düşmüşdülər...
Beləliklə "tasovka" başladı.
III HİSSƏ. "Zon"un ərazisində siqaret çəkmək üçün 3 zibil qutusu qoyulmuşdu. Dustaq bilərəkdən-bilməyərəkdən həmin qutulardan kənarda siqaret çəkib kameraya düşərdisə və ya "nadzor"un diqqətini cəlb edərdisə, inzibati binaya aparılar, əgər maddi durumu yaxşıydısa, 500-600 manatla problemi həll edərdi, imkansızdısa "kars"a salınıb, ən azı 3 gün əzişdirilərdi. Hərçənd ki təcrübədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi dələduzluğa, ya da rüşvət almaya görə uzun illərə məhkum olunmuş dustaq Həsən Əliyev gəzinti yerində siqaret çəkdiyinə görə 800 manatından keçməli olmuşdu...
Lakin generallara- Çovdarov və Quliyevə, bir də 10-15 "raboçiy" dustağa bu baxımdan yaşıl işıq idi: "çekist"lərə adi irad belə tutmaqdan çəkinirdilərsə, "raboçiy"lər onsuz da sutkanın 16 saatını təmizlik işləri ilə məşğul olurdular...
Generalların ikisi də gəzintiyə başlamazdan öncə sövdələşibmişlər kimi eyni anda siqaret yandırdılar. Mənə təklif olunsa da "kars"da oturub düşünmək üçün hava şəraitinin əlverişli olmadığını deyib, söhbətimizə geniş körpü salmaqçün sual verdim:
-Akif müəllim, heç peşmansınız? Uzun illər bu hakimiyyətin möhkəmlənməsi üçün hər iş gördünüz, yekundasa yaşınızın ixtiyar çağında məhbəsə göndərildiniz. Yəqin inanırsınız ki, cəmiyyət əsasən qeyri-qanuni vasitələrlə hakimiyyətin qulluğunda olduğunuzu bilir?
"Şrek" (dustaqlar general Quliyevə "Şrek" ləqəbi qoymuşdular. Diş həkiminin səriştəsizliyi nəticəsində dişlər elə formada qoyulmuşdu ki, güləndə ağzının qabaq dişləri çox irəli çıxırdı, simaca olmasa da, dişləri eşşəyin dişlərini xatırladırdı) təşəbbüsü ələ alıb, ilk reaksiya verdi, baxmayaraq ki sual "baba" sına ünvanlanmışdı:
-Peşmançılıq... 90-cı illərin sonlarında təhlükəsizlik zabiti kimi xidmət edərkən vaxt olub ki, aylıq əmək haqqım ailəmi təmin etməyib, amma Heydər Əliyevə sevgim o həddə idi ki, qida, pul-para, maddiyyat barədə düşünmürdüm. İlham Əliyevin dövründə də təmiz işləmişdim, yalnız əmək haqqı və dost-tanışın etdiyi köməklə kifayətləndim. Rəhbər mənə ev verdi, hansı ki indi üzərinə həbs qoyulub. Sonradan general-mayor rütbəsi ilə mükafatlandırdı. Xidməti avtomobilim var idi, amma nazirin göstərişi ilə Cahangir Hacıyev bir maşın da hədiyyə etdi. Qazancım yalnız bunlardan ibarət olub. Yetim və tək övlad olmuşam. Anam tibb bacısı işləyə-işləyə məni böyüdüb. O ana ki ötən dəfə yanıma gələndə prezident aparatının önündə özünü yandıracağına dair and içdi. İki övladım və həyat yoldaşımın dolanışığı bərbaddır. Qalmışam çarəsiz. Bu qədər xidmətdən sonra məni 10 il 6 ay ilə cəzalandırdılar. Bu işdə ölkə rəhbərliyinin heç bir rolu yoxdur.
-Elçin müəllim, bəs sizi bura kim göndərib?
-Erməni və Göbbels!
-Anlamadım.
-Göbbels bir zamanlar Sabiroğlunun adını yox, 2-ci ləqəbini çəkərək tənqid etdiyidir: prezident aparatının "yeməkxana siçanı". Yadındamı, Sabiroğlu "Yeni Müsavat" a 10-15 il əvvəl serial müsahibələr vermişdi? Onun ad və soyadını açıq ifadə etməsə də bilirdik ki, söhbət kimdən gedir. Erməni də atanın barəsində serial siyasi hekayə yazdığı qocadır.
-Siz Ramiz Mehdiyevi nəzərdə tutursunuz? Bildiyim qədərilə həyat yoldaşı Qalina xanım milliyyətcə ermənidir, özü yox.
-Nə fərqi var, 80 il erməni saxlayan ermənidən betərdir.
-O biri kimdir?
-Analitik təfəkkürünü işlət. Prezident aparatında hansı məmurun sifət cizgiləri ilə siçanın sifət əlamətləri bir-birinə bənzəyir?
-Elçin müəllim, deyəsən, tapmaca tapmalıyam. Söz yox, eşitdiyimə görə hər bir insan bir heyvana oxşayır. Olmaya, Əli Həsənovu nəzərdə tutursunuz? - adətim üzrə sağ ovcumu sol ovcuma vurub, şaqqanaq çəkdim...
Çovdarov bu arada əllərini arxasında çarpazlayıb, ağır-ağır yeriyirdi. Arada ona baxdım: avtobus sürücüləri kimi növbəti yandırdığı siqareti ağzında saxlayıb çəkirdi, kül yaxasına tökülürdü, tüstü gözlərinin qıyılmasına səbəb olsa da elə bil əllərini arxasından dodaqlarına sarı gətirməyə ərinirdi. O "Şrek" lə söhbətimizə qəti müdaxilə etmirdi. Bu, öz yerində, amma məni dustaqların məyus baxışları altında "çekist"lərlə təmas qurub yeriməyim narahat etməyə bilməzdi: əvvəldən axıradək 1-2 hal istisna olmaqla, saxlanıldığım "zon"un dustaq heyətinin hörmətini öz üzərimdə hiss etmişəm. Bununla belə, nə məndən bu barədə soruşdular, nə də mən, hətta "xlebnik"lərimə belə generallarla ünsiyyətə can atmağımın motivini izah etdim. Lakin azadlıqda olan və bu sətirləri oxuyan dustaq yoldaşlarım inanacaqlar ki, bu günçün, müəyyən həqiqətləri öyrənib, xalqla bölüşməkçün çalışırdım...
-Afərin - deyə Quliyev başını at kimi göyə qovzadı.
Həmin zaman düşündüm, görəsən Quliyevin öz ləqəbindən də xəbəri varmı?
-Görünür bilmədiyim xüsusatlar var -deyib, içimdə öz-özümə sual verdim: bu o həddə səfehdir ki, siyasi motivlərlə həbs həyatı yaşayan bəndənizlə açıq tekstlə danışıb, bu və ya digər məxfi mətləblərin üzərindən sirr pərdəsini qaldırır? Özümə qeyri-iradi cavabım da oldu: uzun illər Respublikanın Antiterror Mərkəzinin rəisi kimi ən mühüm və yüksək iradə tələb edən vəzifənin daşıyıcısı olan general-mayor həbsə düşdükdən sonra miskin iradəsizlik nümayiş etdirib, bir neçə dəfə intihara cəhd edibsə, hətta ayaq damarlarını doğrayıbsa, demək ki səfehləyib. Amma qarşıda görəcəksiniz ki, "baba"sı da xərifləyibmiş: məni özlərinə qarşı səmimi biri kimi dəyərləndirərkən...
-Erməni və Göbbels heç zaman bizim işimizi qiymətləndirmədilər. Daim rəhbərin yanında bizi və zibilinə düşdüyümüz "piyanska"nı vurmağa çalışdılar.
-Müəllim, "piyanska" dediyiniz kimdir?- deyə söhbətin kimdən getdiyini bilsəm də artıq sual verdim.
Bu zaman Çovdarovun səbir kasası daşdı:
-Əəə, sən də danışırsan, normal, düz-əməlli danış da! Yoxsa elə bilirsən ki, əvvəlki zaman bərpa olunacaq. Bir bu uşağın üzunə bax. Gör necə nurani, səmimi uşaqdır. Gələcək artıq bunlarındır. Möhkəm balaya bənzəyir. Etibarlılıq üzündən yağır. Həm də dədəsinin haqqında eşitmişik, bilirik: ot kökü üstə bitər,- deyə son dərəcə kobud, burada yaza bilməyəcəyim vulqar ifadə ilə "Şrek"i pərt elədi.
-Eldar müəllimdən söhbət gedir də, baba!- deyib az öncəki aşağılayıcı formada etdiyi təqdimatı "müəllim"lə əvəzlədi.
-Elçin müəllim, deyirsiniz ki, xidmətləriniz olub və s. Gəlin açıq danışaq. Atam yaşındasınız, inciməyin, bəzi suallar verəcəm. Sizi tam əmin edirəm ki, əksəriyyət məhz sizi- Elçin Quliyevi repressiv aparatın əsas vinti kimi tanıyıb. Xidmət deyəndə hakimiyyəti nəzərdə tutursunuz, yoxsa dövlət-xalqı?- deyə ritorik sual verdim.
-Həm dövlətə, həm də hakimiyyətə sədaqətlə xidmət etmişəm. Akif baba bilir, Azər Əhmədovu, Ruslan Bəşirlini bitirmişəm, Xədicə İsmayıla, Rauf Mirqədirova zərbələr vurmuşam. Hələ başqaları da var. Onların hamısı həm də bu dövlətə düşməndirlər. Düzdür, bəzisi sonradan "ağıllandı".
-Bitirib, zərbə vurub, nə etmisiniz ki?
IV HİSSƏ. "Şrek”in Xədicə İsmayıla, Rauf Mirqədirova vurduğu zərbənin nədən ibarət oluğunu, Ruslan Bəşirli və Azər Əhmədovu “bitirdim” dedikdə nəyi nəzərdə tutduğunu soruşmağım Çovdarovu diksindirdi, sanki yuxuda idi, ayıldı:
-Elçin, nifrət etdiyim düşmənlərin adını burada çəkmə də! Onsuz da əhvalım qaydasında deyil, sən də qıcıq verən adları burada hallandırmaqla halımı lap pisləşdirirsən!
Dərhal sezdim ki, Çovdarovu adları çəkilən qələm sahiblərindən daha çox Quliyevin həddən artıq səmimi surətdə dərinliklərə getməsi əndişələndirdi və bunu hər nə qədər səfeh birisi olsa da “Şrek”də anladı: baxmayın, adam neçə illər təhlükəsizlik zabiti olaraq staj yığıb. Başqa sözlə, sizə elə gəlməsin ki, məhbəsə düşər-düşməz ağlında kəmlik yaranan “Şrek” hər zaman belə olub, xeyr, məlumatlı dostların deməsinə görə, xidmət illərində qanuni-qanunsuz əmrləri əsasən yarıdıb…
Əsəbi, bir o qədər də aşağılayıcı tonda tutulan irada “Şrek” dişlərini ağardıb, əlini "baba"sının qoluna keçirərək irişə-irişə cavab verdi:
-Baba, bilirsən də xainlər (yəqin yuxarıdakı 4 jurnalist nəzərdə tutulur- müəllif) hər gün qəzetdə, saytda, sosial şəbəkələrdə bizi asıb-kəsirlər…- deyib, dustaqlardan 15 dəqiqə danışmaq üçün 2 manat alan telefonçu-ədliyyə serjantı Yunisin “Elçin müəllim… Elçin müəllim…” haylamasına diqqət kəsildi. Yunis baş barmağını qulağına, çeçelə barmağınısa az qala ağzına soxub işarə edirdi ki: “Telefona çağırırlar”.
-Siz gəzin, 10 dəqiqəyə qayıdıram,- deyib, telefon otağına sarı tələsdi.
Mən özlüyümdə qərar verdim ki, darqursaqlıq etmədən səbrimi basmalıyam, tanınmış jurnalistlərlə bağlı məsələnin üstünə hələlik qayıtmamalıyam, çünki “Şrek” hürkə bilərdi… Üstəlik, əmin idim ki Çovdarov ona möhkəm təpinəcəkdir ki, mənə çox da bel bağlamasın… Həm də arxayın idim ki, hər gün “Şrek”lə görüşüb söhbət edirik, hərlənib-fırlanıb söhbət yenə də məlum mövzuya gələcəkdir.
-Akif müəllim, üzrlü sayın, sualı sizə vermişdim, amma Elçin müəllim sizi qabaqladı. Peşmansınız?- deyib, başımı sağa çevirərək Çovdarova baxdım. Piyi xeyli əridiyindən, boğazının dərisi əcaib formada sinəsini yalayırdı.
-A bala, arada kitab oxu.
-Müəllim, gündə oxuyuram.
-İndi nəyi oxuyursan?
Açığı, qanqsterin istənilən sualını gözləyirdim, amma kitaba dair hər hansı tövsiyəsini gözləmirdim. Heç demə, zalım oğlu fərdi həbs yerlərini idarə etməkdən tutmuş quldurluğa, hədə-qorxu ilə tələb etməyədək istənilən işi çevirdikdən sonra kitaba da vaxt tapıbmış…
-Bu dəqiqə Hacı Allahşükür Paşazadənin Elçin müəllimə hədiyyə verdiyi Qurani-Şərifi oxuyuram.
Demək, taleyin işinə baxın ki, şərlənərək həbs olunan, 8 ay MTN-nin təcridxanasında təkadamlıq kamerada saxlanılan tanınmış jurnalist, dostum Pərviz Həşimlidən “etirafedici” ifadələr ala bilmədiyinə görə kiçik çillədə-“qışın oğlan çağında” onu lüt soyunduraraq, ən yuxarı qatdakı gəzinti kamerasına atan, saatlarla orada saxlayan, bir nəticə əldə edə bilmədikdə “karsa”a salan,-o kars ki, hərəkət etmək, yaxud oturmaq, dirsəklənmək namümkündür, yalnız dirək kimi dik durmağa şərait var,- Beynəlxalq Amnistiya Təşkilatının ard-arda verdiyi bəyanatlardan sonra təkadamlıq kameraya qaytaran Elçin Quliyev günün birində Qurani-Şərifi (akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində) və professor Fazil Qaraoğlunun “Məhəmməd Peyğəmbərin həyatı”nı mənə təqdim edərək dedi: “Sən də oxu. Müqəddəs kitabı Allaşükür Paşazadə hədiyyə edib. Xidməti kabinetimdə hər zaman başımın üstündə saxlamışam. İnan ki bu illərdə intihar etməməyimə yeganə səbəb varsa, o da müqəddəs kitabdır. Oxuduqca rahatlayasan...” Xatırlayıram, həmin vaxt dostumuz, vəkil Bəhruz Bayramov Pərvizə baş çəkdikdən sonra deyəcəkdi: “Pərvizi lüt soyundurub, gəzinti yerinə atanda üst dəmir barmaqlıqlardan sırsıralar- buz lülələri sallanırmış...”
-Birinci dəfədir ki, Allahın Kitabını oxuyursan?
-Xeyr, illər öncə ilahiyyatçı alim Nəriman Qasımoğlunun tərcümə etdyi Qurani-Kərimi də oxumuşam.
Qanqster-general səmavi kitabdan qəfil dünyəvi mətnə keçid edərək növbəti sualını ünvanladı:
-Remarkı tanıyırsan?
-Yaxşı tanıyıram. Alman ədəbiyyatının ən sevdiyim imzası- Erix Mariya Remark.
-Hansı əsərlərini oxumusan?
- “Qərb cəbhəsində yenilik yoxdur”u, “Həyat qığılcımı”nı, “Zəfər tağı”nı,- deyə ardını gətirmək istəsəm də sözümü kəsdi:
-Əla, demək, “Zəfər tağı”nı oxumusan... Sənin necə müstəntiq olduğun indi məlum olacaq. “Zəfər tağı”nda peşmançılıqla bağlı yadında nə qalıb?
Bir az fikirləşdikdən sonra cavab verdim:
-Yadıma salmaqda çətinlik çəkirəm.
-Bəlkə də 30 il bundan əvvəl oxumuşam həmin əsəri. Amma romanın mahiyyəti, xüsusilə, peşmançılıqla bağlı yazıçının yazdıqları hələ də yadımdadır: “Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olarıq. Həyat bizə kamillik bəxş etməyib, kamilliyin yeri muzeydir!” İndi başa düşdün?- deyə əsəbi tonda sual etdi.
-Akif müəllim, anladım. Demək ki, səhvli-düzlü həyatda nə etmisinizsə, peşman deyilsiniz...
Bu sətirləri yazarkən gündəliyimə diqqətlə nəzər salıram, görün, nə yazmışam: “Qəribədir, dünya ilə işim yoxdur, Azərbaycanın insan qanına təşnə olan rütbəli qanqsterlərində kitaba qarşı bu həvəs haradandır? Hacı Məmmədovu xatırlayıram. O, günahsız adamları doğrayıb, torpağa quylayandan sonra incəsənətlə, ayrı-ayrı mətnlərlə də maraqlanarmış. İndi də Çovdarov... Bu necə olur? Buradan bu nəticə hasil olur ki, qadağan olunmayan kitab bütün hallarda insanın əqlini və mənəviyyatını tərbiyə etmir. Bu yaşında Remarkı az qala əzbər bilən Göygöz Kosa, Allah bilir, nə qədər kitab oxuyub...”
-Əlbəttə ki, yox. Sən də heç zaman peşman olma...
Bu zaman Quliyevin yanını basa-basa bizə tərəf yeridiyin gördüm. Ayaq saxladıq, yaxınlaşdı:
-Evdən idi. Bir az uşaqlarla danışdım, yüngülləşdim,- deyib, qəfil Əli Həsənovu qəsd edib söylədi:
-Baba, həyatda ən çox peşman olduğum işlərdən biri də “yeməkxana siçanı”nı vaxtında bitirməməyim oldu. Daha doğrusu, nazir imkan vermədi...
Məlum oldu ki, 80-ci illərin sonlarında Həsənovun və digərlərinin Moskvada təhsil alarkən Vəzirova ünvanladıqları xoşməramlı müraciəti çap edən qəzet Quliyevin əlinə keçibmiş. Əvvəllər belə bir müraciətdən və onu yayan qəzetdən hali olsa da axtarıb tapa bilmirmiş. Heç demə, hiyləgər Həsənov vəzifə səlahiyyətlərinin geniş imkanları fonunda Azərbaycanın bütün kitabxanalarından, arxivlərindən həmin qəzetin nüsxələrini ilim-ilim itiribmiş. Amma Göbbelsin əli Rusiya Federasiyasına, Moskvaya çatmayıbmış. Quliyev də həmin qəzetin bir neçə nüsxəsini Moskvadan əldə edərək Bakıya gətirib, münasibətdə olduğu rəsmilərə paylayıb, bir-iki nüsxəsini də xidməti kabinetinin seyfində saxlayıbmış. Mahmudovun əmri olmadığına görə qəzetin Azərbaycan mediasında yayılması da mümkün olmayıbmış. Amma bədbəxt oğlu “Şrek”in ağlına belə gəlməzmiş ki, günün birində həbs olunacaq, həmin nüsxələrsə xidməti kabinetindəki seyfdə aşkar olunacaq və heç şübhəsiz, Mehdiyev və Həsənov bundan ağah olacaq, daha qəddar düşmənə çevriləcəklər.
V HİSSƏ. Çovdarov yoruldu: təngnəfəsliyi aşkardı. Həm şəkərli diabet xəstəsi idi, həm də “Şrek”in dediyinə görə xərçəngdən əziyyət çəkirdi. Quliyev “yeməkxana siçanı”nın bir zamanlar Moskvada təhsil alarkən bir qrup tələbə ilə birlikdə Azərbaycan Respublikası Kommunist Partiyasının 1-ci katibi Əbdürrəhman Vəzirovun, -o Vəzirovun ki artıq “məmə yeyəndən pəpə deyənək” hamıya bəllidir ki, Heydər Əliyevlə münasibətləri son dərəcə kəskin olmuş, daha doğrusu Əliyevin karyerasının 1-ci hissəsi bitər-bitməz onu hər fürsətdə tənqid edərək “vurmuşdur”, buna qarşılıq olaraq Əliyev də borclu qalmayıb 2-ci dəfə hakimiyyətə gəldiyi zamandan etibarən Əbdürrəhman yoldaşı Azərbaycana həsrət qoymuşdur- ünvanına “perestroyka, yəni sovet iqtisadi və siyasi sisteminin yenidən şəkillənməsi, bu istiqamətdə partiya-sovet təsərrüfat elitasının səriştəli fəaliyyəti ilə əlaqədar göndərdikləri məktubu nəşr edən qəzeti əldə etməyin tarixçəsini nəql edib bitirdikdən sonra Çovdarov söylədi:
-Gəlin gedək, Səlim bizə bir çay versin...
Səlim kimdir və ya kim olub? O ləğv edilmiş MTN-nin Energertika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Çovdarovun sağ əli, yəni 1-ci müavini olub. Olduqca peşəkar təsiri bağışlayan, danışığını-duruşunu bilən, hətta adi su içərkən belə stəkanın bir sağına, bir də soluna diqqətlə baxan, peşəsindən irəli gələrək istənilən dustaqla asanlıqla ünsiyyət yaradıb, “mehribançılığın” 15 hərfini ustufca-ustufca bir-birinə bağlayan, əvvəllər MTN-nin Sabunçu rayon təşkilatının rəis müavini, Ağstafa rayon şöbəsinin rəisi, Antiterror Mərkəzində “Şrek”in baş əməliyyat müvəkkili işlədikdən sonra “baba”sı ilə münasibətlərində hansısa səbəbdən soyuqluq yaransa da, hətta bu soyuqluq qarşılıqlı nifrət həddinə yüksəlsə də günün birində tənzimləmə mexanizmini taparaq Çovdarovun qılığına girməyi bacarıb, 1-ci müavin təyin edilən birisidir... Sonra? Məlumdur: “baba”sı ilə birlikdə cəza təhdidi altına düşən əməllərin az qala hamısını törədib, 11 il müddətinə azadlıqdan məhrum olunaraq gəlir 9 saylı “zon”a. Özü də ibtidai istintaqda Çovdarovun əleyhinə olan ifadələri, məhkəmədə isə üzünə dirənməyi ilə birlikdə... Amma “baba”sı buna nədənsə qeyri-adekvat cavab verir: “zon”un içində hamam və duş aksesuarları, Asiya tualeti, əlləri “qızıl” olan dustaqların perpenduklyar formada yığdıqları komfort divanı, mətbəx mebel və avadanlıqları, televizor, kondisoner, hətta pəncərələrini jalüz pərdələr bəzəyən otağı 30 min manata alıb (eşitdiyimə görə), Səlim Məmmədovun sərəncamına verir. Bu azmış kimi ilk təmiri bəyənməyib, ikinci dəfə təmir etdirir, divar kağızlarını ləğv etdirərək döşəmə və tavana yeni konfiqurasiya verdirir: evro təmir.
Qoy bunu da yazım, keçid alım yuxarıda yarımçıq qalmış nəqlin davamına: sizcə Çovdarovun zövqünü oxşayan otağı yüksək ustalıqla təmir edib, Səlimin istifadəsinə verən usta kim ola? General qanqsterin daha müdhiş prototipi olan polkovnik qanqsterin sürücüsü olmuş və buna görə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Rövşən... Ədalət naminə deməliyəm ki, Rövşən xatirələrimdə yaxşı oğlan kimi qalıb, hər nə qədər cəhd etsəm də “xozeyn”i olmuş Hacı Məmmədov haqqında kiçicik də olsa, xatirəsini bölüşməsə belə... Sonradan bunun bir elə də zərər olmadığı bilinəcəkdi, çünki Hacının daha yaxın adamı ilə təmas qurmağı bacardım ki, bunu da növbəti hissələrin birində yazacağam.
...Mən çay içməkdən imtina etdim, çünki bir azdan atamgil görüşümə gələcəkdi. Barakdakı çarpayımda dincəlmək üçün “ДПНК”-ya (дежурный помощник начальника колонии- “zon” rəisinin növbətçi köməkçisi) müraciət etdim. Bəli, səhər 06-00-dan axşam 22-00-adək baraka daxil olub, dincəlməkçün xüsusi razılıq alınmalı idin. İnsafən, əməkdaşlar hər zaman məni yola verirdi...
Ən xoşladığım işlərdən biri olaraq reallıq hissini müvəqqəti dəfn edib, xəyallarımın sığınacağı olan barakdakı çarpayıma sərilirəm, arzularımın səfinin qırıldığını düşünüb qəribə, bəlkə də ambivalent- ikili hisslər keçirərəm (Nə qədər kitab oxumaq olar ki?). Xüsusilə, ayda iki dəfə çıxdığım görüş günü gələndə, demək, həmin gün daha xoşbəxtəm, odur ki, düşünmək üçün iç dünyamda münbit zəmin mövcuddur...
Budur, generallarla o baş-bu baş fırlanıb, insan qanını qaraldan söhbətləri etdikdən sonra sərilirəm çarpayıma... Başımın üstündəki pəncərəni örtən pərdənin dəliyindən düz xətt boyunca süzülüb döşəməyə sancılan zərrin günəş işığını xəyalən fal-fal edirəm. Şirinli-acılı həyatımı- ilk dərs günü çıxardığım qeylü-qaldan tutmuş kəndimizdəki ərik ağacının meyvələrini yaxalığımdan üzü aşağı tullayaraq “şişmiş qarın”la, yalın ayaqla sovet əsgərlərinin pişvazına tələsməyimə, əriklərin müqabilində ulduzu-nişanı və qələmi hədiyyə almağıma, kəndimizdəki bulaq başında yuyunduqdan sonra ağ patavaya- əskiyə bürünmüş ayaqların yöndəmsiz çəkmələrə çətinliklə keçməsinə, bu mənzərədənsə ətimin ürpəşməsinə, sadəlövhcəsinə corabçün sevgili nənəmin üstünə cummağıma, bir yığın kohnə-kürüş corabla əsgərlərin yanına yenidən döndükdə onların şaqqanaq çəkərək gülməsinə, daha nələrə...nələrədək bir çox xoş xatirələri günün içəri millənmiş oxunun xəyali kəsik qutularına yerləşdirirəm. Elə bil gənclik dövrünün sonunda bu qutuları götürüb, uşaqlığıma sarı yola düşəcəkdim. İnanın, bu hal məni şirin cocuqluq dünyasına necə bələyirsə, saatlarla süst, məsti-xumar oluram, icazəsiz surətdə çarpayılarına uzanan dustaqlara barakları gəzən nəzarətçinin yüksək səslə: “Qalxın görək! Durun görək!”- nidaları rahat beynimə sancılmaqla diksindirir.
...Məhbuslara gələn pay-puşu qırmızı arabası ilə daşıyıb, əvəzində 1-2 manat alan “taçkavoz” İmran kobud şəkildə qapını açıb, səndələyə-səndələyə içəri daxil oldu: şübhə yox idi ki hər zamankı kimi bu dəfə də barakın çətin açılıb-bağlanan qapısını çiyni ilə vurub keçmişdi:
-Səfərov,- deyə şəhadət barmağını havada qatlayıb, çölü işarə etdi.
Aydın idi ki, atamgil görüşə gəlib.
Getdim ki, anam, atam, həyat yoldaşım və 6 aylıq oğlum məni gözləyir. Amma çaşıb qaldım, çünki oğlumun qulaqlarında uzun sırğalar vardı. Anamdan bunun səbəbini soruşduqda məlum oldu ki, rəhmətlik babam uzun illərdən sonra dünyaya gəldiyinə görə atası-anası əvvəlcədən niyyət edibmişlər ki, əgər oğlan olsa, uşağın qulaqlarına 6 ay sırğa taxılacaqdır. 80 yaşlı sevimli babamın hər iki deşilmiş qulağını xatırlasam da amma bunun səbəbini bilmirdim. Yazıq anam da niyyət edibmiş ki, əgər Rüfətin oğlu olsa, ulu babasının adını daşıyacaq, qulaqları deşiləcək, 6 ay sırğa taxılacaq. İrəvan mahalının belə qəribə adətləri varmış...
Bizə ayrılmış stolun arxasında yerimizi yenicə rahatlamışdıq ki, “Şrek” də görüş zalına daxil olub onu gözləyənlərə sarı üz tutdu, lakin atamı görcək bizə yaxınlaşdı:
-Eldar müəllim, necəsiniz?
Mən, atam və Quliyev kənara çəkildik.
-Sağ olun, Elçin müəllim. Siz necəsiniz? Allah qapınızı açsın.
-Sağ olun. Eldar müəllim, sizcə bizi nə vaxt buraxarlar?
-Səbirli olun, yəqin çox çəkməz...
Atamla dialoqunu yarımçıq kəsib qəfil üzünü mənə tərəf çevirdi:
-Rüfət, səni buraxırlar, həll edirəm...
-Başa düşmədim, Elçin müəllim, necə?
Vl hissə. Özümü qanandan bəri hər zaman atamı səbirli, təmkinli, qarşısındakı opponent həddini aşsa belə, soyuqqanlılığını qoruyub saxlayan görmüşəm, amma bu dəfə bir ilk yaşadım ki, bunu da yəqin “Şrek”in, göyçaylılar demiş, sərəkləməsi doğurdu...
Sabiroğlu qaşlarını çatmışdısa, gərilmiş halda baxışlarını bir nöqtəyə zilləyib, az qala 30 saniyə ərzində kipriklərini bir-birinə toxundurmamışdısa, əllərini sinəsində çarpazlamışdısa, demək ki əsəbiləşib, sadəcə, abırına qısılaraq dünənədək qılıncının dalı-qabağı kəsən, bir kəlməsi ilə insan taleyi həll edən, nəinki etirazçı kəsimin, hətta bəlli anlamda hökumət üzvlərinin- nazirlərin, komitə sədrlərinin, deputatların, parasını gilyotin kəsməyən oliqarxların, daha kimlərin-kimlərin qorxulu röyası olub, dörd divara düşdükdən sonra özünü gecənin bir saatında Kürdəxanı İstintaq Təcridxanasının ikiadamlıq kamersaında doğrayan, xoşbəxtlikdən dustaq yoldaşının təsadüfən ayılması nəticəsində sağ qalan, başqa dördadamlıq hücrəyə köçürüləndə dustaqların sözü bir yerə qoyması nəticəsində məsxərə obyektinə çevrilən, televizorda ölkə rəhbərliyini və ətrafını göstərəndə dustaqların bir ağızdan təhqiramiz ifadələr yağdırmasına yumruğunu düyünləyərək “Bəsdirin! Məni bura qəsdən saldılar! Siz təxribaçılarsınız! Kim sizə ixtiyar verib ki, mənim rəhbərimi təhqir edəsiniz! Mən ölənəcən Heydər Əliyevin əsgəri, İlham Əliyevin generalıyam!” deyib, başını divara vuran (Zinovyev, Kamenev, Rıkov, Tomski, Yejov, Yaqoda, Buxarin, Tuxaçevski və başqalarının mühakimə olunub güllələnərkən son nəfəslərində “Yaşasın yoldaş Stalin!” dedikləri kimi), “zon”a etap olunduqda nəzarətçilərin müşayiəti ilə hamama, tualetə, baraka, yeməkxanaya addımlayan, bəzən şalvarının balağını az qala dizinədək qatlayıb, ayaqlarına “vyetnamka” keçirərək sıra düzülüşünə çıxan, bəzənsə ətəyini qatlamasa da Klinton kimi balağı qısa vilvet, cins, ya da klassik şalvar geyinərək onsuz da armudu xatırladan sinə və qarın nahiyəsini daha da irəli verib, əlindəki təsbehi barmaqlarına dolayan birisinə acı cavab vermədi, fəqət təhər-tövrü, qırımı, bədən dili bunu deyirdi: “Ay bədbəxt, get bir özünə umac ov, sonra bu uşağa əriştə kəsərsən”.
-Elçin müəllim, bu ciddi məsələdir, Rüfətlə özünüz geniş söhbət edərsiniz. Buranın yeri deyil,- deyib “Şrek”i üsulluca yola verdi.
Quliyev qonşu masada onu gözləyən iki kişiyə sarı addımladı, biz isə dədə-bala stolun ətrafında yerlərimizi aldıq (Sonradan məlum olacaqdı ki, Quliyevin yanına gələn biri uzun, digəri bəstəboy olan kişilər uşaqlıq dostlarıdır. Onlardan, qoca anasından, həyat yoldaşından və iki yeniyetmə övladından savayı 21-ci əsrdə Azərbaycanının ən bədbəxt generallarından biri, bəlkə də birincisi olan Elçin Quliyevin mövcud olub-olmaması heç kimin umrunda belə deyildi...)
...Hər dəfə olduğu kimi, bu dəfə də anamın gözlərindən bilaixtiyar bıldır-bıldır yaş tökülür. Mən bir qədər sərt formada: “Ana, ağlamaq indiki halımızda bizə kömək etməyəcək. Belə durumda çuqun olmaq lazımdır, nə bilim, bədəndəki bütün damarları deşib, 5 litr qanı yerə axıtmaqla, yerinə qurğuşun tökmək vacibdir, dərini soyub, ətin üstünə polad tökmək vacibdir, sement, daş, beton, dünyanın ən böyük və bərk cismi nədirsə, ondan olmaq zəruridir, yoxsa özün də, özünüz də sınıb məhv olub gedəcəksiniz, mən də! Xatırlayırsanmı, 6, ya 7-ci sinifdə “Polad necə bərkidi”ni oxutdun. Burda bir də vərəqlədim. Ostrovski Korçaginin dili ilə nə yazır?”
Aydın məsələdir ki, bu dialoqu, acı mənzərəni, ailəmizin... özü də bütün cəmiyyətin faciəli ailə kimi təqdim etdiyi ailəmizin geniş infarkt keçirən, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə müşayiət olunan ağır degenerativ xəstəliyi qazanan, əlləri durmadan əsən, müvazinətini bəzən itirən başçısı- yazıq atam izləyə bilmədi, ayağa durdu, yırğalana-yırğalana yeriyərək siqaret çəkməyə getdi...
-Özümdən asılı olmur, Rüfət,- deyə anam nisbətən sakitləşməyə çalışdı.
Mən həssas tablonun önündə içimi boşaltmasaydım, ürəyimin partlayacağı şəksizdi:
-Ostrovski Korçaginin dili ilə nə yazır? Bilirsən, ana, filoloqsan... Yazır ki: “İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyifsilənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı ilə utanmayasan... Yaşamağa tələsmək lazımdır”. İndi mən burada cinayət törətdiyim üçün deyiləm. Bildiyin səbəbə görə şərləyib, atıblar dörd divar arasına. Günlər, aylar, illər bihudə deyil. Qətiyyən səmərəsiz günlər keçirmirəm. Hər şey yaxşı olacaq, inan. Bir az əziyyət çəkirəm, o da deyirsən ki, bu boyda istədiklərimin qarşılığında olmasın? Başqa bir misal deyim, amma sən mənim canım, daha kövrəlmə. 1-ci Cümhuriyyət dövründə hakim işləyən, Xəzərin sahilindən Qara dənizə- Trabzonadək 2 000 km yolu velosipedlə qət edib, ömrünü mühacirətdə başa vuran Əziz Alpoudun “Həyatımın hekayələri”ni bitirdim. Əsər bir tərəfə qalsın, ön söz müəllifi Zakir Sadatlının bir cümləsi necə də dərin məzmunludur: “İnsan həyatın içində ən azı bir dəfə ölməlidir ki, dirilsin”. Həqiqətən, “ölü” idim, ağır olsa da şərəfli olan hazırkı mərhələ məni diriltdi. İndi, ay ana, sənə “ölü” Rüfət lazımdır, ya diri?
-Danışırsan da... Dədən gəlir, nə isə, mövzunu dəyişək...,- deyə anam söylədi.
Təxminən 2 saat dərdləşdik, yemək yeyib, çay içdik. Elə bu vaxt “zon”un görüş yerində çayçı kimi işləyən dustaq yoldaşım xəbər gətirdi ki, vəkil gəlib. Adətən Bəhruzla ailə üzvlərm eyni gündə gəlməzdilər, amma bu dəfə nədənsə belə alınmışdı: görünür, əvvəlcədən atam Bəhruzu xəbərdar etməmişdi.
Atamgili yola saldım, həmişəki kimi anamın nəmli gözlərinin insan qəlbini yandıran baxışları altında başımı aşağı salıb görüş otağını tərk etdim. Görüşdən sonra çalışırdım ki, əzizlərimlə keçirdiyim 2-3 saatın təsiri altından ruh halımı çıxarım, əks təqdirdə normal psixologiyam pozula bilərdi. Ümumiyyətləsə, Dino Bussatinin qaladakı Tronku qız səsinin necə incə olduğunu, bağların, çayların, ağacların necə olduğunu xatırlamadığı kimi, mən də sözün fiziki-hərəki anlamında azadlıq məfhumunu yadırğamışdım, elə sanırdım ki, bütün həyat elə “zon”un ərazisi ilə məhdudlaşır, hərçənd 3 il bunları unutmaq üçün bir elə də ciddi müddət deyil... Elə bil 1 qərinə idi ki məhbəsdəyəm.
...“Zon” rəhbərliyinin göstərişinə uyğun olaraq məhbəsdə olduğum 3 il ərzində vəkillərlə- Bəhruz Bayramov, Yalçın İmanov və Fariz Namazlı ilə vəkil otağında deyil, inzibati binadakı əməliyyatçının otağında görüşməli olurduq. Aydın məsələ idi ki, gizli dinləmə və müşahidə kamerasanın nəzarəti altında...
Bəhruz inzibati binanın pilləkəni qarşısında məni qarşılayır. Bu zaman “Şrek”lə “baba”sı da “zon”la inzibati binanı ayıran növbətçi hissədən çıxıb, “sançast”a tərəf addımlayırdılar (Quliyev nədənsə dostları ilə 30-40 dəqiqə oturub görüş otağını tərk etmişdi). Dostum generalları görcək qulağıma astaca pıçıldadı: Rüfət, sən canı, ayaq saxla, bunlarla məzələnəcəm. Razılaşdım. Bizə yaxınlaşmalarına 5-6 addım qalmış Bəhruz uca səslə vaxtadakı nəzarərçiyə xitabən:
-Müəllim, oradan məhkum Pərviz Həşimlini də gətirin, görüşüm... Bir az tez çağırın...
Aydın məsələ idi ki, “Şrek”in rəngi qıpqırmızı oldu. Tərs-tərs Bəhruza baxıb, salam vermədən keçdilər (Təbii ki diqqətli oxucu bilməmiş deyil ki, “Şrek” MTN-də Pərvizə it zülmü verib). Dostum bununla kifayətlənmədi, guya yaxınlıqdakı serjantlardan birinə söyləyirmiş kimi,- “Qaqa, səni özüm general edəcəm”,- deyə vəd verdi. “Şrek” və “baba”sı çevrilərərk bizə tərs-tərs baxdılar, “sançast”ın bağlı qapısını açmaq üçün kimisə hayladılar...
-Beko, bəsdir, ayıbdir, gəl qalxaq yuxarı. Dəli elədin bunları,- deyib, iki qardaş pilləkənin pillələrinə sarı yeridik...
Bəhruz pilləkəndə ucadan şaqqanaq çəkdi, elə bil cəzaçəkmə müəssisəsində deyil, hansısa klubdayıq...
Yuxarıda arxasını məhəccərə dayayıb siqaret çəkən “zon” rəisi bizi görcək soruşu:
-Səfərov, noolub?
VII HİSSƏ. -Bəhruz bəylə ötənlərin lətifəvari əhvalatını xatırlayıb, gülürdük,-deyə “zon” rəisinə cavab verib, əməliyyatçının xidməti kabinetinə keçdik. İnsafən rəisin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını arvadı ilə birlikdə gəmi ilə Türkmənistandan Azərbaycana daşıyarkən ifşa edilib, azadlıqdan məhrum edilən Namiq adlı aşbazı çayımızı, konfetimizi əskik etməzdi, hətta bəzən bişirdiyi ləziz təamları da təklif edərdi. Təbii ki Bekonun comərdliyi və səxavətliliyinə cavab olaraq...
Hər zamankı kimi, mən yenə də əməliyyatçının fırlanan kreslosunda yerimi rahatlayıram, qolumu qatlayaraq dirsəklərimi stola dirəyib, başımı əlllərimin içinə alıram. Birdən Bəhruzun əlindəki kitaba gözüm sataşır...
-Bəhruz, o nə kitabdı elə?,- deyə soruşuram.
-Bıyy, doğrudan ey, sənə göndəriblər,- deyə Beko cavab verir.
Kitabı göydə qapıram. Aqşin Yenisey, “Məbədin sükutu”. Sevinirəm. Çünki Yenisey müasir Azərbaycan poeziyasının ən çox dəyər verdiyim şairlərindən biridir, bəlkə də birincisi. Tələsik vərəqləmək istəyəndə sürprizlə qarşılaşıram. Aqşin avtoqrafla kifayətlənməyib. Qələm əlindəykən iki şeirindən iki misranı mənə xitabən kitabın ilk ağ səhifəsinə sərib də imza və tarix qoyub: “Rüfət, bu sevgim də daşa dəydi, bəxtəvər daşın başına”. “Rüfət, sənə məktub yaziram, yazıram ki, bağışla... Burda hava pis keçir, ara vermir yağışlar. ”
-Bəhruz, biz ki Aqşinlə həyatda heç üz-üzə gəlməmişik. Bu, nədir?,- deyə haqlı təəccübümü büruzə verirəm.
Bəlli olur ki, mənim bir etibarlı dostum,- hansı ki 5 il qonşu rayonlarda istintaqçı kimi külüng çalmışıq,- təsadüfən Yeniseylə görüşər, məndən söhbət düşər. Bəhs edib, ağlaşarlar... Dostum şairə deyər ki, bəs Rüfət şeirlərinin vurğunudur... Şair də bunu yüksək qiymətləndirərək həmin kitabı göndərər... Dörd divarın arasında günlərlə girovuna çevrildiyim, həyatımın sonunadək unutmayacağım izaholunmaz hislərə məhkum edər...
Bir halda ki, əziz oxucular, söhbət burada adını və soyadını çəkmək istəmədiyim dostumdan düşdü, bir neçə kəlmə yazmasam, düzgün olmaz. Qeyd etdiyim kimi, onunla qonşu rayonlarda işləmişik. Vaxtaşırı, ya işlədiyim, ya da işlədiyi rayonda görüşüb yeyib-içərdik, dan yeri sökülənədək dərdləşib ağlayardıq, üfüq şəfəqin qırmızı rəngilə işıqlananda Ağdam tərəfə sürüb, xaşlayardıq. Mən prokurorluqdan ayrıldıqdan sonra təmasımız olmasa belə daim uzaqlardan da olsa, diqqət və qayğısını duymuşam...
2016-cı ilin yanvarında ilk dəfə həbs olunanda dostum bir butulka arağı təkbaşına vurar, ağlayar, yatar, sonra görər ki, nəfəs ala bilmir, ürəyi partlayır, satqınlıq və xainliyin geniş yayıldığı şəraitdə ürəyini boşaltmağa bir adam tapa bilmir, götürüb heç zaman qarşılaşmadığı, kəlmə belə kəsmədiyi, fəqət dəruni hissin diqtəsindən dolayı vicdan və ədalətinə bel bağladığı və bu gün bütün Azərbaycanda məşhur olan dəyərli ziyalılardan birinə zəng edər (ad və soyad çəkməyi uyğun bilmirəm) ki, ağlamağa adam axtarıram. Dəyərli ziyalı da ertəsi gün dostumla görüşər, dərdləşərlər, deyəsən, bərabər ağlayarlar da... Bir də onda ayılarlar ki, 3 ildən sonra mən də onlara qoşulmuşam: bərabərik.
Bəli, burada Amerikan belletristi F. Mariona müraciət etməli oluram: “Üç dost var: birincisi, qida qədər ehtiyac duyduğumuz ağıllı dost, ikincisi, adamı xəstəlik qədər bezdirən ağılsız dost, üçüncüsü, adama dərman kimi şəfa verən bilikli dost”. Həmin dostum bu sətirləri oxusa, bilsin ki qida qədər ehtiyac duyduğumdur, hərçənd ki, bəlli səbəblərdən gec-gec görüşürük.
...Bəhruzla 2 saat mırt vurub, deyib-güldükdən sonra ayrıldıq. Yola salanda zarafatımdan qalmıram:
-Beko, Elçin məni azadlığa buraxırdı. Pərt elədin yazığı. Yəqin yaxın durmaz daha,- deyib, sağollaşıram.
Saat 16.45-dir. Sıra düzülüşünə 15 dəqiqə qalıb. Baxmayaraq ki vəkil ilə görüşdə olduğuma görə ləngiyib iştirak etməyə də bilərdim, amma nədənsə tələsirəm. Növbətçi hissəni adlayıb keçəndə görürəm ki, “Şrek” yenə əllərini arxasında çarpazlayıb, dəmir çərçivədəki “Azərbaycan” qəzetinə diqqət kəsilib. Məni görcək utanmaz-utanmaz dişlərini ağardıb, dodaqlarını qaçırdır. Deputat Vahid Əhmədovun müsahibəsini oxuyurmuş...
-Rüfət, “razvod”dan sonra səninlə işim var. Bayaq sohbətimiz yarımçıq qaldı. Bu xarabadan rədd olub getməlisən. Get, bizə də kömək ol,- deyib, Allah bilir, nə qədər günahsız insan qanına batmış əllərini çiynimə qoydu.
İstər-istəməz düşündüm: elə bil bayaq “baba”sı ilə birgə hoydu-hoyduya götürülən, məsxərəyə qoyulan bu gic deyildi... Mən də narahat idim ki, bayaq təkərə düşdüyünə görə ünsiyyətdən yayınar, münasibətləri soyudar...
“Razvod” bitdi, kitabxananın özünündə “Şrek”i gözlədim. Gəldi.
-Sənin fotolarını mitinqlərdə qaldırırlar. Müxalifətçilər yığışıb müdafiə komitəsi yaradırlar. Sən hara, onlar hara? “Azadlıq” qəzeti səni niyə müdafiə etməlidir? Sən hara, cəbhəçilər, müsavatçılar hara? Guya bilmirsən ki, Əli Kərimli, Eldəniz Quliyev bu dövlətin düşmənidir?,- deyə sual edib, ardını gətirmək istəsə də sözünü ağzında qoydum.
-Elçin müəllim, vicdanlı ziyalılar- qələm, hüquq və siyasət adamlarını bir araya gətirib, Müdafiə Komitəsi yaradırsa, belə də dəyərli kinodramaturq Eldəniz Quliyev haqqı savunur. Digər tərəfdən, belə durumumda əvvəldən-axıradək özümə və ailəmə tribuna verirsə, “Azadlıq”a yalnız təşəkkür düşür. Və nə vaxtdan hakimiyyətə, indiki haldasa bir zamanlar sizin də qulluğunda durduğunuz zorakı üsul-idarəyə müxalif mövqe sərgiləmək dövlətə düşmən anlamına gəlir ki, Əli Kərimli də düşmən olsun?,- deyə sual etsəm də “Şrek” söhbətin mövzusunu dəyişdirdi:
-Rüfət, bura bax. Əsas məsələ budur ki, azadlığın üçün imkanlar var...
-Bunun üçün nə etməliyəm? Buraxsınlar, çıxım gedim evimə. Hansı dəli öz xoşuna burada qalmaq istər?
-Belə edək, ya AzTV, ya da ATV jurnalisti gələcək bura. Sırf səninçün. Kameraya 3-4 kəlmə söz deyərsən, rəhbərlik yumşalar, evə gedərsən.
-Kameraya nə deməliyəm?
-Səni balam qədər çox istəyirəm. Heç istəyərəm camaatın gözündən düşəsən? Deyərsən ki: “Məni radikal müxalifətin silahdaşı kimi təqdim edənlərə, mitinqdə şəkillərimi qaldırıb, orda-burda adımı çəkənlərə, Müdafiə Komitəsi yaradanlara etirazımı bildirirəm. Heç kimin müdafiəsinə ehtiyacım yoxdur. Mən sadəcə, dövlətimdən kömək istəyirəm. Bir anlaşılmazlıq olub, inanıram ki, tezliklə hər şey aydınlaşar. Mən əminəm ki, Azərbaycanda hüquqi dövlət var, hüquq qaydası mövcuddur”. Özün bilirsən də... Hüquqşünas deyilsən? Yəni çalış ki kameraya yalvarırmış kimi danışmayasan da... Hüquqi terminləri bol edərsən. Efirə gedəndən sonra növbəti əfv sərəncamı olacaqsa, birinci sənin adın yazılacaq. Eldar müəllimin də partiya və hakimiyyət üçün xidmətləri olub. Mütləq nəzərə alınacaq. Çünki heç kim deyil, sən özün-özünü gətirib salıbsan bu xarabaya,- deyə ləyaqət və şərəfimi əzib, kimlərinsə yanında etimad qazanmaq üçün dəridən-qabıqdan çıxan general Quliyevin gizli niyyətini deşifrə etmək məninmçün bir elə də müşkül olmadı. Necə? Təxminən belə: “Görürsünüzmü, mən azadlıqda dövlətə, hakimiyyətə, rəhbərə qarşı çıxanları mahiranə zərərsizləşdirdiyim kimi, heç bir təqsirim olmadığı halda məhbəsə salınsam belə burada da prinsiplərimə sadiqəm, yolunu azanları, müxalif fikir daşıyıcılarını neytrallaşdırmağı bacarıram”.
Heç şübhəsiz, “Şrek”in sarsaqlamasına açıq və sərt reaksiya vermədim, əksinə, özümü razılaşırmış, ipə-sapa yatan birisi kimi apardım. Belə də kəmağıl generaldan ötən gün “baba”sının imkan vermədiyi bəzi mətləbləri öyrənmək üçün zəmin yaratmağı düşündüm. Çünki əmindim ki, şərti də olsa razılıq versəm, sonrakı söhbətlərimizdə məni maraqlandıran mövzulara birbaşa olmasa da yanakı keçid alıb ünsiyyət qursam, istədiyim nəticə özü-özünə hasil olub, meydanda olacaqdır...
-Elçin müəllim, barəmdə göstərdiyiniz diqqət və qayğıya görə sağ olun. Mən kameraya danışandan sonra azadlığa çıxsam, 1-ci Fəxri Xiyabana da jurnalistlərin müşayiəti ilə getməli olacağam?,- deyə sual etdim.
-Səni bu müddətdə özümə doğma qardaşım oğlu kimi qəbul elədim. Əlimdən gələni edəcəm ki, insanların gözündən düşməyəsən. Yəqin ki xiyabana getməzsən. Lap olsa belə, səni 100 faiz əmin edirəm ki, kameranın müşayiəti ilə olmayacaq. Nə qəzet-sayt yazacaq, nə də televizor verəcək. Sadəcə, 5-6 dənə qərənfil götürüb qəbir üstünə gedərsən, baş əyib qayıdarsan. Xiyabandakı müşahidə kameraları vasitəsilə gəlib-gedən izlənilir. Elə getdiyin gün rəhbər biləcək. Həm də atanın mövqeləri güclənəcək. Müəllimi lap xəstə salmısan. Bayaq gördüm sənə münasibətini. Özündən çox sevir...
-Elçin müəllim, bir söz deyim...- ardını gətirməyə imkan verməyib sözümü kəsdi, öz aləmində məni hipnoz etdiyinə adının 5 hərfi kimi əmin oldu...
-Bir dəqiqə, sən Bazarovsan, ya Arkadi, yoxsa atan İvanoviçdir, ya Petroviç?,- deyə sual etdi. “Atalar və oğulları” oxuduğuma görə nə demək istədiyini anladım...
-Müəllim, həyatda...- “Şrek” yenə sözümü ağzımda qoydu.
-Belə başa düşdüm ki razısan. Gedim Baba ilə (“zon”un rəisi) danışım, məruzə etsin, gecikdirməyək,- deyə “qeydkeşliyində” təkidli olduğunu nümayiş etdirdi.
-Elçin müəllim, bilsə idim məsələlər belə ciddi şəkil alıb, inanın ki, bayaq atamgilin yanında söhbətimizi inkişaf etdirərdim...
-Telefona çıxmırsan ki?
-Həftədə iki dəfə danışmaq imkanım olur eyy, amma siz də razılaşarsınız ki, bu kimi söhbətlər telefon mövzusu deyil axı. Bir neçə dövlət strukturu bütün telefonlarımızı nəzarətə götürüb. Açıq mətnlə atama gənəşsəm, təbii ki qeydə alıb, mane olmaq imkanı yüksək olacaqdır.
-Bəs...,- növbəti sualı verməyə macal verməyib, ardını gətirdim.
-Müəllim, bir də 2 həftədən sonra evdəkilər görüşə gələcəklər. Daha doğrusu, ayda iki dəfə imkan verirlər. Gəlsinlər, məsləhətləşim, atamdan xeyir-dua alım, nə deyirsiniz, edək. Belə də ki atamın razı olacağı 100 faizdir. Nəyin bahasına olursa-olsun azadlığımı istəyir, dözə bilmir daha...
-Yaxşı. Görüm nə edirəm, Babaya deyim, bu həftənin içində əlavə görüş versin. Bu problemi mənim öhdəmə burax. Yuxarı məruzə etsə, problemsiz razılıq verəcəklər...
-Baxın. Məsləhət sizindir.
-Gəl gedək Səlimin yanında bir çay içək.
Bədbəxt oğlu bədbəxt öz aləmində guya təlqin-hipnoz etmək istəyirdi. Amma özü respublika əhəmiyyətli bir əməliyyatı yarısınadək icra edibmiş kimi nisbətən rahatlandı, yekun uğuru qaçılmaz edəcək ilkin müvəffəqiyyətdən məsti-xumar oldu. Bunu hiss etdiyimdən, tam yetişmiş sualı ünvanladım.
-Elçin müəllim, o Rauf Mirqədirov eşitdiyimə görə ermənilərə işləyib, vətənə xainlik edərək dövləti satıb. Deyirdiz ki, onu, Xədicə İsmayılı, Azər Əhmədovu, Ruslan Bəşirlini bitirmisiniz. Amma, deyəsən, Ali Məhkəmə Mirqədirovu buraxdı,- deyə maymaq generaldan söz almaq üçün dəyərli qələm sahibi Mirqədirova şərti də olsa böhtan atmaqdan savayı yolum yox idi...
-Raufun ətrafında bir əməliyyat keçirtdim ki... Mahmudov canlı izləyirdi...- deyib, davamını gətirmək istəsə də qeyri-iradi sözünü kəsdim:
-Necə bəyəm?
-Demək, bizə məlumat daxil oldu ki, Tbilisidə regionun QHT nümayəndələrinin mediaya açıq tədbiri olacaq. Ermənistanın da 3-cü sektor nümayəndələri orda iştirak edəcəkdi. Mirqədirovun Bakı-Tbilisi qatarı ilə yola düşəcəyini müəyyənləşdirmək çətin olmadı. Mərkəzin (Antiterror Mərkəzi nəzərdə tutulur- müəllif) ən peşəkar 3 əməlliyaçısını kupeyə- Mirqədirovun yanına təhkim etdim. Bizdə dəqiq məlumat var idi ki, Mirqədirov babat yeyib-içəndir. Belə də əməliyyatı qurmaq bir elə də çətin olmur. Təki işə az da olsa içki “müdaxilə etsin”. Ona görə də bizimkilər araq və viski ilə “silahlanıb” kupeyə daxil oldular. Bir-iki saatdan sonra yeyib-içmək başlayar. Məclisboyu Mirqədirovun cəmi bir dəfə ayaq yoluna çıxması onun kupedə qalmış gödəkçəsinin boğaza yaxın hissəsindəki düymənin deşiyinə müşahidə kamerasını yerləşdirməyə imkan verər. Biz əmin idik ki, Mirqədirovun orada ermənilərlə ikitərəfli, qeyri-rəsmi görüşü və ya ən azı ayaqüstü söhbəti olacaqdır.
-Müdhiş əməliyyat olub, Elçin müəllim,- deyə qoltuğuna qarpız verdim.
-Sənə hələ Hacı Məmmədovu götürməyimizi danışsam, deyəcəksən ki, filmlərdə belə şeylər görüb eşitmişəm.
-Müəllim, Mirqədirovun axırı nə oldu?,- deyə malı mala qatmamağa üstünlük verdim.
-Heç nə. Səhər Eldar Mahmudov xidməti kabinetində canlı surətdə Tblisidəki tədbiri izləyirdi... Yəqin viski içə-içə...
Vlll HİSSƏ. Mirqədirovun, ümumuiyyətlə, regional tədbirdən kənar erməni QHT nümayəndələri və ya siyasət, hüquq və qələm adamları ilə hər hansı görüşü, atüstü ünsiyyəti, sonradan Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən törədilən hər hansı əməli, düşmən tərəfinə keçməsi, cəsusluğu, dövlət sirrini xarici dövlətə verməsi, vətənə qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etməsi təsdiq olunmasa da “Şrek” və sahibləri onu dövlətə xəyanətdə təqsirlənidirib həbs edirlər, daha doğrusu, Türkiyə Cümhuriyyətində, avtobusda 4 yaşlı övladı ilə yol gedərkən qaba biçimdə saxlanılmasına, Azərbaycana ekstradisiya edilməsinə müvəffəq olurlar. Sonrası da məlumdur: insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar tərəfindən dərhal vicdan məhbusu kimi tanınan cənab Mirqədirov 2 il MTN-nin istintaq təcridxanasının təkadamlıq kamerasında saxlanıldıqdan sonra azadlığa buraxılır...
Yeri gəlmişkən, özümü qanandan bəri ciddi ictimai-siyasi təhlillərini həvəslə təqib etdiyim dəyərli Rauf bəy dünən zəng etmişdi. Hərçənd ki heç vaxt bu və ya digər formada təmasımız olmayıb, amma 2 saat dərdləşdik, Rauf bəy 2008-ci ildə Tbilisidə düzənlənən həmin tədbirdə iştirak etməkçün Bakı-Tbilisi qatarından istifadə etdiyini, kupede 2, ya da 3 “yol yoldaşı”nın oluğunu, süfrə açıldığını, “təsadüfi” adamlarla çörək kəsdiyini təsdiqlədi...
“Şrek”lə dialoqumuz yenicə dolğun məzmun almışdı ki, dustaq yoldaşım, çörək kəsdiyim, xətrini əziz turduğum polkovnik Emil Süleymanovla üzbəüz gəldik, istər-istəməz söhbətin mövzusu dəyişdirildi. Emil Süleymanov... Bu ad və soyad Sizə tanış gəldimi, lütfkar oxucu? Ən yeni nəslin nümayəndələrinə çətin tanış gəslin, bir halda ki 15 il müddətinə azadlıqdan məhrum edilmiş Süleymanov artıq 13-cü ildir ki, dörd divar arasındadır. Odur ki Süleymanovun keçdiyi həyat yolu, xidməti və fərdi məziyyətləri, başına gətirilən olmazın zülmlər, özü azmış kimi ailəsinin yaşadığı dramı bir neçə cümlə ilə burada təsvir etməsəm, doğru olmaz.
Beləliklə, Ordubadda doğulub Bakıda boya-başa çatan, Sovet Rusiyasında hərbi xidmət keçib, ali təhsil aldıqdan sonra kəşfiyyat və əks-kəşfiyyat barədə dərin nəzəri biliklərə yiyələnən Süleymanov çox keçmir ki, vətənə- Bakıya dönür. Peşəkar təhlükəsizlik zabiti tezliklə Prezident yanında Xüsusi İdarədə işə götürürlər. Qısa müddət ərzində Xüsusi İdarədə şöbə rəisi vəzifəsinə təyin olunur. 34 yaşında polkovnik rütbəsi alır. Lakin həmin idarə 2000-ci illlərin əvvəlində MTN-nə birləşdirildikdən sonra Süleymanov 39 yaşında təqaüdə göndərilir. Bir müddət işsiz qadıqdan sonra ticarətlə məşğul olmaq niyyətinə düşür. Günün birində ölkəni tərk etmək niyyətinə düşür, fəqət hava limanında- sərhəddə bəlkə də sürpriz olmayan münasibətlə üzləşir-“stop!” Şəxsi əlaqələrini işə salıb “stop”un aradan qaldırılmasına nail olaraq ölkəni çox da uzun olmayan müddətə tərk edir.
Lakin Süleymanovun zəngin təcrübəsinin tətbiq edilməsinə yenidən ehtiyac yaranır: 2004-cü ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi təyin edilir. Qısa müddət ərzində idarədə ciddi reformalara start verir, işə götürülmədən tutmuş irəli çəkilməyədək maddi nemət, rüşvət, himayədarlıq, qohumbazlıq, yerlibazlıq və s. tamamilə aradan qaldırırılır, əvəzində təsərrüfat hesablı idarənin gəlirləri hesabına əməkdaşların əmək haqlarında ciddi artım müşahidə edilməklə peşəkar mütəxəssislər cəlb olunur ki, bu da keyfiyyəti qaçılmaz edir. Süleymanovun rəhbərliyi altında fəaliyyət göstərən ayrı-ayrı əməkdaşların da dilindən eşitmişəm ki, Təhlükəsizlik İdarəsinin yüzlərlə əməkdaşlarından hər hansı birinin cüzi də olsa rüşvət alma faktı barədə məlumat daxil olardısa, işdən xaric olma barədə əmr 15 dəqiqə ərzində Süleymanovun masasının üzərində olarmış. İş o həddə çatıbmış ki, qanunvericiliyin tələbinə uyğun olaraq hava limanında dövlət başçısı, spiker, baş nazir və onların ailə üzvləridən başqa heç kim, -kimliyindən asılı olmayaraq, hətta MTN-nin hava limanında xidmət edən rəsi və zabit heyəti belə- ciddi yoxlamadan keçməmiş trapa ayaq basa bilmirmiş. Belə də- Azərbaycanda mövcud olan hüquq sisteminin fonunda Süleymanovu nə gözləyə bilərdi? Düzdür, Emilin mənə deməsinə, sonradan tabeliyində işləmiş mütəxəssislərin təsdiqləməsinə görə vəzifə təlimatında nəzərdə tutulan öhdəliklərin vaxtında, keyfiyyətli və peşəkarlıqla yerinə yetirilməsi, qurulmuş təhlükəsizlik tədbirlərinin daha da dərinləşdirilməsi üçün optimal təkliflər verib qəbul edilməsinə müvəffəq olması, sərbəst təşəbbüskarlıq göstərilməsinin artıq bütün hüquq mühafizə orqalarına yayılması, qabaqcıl ənənələrlə səsləşən forma və metodların tətbiqi, nəinki Cahangir Əsgərovun ard-arda verilmiş rəsmi təşəkkürnamələri ilə müşayiət olunmuşdu, üstəlik dövlətin zirvəsinin diqqətini çəkə bilmişdi. Amma, heç şübhəsiz, MTN-nin və onun şefininsə mənfi anlamda nəzərlərini cəlb etməyə bilməzdi, bir halda ki cənab Süleymanov özünü az qala London və ya Paris hava limanlarından birinin Təhlükəsizlik İdarəsinin rəisi kimi apararaq intəhasız səlahiyyətlər sahibi, qılıncının dalı-qabağı kəsən Eldar Mahmudovun böyük bizneslə uğraşan, ayrı-ayrı ölkələrdən, eləcə də Dubaydan Azərbaycana mal, əşya, telefonlar “vuran”, vergi, rüsum, bəyannamə, qanun-qayda qanmayan ərköyün oğlu Anara belə maneçiliklər etmək niyyətinə düşmüşdü... Bu azmış kimi, bu və buna bənzər hallara göz yuman MTN-nin hava limanındakı nümayədələri, şəxsən Eldar Mahmudovun və onun ərköyününün əməlləri haqqında səhih məlumatlara əsaslanan məktubu dövlət başçısına ünvanlamışdı... (Həmin məktublardan biri Süleymanov həbs olunan zaman cibindən, yoxsa xidməti kabinetindəki seyfdən çıxacaqdı...)
Belə də Mahmudov hərəkətə keçir. “Emil Süleymanov xidməti səlahiyyətlərindən sui-istifadə edərək hava limanının şərəf salonuna, dövlət başçısına ayrılan otağa “jıçok” yerləşdirib, dövlət başçısının bütün danışıqlarını milyonların müqabilində məmnuniyyətlə rus kəşfiyyatçılarına təhvil verir” məzmunlu, heç bir faktoloji əsası olmayan, qondarma və uydurma dəlillərlə bəzədilib tərtib edilən arayışlar ard-arda dövətin zirvəsinə təqdim olunur, ta o zamanadək ki, Süleymanovun qələminin sındırılmasına, birdəfəlik bitirilməsinə razılığı ala bilsin. Alır da.
Bəli, az qala Cinayət Məcəlləsinin bütün maddələri, o cümlədən, dövlətə xəyanət, vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə, rüşvət alma, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, gəzdirmə yüklənir Emilin kürəyinə, həbs olunur. 15 il “nallayaırlar”.
Təbii ki Emilin evində axtarış aparılır. Evdə zinət əşyalarını, pul əskinaslarını talayan əməliyyatçılar və istintaqçılar onun azyaşlı, bu dünyanın gəlişindən-gedişindən heç nə anlamayan qızının sürpriz təkifi ilə qarşılaşırlar: “Əmi, bunu atam doğum günümdə mənə hədiyyə etmişdi, alın, götürün...”,- deyə boynundakı qızıl sepi çıxarıb, axtarışı aparanlara uzadır. Dostlar, bəlkə də inanmazsınız, amma bütün müqəddəslərə and olsun ki, Emilin deməsinə görə qızcığazın əlindəki qızıl sepi əməliyyatçılar göydə qapırlar (Mən insan qanını donduran bu mənzərəyə bənzər səhnəni, deyəsən, Milan Kunderanın “Mənasızlığın təntənəsi”ndə oxumuşdum).
Emilin yolunu bir neçə il Bakıda gözləyən ailəsi yekunda Süleymanovun tövsiyəsi ilə vətəni tərk edib, Moskvaya- qayınanasının yanına köçürlər. Artıq həmin qızcığaz böyüyüb... İ.M. Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində təhsil alır. Emilin oğlu informasiya texnologiyaları üzrə mütəxəssisdir. Atalarının deməsinə görə, təəssüf ki övladları Azərbaycana nifrət edirlər. Süleymanovun milliyyətcə qaqauz türkü olan xanımı isə 13 ildir ki qanunvericiliyin imkan verdiyi hədlərdə- ildə 2 dəfə Moskvadan Bakıya uçur, “zon”a gələrək ömür-gün yoldaşı ilə 3 gün bərabər olduqdan sonra yenidən balalarının yanına dönür. Unudulmaz dustaq yoldaşım, daimi “xlebnik”im olmasa da dəfələrlə çörək kəsdiyim Süleymanovun bu kəlməsini də yazım və qayıdım “Şrek”lə söhbətimizin davamına: “Rüfət, bu məhrumiyyətlərdən, uzunmüddətli məhbəs həyatından, dəfələrlə MTN-də işgəncələrə məruz qalmağımdan, 3 il müddətinə Qobustan həbsxanasına göndərilməyimdən daha çox həbs olunduğum zamandan bir neçə gün sonra həyat yoldaşımla telefon danışığı zamanı bu sözləri eşitməyim oldu: “Emin, bu nə hərəkət idi... etmisən? Rəzil etdin bizi! Sən cəsus imişsən?” Bir günün içində saçlarım ağardı, Rüfət. Təkadamlıq kamerada. Ailəm də inanmışdı və ya inandırmışdılar. Amma şükür ki sonradan hər şey aydınlaşdı, bu gün bərabərik. 13 ildir ki arxamla sürünür...” (MTN-nin məlum səbəblərdən həbs olunan rütbə sahiblərindən 9 saylı “zon”a etap olunmayan yeganə şəxs bilirsinizmi kim idi? Süleymanovun barəsində başlanmış cinayət işinin istintaqını aparan Vüsal Ələkbərov. Xətakar müstəntiq Emil ilə üzbəüz gəlməkdən çəkinib özünü saldırmışdı “Tubzon”a. Təbii ki xəstələrdən ayrı, yüksək şəraiti olan saxlanma yerinə. Eşitdiyimə görə bu gün azadlıqdadır. Allah köməyi olmasın).
Salam-əleykdən, qısa söbətdən sonra Emil bizdən- mənlə “Şrek”dən ayrıldı. Elə davranırdım ki, fürsətdən maksimum yararlanmaq istəyimi general Quliyev duymasın:
-Elçin müəllim, “Azadlıq”ın direktoru Azər Əhmədov 90-cu illərdə Heydər Əliyevə qarşı terror aktı hazırlayan mütəşəkkil cinayətkar qrupla birgə olmuşdu. Qaqarin körpüsünə partlayıcı maddələr yerləşdirmişdilər... Sonradan o da, o birilər də tutuldu... Amma qəribədir ki, bir neçə il sonra Azəri niyə azadlığa buraxdılar?- deyə ağlasığmaz, gülünc ittihamları şərti də olsa, bu dəfə Azər Əhmədovun barəsində səsləndirdim ki, səfehin yadına jurnalisti salım, “bitirdim” dedikdə nəyi nəzərdə tutduğunu soruşmaq üçün münbit zəmin yaradım. Şükür ki alındı:
- Yox əşşi, sən onu kimləsə səhv salırsan.
-Doğrudan?
-Həə. Onun başına yaxşı oyun açdım. Demək, kirayəyə ev axtarırdı. Təbii ki, bütün əlaqə telefonları daim nəzarətimizdə idi. Ev-alqı satqısı ilə məşğul olanlardan biri Azər üçün mənzil təklif etməmişdən öncə dəvət edildi MTN-ə, rahatcana cəlb edildi. Açarın bir nüsxəsi bizdə oldu. Tualetdən tutmuş yataq otağınadək müşahidə kamerası yerləşdirdik ki, 24 saat nəzarətimizdə olsun. Hətta “makler”ə tapşırdım ki, ev kirayəsinin qiymətini bazar dəyərindən xeyli aşağı təklif etsin ki, Azər qaçmasın...
-Elçin müəllim, siz dünya çapında bir kəşfiyyatçı olduğunuz halda gətirib salıblar məhbəsə. Bu ağıl və bacarıqla dövlətə bilirsinizmi nə qədər fayda verərdiniz?,- deyə, əziz oxucu, özümə də, sizə də məlumdur ki, gicbəsər sual verdim, çünki başqa yolum yox idi.
-Sonra qədrimi biləcəklər. Hə, onu deyirəm axı... Birinci Azərin özünə məlum çəkilişləri göndərdik ki, çıxıb Əli Kərimli ilə Qənimət Zahidi söysün. Amma razılaşmadı. Bir müddət gözlədik. Mətbuat Şurasından kimsə Əli Həsənova zəng edib, Azər Əhmədovun şantaj edilməsi barədə məlumat verdi, kömək istədi. Telefonu dinləyib gülürdük. “Yeməkxana siçanı” söz verdi ki, nələrsə edəcək, amma Azər, heç olmazsa, bundan sonra özünü yaxşı aparmalıdır... Artıq hər şey məlum idi. Həsənov ertəsi gün dövlət başçısına çıxıb, gül kimi işimi zay edə bilərdi. Nazirdən icazə alıb, dərhal yaydıq... Seks səhnələrini... Azər də bunun nəticəsində bitdi...
IX HİSSƏ. Zəruri qeyd. Son günlər xeyli dost-tanış, mübarizə yoldaşlarım, hətta prokurorluqda birgə çalışdığım bir sıra istintaqçılar birbaşa və dolayı narahatçılıqlarını ifadə edirlər. Ki bu yazılar mənə baha başa gələcək. Yenidən tutula, ağır işgəncələrə məruz qala, illərə məhkum oluna bilərəm. Bütün narahat olan və olmayan dostları başa düşür, anlayışla qarşılayıram. Fəqət xalqın belə ağır vəziyyətində 2016-cı ilin qışında, Şirvan Apellyasiya Məhkəməsində, dəmir barmaqlıqlar arasında söylədiyim nitqin bir hissəsini burada yenidən yerləşdirməyə lüzum görürəm: “Akademik Ziya Bünyadov və jurnalist Elmar Hüseynov həqiqətləri dilə gətirdilər, təhdid və basqının altında hürr düşüncələrini, doğru bildiklərini hər gün yaydılar, təşviq etdilər. Biri 1997-ci ildə, digəri 2005-ci ildə yaşadığı evin kandarındaca nümayişkəranə sürətdə ağzından vuruldu. Doğrudur, məncə, bütün müqayisələr qüsurludur, xüsusilə, indiki halda... Zira mən həm akademikin, həm də jurnalisitin atılan dırnaqları həddində deyiləm. Amma... Amma hər iki həqiqət carçısının nitq və mətnlərini oxuya-oxuya,cəmiyyət və dövlət həyatındakı eybəcərliklərə dair adil mühakimələrini qavraya-qavraya adam olub, adamlar sırasına çıxa bilmişəm. Bilənlər bilir, bilməyənlər də bilsin ki, şüurlu həyatım boyu “Enində-sonunda onsuz da hamımız öləcəyik... Bu mənada yeganə yol tanıyıram: ölümə ləyaqətlə getmək...” kimi prinsipi hər gün “yastığımın altına qoyub” yatıram. Əgər yaydığım ideyalara, doğru bildiyim fikirləri təşviq etdiyimə, gördüyüm, eşitdiyim, oxuduğum allahsızlıqların qarşısında susmağı bacara bilmədiyimə görə evimin kandarında ağzımdan güllə atılsa, yenə də dinc durmayacağam, bu dəfə ruhum xalqımı əzən bu rejimin xirtdəyindən yapışıb, əbədi olaraq rahat buraxmayacaq”.
Bu sətirlər hazırda da mənimçün aktualdır, ikinci dəfə atından imza qoyuram.
Hakimiyyətsə yenə bilsin: dərin mənada kiminsə nəyəsə bağlılığını, bu bağlılıq halını ifadə etməkçün söz seçimi hər zaman baş tutmur. Bəli, dil(lər)in imkanları, onun doğurduğu sözlər-cümlələr heç də hər zaman əqidəyə, məsləyə, uğrunda həyatını belə qurban verməyə hazır olduğun dəyər(lər)ə necə bağlandığını tam mənada təsvir edə bilmir. Hazırda təxminən bu durumdayam. Məhbəs dövrünün bəxş və təlqin etdiyi duyğular toplusunun yekunu olaraq demokratiya və ədalətə hansı həddə bağılılığımı tam ifadə etməkdə acizəm və ya dərəcəni anlatmaqçün linqvistika və semiotikanın imkanlarına bələd deyiləm. Fəqət təxminən deyə bilərəm, cənab rəsmilər... Yəqin aranızada Hüseyn Nihal Atsızın “Ruh adam”ını oxuyan olar. İnanın, Atsızın royalist Selim Pusatı kral və hərbiyyəyə necə vurğundursa, mən də mənəvi-ruhi anlamda ədalətə oxşar duyğu ilə bağlıyam. Tək fərqimiz, təbii ki Selimin səmimi kralçı, mənimsə səmimi respubublikaçı olmağımdadır. Bir sözlə, həmin əsər adamın müqəddəs bildiyi prinsipə bağlılığını, ruhi halını şahanə izah edir. Cənab rəsmilər, bəlli mənada bəndənizi demokratiyanın Selim Pusatı kimi sayarsınız, barəmdə bu və ya digər tədbir almaq fikrinə düşsəniz...
***
General Qulyevlə söhbət edə-edə bir fikirləşdim ki, Xədicə İsmayılın ətrafında realizə etdikləri iyrənc işə dair sual verim, amma dərhal daşındım. Çünki nə qədər maymaq və səfeh biri kimi özünü aparsa da ard-arda veriyim suallar, burnumu hər şeyə soxmağım “Şrek”i “qəflət yuxusu”ndan ayılda bilərdi. Bu arada Azər Mehdiyevin “zon”un məscidindən çıxıb, bizə sarı addımlaması da yerinə düşdü: səbrimi basmağıma əlavə stimul oldu. Azər Mehdiyev... Hadisə və prosesləri diqqətlə müşahidə edən oxucu üçün bu ad-soyad tanış gəlməlidir. Tanış gəlməyənlərçün izah edim ki, Mehdiyev MTN-nin Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq şöbə rəisidir. Elçin Quliyev və mərhum müavini İlqar Əliyev vacib tapşırıqları ona həvalə edərmiş. Zalım oğlu o həddə qəddar imiş ki, qurbanın çecələ barmağının dırnağını kəsib gətirilməsinə dair təlimat alanda qolu çiyinlə birləşdiyi hissədən kəsib gətirərmiş. Təsəvvür edin ki, 200-ə yaxın əməkdaşı olan Antiterror Mərkəzinin rəis və müavinindən savayı cinayət məsuliyyətinə cəlb olunan yeganə əməkdaşıdır. Bu faktın özü təsdiqləyir ki, Mehdiyev xüsusilə mühüm əməliyyatların, daha doğrusu, harada zay, iyrənc işlər varsa, onların bir saylı icraçısı olub. Amma Azər və rəisi həddi çox aşıb, dövlətin zirvəsinə aid olan adamlardan birinin xanım yaxınını- poliklinikalardan birinin baş həkiminin özəl həyatını və s. nəzarətə götürübmüşlər. Daha doğrusu, “Şrek” vəzifənin imkan verdiyi nəhayətsiz imkanlardan şəxsi məqsədlərdən ötrü geninə-boluna yararlanaraq xanım baş həkimin bütün hərəkət trayektorasını, istənilən görüşünü və s. nəzarətə götürmək məqsədilə polkovnik Mehdiyevə qeyri-rəsmi göstəriş veribmiş (Bu xüsusda məlumat sahibi olan şəxslərin təsdiqləməsinə görə “SMERŞ” şefi Abakumov Ryuminə necə etimad göstərirdisə, general Quliyev də polkovnik Mehdiyevə elə etibar edirdi. Hərçənd ki, yekunda Ryumin Abakumovun edam edilməsində başlıca fiqur kimi tarixə düşüb). Polkovnik də həmişəki kimi məharətlə işinin öhdəsindən gəlir, baş həkimin sanitar qovşağında oturmasından ta yataq otağınadək bütün təfsilatı əks etdirən görüntü və qeydləri “Şrek”in masasının üzərinə qoyubmuş. Bu işlər Mahmudov, Quliyev, Çovdarov kimi qanqsterlərin xidməti kabinetlərində viski içə-içə, tam “zadəgan kayf”ında istədiyi şəxsi bitirdiyi günlərə təsadüf edibmiş...
“Şrek” və ya polkovnikin haradan ağıllarına gələrdi ki günün birində nazirlərinin qələmi sındırılacaq, onlar da qandallanacaqlar? Və ya Mehdiyevin haradan ağlına gələrdi ki, 2015-ci ilin oktyabr ayında MTN və baş idarələri mühasirəyə alınacaq, bütün rəsmi və qeyri- rəsmi sənədlər stolun üstünə töküləcək, bir-bir incələnəcək, aralarında biri xüsusi diqqət cəlb edəcək, məlum olacaq ki, hətta dövlətin zirvəsinə aid olan şəxslərdən birinə son dərəcə yaxın olan xanım baş həkim güdməyə, təqibə, dinləməyə və s. məruz qalıb. General və polkovnik tərəfindən... Məhz bu məqam Azər Mehdiyevin 8 il azadlıqdan məhrum ediilməsini, məhbəsdə məscidə gedib namaz qılmasını, ramazanda oruc tutmasını şərtləndirib. Yoxsa tuthatutda Elçin Quliyevlə İlqar Əliyevin məsuliyyətə cəlb edilməsi ilə Anterror Mərkəzindəki dairə qapanacaqmış...
Amma burada onu bərabər mühakimə olunduğu zabit və generallardan fərqləndirən əsas cəhəti qeyd etməsəm, ədalətsiz olaram: “Rüfət, etiraf edirəm, görünür, etdiklərimin bədəlini ödəyirəm. Həddindən artıq qanunsuz, vicdansız, bəd işlərə vəsilə olmuşam, Tanrı da bizi, məni belə cəzalandırdı...” Bilmirəm, həqiqətən elə idi, ya yox, amma Mehdiyev özünü elə aparırdı ki, guya uzun illər ərzində “layiqli” ximətlərinin müqabilində xüsusilə külli və külli bir tərəfə qalsın, hətta xeyli miqdara belə sahib olmayıb: “ağlayırdı”.
Gündəliyim “deyir ki”, polkovnik bizə yaxınlaşan zaman yenicə “zon”a etap olunan dustaqlardan biri nədənsə çəkinə-çəkinə yanaşıb, “Rüfət Səfərov sizsiniz?”- deyə sual verdi.
-Bəli, mənəm.
-Sizi bir dəqiqə olar.
-Əlbəttə,-deyib, kənara çəkilirik, “Şrek”lə Mehdiyevsə gəzintiyə davam edirlər.
-Sizə Kabul salam göndərib. Dedi ki, əvəzimdən Rüfəti öpərsən,- deyə boynumu qucaqladı.
-Kabul kimdir, qardaş? Siz kimsiniz?
-Mən srağagün “9”-a etap olunmuşam. “Voronok”da Kabul adlı dustaqla tanış olub qısa söhbət edə bildik. Biləndə ki “9”-a gəlirəm, xahiş etdi ki, Rüfəti mütləq gör, salam-duamı çatdır, əvəzimdən boynunu qucaqlayıb öp...
-Kabul... Kabul... Dayan, Ağsudan deyildi ki?- deyə yaddaşımı təzələdim.
-Bəli, bəli...Ağsulu...
-Həəə, xatırladım...
Lütfkar oxucu, Kabulun kimliyi və həyatı barədə bir neçə kəlmə yazmağa dəyər, zira maraqlı, bəlkə də dəhşətlidir...
Demək, Kürdəxanıdakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılırdım. Qış idi. Vəziyyəti ifadə etməkçün “soyuq”, “şaxta” kimi sözlər köməyə gəlmir. Dəhşət idi. Saxlanıldığım küncdəki kamerada istilik batareyaları da işləmirdi: bilmirəm qəsdən etmişdilər, ya yox... Bütün kameralara ayda 80 manat ödəmək şərtilə qızdırıcı plitələr verilsə də bizə yasaq idi. Palto, şalvar, ayaqqabı ilə yatırdım. Sınıq-salxaq bir qızıdırıcı- “Tefal”ı əsirgəməmişdilər. Artıq hər hansı xəstəlik, nə bilim eyy, ağciyər və ya sümük vərəmi olacağım eynimə belə deyildi. “Tefal”ı qaynadırdım, qapağını açırdım, dəqiqələrlə bütün kamera parlanırdı, canım qızırdı, söndürürdüm. Bu sıxıntıdasa kamera yoldaşım- Elşad Abdullayevin Beynəlxalq Universitetində müəllim işləmiş, deyəsən, dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmiş, dünya-aləm vecinə olmayan romantik dayday nə vaxtsa televiziyaların birində aparıcılıq edən xanımlardan biri ilə qısamüddətli sevginin elə hey xiffətini çəkib, öz-özünə donquldanardı: “Həm hislərim getdi, həm də pulum... Bunun içini... İndi yəqin kimləsə mazaqlaşır...”
-Yox dayday, işi-gücü tökülüb... Səni gözləyəcək ki, 5 ildən sonra azadlığa çıxasan- deyə qeyri-iradi rişxənd edib, qələm və kağızı əlimə aldım:
“Osvensim” konslagerinin rəisi cənab Rəşid Səfərova! Hörmətsiz Rəşid müəllim, əgər 20 dəqiqə ərzində saxlanıldığım kameradan çıxarılıb, heç olmazsa, istilik sistemi normal işləyən kameraya keçirməsəniz, intihar edəcəyəm. Qərar qətidir! İmza: Yəhudi Səfərov.”
(Açığı, dözə bilmirdim daha. İntihar etmək isə, təbii ki şərti idi...)
“Kormuşka”nı taqqıdadıb, nəzarətçini hayladım. Məktubu təqdim etdim. 15 dəqiqədən sonra rəis müavini kameraya daxil olub tələbimi təmin etdi. Başqa ikiadamlıq kameraya köçürdülər. Yeni kamerada “bomj”a oxşar-Kabul məni qarşıladı...
“Gizli zindan”da yazıldığı kimi, “məhək daşı qızılın əyarını ölçdüyü kimi, heç şübhəsiz, insanın vəzn və əyarını onun danışığı, ağzından çıxan sözlər müəyyən edir”. Bu mənada, yeni dustaq yoldaşımın təkcə xarici görünüşünə görə qəti dəyər vermək düzgün olmazdı, odur ki ilkin təmas qurdum:
-Salam. Allah qapınızı açsın. Adım Rüfətdir- deyə əlimi ona uzatdım.
-Sağ ol qədeş. Siqeetin var?
-Yoxdur.
-Otun var?
-Nə ot?
-Ala, nəşə də...
-Mənim narkotik maddəyə heç zaman meylim olmayıb. Həm də olsa belə, belə yerdə onu necə əldə etmək olar ki? Bir az ağlınız olsun!
-Ala, ağılsız özünsən. Bu dağğa 50 manat ver, təşkil edim, çəkey.
-Sağ ol ehtiyac deyil, deyib,- yeni kamerada əşyalarımı yerbəyer etməyə başladım.
Məlum oldu ki, bu gic adam 1992-ci ildən bəri qısa fasilələrlə 8 dəfə məhkumluq həyatı yaşayıb. Talama və qəsdən adam öldürməyə görə həyatını həbs divarları arasında keçirib. Talamaları ilə işimiz yox, qısqanclıq zəmnində törətdiyi qətlin analoqu yoxdur (Daha doğrusu, var, amma bədii ədəbiyyatda. Az sonra oxuyacaqsınız). Deməli, Kabul 19 yaşında ailə həyatı qurur. Bir müddət sonra içkiyə qurşanır. Həftələrlə yaşadıqları daxmaya gəlmir. Gələndə də bədbəxt gəlin 24 saat ərzində şiddət altında inləyir... Amma ata evinə dönmür, anlaşılmaz surətdə dözür. Qısa müddət sonra Kabul Raya adlı sərsəm bir qadınla tanış olur. İki sərsəri arasında eşq yaşanır. Qəribəsi budur ki, ailəli olduğu halda ərinin küçə həyat tərzinə dözən qadın onun yeni eşqini duyur, amma həzm edə bilmir. Atasının evinə dönəcəyi ilə ərini təhdid edir. “Qeyrətli” ər isə bu halı qəbullana bilmir. Arvadının yanında “bəraət” almaq məqsədilə Rayanı boğub öldürür, sevgisini və meyiti tikə-tikə edərək basdırır... Tutulur. Və 15 il “istirahət”.
-Kabul, bu nə “məntiqsiz” hərəkət idi, etmisən? Arvadının atası evinə dönməsinin qarşısını almaq üçün sevgilini doğramısan, özün də 15 il oturmusan. Məqsədin nə olub? Bu müddətdə yoldaşından xəbərin olub, yanına gəlib-gedib?- deyə sual verdim.
-Ala, sən də “müstəntiq-müstəntiq” sual vermə də. Nə bilim ey... Bəşdən xərəb olmuşam də...
-Elə müstəntiqəm də. Daha doğrusu, müstəntiq idim...
-Necə bəyəm?
Başıma gələnləri bu gicə nəql etdim. Hər halda dörd divar arasında yeganə canlı idi. Ünsiyyət qurmalı idim. Ürəyim partlayırdı. Biradamlıq və ya ikiadamlıq kamera şəraitində olmuş dostlar təsdiqləyərlər ki, birrəngli günlərin çətinliyini heç bir “kamaz” qumun çay qaşığı ilə başqa yerə daşımağın bağışladığı əzabla da müqayisə etmək olmaz.
Bir təhər ünsiyyətimiz baş tutdu. Mehribanlaşdıq. Qısa müddət sonra Kabulu “Co” deyə çağırırdım. Təkid etsə də ona bunun motivini izah etmək kimi həvəsim yox idi. Çünki bu bədbəxt “yazıçı”, “roman”, “Caz”, “Toni Morisson” kimi söz və adları eşidər-eşitməz dəli olub mənə xətər yetirə bilərdi... Söyüş, təhqir, alçaldıcı sözlər kimi qəbul edərdi...
Günün birində ona növbəti dəfə “Co” deyəndə coşdu, tələb etdi ki, təcridxananın rəhbərliyinə müraciət edim, ya məni kameradan çıxarsınlar, ya da onu başqa qərdeşlərin yanına keçirsinlər. Əks təqdirdə üzərimə qaynar su tökəcəyi ilə hədələdi. Mən onu ciddiyə almadım, mırt tutdum, növbəti dəfə “Co” deyə çağırdıqda özündən çıxdı, səs-küyə nəzarətçilər dərhal reaksiya verdilər. Şikayət etdi ki, ona “Co” deyirəm, səbəbini də izah etmirəm. Belə də məcbur qalıb, nəzarətçilərə və Kabula Toni Morrisonun “Caz”ının qısa xülasəsini verdim:
-Müəllimlər, “Caz” adlı bir roman var. Əsərdə Vayalet adlı bərbər xanımla evli olan ətriyyat məmulatı satıcısı Co Treys 18 yaşlı klub qızı Darkosa mistik məhəbbətlə vurulur. Amma çox keçmədən duyğularını iradəsinə ram etmək fikrinə düşən Treys sevdiyi qızı güllələyib öldürür. Arvadı Vayalet isə həmin qızın meyitini ülgücləmək üçün dəfnə gələndə qovulur... Birinci gün Kabul həyatını nəql edəndə onu Co ilə müqayisə etmişdim...
Nəzarətçilər gözlərini döydülər. Bəlkə də məni dəli hesab edib kameranı tərk etdilər, təxminən 20 dəqiqə sonra yenidən dönüb, Kabulu kameradan çıxardılar. Kabul sevinirdi...
Hazırlaşıb çıxanda öz-özünə mizıldanırdı:
-Ləzzetdi. Bi dənə perviyə (1 saylı cəzaçəkmə müəssiəsi nəzərdə tutulur- müəllif) də belə keçə bilsem, ela olar ey, qəqeş canı...
Əvvəllər cəza çəkdiyi 1 saylı “zon”un sələfi təriqətinə etiqad edən dustaqları Kabula xəbər göndəribmişlər ki, mütləq “1”-ə gəlsin... Evləndirəcəklər. Çöldə iffətli bir xanım tapılıb... Hə, Kabul namaza da başlamışdı... Bəs necə...
Ayrılarkən ona zarafatla söylədim ki, azadlığa çıxanda daha tibbi spirtlə suyu qatışdırıb içməsin, yoxsa yenidən mağazanın önündəki uşaq velosipedini sahibsiz bilərək götürüb aparacaq...
Bəli, Kabul belə Kabul idi...
Yeni dustağa “Salam göndərən də, gətirən də sağ olsun” deyib, öz-özümə düşündüm: qəribədir, bir neçə gün ərzində Kabulu “iynələdim”, ayrılanda belə istehza etdim, o isə mənə salam göndərmək azmış kimi, üstəlik, rica edibmiş “qucaqlayıb, üzündən öpərsən”.
Yenidən “Şrek”lə Mehdiyevə yaxınlaşdım. Polkovniki az sonra növbətçi hissədən çağırdılar. Əla! “Şrek”lə addımlaya-addımlaya fikirləşdim ki, bu dəfə Xədicə İsmayıla böhtan atmalıyam, çünki bu metod uğurluluğu ilə fərqlənmişdi...
-Elçin müəllim, bu Xədicə var eyyy?- deyə sual verdim.
-Xədicə kimdir?
-Xədicə İsmayıl da...
-Hə, nolub ki?
-Özü kimi pis insan bir də özüdür (Əslində daha kəskin və vulqar ifadə işlətdim, amma burada təkrarlamağa ehtiyac yoxdur- müəllif). Əlaqələrindən yararlanıb, bütün beynəlxalq təşkilatlara donos göndərib ki, bəs mən siyasi motivlərlə həbs olunmamışam. Bilmirəm ona nə etmişəm?- deyə Xədicə xanım haqqında böhtan uydurdum, hərçənd ki məhbəsdə olduğum dövrdə daim onun dəstəyini, müdafiəsini duymuşam... Amma məramım başqadır axı...
-Dövlətin iki düşməni var, onun biri Leyla Yunusdursa, biri də Xədicə İsmayıldır,- deyə “Şrek” söylədi.
-Müəllim, təəssüf ki onu tam bitirə bilmədiniz də.
-Bitirmək istəyirdim. Daha doğrusu, qardaşı onu bitirəcəkdi, amma alınmadı.
-Nə mənada?
-Əməliyyat planını tərtib edib, nazirə məruzə etdim, o da razılaşdı. Xədicənin yaşadığı evi nəzarətə götürdük. Səhər evdən çıxanda yaşadığı evi 3 qat mühasirəyə aldıq. Əməliyyatçılar evin qapısını açıb, yeni telefon xətti çəkdilər. Tualet, hamam, yataq otağı kameralarla “bəzədildi”.
-Bəs qəfil evə kimsə dönsə idi, nə qərar qəbul ediləcəkdi?
-Qərar belə idi ki, istər Xədicə, istər başqası əməliyyat bitməmiş evə dönsə idi, saxlanılıb yaxınlıqdakı bölməyə aparılacaqdı...
-Aha...
-Əlimizə lazım olan çəkilişlər düşdü. Ona xəbərdarlıq edildi ki, yazı-pozularında yumşaqlığa getməsə, yayılacaq, rüsvay ediləcək. Amma razılığa gəlmədi. Yayıldı. Daha doğrusu, yayılmamışdan qabaq bir nüsxəni Xədicənin qardaşına göndərdik...
-Ki?
-Öldürsün! Məlumat daxil olmuşdu: qardaşı vurub-tutandır. Şəhər uşaqları arasında ciddi çəkisi var. Bacısını öldürməyə hazırlaşırdı... Qanın arasına jurnalist dostları girib, bir təhər onu sakitləşdiribmişlər...
X HİSSƏ. Bəli, “Şrek, “baba”sı və nazirinin timsalında Azərbaycan Milli Təhlükəsəzlik Nazirliyinin 11 illik fəaliyyəti dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsindən daha çox bilik və aqumentlə susdurulması müşkül olan müxalifətçilərdən tutmuş dəyəri milyardlarla ölçülən daşınar-daşınmaz əmlak sahibilərinə- oliqarxlara, nazirlərə, deputatlara, şəhər və rayon icra hakimiyyəti başçılarınadək... minlərlə insanın şəxsiyyəti və ailəsi üzərində zor göstərməklə, şəxsi həyatlarını nəzarətə götürüb, rüsvayedici məlumatları yaymaqla şantaj edib, fantastik məbləğlərə sahiblənməklə, cəsur fərdlərin sındırılması, şərəf, ləyaqət və işgüzgüzar nüfuzlarının alt-üst edilməsi və bu kimi iyrənc əməllərlə xarakterizə olunmalıdır. (Mən bütün məsuliyyətimlə söyləyirəm: uzun illər məhbəs həyatı yaşayan, prinsiplərindən dönməyən, ardıcıllığı ilə fərqlənən müxalif fikir daşıyıcalarının bəziləri günün birində 180 dərəcə bucaq altında dəyişiblərsə, əks düşərgəyə meylləniblərsə, içdən gəlməyən mədhnamələr söyləyiblərsə, bir sözlə, əvvəlki kimi olmayıblarsa, buna şəxsi iradələrinin məhsulu kimi deyil, oturduqları unitazlardan tutmuş yatdıqları çarpayılaradək... bütün şəxsi həyatlarına burun soxub, nəzarətə götürən mənfur və şantajçı rütbə sahiblərinin işi kimi baxmaq lazımdır. Bəlkə də başadüşüləndir: utanıblar, abırlarına qısılıblar, ləyaqətlərinə sığışdırmayıblar ki, birdən yayarlar... Heç şübhəsiz, istisnalar da yox deyil: bəzi “müxalifətçi”lərin qanında əzəldən "satqınlıq plazması" olub. “Şrek”in bu xüsusda bildirdiklərini burada sadalamağı qətiyyən istəməsəm də cəmiyyətə ümumi bilgi verməyi özümə borc bilirəm. Səbirli olaq, dostlar).
Xədicə İsmayılın başına gətirdiklərini nəql edib yekunlaşdırmışdı ki, “DPNK” (“zon” rəisinin növbətçi köməkçisi) qaça-qaça biz tərəfə gəldi:
-Rüfət, rəis səni çağırır,- deyə qaranəfəs söylədi.
“Şrek” və polkovnik Mehdiyevlə sağollaşıb, inzibati binaya sarı addımladım. (Hələlik bəs idi, “Şrek” kifayət qədər danışmışdı. Çox da “tamahkarlıq” etməyə hacət yoxdu: “zon” burda, mənlə “Şrek” də içində, işimizin-gücümüzün adı yoxdur, günlər, aylar, illərsə irəlidədir).
Rəisin qəbul otağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri- milliyyətcə qırğız və fransız olan iki əməkdaş gözləyirdi. “Zon” rəhbərliyi ilə söhbət edib çıxmışdılar. Sağ olsunlar, növbəti “kars”lardan birindən sonra hər ay ən azı bir dəfə baş çəkirdilər. Bu yerdə oxucular üçün “həlledici” karsın tarixçəsi maraqlı olar, buna görə də bəzi xüsusatları yazım, burda qalsın...
Günün birində məhkumlara qarşı qeyri-bərabər münasibətin durdurulması tələbilə dustaq yoldaşım Cavid Şirəliyevlə birlkdə “zon” rəisinin əməliiyat işləri üzrə müavininin qəbuluna getdik. Adi yerə tüpürməyə görə bir neçə sutka “kars”la cəzalanan dustaqların döyülmələrinə, fiziki işgəncəyə, qeyri-insani rəftara məruz qalmalarına, “əli cibində olan” məhkumlarınsa min oyundan çıxmasına göz yumulmasına dair şikayətlərimizi çatdırdıq. Əks təqdirdə qeyri-müəyyən muddətə aclığa başlayacağımızı bildirdik. Xüsusilə, soruşduq ki, Yevlaxdan olan müdafiəsiz və imkansız Zabil ilə “zon”un sexində usta kimi işləyən birisi (adını nədənsə gündəliyimə yazmamışam) arasında toqquşma ikincinin xətası ucbatından yaranıbsa, nədən ömrünün 18 ilini “stolıpin”də (dustaq daşıyan qatar-vaqon) işləyən, köhnə dustaqların təsdiqləməsinə görə bu illərdə bir dəfə də olsun tamahkarlıq etməyən, quruca maaşı ilə dolanıb, borclarını qaytarmaqçün bankdan götürdüyü krediti ödəyə bimədiyinə görə dələduzluqada təqsirləndirilib, 9 il müddətinə azadlıqdan məhrum edilən yazıq Zabil 1 il müddətinə Qobustan həbsxanasına göndərilməlidir, o biri isə 10 günlük “kars”la problemi çözməlidir? Cavab olmadı. (Bəli, Zabil üçün fədakarlıq etməyə dəyərdi. Çünki sonradan məlum olacaqdı ki, xətakar Zabil “zon”un rejim rəisinin müavininin bir neçə əməkdaş arasında tərs silləsinə zəif canı, qeyri-mütənasib bədən quruluşu ilə adekvat cavab veribmiş. Baxmayaraq ki, bunun yekununda xidməti kabinetdəcə təpilkərin altında futbol topu kimi o tərəf-bu tərəfə atılıbmış. 2 saat ərzində...) Belə də qəti qərar verib, səhər saat 8-00-da aclıq aksiyasına başladıq, bu barədə rəsmi yazılı müraciəti “DPNK”-ya təqdim etdik. Əvəzində əməkdaşların zorakılığı ilə üzləşdik. Düz “zon”un göbəyində. Başqa “zon”larda bu sayaq davranış, dustaqların gözləri önündə digər məhkuma zor tətbiq edərək növbətçi hissəyə sürümək bir qayda olaraq mümkünsüzdür. Mən vəhşiliyə, təbii ki oxşar cavab verməkdən çəkindim, əvəzində düz “zon”un mərkəzində uca səslə şüar səsləndirdim: “Rədd olsun diktatura! Yaşasın demokratiya!” Bir neçə dəqiqə sonra ayıldım ki, “kars”dayam: əllərim və ayaqlarım qandallarla “şkonka”ya bağlanmış şəkildə. Təxminən 30 dəqiqə sonra “zon” rəisinin tərbiyəvi məsələlər üzrə müavini Azər Bağırzadə (haqqında növbəti hissələrdə daha ətraflı nəql edəcəyəm qismət olsa) “kars”a daxil oldu. Məni və atamı dövlətə və vətənə xəyanətdə təqsirləndirsə də əmr almadan işgəncə verməyə cürəti çatmadı. Başıma oyun açıb, məhv edəcəyi ilə hədələdi, maksimum-3 il müddətinə Qobustan həbsxanasına göndərəcəyi ilə təhdid etdi. Mənsə bir kəlmə işlətdim: “Edərsən”. (Amma sonradan iş elə gətirdi ki, Azərin özünü tulladılar. Dustaqlardan birini məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərməyin qarşılığında valideyndən pul istəmişdi: telefon danışığı zamanı. Valideyn də tənbəllik etməz, səs yazısını yazar, aparar qoyar ya Fikrət Məmmədovun, ya da müavininin masasının üzərinə. Alternativ yol qalmaz: Azər bədbəxt olar. Doğru deyiblər, sən saydığını say, gör bir fələk nə sayır...)
...1 saat keçir. Penitensiar Xidmətin xüsusi təyinatlıları “zon”a daxil olur. Məni “kars”ın kamerasından çıxarıb, gəzinti yerinə keçirirlər. Artıq Penitensiar Xidmətin rejim rəisi olan Füzuli (soyadını bilmirəm) və yanındakı 7-8 nəfər cəlladla qabaq-qənşər dayanmışıq. Dustaqlar arasında son dərəcə amansız, məhkum qanına təşnə biri kimi ad çıxaran Füzuli təxminən 1 dəqiqə ərzində üzümə tərs-tərs baxıb, yumruqla sifətimə ilk zərbəni endirdi. Əllərim qandalda olsa da müvazinətimi saxlaya bildim, yıxılmadım. Bundan əsəbiləşən yanındakı cəlladlardan biri məni əlləri arasına qaldıraraq yuxarı qaldırıb yerə çırpdı. Zalım oğlu elə bil kartof atırdı. Bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib ayıltdılar. Əvvəldən sözləşibmişlər kimi, 7-8 cəllad eyni zamanda üzümə tüpürməyə başladılar. Əllərim arxadan bağlı olduğuna görə çənəmi tam sinəmə dayadım ki, heç olmazsa, iyrənc ağızlardan çıxan bir topa tüpürcək başıma, tüklərimə hopsun. Amma bu, daha da vəhşiləşmiş Füzulini və cəlladlarını qane edə bilməzdi. Biri sağ, o biri sol qulağımdan tutub başımı qaldırdı. Mən yenidən var gücümlə başımı aşağı endirmək istəyəndə Füzuli dəyənəklə boynumun ardından vurub yerə sərdi. Qollarımı qandaldan azad etdilər. Bir ayaq sağ, bir ayaq sol qolumun üstünə, 4 ayaq sağ, 4 ayaq sol ayağımın üzərinə qoyuldu ki, tam tərpənməz qalım. Təxminən 20 dəqiqə ərzində fasiləsiz surətdə yumşaq ətimə zərbələr endirildi. Özümü yarımçıq hiss edirdim: göbəkdən aşağı nahiyələr artıq mənə aid deyildi... Yenə bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib yenidən ayıltdılar, boş vedrəni də başıma çırpdılar. Bu zaman Füzuli ayağını başımın üstünə qoyaraq: “Yenə özünü qudurğan kimi aparassan?”- deyə qışqırdı. Heç bir reaksiya vermədiyimi görüb əmr etdi: “Dabanını əzin!” Təxminən 15-20 dəqiqə ərzində pəncəmin altına zərbələr vurmağa başladılar. Əvvəlki kimi baş, əl və ayaqlarımın üstündə az qala oturmuşdular. Artıq taqətdən düşdüm, dözülməz ağrılar iradəmə üstün gəldi: “Ay ana! Ay ana! Ay ana!”- deyə bir neçə dəqiqə ərzində qışqırdım. (Bu yerdə təcrübəli dustaq kimi gənc dissidentlərə bir tövsiyə verim: işgəncə altında qətiyyən susmayın, çalışın qışqırasınız, belə də sanki zərbələrin doğurduğu ağrılar uzun çəkmir. Və çalışın ki, üzüüstə yerdə çabaladığınız zaman təkcə çənənizi deyil, həm də ağzınızı döşəməyə dayayıb var gücünüzlə məhz “Ay ana! Ay Ana! Ay ana!” nidalarını betona sancasınız, əmin olun, o nidalar asanlıqla torpağa keçib, ana ürəyinə yol tapacaq. Axı deyilənlərə görə torpağın da “nəbz”i var. Anam Tahirə Tahirqızı təsdiqləyə bilər ki, həmin zaman qohumların birinin həyətində namaz qılırmış: səcdəyə gedərkən ox-nidalar sürətlə torpaqdan çıxaraq ürəyinə sancılıbmışlar, əyan edibmişlər ki, oğlun hansı vəziyyətdədir... Həmin rabitə ana dualarını fasiləsiz etməklə ən ağır işgəncəni belə yüngülləşdirir. İnanın). Bir də baxam ki, bədbəxt Azər, -o Azər ki, sahibləri gələnədək cəsarət edib, barmağını belə mənə toxundura bilməmişdi,- arxadan kürəyimi təpikləyir...
Nə isə ki, artıq mütəhərrik meyitəm. Qollarıma girib, kameraya atırlar. Kamerada tualetin ətrafında elədən-elə, belədən-belə sürüyüb bədənimlə döşəməni təmizləyirlər. Bütün müqəqddəslərə and olsun, əziz oxucu, bununla da ürəkləri soyumur, yenidən əllərimi, ayaqlarımı “şkonka”ya bağlayıb çıxırlar. Axşam saat 17.00-dək belə vəziyyətdə qalıram. Nə qədər istəsəm də... tualetə getmək üçün qandaldan azad etmirlər. Özümü batırıram. Özüm-özümdən iyrənirəm. İt kökündəyəm. Daha doğrusu, itdən də betər. Sağ olsunlar, ailəm, Eldəniz Quliyev, Bəhruz Bayramov həyacan təbili çaldıqdan sonra Ombudsman Aparatının əməkdaşları, daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə baş çəkdilər. Peşəsindən irəli gələrək ən dəhşətli səhnələrə şahidlik edən pakistanlı həkim mənə baxıb göz yaşlarını saxlaya bilmədi...
Məhz bu 10 günlük “kars”dan sonra Qırmızı Xaç Komitəsinin təmsilçiləri söz verdikləri kimi ayda 1-2 dəfə “zon”a baş çəkdilər. Ta azadlığa çıxanadək...
Bəli, əziz oxucu, bilirəm ki, bu sətirlər Sizi sarsıtdı, təfərrüatların qələmə alınmasında bir fayda olmamış deyil. Bu və buna bənzər yaşanmışların təsviri hazırkı idarəçiliyin anatomiyasını tam anlamaq üçün mühümdür.
Qonaqlarla- Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə bizim üçün ayrılmış otaqda bir az söhbət etdik, sonra istəklərinə uyğun olaraq bərabər “zon”a keçib baraka daxil olduq, yataq dəstlərimdən tutmuş oxuduğum kitablaradək maraqlandılar. Tərslikdən də həmin zaman “tumboçka”mın üzərində Hitlerin “Kavqam”ı idi. Fransız atamın Ankaradan gətirdiyi kitabı əlinə götürüb, bir o tərəfinə, bir bu tərəfinə baxdı, dilinin ucunda öz-özünə nəsə deyib, yerinə qoydu... Ayrıldıq.
Gündəliyim “deyir” ki, bu arada “zon”da ildırım sürətilə bir xəbər yayılır: Çovdarovun “sançast”dakı otağını “şmon” edirlər. Rəhbərsə Azər Bağırzadədir. Təbii ki ilgincdir. Əcaba nə baş verib? Mən həmin zaman diş həkiminin yanına getmək bəhanəsilə növbətçi hissəni adlayıb “sançast”a sarı addımladım.
Nəzarətçilərlə atüstü söhbət zamanı öyrəndim ki, Çovdarovun razılaşdırmamış, gizli surətdə əl telefonu işlətdiyinə dair “zon” rəhbərliyinə məlumat daxil olub. Dərhal Penitensiar Xidmətə və Nazirliyə məruzə edilib. Əmr verilib ki, təxirəsalınmaz surətdə “şmon” realizə edilsin, mobil telefon aşkara çıxarılsın. Mən nəzarətçilərlə “sançast”ın qapısından bir qədər kənarda söhbət edən zaman zabitlərdən biri çıxıb iti addımlarla bizə sarı yeridi. Dərhal ayrılıb, həkimə getmək bəhanəsilə “sançast” istiqamətində addımladım. 5-6 addım yerimişdim ki, zabitin həyacan dolu cümləsini çətinliklə də olsa eşitdim:
-Ala, bu qoca deyəsən buradan Eldar Mahmudovla danışırmış. Aləm dəyib bir-birinə...
Xl HİSSƏ. Məni heyrət bürüdü. Uzun illər ölkənin altını üstünə çevirəsən, insanlıq əleyhinə nə qədər cinayət varsa işlədəsən, tabeçiliyində olan çavuş, gizir, zabit heyətini ən mənfur ictimai təhlükəli əməllərə sövq edəsən, hakimiyyətdaxili ziddiyyətlərin yekunu kimi işdən qovulasan, 10 milyon vətəndaş tələb etsə də dövlətin cinayət təqibinə məruz qalmayasan, azadə həyatını davam etdirib, baş verənləri “həyat suyu” ilə yola verəsən, müvəqqəti olaraq “sağ əli”ni itirsən də... onunla vaxtaşırı telefon əlaqəsinə girməkdə bir problem yaşamayasan, bax bu doğrudan da heyrətamizdir.
Çovdarov da məhbəsə düşə, sanksiyalaşdırılmamış, həddindən artıq sərbəst tərzə üstünlük verə, gizli surətdə mobil telefondan yararlana, əməliyyat korpusuna informasiya daxil olanda “şmon” keçirilə, bu əsnada “zampalit” (Azər Bağırzadə), ailəsi, əqrəbası barəsində təhqiramiz ifadələr söyləmək azmış kimi, nazir Fikrət Məmmədovun, nazirin müavini- Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun, hətta spikerin, baş nazirin, administrasiya rəhbərinin, daxili işlər nazirinin, DTX rəisinin, məxləs, İlham Əliyevdən savayı Azərbaycanda nə qədər yüksək çinli məmur varsa, hamısının haqqında burada yazılması mümkün olmayan vulqar sözlər işlədə, lakin bununla əlaqədar adekvat tədbir görülməyə, bax bu, ikiqat heyrətamizdir.
Doğrudur, Mahmudovla Çovdarovun telefon danışıqlarının birbaşa şahidi olmadım, ümumiyyətlə, “şmon” zamanı “Şrek”in “baba”sının lüks otağından hər hansı kommunikasiya vasitəsinin aşkar edilib-edilmədiyini dəqiq bilmədim, lakin mənzərəni aydınlığa qovuşdurmaq üçün ehtimallar irəli sürmək və bu fərziyyələrə daha da ciddilik verən faktları önə çəkmək mümkündür.
Beləlilkə, “şmon”dan dərhal sonra Çovdarovun otağından “cəza tədbiri” kimi 3 əşya götürüldü:
1. Televizor;
2. Kondisioner;
3. Duş aksesuarları.
“Zon”dakı lüks otağından isə nədənsə yalnız duş aksesuarları götürüldü.
Bəli, bu da “sosial ədalətin bərpası”, məhkumun “islah edilməsi” və digər məhkumlar tərəfindən analoji əməlin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən “hüquqi tədbir” oldu. Və istər-istəməz belə arqument möhkəmləndi ki, axtarılan əşya Çovdarovun “sançast”dakı “xidməti” kabinetində tapılmasaydı, bunca “ciddi” və “amansız” tədbir alınmayacaqdı. (Baxmayaraq ki, “Akif baba”nın hərəkəti cinayət qanunvericiliyində cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməl, yəni cinayət sayılırdı).
Yaxşı xatırlayıram, Çovdarovun ətrafında baş verən məlum əhvalatın zəminində “zon”da uzun müddət dedi-qodular səngimədi: biri qanqster generalın köməyinə şantaj xarakterli məlumat daşıyıcılarının, digəri şəxsən Eldar Mahmudovun gəldiyini söylədi, başqa sözlə desək, kimin ağlına nə gəldisə, ona uyğun da mühakimə yürütdü. Amma fakt faktlığında qaldı ki, əgər “şmon”un nəticəsi “məhsuldar” olmasaydı, o belə “ağır” şəkildə “cəzalandırılmayacaqdı”.
Heç şübhəsiz, qısa aradan sonra həm “sançast”dakı, həm də “zon”dakı “xidməti” kabinetlərdən götürülmüş sözügedən əşyaları quzu balası kimi yerinə qaytardılar. Daha doğrusu, polkovnik Səlim Məmmədovun təklifi ilə “zon”dakı kabinetlərinə gedəndə hər şeyin yoluna qoyulduğunun şahidi oldum, hələ, üstəlik “şmon”u icra edən “zampalit”in- Azərin əvvəldə olduğu kimi sonda da dərsinin verildiyini eşitdim...
Neçə gündür ki, bu Azərin barəsində müəyyən təfərrüatları qeyd etmək istəyirəm, amma düşünürəm ki, görəsən belə durumda daha da dərinliyə getməyə hacət var, yoxsa yox... Çünki eşitdiyimə görə canı ilə əlləşir, xərçəng xəstəliyindən əziyyət çəkir: oxuyar, əsəbiləşər, həyacan öz apogeyinə çatar, xəstəlik daha da inkişaf edər və... Yekunda qərar verdim ki, yazmalıyam.
Bir gün “zon” rəisinin yanına gedib, -açığı, birbaşa mənada rəisin heç zaman pis davranışını görmədim, imkanları həddində mənə pis olmadı,- tərbiyəvi məsələlər üzrə müavini Azər Bağırzadənin dustaqlara qarşı insanlıqla bir araya sığmayan münasibətinə, səhərin gözü açılmamış axşamdan “vurduğu” arağın ağır “paxmel”ini yerli-yersiz yazıq məhkumların üstünə tökməsinə, bəzi hallardasa özünü tam debil, daha doğrusu, qızmış şir kimi aparıb, binəva insanların üzərinə şığımasına dair şikayətimi etdim. Tam səmimi söhbətə başladım. Rəisi olduğu 9 saylı “məhdud məsuliyyətli cəmiyyət”in kommersiya fəaliyyətinə “xeyir-dua”mı verdim, bəlli anlamda demaqoqluğa getməyəcəyimi söyləyib, məhkum-rəhbərlik münasibətləri bir növ marketdəki satıcı-alıcı əlaqələrini xatırlatsa da “bazar olsun” dedim, fəqət idbar Azərin adamı hövsələdən çıxardan hərəkətlərinə bir əncam çəkməsini rica etdim. (Çünki bilirdim, “zampalit”ə 2-3 “ağır çəkili” general dəstək verir ki, bu da onun rəisin yanında tam sərbəstliyini şərtləndirir...)
-Nolub ki?- deyə Baba Gülməmmədov soruşdu.
-Məsələn, sizin tərbiyəvi məsələlər üzrə
müavininiz “razvod”un qarşısına çıxıb deyir: “Bir neçə cındır “zon”da şayiə yayır ki, dustaqlardan pul alıb, problemlərini yola verirəm, “şkonka”nın aşağı mərtəbəsini, uzunmüddətli görüşləri pul ilə satıram, “qara zon”dan fərqli olaraq 15 dəqiqəlik telefon danışığını 2 manata satıram... Ala, əcəb edirəm! Burda dayananların hansı rüşvət almayıb? Biriniz “QAİ”də, biriniz orduda, o biriniz polisdə, digəriniz məhkəmədə, istintaqda ya camaatın evini yıxıbsınız, ya da pulunu alaraq yola salıbsınız! Səhv deyirəm, ala? İndi mən də əcəb edirəm, alıram! İstəyirsiniz nazirə, istəyirsiniz prezidentə, istəyirsiniz Obamaya, Trampa şikayət edin. Belə də ki, kim şikayət etsə onu “raboçi”lərin sırasına qoşmasam, məndən cındır adam yoxdur! Cındırlar blət!” Rəis, nə alır, nə verir, özü bilər, özünüz bilərsiniz, buna qarışmıram, amma “razvod”da 300 nəfər dustağa xitabən belə təhqiramiz ifadələri eşidirəm, birbaşa şəxsimə deyilməsə də qəbullana bilmirəm. Əli-qolu bağlı insanlara belə münasibəti Allah götürməz... Digər dustaqların gözləri önündə saçları ağarmış məhkumu sərt formada aşağılamağın, təhqir etməyin, 7 mərtəbəli söyüşlərə məruz qoymağın adı “ədliyyədir”, yoxsa? Ya da Qərbi Azərbaycandan deportasiya olunanları “zənci” adlandırmasının adı “penitensiardır”?- deyə uzun-uzun nitq irad etdim, insafən səbirlə dinlənildim də.
-Ay kişi, sənin işin-gücün yoxdur?
-Nə mənada?
-Başqalarından sənə nə? Get başını aşağı sal, “srok”unu çək də... Belə xasiyyətlə 9 ili necə yola verəsən? Şəxsi işin az qala 10 qovluqdur. Nə qədər “kars”a düşmək olar?- deyə sərt formada sualı sual ilə cavablandırdı.
-Mən “zənciyəm”, rəis?
-Rüfət, bərəkət haqqı, sənlə Azərin arasını qızışdıranlar var. Ola bilməz ki, Azər elə söz işlətsin. Bəsdi də, ala. Sən bura gələndən “zon” barədə orda-burda böhtan yazırlar. Açıq söhbət edirəm, bu “zon”da heç vaxt problem olmayıb... Nolub, ala? Bəsdi də. Azərin əvəzindən and içərəm ki, “zənci” söhbəti boş söhbətdir- deyib, masasının üstündəki qənd qabından bir qəndi götürdü, yerə tulladı... Belə and içirdi...
Xatırlayıram, qəndi yerdən götürüb, masasının üstündəki qəzetin üzərinə qoydum və istədim ardını gətirim ki, dustaqların ümumi fikri bundan ibarətdir: Azər xidməti kabinetdə nəşələnib “zon”a çıxır, sonra daşındım, çünki birmənalı surətdə rədd edəcəkdi... İcazə alıb, çıxdım.
Doğrudan da Azər bəzi hallarda adətinə xilaf çıxaraq dustaqlarla anormal surətdə danışıb-gülürdü, qırımından açıq-aşkar duyulurdu ki, bu original Azər deyil, nəsə başqadır- hallıdır. Yəqin elə hallı günlərindən birinə düşübmüş ki, zəng edən dustaq valideynini xidməti kabinetinə çağırıb, təhlükəsiz formada alış-veriş etmək əvəzinə telefonda birbaşa və konkret “summa”nı oxuyub: 7 min! Hansı ki əvvəlki hissədə nəql etdiyim kimi, bunun da nəticəsində atılmışların yanına atılıb...
Ümumiyyətlə, həbs dövründə “zampalit”lə bir neçə dəfə mübahisəmiz oldu, dedi cavabını aldı, günün birində gündəliklərimdən birini müsadirə edəndə şərti adını Üçbucaq (başının quruluşu üçbucağı xatırlatdığına görə) qoyduğumu biləndən sonra lap barışmaz düşmənə çevrildi. Hərçənd əvvəlki hissədə qeyd etdiyim kimi, Füzuli və dəstəsinin işgəncə verdiyi zaman fürsəti fövtə verməyib, arxadan kürəyimi təpikləməyini nəzərə almasaq, üzbəüz surətdə əl qaldırmağa heç vaxt cürəti çatmadı. Ona görə də rəisə, əməliyyat məsələləri üzrə rəis müavini Samirə eyni cümləni dedim:
-Onsuz da əllərim bağlı idi. Üzümə baxıb əl qaldırsaydı belə, adekvat cavab verməyəcəkdim. Çünki bütün hallarda zorakılığa zorakılıqla cavab vermək təbiətimə yaddır. Amma Azər “təpik oğrusu” kimi kürəyimi təpikləyirdi. Samir, kişi kişiyə arxadan zərbə endirər?
-Yox.
-Deməli, təsdiqlənir ki, Azər kişi deyil.
-And-aman edir ki, mən Rüfətə “kars”da əl qaldırmamışam.
-Düz deyir, əvvəl əl qaldıra bilməmişdi, ancaq sonradan arxada ayağını qaldırdı. Sağlıq olsun...
Nə isə, əziz oxucu, Azər belə Azər idi...
***
Məni hər zaman bir məsələ düşündürüb: 11 il az qala vitse-prezident funksiyasını yerinə yetirən Eldar Mahmudovun və komandasının bitirilməsinin əsl səbəbi nədir? Rəsmi mövqeyə etibar etmək olmaz, çünki onların etdiklərini çoxları etməkdədir. Düzdür, bununla bağlı son 5 ildə ayrı-ayrı adamlar tərəfindən ən müxtəlif versiyalar irəli sürülüb. Amma əsl səbəbi və ya səbəblər toplusunu Akif Çovdarovdan və ya Elçin Quliyevdən savayı kim bilə bilər ki? Təbii ki, çox az adam. Odur ki, nəyin bahasına olursa-olsun, “Şrek”lə ünsiyyəti daha da sıxlaşdırıb, dərin etimad qazanmaq lazım idi... Çovdarov qurddur...
Atamgil növbəti görüşə gəldilər, söhbətləşdik, “Şrek”in təklifi barədə danışdım, xeyli güldük. Amma atama dedim ki, özümü elə aparacağam ki, kamera önünə çıxıb yalvarmağa, hətta azadlığa çıxdıqdan sonra 1-ci Fəxri Xiyabana getməyə hazıram. Ki görüm bu səfehdən MTN ətrafında baş verən məlum hadisələrin gerçək səbəbləri barədə bir şey ala bilirəm... Əmin idim ki, “xətrimə dəyməyib” növbəti sirrin üzərindən pərdəni çəkəcək. İndiyə kimi yadımdadır, yazıq atam dedi:
-A bala, dinc otur, görək başımıza nə gəlir.. Qoy rədd olsun eyy...
Görüşdən çıxıb “zon”a keçdim. Dəqiq bilirdim ki, harada olsa “Şrek” bu dəqiqə məni tapacaq. Çünki hər görüşdən sonra başımı xarab edirdi: “Rüfət, nə xəbər? Erməni (Ramiz Mehdiyev nəzərdə tutulur- müəllif) gedir? Göbbelsin (Əli Həsənov nəzərdə tutulur- müəllif) vəziyyəti necədir? Atan nə deyir? Nə yenilik var? Bizim işimizdən nə deyirlər? Nə yazırlar?”
Budur, gəlir, amma tək deyil. Polkovnik Azər Mehdiyev də müşayiət edir. Elə yeriyirlər ki, elə bil Antiterror Mərkəzindən çıxıb Mahmudovun qəbuluna tələsirlər...
Həmişəki kimi:
-Eldar müəllim, necədir? O günkü danışdığımızı məsləhət elədin?- deyə ənənəvi suallarını bir kənara qoyub, birbaşa keçid alır bəndənizin “əfv”inə ki, bu da başa düşüləndir: birilərinin yüksək diqqətini cəlb etməkçün...
-Bəli, müəllim, gənəşdim,- deyə birbaşa cavab vermədim.
-Nə etdin?
-Atama gənəşdim,-  deyə səfehin rusdilli olduğunu bildiyimdən, bir az mırt vurmaq istədim.
-Qanaşmaq nədir? Nə qan?
-Müəllim, gənəşdim, yəni atamla məsləhətləşdim. Razıdır. Açığı özüm də bezmişəm. Nəsə olan deyil. 50 il bunlar oturacaq. Peşmanam. İt peşmanı. Bütün ailə-uşağı pis vəziyyətə salmışam. Belə olmaz. Çox düşünüb, belə qərar verdim. Atam da xeyir-dua verdi.
“Şrek” sevindiyindən sifət cizgilərini elə formaya saldı ki, təxminən ərəb əlifbasında “azadlıq” kəlməsini oxumaq olardı...
-Gedim onda rəisə dəyim, gəlirəm. Jurnalistləri çağırsınlar.
-Hə, müəllim, mümkünsə. Nə lazımdır, deyəcəm. Siyasətdən tam kənara çəkiləcəm.
“Şrek” növbətçi hissəyə getdi, lakin “əliboş” qayıtdı. Azər də, deyəsən, namaz qılmaq üçün Kürdəxanıdakı İstintaq Təcridxanasının kamerasında 3 il bərabər qaldığı dustaq yoldaşı Zaminlə namaz qılmağa getdi. (Ümumiyyətlə, o gününün əksər hissəsini məsciddə keçirirdi).
Generala bir az yeriməyi təklif etdim. Həmən razılaşdı. Bu dəfə səbrimi basa bilmədim, əsas mətləb ətrafında “oynayıb”, uyğun zəmin yaratmadım. Əmin idim ki, yanında yüksək etimad qazandığım “Şrek” məlum razılığımdan sonra nə soruşsam, deyəcək...
-Elçin müəllim, doğrudan, bəyəm bu ölkədə bir MTN pis işləyirdi? Dövlət başçısı niyə belə etdi?- deyə sual verdim. Gözlədiyim kimi, “xətrimə dəyməyib”, hekayəni nəql etdi:
-Heç nədən.
-Aha...
-Demək, Avropa Oyunlarına hazırlaşırdıq. Təhlükəsizlik tədbirlərini yüksək səviyyədə qurmağa başlamışdıq. Həmin ərəfədə Əl Oyunları Sarayında tədbir keçirilirdi. Dövlət başçısının ailə üzvləri- Mehriban Əliyeva, Leyla Əliyeva, Arzu Əliyeva da orada idi...
XII HİSSƏ. Növbədənkənar qeyd. Əslində hazırlaşırdım ki, sabah Elçin Quliyevin etiraflarına əsaslanıb, Antiterror Mərkəzinin əməliyyatçılarının AXCP sədri Əli Kərimlinin partiyanın Xəqani-33-də yerləşən qərargahına, eləcə də yaşadığı mənzilə “juçok” yerləşdirilməsi barədə yazım... Amma bir az tələsməli oldum. Çünki elə bu gün “Azadlıq”ın baş redaktoru Qənimət Zahid post paylaşaraq göstərdi: “Əli bəyin divar qonşusu Mərkəzi Bankın sədri Elman Rüstəmovdur. Əlbəttə, Elman Rüstəmov həmin mənzildə 25 ildən artıqdır ki, yaşamır və “Sözarası” proqramında dediyim kimi Elman Rüstəmov o mənzili xüsusi xidmət orqanlarına “kirayəyə verib”. Yəni, mənzil faktiki olaraq Azərbaycan xüsusi xidmət orqanlarının Əli Kərimliyə qarşı təqib-izləmə mərkəzlərindən biri idi. Yaxın günlərdə isə həmin mənzil məskunlaşdırılıb. Bu mənzildə məskunlaşdırılan adamların kimliyi bəlli deyil, daha doğrusu, mənzil bu zamana qədər hansı təyinatla istifadə edilirdisə, indi həmin əməliyyatlar daha da aktuallaşdırılıb”.
Belə olan halda özümə vətəndaşlıq borcu bilirəm ki, bir daha Qənimət bəyin söylədiklərini Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin müvafiq etirafları əsasında təsdiqləyim. Üstəlik, onu da özümə vətəndaşlıq borcu bilirəm ki, Elçin Quliyevin əməliyyatçılarının Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin yaşadığı evi bir müddət dinləmə qurğusu ilə nəzarətdə saxladıqlarını söyləyim. Hazırda Əli bəyin və Gültəkin xanımın yaşadıqları mənzildə həmin “juçok”ların qalıb-qalmaması barədə səhih məlumata malik deyiləm. Sadəlövh dostlar soruşa bilərlər: evə necə daxil olub “juçok”, müşahidə kamerası yerləşdirmək olar? Cavab verirəm ki, illər öncə kobud üsul tətbiq edirdilər, mənzildə kimsənin olmadığını müəyyənləşdirib qapını asanlıqla açırdılar, əməliyyatı icra edib çıxırdılar. Artıq “təkmilləşmə” mövcuddur. Quliyevin etirafına görə yeni nəsil alətlərin köməyi ilə beton divarı asanlıqla və sakitcə deşib, iynənin ucu boyda kameranı, məsələn, çılçırağın yaxınlığında yerləşdirmək su içimi kimi, tum çırtlamaq qədər asandır. Odur ki arxadaşlar, diqqətli olaq.
***
-Nə tədbir idi ki, Elçin müəllim? Prezident də orada idi?- deyə “Şrek”dən soruşuram, lakin dərhal da sözünü kəsib, sual verdiyimə görə peşman oluram, adama deyərlər, imkan ver, danışsın da...
-Yox, yalnız ailə üzvləri idi. Deyəsən, kiminsə konserti idi...
-Aha...
-2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarına sayılı günlər qalmışdı. Respublkada, xüsusilə Baklda təhlükəsizliyin yüksək səviyyədə qurulması üçün tədbirlər planı tərtib etmişdik. Ekstremizm və onun müxtəlif formaları, xüsusilə, dini məqsədlərə çatmaq üçün zorakılıq, terror ola bilərdi . Çünki 50-yə yaxın dövlətdən 6000-ə yaxın idmançı, dövlət və hökumət başçıları gələcəkdi. Dövlət başçısı da tez-tez görülmüş tədbirlər barədə geniş arayış tələb edirdi. Avropa Oyunlarının keçiriləcəyi məkanlar 24 saat nəzarət altında idi: kim daxil olurdusa, ərazidə hansı kommunikasiya vasitələri, -telefondan tutmuş noutbuka qədər,- daşınırdısa, sərəncamımızdakı elektron vasitələrlə təsbit edilirdi. Nazirliyin bütün strukturları, xüsusilə, Antiterror Mərkəzinin şəxsi heyəti tam gücləndirilmiş iş rejimində işləyirdi. Həm də dəqiq bilirdik ki, Avropa Oyunları dövründə təhlükəsizlik tədbirlərini uğurla yekunlaşdırsaq, heç bir problem yaşanmasa, dövlət başçısının yanında etibar və etimadımız daha da artacaq. Bir növ imtahan qarşısındaydıq. Şükür, hər şey planlaşdırılmış kimi oldu, uğurla nəticələndi... Bircə...Həə... Onu deyirəm ey... Eee... O hadisəni yəqin ki, xatırlayırsan da?- deyib, qeyri-müəyyən cümlələr söyləyərək sual verdi. Nəyisə yadına salmaq istəyirdi.
-Nəyi, müəllim?
- O... zaddı... “avariya” olmadı?- deyə yenə anlaşılmaz sual verdi, mən də pəjmürdə olub, öz-özümə düşündüm: bu maymağa nə oldu belə, nə baş verdi ki, qəfil nitqindəki rabitəni itirib gücənə-gücənə sınıq-salxaq söz-cümlələri dilə gətirir...
-Elçin müəllim, açığı, anlamıram söhbət nədən gedir,- deyə reaksiya verdim.
-Həə... Həə... Yadıma düşdü. Yadında, Bakı Olimpiya Stadionunun qarşısında avtobus qəza törətdi eyy... Avropa Oyunları zamanı.
-Bəli, yaxşı xatırlayıram. Səhv etmirəmsə, avtoqəza Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvlərinin vurulması ilə nəticələnmişdi. Buna görə 3, yoxsa 4 nəfər vəzifəli şəxs də həbs olunmuşdu.
-Ay sağ ol. Amneziya xəstəsi olmuşam ey, deyəsən...
-Elçin müəllim, o işdə həbs olunan Nizami Rayon Polis İdarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənovla söhbətimiz olub. Bir qədər məlumatlıyam.
-Harada?
-Kürdəxanı İstintaq Təcridxanasından “zon”a etap olunduğum gün idi. 1-ci mərtəbədəki müvəqqəti saxlama kamerasında “voronok”u gözləyirdim. Az sonra Elçini də gətirdilər: məhkəməyə aparırdılar. Tanış olduq, aydınlaşdı ki, Bakı Olimpiya Stadionunun qarşısında baş verən həmin avtoqəza zamanı adaşınız növbədə imiş.
-O başdanxarab gədə bizi zibilə saldı da...
-Müəllim, amma and-aman edirdi ki, avtoqəzanın görüntülərini o yaymayıb. Sadəcə həmin gün növbətçi olduğundan stadionun yaxınlığındakı müşahidə kameralarının qeydə aldıqları görüntülərin məhz onun tərəfindən yayıldığı qənaətinə gəlmisiniz. Adaşınızsa sonrakı növbətçidən şübhələnirdi. Ağlayıb-sızlayırdı ki, heç bir təqsiri olmadığı halda polisdə işgəncəyə məruz qalıb, etirafedici ifadələr vermədiyinə görə dəhşətli “press” veriblər, qondarma cinayət məsuliyyətinə cəlb edərək məhbəsə atıblar. Hətta deyirdi ki, hadisə baş verən günün ertəsi Ramil Usubov onu qəbul da edibmiş, səhlənkarlığına görə danlayıbmış, o binəva da elə sanıbmış ki, bununla canını qurtardı... Amma necə oldusa, sonradan həbs etdilər. Atüstü söhbət zamanı bunları nəql elədi...
-Qələt edir. Həmin gün növbətçi o olmuşdu, dərhal da görüntüləri sosial şəbəkə istifadəçilərinə ötürmüşdü. Amma təbii ki təcrübəsiz, əvvəllər məhkumluğu olan şəxsin belə bir beynəlxalq yarışda avtobus sükanı arxasına keçməsi, qəzanın baş verməsi, qısa zaman ərzində sosial şəbəkələrdə yayılması dövlət başçısını əsəbiləşdirməli idi. Buna görə Eldar müəllim babat tənəyə məruz qalmışdı. Çünki yarışlar ərzində xidmət edən bütün avtobus sürücüləri işə qəbul edilməzdən öncə tərcümeyi-halları əvvəlcədən tərəfimizdən yoxlanılmış, yalnız bundan sonra Nəqliyyat Nazirliyinə tövsiyə edilmişdi. Necəsə diqqətsizlik olub...
-Razıyam, milyardlarla pul xərcləyəsən, ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edəsən, tərslikdən “köhnə qitə”nin bir dövlət və ya hökumət başçısı da gəlməyə, üstəlik, yarışlar başlar-başlamaz avtobusun əyləc sistemində nasazlıq yarana, gicbəsər sürücü də o boyda geniş ərazidə bir yer tapmayıb, qonaqların üstünə sürə, heç şübhəsiz, belədə kim olsa, əsəbiləşər... Elçin müəllim, bunlar bir tərəfə, xahiş edirəm, “əfv” məsələsinin üstünə ciddi düşün, nə lazımdırsa, nə tələb olunursa, danışacam. Həm də mümkünsə, AzTV-dən jurnalist dəvət edin. Radikal müxalifətin barəsində nə lazımdırsa deyəcəm, təki hökuməti razı salsın. Əgər məsləhətdirsə, 2-3 gün gözləyək saqqalım uzansın... Kameranın önündə özümü yazıq, miskin görkəmə salmaq üçün hazırlaşım... Yaxşı ki saclarım qısa deyil... Dağınıq formaya salıb, özümü “bomj” “vid”inə salacam ki, baxan rəhmə gəlsin. Lütfən, yalvarış dolu çıxışım, xarici və daxili siyasətin uğurları haqqında söyləyəcəyim tərifnamə saat 20-00-da, axşam xəbərlərində verilsin, çünki həmin vaxt hökumət və dövlətin zirvəsi televizorun qarşısına keçir. Baxın da. Görün nə edirsiniz,- deyib “Şrek”in əhvalını bir qədər durultdum...
-Əşşi, nə 2-3 gün ey, sən də! Lap tez!
-Olsun, nə deyirəm, olsun... Bircə bu xarabadan çıxım, rədd olum, gedim,- deyə özümə lap yazıq görkəm verdim...
-Əsas məsələ: samballı bir çıxış hazırla! Əgər həyacanlı olacaqsansa, kağıza yaz, operator və jurnalist səhnəni elə qurub-quraşdırar ki, üzündən oxuduğun hiss olunmaz. Belə vəziyyətdə improvizasiyaya gərək yoxdur,- deyə “Şrek” özünə elə müdrik görkəm verdi ki, sanki sonuncu iş yeri olan MTN-nin Akademiyasında müdavimlərə öyüdverici nitq söyləyirdi.
-Aydındır... Doğrudan, müəllim, bayaq yarımçıq qaldı söhbətiniz... Dövlət başçısının ailəsinin Əl Oyunları Sarayındakı tədbirdə iştirak etməsinin MTN-lə, sizin işdən çıxarılmağınızla, həbsinizlə nə kimi əlaqəsi olub ki?
-Həə. Bayaq dedim axı... Həmin ərəfədə Avropa Oyunlarının keçiriləcəyi bütün məkanlarda, eləcə də Əl Oyunları Sarayında və yaxın ətrafda nə qədər elektron vasitə, o cümlədən telefon vardısa, avtomotik olaraq MTN-nin “nəzarət qutu”suna düşürdü. Sırf təhlükəsizlik tədbirləri çərçivəsində... Təbii ki, həmin zaman birinci xanım və övladlarının istifadəsində olan telefon nömrələri də elektron siyahıya daxil olmuşdu. Bizim bədxahlarımız, çox güman ki, nazirliyin daxilindəki hansısa şərəfsiz zabit sözügedən “raspeçatka”ları erməniyə (Ramiz Mehdiyev nəzərdə tutulur- müəllif), ya da “yeməkxana siçanı”na (Əli Həsənov nəzərdə tutulur- müəllif) ötürüb. O yaramazlar da dövlət başçısına elə məruzə ediblər ki, guya MTN rəhbərliyi onu və ailəsini dinləyir... Həlledici məqamda Mahmudovla rəqabətdə olan bütün hökumət üzvləri də erməniyə dəstək verib...
-Elçin müəllim, dedikləriniz nə qədər dəqiqdir? Yəni sizin fərziyyədir?
-Nə fərziyyə ey, sən də! MTN alt-üst olunduqdan sonra İsraildən mütəxəssislər dəvət edildi. Onlar bir sıra elektron məlumat bazalarını yoxladılar, elmi dəlillərlə sübut etdilər ki, heç bir dinləmə-filan olmayıb... Amma artıq gecdi: səhvi düzəltmək mümkün deyildi, çünki cəmiyyət bir-birinə dəymişdi. İndi eşidirəm ki, nəzarətlərində olan bütün media resurslarına təlimat verilib ki, həbs olunan MTN əməkdaşları barədə tənqidi yazılar yazılmasın... Xidmətlərimiz indi yada düşüb.
-Vay... Vay,- deyə özümü artistliyə qoydum.
-Həə...
-Müəllim, həmin vaxt axı siz həbsdə idiniz. Bunu necə müəyyən etdiniz?
-Sən hadisələri diqqətlə izləməmisən. Eldar Mahmudov oktyabrın 17-də azad edildi. İlkin həbslər başlandı. Amma məni tutduğum vəzifədən çıxarsalar da işsiz qoymadılar, Akademiyada kafedra rəisi təyin etdilər. Günün birində Mədəd Quliyev zəng etdi, telefon danışığımız çox sərt alındı, daha doğrusu, onun gözləntisinin əksinə olaraq Mahmudovu və komandasını açıq müdafiə etdim. Belə olan halda Quliyev bərk əsəbiləşdi, dəstəyi asdı. Düzdür, sonra peşman oldum, çünki Mədəd Quliyevi yaxşı tanıyırdım axı... 21 dekabrda keçmiş müavinim İlqar Əliyev kamerada asılmış vəziyyətdə tapıldı. Qərar verdim ki, yasda iştirak edəcəyəm. Əvvəldən axıradək yas mərasimində oldum, yaxınlarına baş sağlığı verib çıxdım.
-Müəllim, bir dəqiqə. Bir dəqiqə... Siz özünüz öz qələminizi qırmısınız ki...
-İlqarla qardaş kimi olmuşuq, dəfndə iştirak etməsəydim, həyatımın sonunadək özümü bağışlamazdım. Peşəkar idi. Xidmətləri çox olub. Amma rəhmətlik çox böyük səhv edib, Apellyasiya Məhkəməsində elə çıxış etmişdi...
-Hə yadıma gəlir, Elçin müəllim. Həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi tələbi ilə apellyasiya şikayəti vermişdi. Məhkəmədə dinc durmayıb, “sirlər xəzinəsi”nə malik olduğunu deyirdi, uzun illər qulluğunda olduğu hakimiyyəti şantaj edirdi.
-Düzdür, düzdür... Ağılsız hərəkətlər idi, -deyib ah-uf etdi...
XIll HİSSƏ. Bu zəhrimar virus yayılandan, xeyli can alandan bəri insanlarımız tarixdə kütləvi tələfatlar doğuran xəstələliklərə dair kitablar oxuyurlar, filmlər izləyirlər. Təbiidir. Milyonlarla adamı öldürən, böyük əraziləri viran qoyan tauna dair Alber Kamyunun eyniadlı məşhur romanı var-“Taun”. Çoxumuz oxumuşuq, oxumaqdayıq da. Gecənin bu saatında əsərin ekspozisiya, zavyaska, kulminasiya və ya razvyazkasından bəhs edib, uzunçuluq etmək kimi niyyətim olmasa da epiqrafı-Daniel Defonun maraqlı fikrini yüksək diqqətinizə çatdırmaq istəyirəm: “Hər hansı dustaq həyatını nəyləsə müqayisə eləmək ona bənzəyir ki, real mövcud olan əşyanı real mövcud olmayan başqa əşya ilə müqayisə edəsən.” Dustaq həyatı yaşamış biri kimi, heç şübhəsiz, məşhur “Robinzon Kruzo”nun müəllifinə haqq verməklə bildirirəm: o illərdə, aylarda, günlərdə bəndənizə cansıxıcı, ürəksıxan, yekrəng görünən günlərin günün birində ürəkaçan, faydalı, təkcə şəxsi deyil, həm də ictimai anlamda əhəmiyyət daşıyacağına dair inama malik olmasaydım, bəlkə də sınardım. Məhz bu inam çörəyini qana batırıb yeyənlərin önündə sarsılmamağımı, möhkəm olmağımı şərtləndirdi, ən yaxın gələcəyə ruh yüksəkliyi ilə baxmağıma təkan verdi. Və bu gün o illərdə eşitdiyim və gördüyüm həqiqətləri, amansız hüquq sisteminin eybəcər tərəflərini, möcudluq şərti günahsız insan həyatı və qanı olan tiraniyanın görünməyən cəhətlərini qələmə alıb, mühakimənizə təqdim etmək nəsib oldusa, xoşbəxtəm.
***
“Şrek”lə söhbətimizin yarımçıq kəsilməsinə səbəb dustaq yoldaşım Əziz dayının səndirləyə-səndirləyə bizə yaxınlaşaraq qan təzyiqinin qalxdığını, ürək ritminin pisləşdiyini söyləyib, tonometri istəməsi oldu. Mən general ilə xudafizləşib, haqqında ötən hissədə bəhs etdiyim, “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi işləmiş, Mahmudovun gedər-gəlməzə göndərdiyi Emil Süleymanovu axtardım, çünki təzyiqölçən aparat onda idi. Tərslikdən Emil də idman zalından çıxıb, hamama keçmişdi... Dərin zarafatım olan Süleymanovu tələsdirmək üçün “fortuçka”dan 1-2 balaca daş atdım. Reaksiya özünü çox gözlətmədi: “Ayə, “moşennik”, imkan ver çimim də! Nolub?”- deyə qışıqırdı. Bu zaman Əziz dayı gülə-gülə söylədi ki, “Rufatik, ehtiyac yoxdur, qoy keçim “sançast”a. “Emiş, sən öl, Əziz dayının vəziyyəti yaxşı deyil, tez çıx, kişinin qan təzyiqini ölçüb yardım edək”- deyib, Əziz dayıdan səbirli olmasını xahiş etdim. Heç şübhəsiz, 3 il dünya okeanında xidmət etmiş, hətta 2 il Əfqanıstan müdafiə nazirinin müşaviri kimi hərbi məsləhətlər vermiş kəşfiyyatçı Süleymanov tələm-tələsik-2-3 dəqiqə ərzində hamamı tərk etdi. Əziz dayının təzyiqi “kəllə-çarx”a qalxmışdı. Az sonra öz üzərində nəzarəti itirdi. “Sançast”a qaçdım. İxtisasca həkim olsa da bina tikintisi ilə məşğul olmuş, hansısa şəraitdə dələduzluq etmiş, 8, yoxsa 9 il müddətinə 4 divar arasına salınmış, “zampalit” Azər Bağırzadənin dəstəyi ilə inzibati orqanlarda hər hansı xidməti olmasa da “9”-a düşmüş doxturu (dil normalarını pozduğuma görə cərimə olunmasam, yaxşıdır) çağırdım. Osa qanqster general ilə, yəni Çovdarovla nərd atırdı. Yaxşı ki, tas bitmək üzrə idi. İri qarnını az qala qaldırıb masanın üstünə sərən həkimin ağ daşları Çovdarovun qara daşları önündə “əllərini yuxarı qaldırdıqdan” sonra “zon”a keçdik. Nəbzi yoxlanıldı, məlum oldu ki, aritmiyadır. Dava-dərmanla birtəhər sakitləşdi. Yazıq kişi mürgülədi. Əziz dayının oğlu Anar isə atasının səhhətinin qəfil pisləşməsindən gec xəbər tutmuşdu, çünki adəti üzrə meydançada qaçırdı... O səhnə heç yadımdan çıxmaz: handan-hana atasının durumundan xəbər tutub, hovlnak baraka soxulan Anar xeyli dustağın Əziz dayının başına yığışdığını görüb, fəğan qopartdı, elə sandı ki, atasını itirib... 30-40 dəqiqədən sonra ayılan atasının ayaqlarını sarılıb, necə də ağlayırdı Anar...
Bəli, əziz oxucu, “9”-da ata-oğul bərabər saxlanılırdı. Amma bu, təbii ki oxucu marağını cəlb edəcək həddə deyil, işin ilginc tərəfi isə bilirsinizmi nədir? Elə isə sualı belə qoyaq: Əziz dayı kim idi?
Xətrini çox istədiyim, hər zaman qulluğunda durduğum Əziz dayı Tbilisinin düz göbəyində doğulub. Anası gürcü, atası türk olan Əziz dayı Moskvada mülki aviasiya üzrə ali təhsil aldıqdan sonra Sovetlər İttifaqında ora-bura uçub. Müstəqil Azərbaycana təcrübəli pilot kimi dönəndən az sonra AZAL-ın Moskva nümayəndəliyinə rəhbər təyin edilib. Bu arada oğlu Anar da mülki aviasiya üzrə ali təhsil alıb, stajor kimi atasının xidməti nəzarətinə keçir. Dədə-bala xoşbəxtdirlər. Amma Əziz dayının “Məşədi İbad yaşı”nda eşqə düşməsi, Anarın milliyyətcə rus olan anası ilə nikah münasibətlərinə nöqtə qoyur... Ailənin bütövlüyü olmasa da xətir-hörmət yerində qalır, xüsusilə ata-bala arasındakı münasibətlər dəyişikliyə uğramır. Həyatlarındakı “qırmızı xətt” elə inkişaf edir ki, Əziz dayının AZAL-ın vitse-prezidenti postuna gətirilməsi də müzakirə predmeti olur. (Görünür, birilərinin diqqətini Anarın Tbilisi, yoxsa Kutaisi hava limanında uzun illər təyyarələrin yanacaqla təminatı şöbəsinin rəisi işləmiş, kifayət qədər varidat toplamş babasının, yəni Əziz dayının atasının zəngin mirası da cəlb etmişdir). Əziz Qəmbəroviçin Moskvadan Bakıya dönməsinə sayılı günlər qalmış ata-bala ikisinin də həyatlarını alt-üst edəcək bədbəxtçilik baş verir. Onları bədbəxt edən kim ola? 11 il müddətinə Yejov sayağı xidmət etmiş Mahmudov Eldar Əhməd oğlu adlı antiMİLLİ...
Bəli, 2005-ci ildə Mahmudov milli təhlükəsizlik naziri təyin olunar-olunmaz rəhbəri olduğu “zor aparatı”na ilk sifarişini verər: “vətən xainlərini”, “dövlətə xəyanət edənləri” durmadan “istehsal etmək” zəruridir. Bəs necə? Qısa zamanda nazir təyinatının heç də təsadüfi olmadığı cəmiyyətə nümayiş etdirilməklə bərabər dövlətin zirvəsinin yanında daha yüksək etimada sahiblənmək lazım idi...
Əziz dayının deməsinə, açığı, elə mənim hissiyatıma da görə qondarma və uydurma əsaslarla ata-bala həbs olunub, MTN istintaqçılarının fantastik ittihamı ilə üzləşirlər: Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq dövlət sirrini Rusiya Federasiyasının xüsusi xidmət orqanlarına vermə!
Günün birində Əziz dayı ilə söhbət əsnasında sual verdim:
-Dayı, dünya görmüş adamsan, səncə harada səhv etdiniz?
-Yadımdan çıxmamış, gəl gedək yeməkxanaya. Sənə pay verəcəm. Qardaşım gəlmişdi. Qardaşım da pilotdur. Yaxşı ki, ona dəymədilər. Sağ olsun, ayda iki dəfə yanımıza gəlir. Almaniyadan yaxşı şeylər alıb,- deyə qoluma girib addımladı.
-Əziz dayı, payın artıq olsun. Söz verirəm, axşam səni “zon”da tapıb, götürəcəm. İndisə mənə çox maraqlıdır, harda səhvə yol vermisən? Cinayət etməyinizdən bəhs etmirəm. Nə sən, nə də Anar qəti cinayətkara bənzəmir. Amma bir xəta da olmamış deyil,- deyə gözlərimi qıydım.
-Mənim xətam yoxdur. Anarın kobud səhvi olub...
-Əcaba, nədir elə kobud səhv?
-Demək, bu uşaq bir-iki dəfə telefonda dövlət başçısının ailə üzvlərinin bu və ya digər ölkəyə, şəhərə uçmağa hazırlaşdığı barədə söz deyib...
-Kimə?
-Yadımdadır, bu barədə mənə sms göndərmişdi. Dərhal zəng edib, bir daha belə mənasız mövzularla bağlı yazmağı, danışmağı qadağan etdim. Sonradan özünün etirafına görə 1-2 dostu ilə telefon danışığı zamanı da lazımsız surətdə ölkə rəhbərliyinin uçuşa hazırlaşdığı və s. haqqında söz açıbmış. Bilmirəm, lovğalıq edirmiş, yoxsa nə...
-Anladım, burada nə var ki? Və ya Anar haradan bunu bilə bilərdi?
-Pilot deyildi? Yəqin kimdənsə nəsə eşidib... Bir qara niyyəti olmayıb eyy... Nə ola bilərdi ki? Uşaq mənimdir, tanıyıram da. Sadəcə, təzəhəvəs pilot kimi yerli-yersiz ağzına gələni danışıb, bunu da “çekist”lər təsbit edib, dərhal qərar qəbul ediblər ki, ata-bala ikimiz də rus kəşfiyyatına işləyirik... Prezidentin, ailə üzvlərinin uçuşları, ümumiyyətlə, Azərbaycan aviasiyasının müəyyən sirləri haqqında Rusiyaya nələrsə ötürürük. 100 faiz əminəm: Anarın telefonda sadəlövhcəsinə ağzına gələni danışması bizi “qurbanlar siyahısı”na salıb.
-Əziz dayı, bu nə fantastikadır?
-Stanislav Lemi tanıyırsan?
-İndi deyəcəksən ki, “İstintaq”ını oxumuşammı? Tanıyıram, oxumuşam,- deyə gülərək cavab verdim.
-Bax Anarla məni təqib edən MTN zabitləri, mühakimə edən “marionetka” məhkəmə o dərəcədə fantastik oldu ki, hətta Stanislav Lemin “İstintaq” elmi-fantastik povestindəki kosmik tribunal ilə rəqabətə girə bilər...
-Hmm... Əziz dayı, Cahangir Əsgərovla münasibətləriniz necə idi? Nə əcəb o bir kömək edə bilmədi?
-Əsgərov məni çox istəyirdi. Elə AZAL-ın Moskva nümayəndəliyinə Cahangir göndərmişdi. Bizimkilər nə qədər Əsgərovdan xahiş-minnət eləsə də qarışmadı. Bizi niyə deyirsən, elə get dostun Emildən soruş, -onunla da çox yaxın olublar,- gör, Cahangirin barəsində nə deyir...
-Hə, bilirəm, Emil deyib. Onu da Mahmudovun qarşısında müdafiəsiz qoyub.
-Görürsən... Çünki Eldardan hamı kimi Əsgərov da çox çəkinirdi.
...Baxırsınızmı, əziz oxucu, insan talelərinin üzərindən necə qara xətt çəkilir? Əziz dayı ilə söhbətlərimizdən birində o da məlum oldu ki, Anar MTN kamerasında işgəncələrə tab gətirə bilməyib, özünün və atasının rus kəşfiyyatına qulluq etməsinə dair ifadələr verib. Bəli, elə dəhşətli “press”lərin nəticəsi idi ki, Anara diqqətlə baxan insan anındaca qeyri-adekvatlığını təyin edə bilərdi...
XIV HİSSƏ. “Zon”da Rauf adlı bir dustaq vardı. Onun işi tələb edilən zaman hansısa dustağın üzünə durmaq, kitabxanaya gələn gündəlik geydirmə mətbu nəşrləri növbə ilə qəzet oxuyan dustaqlara aparıb, ən yaxşı halda 1 manata, ən pis haldasa almaya sahiblənmək idi. Şərait yaratmışdılar. ”Zon”da nə baş verirdisə, əməliyyatçılardan sonra o bilirdi. Dustaqların nə cür xüsusiyyətə, necə keçmişə malik olmasını maraqlanan onu axtarmalı idi. Ona görə Raufla münasibətləri isti saxlamağı, səxavətli davranıb, “dost” olmağı lazım bildim. Naqis məziyyətləri aydındı, fəqət bir keyfiyyəti hörmət tələb edirdi: adam 5 sinif oxumasına baxmayaraq, dustaqlara bu və ya digər ərizə, şikayət, müraciət yazmaqda kömək edib beşdən-üçdən qazanırdı, hətta bəzən sırf hüquqi sənədlərin hazırlanması işi ilə maraqlanırdı. Yardımçı da olurdum. Çünki görürdüm öz üzərində işləyir. İstedadlı idi. Bəlkə də inanmayacaqsınız, amma 5 sinif bitirən Raufun yazılarında kobud qrammmatik, orfoqrafik xəta tuta bilmirdim. Bu cüvəllağının kimliyi, müdhiş həyat tarixəçəsi barədə bəhs etməyə dəyər. Gəlin onunla tanış olduğumuz ilk səhnəni nəql edim. Maraqlıdır.
Demək, 2017-ci ilin yanvarında “voronok”dan düşüb “zon”a daxil oldum. Birbaşa apardılar inzibati binaya. Rəis məzuniyyətdə olduğundan, “zampolit” (tanıdığınız Azər Bağırzadə -müəllif) qəbul etdi. Qısa söhbətləşdik. Daha sonra keçdim əməliyyatçının yanına. Özünü artistliyə qoyub nəyə görə həbs olunduğumu, ittiham olunduğum maddəni soruşdu, az sonra atamı göylərə qaldırıb məni yerə endirdi.
“Voronok”da başım hərlənib, ürəyim bulanmışdı. Özümü pis hiss edirdim. Leytenantla söz güləşdirməyə halım yox idi, elə bircə gözləyirdim ki, irad etdiyi boş nitqini yekunlaşdırsın, keçim karantin kamerasına, imkan olarsa, yuyunum, kəlləni atıb yatım. Amma gənc leytenant durmaq bilmirdi, ağıl qoymaqda davam edirdi, sanki qarşısına məqsəd qoymuşdu ki, hövsələdən çıxartsın. Çıxartdı da: “Cənab leytenant, xahiş ediəm, bu cəfəng, lakin mənasız söhbətlərinizi saxlayın sabaha, gedim rahatlanım, səhər çağırarsınız, nə qədər donquldanmaq lazımdırsa, donquldanarsınız!” -deyə aşağılayıcı, bir o qədər də əsəbi tonda xəyalən nidanı götürüb gömgöy gözlərinə soxdum. Qeyri-iradi oldu. Zabit gözlədiyimin əksinə olaraq ayağa durub özünü sırtıqlığa vurdu, gülə-gülə uşaq əlini xatırladan barmaqlarını çiynimə sərdi. Belədə icazəsiz-filansız ayağa duraraq qapıya sarı getdim. Çıxarkən içəri daxil olan biri ilə az qala baş-başa dəyəcəkdik. “Qardaş, salam. Allah qapını açsın. Adım Raufdur. Dustağam. “Zon”dakı kəndçilərin sənə salam göndərdi. Dedilər ki, nəyə ehtiyacın var? Bir azdan çay, qənd, siqaret göndərəcəklər...” -deyə təxminən 25-30 yaşlarında olan gənc əl uzatdı. Çərən-pərən danışığının qarşısında məcbur qalıb, “iynələdiyim” leytenant mənə imkan verməyib qışqırdı: “Əəə, düdük, təzə etap olunmuş dustaqdan heç soruşarlar ki, nəyə ehtiyacın var? Get kəndçilərinə adımdan denən ki, siqaret, çay, qənd, dürmək hazırlayıb tezbazar göndərsinlər”.
Mən mat-məəttəl qalmışdım: 1 dəqiqənin içində 180 dərəcə altında münasibətini dəyişib, qaba tərzdən qayğı dolu yumşaq üsluba keçdi. Aşkardı ki, sərt reaksiyamı nəzərə almışdı.
Türmə jarqonlarına bələd olmadığmdan, üzümü Raufla leytenanta tutub, sadəlövhcəsinə soruşdum:
-Sağ olun, çantamda çay-qənd, çörək var, amma Zəhmətdən (İrəvanın 9 km-dəki doğulduğum kənd -müəllif) kim bura düşüb? Harada işləyiblər? Nə cinayət törədiblər? Bəlkə də qohumlardandır, mən tanımıram...
-Qardaş, nə Zəhmət? Nə qohum?, -deyə Rauf şaqqananq çəkib güldü, leytenant da ona qoşuldu.
Heç demə, “zon”da, məsələn, Gürcüstan Respublikasının və ya Gəncə şəhərinin ayrı-ayrı kəndlərində doğulsalar da eyni regionu təmsil etdiklərinə görə bir-birlərinə “kəndçim” deyə müraciət edirmişlər.
Bax, Raufla ilk tanışlığımızın tarixçəsi belə olmuşdu...
Bu təqdimatdan sonra “zon”un 1 saylı “işverəni” kimi yaddaşımda qalan Raufun inanılmaz həyatı və törətdiyi cinayətlərdən biri barədə yazım, gecənin bu saatında tükləriniz biz-biz dursun.
Beləliklə, Rauf 1989-cu ildə Salyan şəhərində doğulub. Atası öz adını oğluna qoyub- Rauf Raufoğlu. Uşaqkən atasını itirib. Anası da balaca Raufu nənəsinin öhdəsinə buraxaraq yüngül həyat tərzinə üstünlük verib. Bir müddətdən sonra Rauf nənəsinin nəzarətindən yayınıb, Bakı şəhərinə yola düşür, küçə həyatı sürür. Fərasətli olur. Avtomobil təkərlərini qaraltmağa başlayır, işıqforun yaşıl işığı yanarkən “podpress”in üstünə uzanıb silir, gündəlik çörək pulunu çıxarır. Bir müddət sonra şəhər uşaqlarının yaxşı tanıdığı “Tural” barın qarşısında təkər qaraltmağa başlayır. Artıq bara gəlib-gedən daimi müştərilər Raufu tanıyırlar. Xoş münasibət göstərirlər. İş elə gətirir ki, bu tanışlıqlardan biri küçə avarasının həyatını tamamilə dəyişir. Bir də onda ayılır ki, Moskva şəhərindədir. Demək, zəngin ailənin təmsilçisi olan “Tural”ın daimi müştərilərindən biri- Vaqif adlı gənc Raufa sahib çıxır, sənədlərini düzəldir, özü ilə Rusiyanın paytaxtına aparıb, əmisinin sahibi olduğu kafedə yerləşdirir. Qışda Bakının zirzəmilərində, yaydasa parklarındakı skamyalarda mürgüləyən Rauf artıq Moskva kimi şəhərin kafelərinin birində təmizlik işlərini yerinə yetirir. Ən əsası, obyektdə rahat yatmaq üçün şəraiti olur. Göründüyü kimi, kifayət qədər diribaş olan Rauf 4-5 ildən sonra Moskva otellərindən birində barmen köməkçisi kimi işə başlayır. Məhz bu oteldə "kişiləşir”, yeni-yeni insanlarla tanış olur, əlaqələri genişlənir, kriminal dairələrin təsiri altına düşür. Və günün birində Raufa ilk vəzifə həvalə olunur: uzun illər Rusiyanın ayrı-ayrı şəhərlərində ticarətlə məşğul olub, yekunda iş ortağının külli miqdarda pulunu mənimsəyərək Azərbaycana dönən şəxsin qətlinə yardımçı olmaq... Nəyin bahasına olursa-olsun, sifariş uğurla yerinə yetirilməlidir, çünki ortada xüsusilə külli miqdarda “əmək haqqı” var. Bəli, adamın olduğu yer dəqiqliyi ilə Ruafgilə izah edilir... Ardını bir zamanlar Bakı küçələrində gecələyib təkər qaraldan, şüşə silən avaranın özü danışsın: “3 nəfər idik. Bir həftə müşahidlər apardıqdan sonra onu blokun ağzında tuta bildik. Qalstuk və kostyum geyinmişdik. Yaxınlaşdıq, özümüzü “Bandotdel”in əməkdaşı kimi təqdim etdik. Bizimlə bərabər getməli oluğunu bildirdik. Heç bir müqavimət göstərmədən maşına oturdu. Əllərini qandallayıb avtomobili Salyan tərəfə sürdük. Kür sahilinə yaxın bir yerdə maşını saxladıq. Uşaqlar onu boğub Kürə atdı...” Rauf bundan sonra serial cinayətlərdə iştirak edir. Bir müddət sonra hüquq mühafizə orqanlarının əməkdaşları onların izlərinə düşə bilirlər. Mütəşəkkil dəstə ifşa olunur. İlk ələ keçən Rauf birinci “press” başlar-başlamaz nə az nə çox, 20-yə yaxın şəxsi “baqaja” qoyur. Əvəzində canını ömürlük məhkum həyatıyla yox, 15 il “srok”la qurtarır. Bəziləri ömürlük məhkum olunur. Məhz bu səbəbdən onun hansısa “qara zon”a etap olunması uyğun bilnmir, inzibati orqanların keçmiş əməkdaşlarının saxlanıldığı “9”-a göndərirlər...
Raufun hekayəsini nəql etməkdə məqsədim başqadı.
Belə ki dustaq yoldaşım, hazırda azdlıqda olan jurnalist Cavid Şirəliyev də təsdiqləyə bilər: ”zon”a daxil olmağımdan xeyli müddət keçəndən sonra günün birində mən, Cavid və Rauf meydançanın qarşısındakı oturacaqda əyləşib söhbət edirdik. Qəfil xəyali olaraq 1999-cu ilə dönüb Raufu dəli edəcək sual verdim:
-Ayə, ayə, dayan, dayan... Sən təxminən 20 il qabaq şəhərdə, Qiymətli Kağızlar Komitəsinin bərabərindəki “avtoş dönəri”nin qarşısındakı “stoyanka”da təkər qaraltmırdın? -deyə Raufla “zon”-da tanış olduqdan təxminən 2 il sonra sual verdim.
Bu necə oldu, nədən qəfil tanıdım, yaddaşım 20 il öncəyə nə cür uğurla döndü, inanın ki izah edə bilmirəm. Sadəcə onu deyə bilərəm ki, köhnə dostlardan biri ilə o zamanlar tez-tez “avtoş dönəri”nə gedərdik. Avtomobildən düşər-düşməz bütün şəhərin “Malış” deyə çağırdığı balaca bir uşaq üstümüzə qaçardı, sual əvəzinə birbaşa “nidalayardı”: “Təkərləri qaraldıram!”
Bəlkə də bu sətirləri oxuyan oxuculardan biri və ya bir neçəsi təsdiqləyəcəklər ki, hətta yol-patrul xidmətinin əməkdaşları belə şəhərdəki avtomobillər barədə hər hansı məlumatı öyrənmək üçün bəzən “Malış”a yaxınlaşardılar. Çünki o 24 saat avtomobil təkərləri ilə əlləşirdi... Nömrələrini əsasən əlinin içi kimi bilirdi.
Rauf sualı duyar-duymaz şoka düşdü:
-Aaa... Sən hardan bildin?
-Ayə, cavab ver, 20 il bundan qabaq dediyim yerdə təkər qaraldırdın, yoxsa yox?
-Mənim daha sənə sözüm yoxdur, Rüfət... Mən onda balaca bir uşaq idim...
-Ləqəbin də “Malış” idi, eləmi?
-Həə... Həə...
***
Külək yer süpürüdü. Pərviz Həşimli valideynlərimə qoşulub yanıma gəlmişdi. Pərvizin gözü “Şrek”i axtarırdı. “Şrek”ə xəbər göndərdim ki, görüş zalına gəlsin. Nəsə xəbər çıxmadı. Yoxsa bu dəfə yer və statuslar dəyişməklə müdhiş bir qarşılaşma olacaqdı: dünənin dustağı, “Şrek”in işgəncə aparatında olmazın zülm görən, bu gününsə baş redaktoru dünənin generalı, bu gününsə bir neçə dəfə intihara cəhd edən, miskin kökdə olan generalı ilə üzbəüz gələcəkdi. Həmin səhnə baş tutsaydı, təkcə baxışların təsviri bir povestin bir hissəsi qədər olardı. Təəssüf ki, olmadı.
Görüşdən çıxdım ki, Quliyev sexdədir. Ustaların yanında oturub. (Hə, yadımdan çıxmamış yazım ki, “Şrek” Allahşükür Paşazadənin ona bağışladığı Qurani-Şərif üçün qoz ağazından Quran qabı sifariş vermişdi. Ustaların qoz ağacından hazırladıqları həmin Quran qabını 1 ay ərzində bəlkə də 100 dəfə geri qaytararaq narazılığını bildirmişdi, hansısa qüsurları qabartmışdı. Yazıq sənətkarlar qabın müqabilində verdiyi 300 manatı “Şrek”in başına vurmaq istəyirdilər... Sadəcə, abırlarına qısılırdılar. Nə qədər olmasa, generaldı...)
-Elçin müəllim, bəs sizə xəbər göndərdim, nə əcəb gəlmədiniz? -deyə sual etdim.
-Hara?
-Pərviz gəlmişdi, sizinlə görüşmək istəyirdi.
-Pərviz kimdir?
-Həşimli.
-Həə, belə de. Kimlə xəbər göndərmişdin? Təəssüf. Yoxsa məmnuniyyətlə gəlib, onu elə sizin yanınınızda, Eldar müəllimin gözləri önündə nə günə qoyardım, bir Allah bilir...
-Müəllim, siz ki ona işgəncə verən şəxsiniz. Uydurma əsaslarla məhbəsə salansınız. Yaşadığı mənzildə axtarış aparıb, silah qoyansınız... Özü də azyaşlı körpələrinin gözləri önündə... Üstəlik, qışın sərt soyuğunda lüt soyundurub gəzinti yerinə atansınız... İndi nə deyəcəkdiniz Pərvizə? Bu, necə olur?
-Yalan deyir. Mən həyatımda bir nəfərə sillə vurmuşam- Eynulla Fətullayevə... Ondan başqa xidmət etdiyim dövrdə heç kimlə sərt davranmamışam. Bilirsənmi sənin dostun mənə niyə böhtan atır? Hər gün rəhbərlik etdiyi saytda barəmdə ağzına gələni yazır.
-Məndə sizin kimi burdayam. Yazılardan-zaddan xəbərsizəm...
-Pərviz Allahın bəlasıdır. Demək, deyim bil: Əli Nağıyevin, qardaşı Vəli Nağıyevin, Cavid Qurbanovun aylıq ayırdıqları pulu Əli Kərimliyə daşıyırdı...
XV HİSSƏ. Zəruri qeyd. Bu gün “Akif baba” gününsesiaz.info saytının baş redaktoru Pərviz Həşimlini arayıb. Qısa telefon danışıqları olub. Qanqster Çovdarov aşağıdakıları deyib: “Mən cənab prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.
Üstəlik, yaxınları ilə birlikdə “ryumka“ qaldıraraq şəkil çəkdirib, nümayişkəranə surətdə Pərvizə göndərib.
Qanqster generalın Pərvizə verdiyi qısa açıqlamadan belə anlamaq olar ki, etdiklərindən dolayı qəti peşman deyil, əksinə təntənəli surətdə zəfər çaldığını gözə soxur.
Bəli, bu, təkcə Azərbaycanda hüququn qətli deyil, mənəviyyatın, əxlaqın birdəfəlik dəfnidir. Yüzlərlə insan taleyini məhv edən qanqster general azadlıqda, Tofiq bəyin timsalında yeganə “təqsir”ləri həqiqətləri söyləmək olan şəxsiyyətlər məhbəsdə...
Fəqət ruhdan düşməyək, fəaliyyətimizi davam etdirək.
***
General Quliyevin DTX rəisi Əli Nağıyevin, qardaşı Vəli Nağıyevin, eləcə də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun AXCP sədri Əli Kərimliyə partiyanın Ali Məclisinin üzvü, tanınmış jurnalist Pərviz Həşimli vasitəsilə aylıq xüsusilə külli miqdarda pul ötürmələri barədə ittihamı birinci dəfə eşitmirdim.
Hələ Həşimli MTN-nin istintaq təcridxanasının təkadamlıq kamerasında saxlanılarkən Bəhruz vaxtaşırı ona baş çəkmiş, müdafiəçi ilə müvəkkil arasndakı söhbətlərdən məlum olmuşdur ki, MTN rəhbərliyi, xüsusilə Elçin Quliyev Nağıyev qardaşlarının və Cavid Qurbanovun Əli Kərimlini, rəhbərlik etdiyi partiyanı, “Azadlıq” qəzetini maliyyələşdirmələri haqda etirafedici ifadələrə imza atmasını Pərvizdən tələb etmiş, əvəzində fantastik miqdarda- 1 milyon “qonarar” və 2015-cilin payızında baş tutacaq parlement seçkilərində deputat mandatı vəd etmişdir. Təbii, Həşimli ilə dostluq münasibətlərimiz, ümumiyyətlə, ilk təmasımız o həbsdən çıxdıqdan sonra baş tutsa da Bayramov vasitəsilə MTN-nin iyrənc üsullara əl atması barədə malumatlara malik idim.
Xatırlayıram, Pərviz həbsdən çıxdıqdan sonra da bu barədə ictimaiyyətə geniş məlumat vermişdir. Aydınlaşmışdır ki, Pərviz Həşimli Mahmudov və dəstəsinin Nağıyev qardaşlarını, eləcə də Qurbanovu bitirmək planından və yüksək “qonarar”dan- 1 milyondan, deputat mandatından imtina etmiş, işgəncələrə baxmayaraq uydurma ittihamların altına imzasını qoymamışdır. Bu mənada “Şrek”in məlum ittihamları önündə hazırlıqsız deyildim:
-Elçin müəllim, belə başa düşdüm ki, siz Pərviz Həşimlini həbs etməmişdən əvvəl uzun müddət güdüb təqib etmisiniz, eləmi?
-Onun 24 saat hara getdiyi, nə işlə məşğul olması haqqında, xüsusilə Cavid Qurbanovun yanından çıxıb birbaşa Əli Kərimlinin evinə getməsi barədə çəkilişlərimiz vardı... Düzdür, Pərviz boynuna almaq istəmədi, Nağıyev qardaşları, Cavid Qurbanov və Kərimli əlaqələri barədə etirafedici ifadə vermədi,- deyə “Şrek” söylədi, nədənsə burada yazılması mümkün olmayan təhqiramiz ifadə ilə məhz Qurbanovu aşağıladı.
-Elə isə mənə sırf müəyyən müddət istintaq təcrübəsi olan biri kimi çox maraqlıdır: əgər həqiqətən Əli Kərimli Qurbanov və Nağıyev qardaşlarından pul alırdısa, “kuryer” funksiyasını Pərviz icra edirsisə, o halda nədən onu “cinayət” başında yaxalayıb, maddi sübutları- “paçka”ları ciblərindən və ya çantasından çıxarmadınız? Əməliyyat çəkilişinin müşayiəti ilə... Belə də Nağıyev və Qurbanov çox güman ki dövlət çevrilişinə cəhddə təqsirləndirilib, birbaşa Qobustana göndəriləcəkdi, Kərimlinin isə ən azı siyasi karyerasına xitam veriləcəkdi. Əgər siz onun hərəkət trayektorasını çəksəydiniz, "Azəryolservis" ASC-nin və ya Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasından çıxıb, birbaşa AXCP sədrinin yaşadığı mənzilə və ya qabaqcadan müəyyənləşdirilmiş hər hansı məkana getdiyini təsdiqləyəcək görüntüləri dövlət başçısına təqdim etsəydiniz, güman ki ölkəni bir-birinə vuracaq “dövlət çevrilişinə cəhdi” tam sübuta yetirəcəkdiniz... Həqiqətən də tərəfləri tamamilə yekunlaşdiracaqdınız. Məsələn, Pərvizi “qaçaqmalçılıqda”, “qanunsuz silah-sursat saxlamada” ittiham etməyə lüzum da qalmayacaqdı. İnanın ki, müəllim, sırf sabiq müstəntiq olaraq bu, mənə maraqlıdır. Niyə etmədiniz? -deyə “Şrek”ə sual verdim və təvazökarlıqdan uzaq olmasın, məntiqli fikrin qarşısında hıqqandı, alt dodağını üst dodağına dirəyib xeyli irəli verərək təəccübünü gizlədə bilmədi.
-Eee.. Eee... Sən də elə danışdın ki, elə bil burada istintaq aparırsan! Zarafat edirəm, düzgün mühakimədir. İnan ki, bütün çəkilişlər var idi. Özüm şəxsən nazirin masasının üzərinə qoymuşdum. Nəsə sonradan məsləhət bilinmədi. Görünür, dövlət başçısı icazə verməyib. Və buradan belə qənaətə gəldim ki, Əli Kərimlinin hakimiyyətlə münasibətləri heç də pis deyil. Başqa ağıla nə gələ bilərdi? Bunlar bir tərəfə, yadındamı Ruslan Bəşirli, onun “Yeni Fikir” Gənclər Təşkilatı? Onun deyəndə, daha doğrusu, Əli Kərimlinin idi, sadəcə o uşaq (Bəşirli nəzərdə tutulur -müəllif) “marionetka” kimi oynadılırdı, -deyə Bəşirlini təhqir etdi.
-Müəllim, həmin dövrü yaxşı xatırlayıram. “Yeni Fikir” qısa zamanda gənc hərəkatın avanqardına çevrildi. Bəşirli gənc lider kimi cəmiyyətdə özünü tanıtdı. Kütləvi tədbirlərdə az qala ayrıca kolonu ilə iştirak edirdi. Sonradan Tiflisdə ermənilərlə bir görüşü oldu. Deyəsən, demokratik Azərbaycanla demokratik Ermənistanın gələcək münasibətlərini müzakirə edirdilər. Konyak içə-içə... Sadəlöhvcəsinə... Onu siz çəkmişdiniz də? O gün, gərək ki, belə söylədiniz? -deyə soruşdum.
-Dərd burasındadır ki, Tiflisdə aldığı pulu, -dəqiq yadımdadır, 1000 dollar idi,- gətirib partiyanın qərargahında Əli Kərimliyə verdi. Onu da çəkmişdik. Çünki kabinet nəzarətimizdə idi. Son anda həmin görüntüləri yaymağa erməni (Ramiz Mehdiyev nəzərdə tutulur -müəllif) imkan vermədi... Məsələ dövlətin zirvəsinin yanında müzakirə olunarkan erməni saxlayan (yenə də R. Mehdiyev nəzərdə tutulu -müəllif) hər vəchlə maneçilik törətdi... Yoxsa Vüqarla artıq danışmışdım...
-Vüqar kimdir ki, müəllim?
-Qaradağlı da. Həmin dövrdə “Lider” televiziyasının rəhbəri idi.
-Sizin sözünüzdən belə çıxır ki, Xalq Cəbhəsi hakimiyyətin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarəti altındadır?
-Onun adını, vəzifəsini mənim yanımda bir də çəkmə. O, ermənidir, erməni saxlayandır! Əli Kərimli və partiyası da onun layihəsidir. Sən çox cavansan. İndi bu dəqiqə bəlkə də hansısa rayonun prokuroru idin. İncimə, ola bilər, nəsə oxuyubsan, amma prosesləri analiz etmək qabiliyyətin, nəticələr çıxarmaq imkanın yoxdur. Əks təqdirdə Əli Kərimlinin hakimiyyətlə iş birliyində olduğunu rahatcana müəyyən edərdin, -deyə bəndənizi səbatsızlıqda təqsirləndirmək bir tərəfə dursun, elə əminliklə danışdı ki, sanki bütün dünyaya bəlli olan riyazi qanunauyğunluqdan bəhs edir.
-Müəllim, aydındır. Amma sizə bir söz deyim. Elə hesab etməyin ki, 20 dekabr 2015-ci il tarixdən etibarən, yəni prokurorluq orqanlarından ayrıldığım gündən sonra Azərbaycanda gedən ictimai-siyasi prosesləri izləyib, ayrı-ayrı təşkilat və rəhbərlərinin fəaliyyətini izləyirəm. Əsla. 1998-ci ildə, 17 yaşımda qəzetlərin birində müxbir kimi işə başlamışam, 1,5 il fəalliyyət göstərib, ölkənin gündəmini müəyyən edən partiya və siyasi xadimlərin nitqlərini, mətnlərini təqib etmişəm, sonradan mətbuatdan getsəm də həmin təcrübə və aludəçilik cərəyan edən siyasi prosesləri diqqətdə saxlamağımı şərtləndirmişdir. Ta bu günədək. Yaxşı, şərti olaraq hesab edək ki, Kərimli hakimiyyətlə iş birliyindədir... Bu, necə ittifaqdır ki, Nurəddin Məmmədlini çıxmaq şərtilə bütün müavinləri, müşavirləri, partiyanın ali strukturlarında təmsil olunan funksionerlər, hətta qaynı belə həbsdədir. 15 ilə yaxındır ki, ümumvətəndaşlıq pasportu (xarici pasport -müəllif) verilmir. 30 il bundan əvvəl geydirmə əsaslarla barəsində qaldırılmış cinayət işinə hələ də xitam verilməyib. Üstəlik, qərargahdan zorla çıxardılar. Şəhərin hansısa rayonunda yeni qərargah kirayələdi, qısa müddət sonra oranı da partlatdılar... Oğlu Türkeli bir neçə il qabaq inzibati qaydada həbs etdilər... ABŞ-dakı dostları ilə birgə çəkdirdiyi adi fotoları montaj edib “rüsvayedici” formada ayrı-ayrı tv-lərdə yaydılar. Bu gün adi deputat mandatını belə çox görürlər... Elçin müəllim, bir sözlə, siz bu ölkənin altını da, üstünü də bilən adamsınız. Mənə qalsa, dövlət başçısı postundan sonra ən ciddi mövqeni tutmusunuz- Antiterror Mərkəzinin rəisi. Yəni belə işbirliyimi olur?, -deyə sual etdim.
-Bunlar hamısı bir oyundur, dərin məsələlərdir, zaman gələr, şahidi olarsan, başına vurub, məni yadına salarsan, -deyə sarkazmla söylədi.
-Müəllim, nə deyim, hər halda ciddi arqument göstərsəniz, əla olar. Amma görürəm ki, nəsə demək istəmirsiniz... Və ya bir əsas yoxdur.
-Rüfət, 9 il “srok”un var, əmi kimi deyirəm,- sən də mənim qardaşımoğlusan, çünki eyni taleyi yaşayırıq, hakimiyyətin uğrunda atanla bərabər canımızı qoymuşuq,- elə et ki, “kalendar” oturtmasınlar. “Kalendar” cəhənnəm ey, çox çaşarsan, betər sındırıb, yatdığın “şkonka”nın yanındakı “tumboçka”nın üstünə Heydər Əliyevin fotosunu qoyarsan. Məcbur edərlər... Ruslan kimi...
-Ruslan kimdir?
-Bəşirli.
-Anlamadım.
-Zamanında bizimlə razılaşmadı, içəridə sındırıb, azadlığına 6-7 ay qalmış əfv ərizəsini aldıq, buraxdıq. Son aylarda “tumboçka”sının üstündə Heydər Əliyevin çərçivəyə alınmış fotosu dayanırdı. (Burada tam səmimi deyirəm ki, “Şrek”in Ruslan Bəşirli ilə bağlı dediyi “foto-fakt”a bir qədər inanmadım, sandım ki, bəndənizi qorxutmaq üçün söyləyir, lakin sonradan 1 saylı “zon”dan “9”-a “perevod” olunan nəzarətçilərdən biri də Quliyevin məlumatını təsdiqlədi. Hər iki informasiyanın səhv, yoxsa düz olduğunu Bəşirli daha dəqiq deyər -müəllif)
P. S. Aydın idi ki, "Şrek" Əli bəyə qarşı münasibətimi dəyişdirmək istəyirdi, amma “yemədi”, getdi...))
XVI HİSSƏ. Zərdabdan 5 il əvvəl çıxdığımdır. Bu müddətdə obyektiv və subyektiv səbəblərdən rayondakı əzizlərimə, dostlara-tanışlara baş çəkmək imkanım olmayıb. Gedib 10 gün orada qalmağı planlaşdırırdım. Niyyətim bu idi ki, bütün kommunikasiya vasitələrini, o cümlədən mobil telefonu, sosial şəbəkələri müvəqqəti bir kənara qoyub, Kürün sahilində 10 gün dincəlim, çünki həm canım ağrıyr, həm də ruhum. Əlayif bəy Həsənovu arayıb, rayona gələcəyimi demək istəyirdim ki, bəla, onun doğurduğu məhdudiyyətlər diləyimi gözümdə qoydu, guşənişin ola bilmədim. Üstəlik, bəlanın doğurduğu “siyasi müsibət” daha da ciddiləşdi, bu əsnada dövlətin zirvəsindən repressiya anonsu verildi, tuthatut başlandı. Dostlarım qandallandı. Şəksiz, belə bir durumda hədsiz dərəcədə yorğun, süst olmağıma baxmayaraq, qınayıcı, tənqid dolu nitq və mətnlərə ara verə bilməzdim: vicdanın diqtəsiylə ümumi mənzərəyə adekvat reaksiya verməliydim...
Bəli, protest eloktoratının, müxalif fikir daşıyıcılarının, ümumiyyətlə bütöv cəmiyyətin rəsmi dərəbəyliyin sərt basqısı altında olduğu dönəmdə sürpriz əfvin şahidi olduq- “Qanlı general” azadlığa çıxdı. Belə də məcbur qalıb qələmə sarıldım. Onsuz da yaxın gələcəkdə yaddaşımdakıları, gündəliyimdəkiləri, yaşanmışları ağ kağıza köçürməyi düşünürdüm, sadəcə ciddi və geniş mətn üçün özümü hazırlıqsız bildiyimdən, haradan və necə başlayıb, harada və nə cür qurtaracağımı yəqinləşdirə bilmirdim. Çünki qrafomanam...
Təkrarçılq çıxmasın, xalq qəhrəmanı Tofiq Yaqublunun həbsi, xalq düşməni Akif Çovdarovunsa azadlığı məhbəs dövründə qazandığım təcrübəni bölüşməyi, şəxsi yox, ictimai məqsədlərdən ötrü səy edib öyrəndiyim həqiqətləri yaymağı, son dərəcə ciddi məsələlərin üzərindən sirr pərdəsini götürməyi qaçılmaz etdi.
Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, gözləmədiyim surətdə yaydığım mətnlər böyük auditoriyanın diqqətini cəlb etdi və bu, istər-istəməz ardını gətirməyimi labüdləşdirdi: hərçənd ki, iki, uzağı üç postla kifayətlənmək niyyətindəydim.
Heç şübhəsiz, çoxüzlülüyü, həyasızlığı və özbaşınalığı bildirən makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə keçid etməyi heç bir vəchlə ağlının ucundan belə keçirməyən rəsmi Azərbaycanın ifşaedici mətnlərə sonadək dözümlü yanaşacağına inanacaq həddə sadəlövh deyildim. Bu mənada dözümsüzlük özünü çox gözlətmədi, dünən günorta radələrində yaydığım kimi, geniş sahəli infarkt keçirmiş, səhhəti son dərəcə ağır olan atama xəbərdarlıq göndərdilər ki, əgər sakit tərzə üstünlük verməsəm, şəxsi həyat toxunulmazlığımı tapdayalaraq iyrənc üsullara əl atacaqlar, mənə bəlli olmayan hansısa intim görüntülərimi tirajlayacaqlar. Burada iki məqsədin olduğu sirr deyil: birincisi, ağır xəstəliklərin daşıyıcısı, həyatı tükdən asılı olan atamı birdəfəlik bitirib, ailəmizi meydanda bəlli anlamda tək, arxasız qoymaq, ikincisi, canıma vicvicə salıb neytrallaşdırmaq... Təkrarən üzr istəyirəm, kişi fahişələri, heç nədən çəkinəcəyim yoxdur, əlinizdə rüsvayedici nə material, görüntü varsa, günü bu gün yayın, cəmiyyət də dəyərini versin. Bütün halllarda təqib etdiyim məramlar və rəhbər tutduğum prinsiplər mənim üçün müqəddəsdir. Susmağayacağam, daha doğrusu, susmağı bacarmıram. Bildiklərim ictimai mühakiməyə təqdim olunacaqdır.
***
Elə bir zaman gəldi ki, “zon”da vaxt azlığından şikayət etməyə başladım. Qəribə şəkildə. Elə bil, harasa gecikirdim, heç çatdıra bilmirdim. Disharmoniya, ahəngsizlik məni öz ağuşuna almışdı. Fikir və hislərimdə müvazinət yox idi. Getdikcə ruh düşkünlüyü dərinləşirdi.
Öz-özümə düşünürdüm: əgər məhbəsdə vaxt azlığından, çatdırmamaqdan şikayət edirəmsə, qaşın qaralmasını, “odboy”un verilməsini istəmirəmsə, demək nəsə anormal ruhi halət əmələ gəlib. İçimi didib-parçalayan bir sualın məngənəsində sıxılırdm: məhbəsdə vaxt azlığından da şikayət etməkmi olar? Bəlkə dəli oluram? Sanki hərflər, sözlər, cümlələr, abzaslar, mətnlər əl-ələ verib irəli yürüyürdülər, onlara yetişə bilmirdim ki, bu da məni hüznlü və bədbəxt edirdi.. Sonra hansısa şedevr mətnlərin birində mütaliəyə çox vaxt ayıran dustağın vaxt azlığından şikayət etməsinin normal olduğunu oxuyub toxtadım. Amma yenə də kitabı, mütaliəni bir bucağa qoydum. Pişiklərə vaxt ayırdım, onlardan enerji almağa başladım. Hətta elə oldu ki, ürəyimdə qövr edən şəxsi və qeyri-şəxsi dərdləri pişiklə bölüşməyə başladım. Məstan pişik anlayırmış kimi yerə sərilib, diqqətlə üzümə baxırdı, hərdən elə olurdi ki, quyruğunu azca qatlayıb sual işarəsinə bənzədirdi, mənsə qeyri-iradi olaraq pişiyin əvəzindən sualı səsləndirib, cavablandırırdım, miyoltuları “aha, aha...” kimi qəbul edirdim, sanki rahatlanırdım. İnsan(lar) varkən! Rəhmətlik nənəmgildə pişik stolun altına girib, quyruğu ilə qəfil məni diksindirəndə, qanımı qaraldanda, ətimi ürpəşdirndə ağlıma belə gəlməzdi ki, bir zaman gələcək pişiyin hüzurunda hüzndən çıxıb hüzur tapacam...
Budur, pişiyimin qarşısına ət atıram. Ağzında ət mıyoldayıb, balalarını çağırır: biri gəlir, o biri isə tapılmır. “Besedka”nın qarşısında dayanıb, səhnəni maraqla izləyirəm. O biri bala tapılmayınca, gəlməyincə “süfrə açılmır”. Belədə insana və insanlığa daha da nifrət edirəm...
Bir də görürdün ki, pişik də yoxa çıxıb... Amma canlılar tükənmir -ağaclar və quşlar da var. Kətili götürüb, kürəyimi ağaca dirəyirdim, başımı qaldırıb elə hey... budaqlara baxırdım, azca külək olanda yerinə düşürdü, çünki yarpaqlar əsirdi, “başlarını” yuxarı qaldırıb aşağı endirirdi, bu əsintini “həmsöhbətimin” təsdiqi kimi qiymətləndirib, “həə Rüfət, həə Rüfət, ay sadəlövh bədbəxt, danış, ürəyini boşalt, səni dinləyirik, anlayırıq, dilimiz, ağzımız olmasa belə...”
Və ya belimi ağacın gövdəsinə dirəyib, ovuclarımı yanaqlarıma, dirsəklərimi dizlərimə sıxıb, məchul bir nöqtəyə qıfıllanırdım, “zon” qəbiristanlıq sükutunu andırırdı, səssizliyi pozan yeganə səs iyirmi metrliyimdəki su kranının lüləsindən tək-tək düşən damcıların taqqıltısı və sərçələrin civiltiləri idi. Taqqıltı ilə civilti bir-biri ilə çulğaşırdı, ruhumu oxşayan səs çıxırdı. Əsrarlı simfoniya və ahəngdarlığa şahidlik edirdim. Nədənsə bu səs 7 yaşımda tərk etdiyim Zəhmətdəki evimizin yaxınlığındakı dinozavr yumurtasına bənzəyən qənbər daşını sağ əlimə bir, sol əlimə də bir çaydaşı götürüb, qoşanağara çalırmış kimi döyəcləyəndə ətrafa yayılan səsi xatırladırdı.
...Belə halların birində məni inzivadan “Şrek”in arxadan gələn xırıltılı səsi diksindirdi:
-Səfərov, nolub? Kefin niyə yoxdur? Rəislə danışdım. Sabah AzTV, Xəzər TV və ATV-dən jurnalistlər gələcək. Hazırsanmı? -deyə sual verdi.
Artıq uzatmağa elə də ehtiyac qalmamışdı. Zatən kifayət qədər danışmış, təsəvvürümə belə gətirə bilməyəcəyim hadisə, fakt və prosesləri çılpaqlığı ilə izah etmiş, cəmiyyətin agah olmadığı mühüm həqiqətlərin üzərindən sirr pərdəsini çəkmiş, Azərbaycan hüquq sisteminin əsl mahiyyətini açıb qoymuşdu ortalığa. Odur ki:
-Elçin müəllim, fikrimi dəyişmişəm. Bilirsinizmi, nə düşünürəm? Əgər sonradan özümü ləyaqətsiz bir hala gətirib reverans edəcəkdimsə, elə oturmuşdum rahat kresloda, indi də Allah bilir, hansı postu tutmuşdum. Ayrı-ayrı rayonlardan daha yuxarı postlarla bağlı təkliflər gəlmişdi, hətta Qusarın, Kürdəmirin prokurorları rəqabətə girərək Qaralova təqdimatlar da göndərmişdi... Yeni yaradılan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin Hüquq və Kadrlar şöbəsinin müdiri vəzifəsini də təklif etmişdilər. Hələ heç bir ştat vahidi, inzibati binası yox idi... Həyatımı dəyişəcəyimə dair qəti qərar verdiyimdən qəbul etmədim. İndi bütün maddiyyatın, karyeranın, işin-gücün üstündən ona görə çalın-çarpaz xətt çəkdim ki, həbs olunanda ruhumu, şərəfimi, mənliyimi torpağa quylayım, yerə gömüm? Bununla təkcə özümü deyil, həm də ailəmi, atamı, anamı, bacımı, ümumiyyətlə onsuz da ağır durumda olan Azərbaycan gəncliyini sındırmış olaram... Yox, yox, sağ olun... Bilirəm, mənə “yaxşılıq” etmək istəyirsiniz, burada çürüməyimi arzulamırsınız, amma belə alçaldılmış və təhqir olunmuş vəziyyətdə azadlığa çıxa bilmərəm. Məhbəsdə doğulan oğlumun gələcəkdə belə bir sualının qarşısında nə edərəm: “Ata, zindana niyə dözmədin? Çox ağır idi, hə?” -deyə “Şrek”in bütün ümidlərini çilik-çilik edən sual verdim.
Gündəliyim “deyir” ki, bu zaman Antiterror Mərkəzinin sabiq şöbə rəisi, polkovnik, əvvəlki hissələrdən bizə bəlli olan Azər Mehdiyev də bizə yaxınlaşdı. Mən təklif etdim ki, bir çaylayaq. “Şrek” əhvalı pozulduğundan, -sanki bədbəxtə 10 il 6 ay mən “nallamışdım”,- reaksiya vermədi, hamamdan yenicə çaxan polkovniksə təklifimə laqeyd yanaşmadı. “Besedka”ya keçib 3 stəkan çay gətirdim. Azər Mehdiyev yeni xəbərlə gəlmişdi:
-İlqar Məmmədovu buraxıblar.
-Doğrudan? 6 ildən sonra... Axır ki Avropa gec də olsa iradəsini nümayiş etdirə bildi, -deyə təəccübümü gizlədə bilmədim.
- Hə, düzdür. İlqar “stoyka”sını saxladı, zülmlərə dözdü. Çox əziyyət çəkdi. Əli Kərimlidən fərqli olaraq o real müxalifətdir. Ona görə də barəsində Avropa Məhkəməsinin bir neçə qərarı olmasına baxmayaraq hökumət onu buraxmırdı,- deyə heç də hər zaman ünsiyyətə, siyasi mövzular ətrafında müzakirələr açmağa bir elə də meylli olmayan, tülkü xislətli Azər Mehdiyev reaksiya verdi.
Mənimçün maraq kəsb edən mövzu açılmışdı. Ona görə də bütün ünsiyyət imkanlarımı səfərbər edib, məzmunlu dialoq yaratmaq lazlm idi.
-Azər müəllim, ola bilərmi ki, İlqar Məmmədov hokumətlə razılaşıb çıxsın? Həbs həyatından sonra “konstruktiv” müxalifətçiliyə üstünlük verib, sərt ritorikadan imtina etsin?, -deyə sual etdim.
-Yox əşşi... Deyirəm, burda qalsın. Elçin müəllim bilir, rəhbərliyin tapşırığı ilə hələ İlqar Məmmədov həbs olunmamışdan qabaq onunla görüşdüm. Mahmudovun özü tapşırıq vemişdi. Nazir bilirdisə, yəqin dövlət başçısı da bu görüş barədə məlumatlı idi. Nə isə, görüşdük, bir neçə saat söhbətləşdik. İlqara partiyanın qeydiyyatını və ən azı 3 mandat təklif etdim. Aylıq maliyyə də təklif olundu. Düzdür, konkret rəqəm barədə bəhs etmədim, çünki yuxarı ilə hələlik razılaşdırmamışdım. Amma imtina etdi. Bu, mənimçün bir elə də gözlənilməz olmadı. Çünki xarakter və şəxsiyyətini səciyyələndirən keyfiyyətlərə bələd idim, bu ətrafda bir xeyli işləmişdim. Tezliklə prezident olacağına adı qədər əmin idi, -deyə Mehdiyev ilginc təfərrüatları bölüşdü.
-Azər müəllim, elə bir dəfə görüşdünüz?
-Hə, bir dəfə. Rüfət, İlqarın Avropa və Qərb dairələri ilə sıx əlaqələri var. Elə indi də elədir. Sonradan, -yadınızdadır da Elçin müəllim,- həmin görüşün bütün detallarını anban təhlil etdik... Sezməmək mümkünsüz idi ki, Qərbə son dərəcə böyük ümidləri var...
-Yəqin səsini yazmışdız, hə?
Bu zaman “Şrek” Mehdiyevin cavablandırmasına imkan verməyib müdaxilə edir:
-Nə səs? Kabinetdə oturub Azərlə İlqarın kənarda baş tutan görüşünü birbaşa canlı surətdə izləyirdim. O özünü artıq prezident kimi hiss edirdi, ağlına da gətirməzdi ki, haçansa həbs olunacaq... Düşünürdü ki, tutulsa belə qısa müddətdə azadlığa çıxa biləcək. Amma yaddan çıxarmışdı ki, dövlət başçısı üçün Avropa, Qərb bir elə əhəmiyyət daşımır. Nə isə Rüfət, bunlar bir tərəfə, sən qəti qərara gəlmisən ki, azadlığa çıxmaq istəmirsən? Elədirsə, durum Babanın (“zon”un rəisi Baba Gülməmmədov nəzərdə tutulur -müəllif) yanına qalxım, məruzə etsin... Daha bura jurnalistlər tökülməsin... Həm də... Bura bax, Azərin yanında sənə bir söz deyim, bunu qulağında sırğa et. Təki tez çıxasan, amma məncə, 9 il burdasan. İşdi-şayət azadlığa qovuşsan, qətiyyən Milli Şura, Cəbhə, Əli Kərimli tərəfə bir addım belə atma. Onlar, yenə deyirəm, “erməni saxlayanın” (Ramiz Mehdiyev nəzərdə tutulur -müəllif) dirijor çubuğu ilə idarə olunurlar. Sən inan ki, bütün icazəli və ya icazəsiz mitinqlər onun tapşırığı ilə təyin olunur. Əslində o “erməni” bu dövlətə, elə cənabın (dövlət başçısı nəzərdə tutulur -müəllif) özünə də düşməndir. Hə, onu deyirdim axı... Əgər işdi-şayət azadlığa tez çıxsan, İlqar Məmmədovla görüş, münasibət qur. Sənə bir “Don Kixot” kimi yazığım gəlir, uşaqsan, sözlərimə diqqətlə qulaq as! Atana de ki o “Azadlıq”ı-zadı rədd eləsin. Tam ciddi deyirəm. Ya da ümumiyyətlə, təşkilatdan-zaddan qur, tək işlə, -deyə özünü qeydkeş kimi aparan “Şrek” bir qədər əsəbi formada tövsiyədə bulundu.
Əziz oxucu, tam səmimi olacağam. Açığı “Şrek”in dedikləri düşündürücü idi... Bir halda ki, barəmdə tərtib edilmiş plan, yəni kameralar qarşısına çıxıb yalvarmağım, müxalifəti asıb-kəsməyim, özümü cəmiyyətin gözləri önündə miskin duruma salmağım və bunlardan onun divident götürməsi baş tutmamışdırsa, nədən qayğıma qalmalı idi? Bəlkə həqiqətən taleyimə acıyır? Bəlkə əlində olan məlumatlara, zəngin təcrübəsinə istinad edib, dörd divar arasında səmimiyyət nümayiş etdirir? Bəlkə alçaldıcı təklifi qəbul etmədiyimə görə gerçəklik nədirsə, onları deməyi uyğun bildi? Bəlkə tam doğru danışır? Sadəcə, mən inamsızam? İnanın, əziz oxucu, içimdə-daxili dünyamda ciddi təbədüllat baş verdi. Qarışıq hislər keçirirdim. Yəni, aysberqin görünməyən tərəfləri var?
...Əlahəzrat zaman sonradan ortaya qoyacaqdı ki, başqa hissələrdə deyə bilmərəm, amma İlqar Məmmədov barədə söylənilmiş hissələrdə Elçin Quliyev və Azər Mehdiyev səhih məlumat verməmişlər. Və ya ola bilər ki, onların xidmət göstərdikləri dövrdə formalaşmış münasibətlər sistemi sonradan dəyişikliklərə məruz qalmışdır. Belə ki, Məmmədov azadlığa çıxdıqdan sonra yeni strategiya və taktikaları önə çəkdi, hakimiyyətə yönəlik sərt üslubdan əsasən imtina etdi, hətta parlamentdə rəhbərlik etdiyi partiyanın nümayəndəsi təmsil olundu, Quliyevin təbirincə desək, “yeməkxana siçanı”nın xələfi ilə görüşdü, sərt dəsti-xətt yerini yumşaq siyasi tərzə verdi, bu günsə Ali Məhkəmənin Plenumu barəsində bəraətverici əsaslarla qərar qəbul edib, 234 min manat kompensasiya təyin etdi... Və Əli Kərimlinin blokadaya alınması ilə bağlı suala cavab olaraq dedi ki, “ölkədə hansı müstəqil mənbə və yaxud da beynəlxalq səviyyədə hansı qurum bunu təsdiqləyib? Mən bu informasiyanın etibarlılığına inanmıram”. Hadisələrin dialektikası göstərir ki, ləğv olunnmuş dairələrin 2-3-ü REAL-a ərmağan ediləndən sonra “dialoqun” yekun uğurlarından bəhs olunacaqdır.
Əli Kərimlininsə az qala bütün ətrafı, köməkçilər, funksionerlər həbsdə, özü faktiki surətə ev dustaqlığında, kommunikasiya vasitələrindən, ev və mobil telefondan, internetdən məhrum şəkildə... Misli görünməmiş repsessiya altında siyasi fəaliyyət, əgər təbii ki bu şəkildə siyasi fəaliyyətlə məşğul olmaq mümkünsə...
Əziz oxucu, mənimçün son dərəcə maraqlıdır, ötən il təxminən bu dövrdə “Şrek” təkidlə deyirdi ki, “Ramiz Mehdiyev tutduğu vəzifədən uzaqlaşdırılsa, Əli Kərimlinin gerçək mahiyyəti üzə çıxarılacaq, odur ki Rüfət, İlqar Məmmədovla sıx əlaqələri qur, bir halda ki, demokratiya-zad istəyirsən...” Bəli, sonradan bərabər olmaq anlamına gəlməsə də cənab Məmmədovla iki dəfə görüşdük, tanış olduq, söhbətləşdik...
XVII HİSSƏ. Bir qardaşım, ya da bacım ana bətnində tələf olub. Daha sonra 3 günlük qardaşımı erməni mamaça, -bilmirəm, qəsdən, yoxsa ehtiyatsızlıqdan,-əlindən salıb öldürüb. 4-5 ildən sonra mən dünyaya gəlmişəm. Görünür bu səbəbdən babam və nənəm məni son dərəcə ərköyün, gəlib-gedəni söyən nəvə kimi həddindən artıq əzizləyiblər, bütün arzu və şıltaqlıqlarımın yerinə yetirilməsi nəticəsində bəlli yaşadək xudbin böyümüşəm. Orta məktəbin ilk illərində axmaq, qudurğan, azğın hərəkətlərim yadıma düşəndə utandığımdan yerə girirəm. Məsələn, 4-cü sinifdə oxuyarkən sinif yoldaşım Aynur yersiz surətdə təhqir etdi, üstəlik, stulu mənə tərəf tulazladı, borclu qalmadım, həmin stulu götürüb başına vurdum, tənəffüs zamanı qızların tualetini azca aralayıb zırpaket atdım, iki sinif yoldaşım xəstəxanalıq oldu, 5-ci sinifdəykən gicliyim tutdu, sinifdəki bütün stulları 3-cü mərtəbədən aşağı tulladım, əksəri yerə düşdü, ikisi-üçüsə şam ağacının budaqlarında sallandı, 6-cı sinifdə məhəllənin avara uşaqlarına qoşulub, apteki yandırdım. Bu hərəkətlərimdən atamın xəbəri yox idi, o səhər çıxıb, axşam gəlirdi: “Səs” qəzetində yazıb-pozurdu. Anamsa məhv olurdu: mən bir tərəfdən, dərs dediyi internatdakı ipə-sapmayan uşaqlarsa digər tərəfdən... Bütün bunların fonunda babam və nənəm həmişə uca səslə elan edərdi: “Nə edir, yaxşı edir, dəyməyin!” 7-ci sinifdə oxuduğum məktəbdən qovmaq istəyirdilər, amma dil-ədəbiyyat müəlliməsi mərhumə Gülarə müəllimə direktora söz verdi ki: ”Bu gədəni mən adam edecəm. Öhdəmə buraxın!”
Gülarə müəllimə hündür, enlikürək, cantaraq, irigövdəli idi. Birində dərsdə növbəti dəfə nadinclik, şitlik edərkən məni bir əli ilə qaldırıb, uzatdı öz masasının üstünə. Bütün sinfin qarşısında kəmərimi çıxarıb, soyundurmağa başladı... Mən qışqıra-qışqıra: ”Müəllimə! Neynirsiniz, müəllimmmməəə?” (Adəm və Həvvadan bəri bəşəriyyətin yeganə tədris müəssisəsi idi ki, həyata keçirilən təlim prosesi, didaktika belə forma kəsb etmişdi: müəllimə dəcəl şagirdi soyundurub, uşaqların gözləri önündə rüsvay etmək istəyirdi ki, bəlkə bundan sonra özünü adam kimi aparsın). “Sən artıq bizi zinhara gətirdin, bu dəqiqə lüt vəziyyətdə səni götürdüyüm yerə qoyum, sən də bax!”, -deyə rəhmətlik Gülarə müəllimə “cin atına” mindi. Zalım arvadı durmaq bilmirdi. Kəməri çıxarıb, şalvarımı soyundurdu, köynəyimi, “poliver”imi, “mayka”mı çəkib boynumdan çıxardı, üzr istəyirəm, “trusik”imə əl atanda “Müəllimə, qələt elədim! Bir də pis işlər etməyəcəm! Qurban olum!”, -deyə yalvardım, gözlərimdən bıldır-bıldır yaş axdı. Uşaqlar isə şaqqanaq çəkərək gülürdülər... Nəhayət müəllimə insafa gəldi, boşladı: “Rüfət, dədənə da, anana da, babana da , nənənə də demişəm! Onlar da səni mənim öhdəmə buraxıblar! Bir də artıq-əskik hərəkət etsən, anadangəlmə lüt edib, sinfin, məktəbin içinə buraxmasam atamın qızı deyiləm!” (Dostluğumda sinif yoldaşlarımdan kimsə yoxdur, əvvəllər bir-ikisi var idi, onlar da sildilər. Lütfən bu sətirləri hansısa sinif yoldaşım oxusa, reaksiya versin, çünki oxucular üçün nəql etdiklərim fantastika təsiri bağışlaya bilər). Mən əllərimin üstləri ilə gözlərimdəki yaşı silib, müəlliməni əmin etdim, sinif yoldaşlarıma söz verdim ki, özümü tərbiyəli, əxlaqlı, nümunəvi aparacağam. Kor-peşman, suyu süzülə-süzülə paltarlarımı geyinməyə başladım. Yenə də hıçqıra-hıçqıra ağlayıb, yerimi aldım. Bundan sonra sizcə nə oldu, dostlar? Əslində normal uşaq yeni mizan-tərəzi, ölçü-biçi, nizam-düzən üzərində tərzini bərqərar etməli, az da olsa nəticələr çıxarmalı idi. Amma mən anormal idim, ərköyünlüyün pik nöqtəsində maddi və mənəvi aləmə yuxarıdan aşağı baxırdım. Təbii müsbətə doğru hər hansı dəyişiklik əvəzinə, daha “betər müsibət” oldu: günün birində rəsmxətt müəlliməsindən icazədə bulunub, bayıra çıxmaq istədim, osa icazə vermədi, yəqin düşündü nə qələt edirəmsə, sinifdə gözünün qarşısında edim. Çıxmaq istədim, qıfılı götürüb, içəridən bağladı. Belə də heç bir tənbəllik etmədim, təbii ehtiyacımı bütün sinfin gözləri önündə ödəyib, yerimdə oturdum. Müəllimə şoka düşüb, lövhənin altında, divarın dibində iri taxta parçasını götürüb, üstümə cumdu. Uşaqların hay-küylü gülüşlərinin fonunda taxta parçasını kürəyimdə sındırdı... Mən də geri qalmadım, sınmış taxtanın bir hissəsi ilə silahlanıb, müəllimənin başına çırpdım. Vəziyyətin nəzarətdən çıxdığını görən 7-ci sinif şagirdləri qorxmağa başladılar, hansısa diribaş, -deyəsən, Rövşən idi,- açarı müəllimənin cibindən çıxararaq qapını açdı və götürüldü. 3-4 dəqiqə sonra Gülarə müəllimə sinfin ortasında peyda oldu, mən işlərin nə ilə nəticələnəciyini bildiyimə görə macal tapıb, qaça bildim.
...Artıq məktəbdən qovurlar. Anamsa zırın-zırın ağlayır. Atama heç nə bildirmir.
2-3 gün məktəbə getmədim, Gülarə müəllimə evə zəng etdi. Dəstəyi anam qaldırdı. Bir neçə dəqiqə danışdıqdan sonra anam söylədi ki, müəllimə səni çağırır:
-Eşidirəm, müəllimə, -çəkinə-çəkinə cavab verdim, mənə elə gəldi ki, o boyda pəzəvəng mumiya kimi əriyib, naqilin içinə daxil olacaq, bir göz qırpımında dəstəkdən çıxacaq- özü də ağız hissəsindən yox, qulaq tərəfdən... Qulağımı dibindən qoparmaq üçün...
-Rüfət, mənim balam, gəl məktəbə, narahat olma. Söz verirəm ki, səninlə dost olacam, -deyə gözlənilməz şəkildə həlim danışdı.
Açığı birinci dəfə idi ki, səhvlərimdən, nöqsanlarımdan, bəlkə də “cinayət”lərimdən utandım, təəssüfləndim, bu dünyada peşmançılıq adına bir duyğunun tamını idrak etməsəm də ilkin olaraq “p” ağır şəkildə ruhuma çökdü.
-Müəllimə, oxumaq istəmirəm! Gəlmirəm!, -deyə qorxa-qorxa desəm də... əslində məktəb ilə birdəfəlik üzülüşmək istəmirdim, sadəcə çəkinirdim ki, bu dəfə 100 faiz alt paltarımı da soyundurub atacaq məktəbin dəhlizinə. Ki bəlkə ağlımı başıma yığım.
-Ananı çağır telefona, onun yanında da söz verim ki, səninlə dost olacağam. Gəl,- deyə bu boyda həngamədən, mərəkədən sonra yumşaq danışığı ilə sanki məni ovsunladı.
-Yaxşı gələcəm.
Səhər erkən durub titrəyə-titrəyə məktəbə yola düşdüm. (Atam isə yenə də əməllərimdən xəbərsizdir...)
Budur, rəhmətlik Gülarə müəllimə direktor müavininin kabineneti önündə məni qarşılayır. Gözləmədiyim surətdə əlini boynuma qoyub, saçlarımı sığallayır, yaddaşım məni aldatmırsa, məktəbin kitabxanasına aparır. Müəllimə ağlaya-ağlaya deyir:
-Rüfət, sən mənim ağıllı balamsan, səni çox sevirəm. Bir az şuluqluq edirsən, o də düzələcək. Qadan alım, mən inanıram ki, bundan sonra xırda da olsa şuluqluq etməyəsən, -deyə, sanki qəflət yuxusundan məni oyatdı, ruhumu silkələdi və çox yəqin ki, sonrakı mərhələlərdə “heyvan”ların sırasını tərk edib, insanların səfində durmağımı şərtləndirdi.
...Amma məktəbdə bir uşaq mənə yaxın durmadı. Tək-tənha gəlib gedirdim. Gedərək bu hala nəinki uyğunlaşdım, üstəlik içimdəki balaca “bayquşu” sığallaya-sığallaya böyütdüm, mehribanlaşdıq.
Gülarə müəllimə isə daim mənimlə oldu. Sinif yoldaşlarımla qaynayıb-qarışmağım, sıx ünsiyyətim yalnız 3 ildən sonra tam baş tutdu. 10-cu sinifdə... Artıq tam dəyişmişdim. Gülarə müəllimənin sayəsində bir xeyli ədəbi mətnlərlə tanış oldum ki, onlar da xarakterimdə dərin izlər buraxdı.
Fəqət bir neçə il ərzində sinif yoldaşlarım tərəfindən tərk edilmiş və atılmış olduğumdan, daxilimdə böyüyən “bayquş” və ulartısı mənimçün daha da əzizləşdi, sanki bül-bül cəh-cəh vururdu... Ruhumu oxşayırdı. Təxminən Toni Morrisonun “Sevilisi”sindəki durum yarandı: “Elə tənhalıq var ki, yırğalanmaqla sakitləşdirirsən. Əllərin sinəndə çarpazlanıb, dizlərini azacıq qaldırmısan və yırğalanırsan... yırğalanırsan... Bu hərəkət gəminin ləngər vurmasından fərqli olaraq ruhu yumşaldır, təskinlik verir, onu yatırır. O haradansa içəridən qalxıb səni möhkəm bələyir- lap dəri kimi. Elə tənhalıq da var ki, sanki kənardan dalğa kimi gəlir. Yatıra bilməzsən. O diridir və səndən asılı olmayaraq öz-özünə yaşayır. O qupqurudur, ətrafında nə varsa işğal edir, hətta addımının səsini belə, sanki kənardan eşidirsən”.
Məhbəsədək “Sevgili”dəki tənhalığın birinci hissəsi varlığıma hakim idisə, günün birində tənhalığın insan sümüyündəki iliyi qurudan ikinci hissəsi mənəviyyatıma çökdü...
Bu, necə baş verdi?
Demək, “kars”ın kamerasında oturmuşdum. Dustaq həyatı yaşayan hər kəsə bəllidir ki: “kars”da 1 dəqiqə 1 saat kimi gəlir. Adi həyatda fasiləsiz yürüyən zaman elə bil “kars”ın soyuq divarları arasında donur, sanki təslim olur. İçimdəki “bayquş”u sığallaya-sığallaya, bəsləyə-bəsləyə düşünürdüm... İnanın ki, o illərdə doğulan, içimdə böyüyən, iti uclu dırnaqlarını qəlbimin şah damarına sancıb oturan, lakin ağrı verməyən “bayquş” yanıqlı səslə uladı, mən bəlli mənada onun dilini bildiyimdən dərhal anladım: “Rüfət... Artıq sənin daxilindəki dərd yükünə tab gətirə bilmirəm... Uzun illərdir ki, səninləyəm... Daha dözə bilmirəm...” Mən bu ulartıya cavab olaraq ucadan qışqırdım, səsə “nadzor” gəldi, “kormuşka”-nı açıb:
-Nolub, Rüfət?, -deyə həyacanlı surətdə sual verdi.
Mən cavab verməyə macal tapmamış... “bayquş” da vəfasız çıxdı, fürsəti fövtə verməyib, içalatımı, ürəyimi, boğazımı cıra-cıra ağzımdan çıxdı, bir göz qırpımında uçaraq “kormuşka”dan keçdi... Belə ağır durumumda... Bəli, o anda nəzarətçinin sualı “kormuşka”dan içəri daxil olub, ağzıma dirənmişdi, “bayquş” da onu qarmaq bilib, qərarının icrasını tezləşdirmişdi...
-Heç nə, Etibar, bir az narahatam, -deyə nəzarətçiyə cavab verirəm.
Bu dəfə fizioliji və psixoloji olaraq vaxtın əsirinə çevrilirəm. Bəzən iradəmi toplayıb, guya uzun müddət nəzrətçidən saatı (“kars”da saatın olmaması işgəncələrin ən betəridir -müəllif) soruşmuram, sanıram ki, 40-50-dəqiqə keçər, amma məlum olur ki, 10 dəqiqə bundan öncə nəzarətçini haylayıbmışam. Öz-özümə donquldanıram: “bayquş”um, məni bu çarəsiz vəziyyətdə təkliyin tənhalığına soxub uçub getdinsə, elə bilmə ki, alternativ yol yoxdur. Özümü haradasa oxuduğum mediativ təmrinlərin ixtiyarına verirəm... Xəyalımda dördkünc “kars”ı dairəvi saat sferblatına çevirirəm, saniyə və dəqiqə ölçən əqrəbləri qamçı, saat ölçən əqrəbisə at kimi şüuruma təlqin edirəm, lənətə gəlmiş atı qolumdakı qandal ilə nə qədər mahmızlayıramsa, yürümür ki, yürümür... Dəli oluram, bütün varlığım əsir, başımdan tüstü çıxmaq istəyir... Amma “bayquş”dan fərqli olaraq tüstü çıxmır, çünki onu da həbs ediblər, əli-qolu bağlı “beynimin gözünü” kor edir... Eləcənə...
Hardasan, “bayquş”, hardasan? Bu qədər vəfasızlıqmı olar? Bir sən qalmışdın tərk etməmiş, sən də uçdun?”, - deyə hıqqana-hıqqana sual edirəm...
P.S. Məni adam edən sevgili Gülarə müəlliməm, səni heç zaman unutmadım, unutmayacağam da.
P. P. S. Dostlar, 16 hissə tam və ya qismən siyasi olmuşdusa, bu hissə də tam romantik olsun da, nə olar ki...

Ardı var

Комментариев нет:

Отправить комментарий