Milli Təhlükəsizlik Nazirliyinin xüsusilə mühüm işlər üzrə sabiq müstənqiti Ramin Nağıyev “Azadlıq”ın sualları əsasında Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətlinin səbəblərinə aydınlıq gətirir.
2011-ci ilin iyul ayının 20-də Azərbaycan mətbuatı vasitəsilə prezident İlham Əliyevə müraciət etdim ki, mənim Milli Təhlükəsizlik Nazirliyində tutduğum vəzifədən qanunsuz olaraq işdən çıxarılmam qiymətləndirilsin və bu məsələyə yenidən baxılsın. Təəssüf ki, heç bir reaksiya olmadı və buna görə də, mən 1999-cu ilin dekabr ayında işdən qanunsuz olaraq çıxarılmağımın əsas motivləri haqqında danışmağa məcburam.
30 sentyabr 1994-cü ildə AR Baş Prokurorluğunda Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun öldürülməsi faktı üzrə cinayət işi qaldırıldı. Bundan sonra istintaqı aparmaq üçün iş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Idarəsinə göndərildi. Bu istintaqın necə aparıldığı barədə mən hələ 2002-ci ildə “Virtual Monitor” saytında ətraflı məlumat yaymışam. Xatırlatmaq istəyirəm ki, təşkilatçısının Mahir Cavadov olduğu hesab edilən bu cinayət işi üzrə həbs edilən OMON əməkdaşları müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib cəzaçəkmə yerlərinə göndəriliblər. Qətlin motivi öldürülənlərə qarşı mənfi münasibət hesab edilib. Hüquq-mühafizə orqanları qətl üçün başqa motivlər tapa bilmədilər. Ona görə ki, “Qorotdel”in zirzəmisində dəhşətli işgəncə altında ifadə verən OMON-çulardan “səmimi etiraf”dan başqa heç nə əldə etmək mümkün olmadı. Onlardan biri, Elçin Əliyev ömürlük azadlıqdan məhrum edildi və bir neçə müddətdən sonra həbsxanada öldü.
Bu hadisələrdən 17 il keçir. Bütün bu müddət ərzində mən bu qətlin əsl motivləri və bu cinayətin arxasında dayanan adamlar haqqında susmuşam. Mən susmağa məcbur idim, çünki bu qətlin təşkilatçıları yalnız azadlıqda deyildilər, həm də çox yüksək vəzifələri tuturdular. Mənim bütün cəhdlərimin qarşısı da, onların – hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən çox sərt şəkildə alınırdı. Məni kənarlaşdırdılar, işdən çıxartdılar, sui-qəsd etdilər, ölkədən çıxmağa məcbur etdilər, bir sözlə, onlar məni tamamilə əzib zərərsizləşdirə bildilər. 1999-cu ildə ölkədən qaçandan sonra da məni və ailəmi Rusiyada təqib etdilər, 2002-ci ildə Fransaya sığınmağa məcbur oldum. Bütün bunlara baxmayaraq məni tamamilə məhv etmək və bu cinayətlərlə bağlı yaddaşımda qalan, yalnız mənə məlum olan faktları oradan silmək onlara nəsib olmadı. 1999-cu ilin dekabr ayının 3-də məni işdən qovdular, Milli Təhlükəsizlik Nazirliyinin binasını tərk edəndə onlara bəyan etdim ki, başa çatdırılmamış cinayət işindən pis heç nə yoxdur və günün birində mən bu cinayət işini bitirəcəyəm.
İndi mən bu vədimə əməl etmək istəyirəm, qoy heç kim məndən inciməsin. Hələ 2002-ci ildə, bu cinayət əməlləri ilə bağlı açıqlamalarla çıxış edəndə mümkün opponentlərimə üz tutub demişdim ki, mənimlə razılaşmayanlar məhkəməyə müraciət edə bilərlər. Bu gün də həmin müraciətimi irəli sürürəm. Mənə etirazı olanlar, Fransada və ya hər hansı başqa Şengen ölkəsində məhkəmə iddiası qaldıra bilərlər.
Bugünkü Azərbaycan hakimiyyətinin rəsmi versiyası bundan ibarətdir ki, Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun və onun sürücüsünün qətli Cavadov qardaşlarının əməlidir. Amma bu tamam böhtandır və yalandır. Bu iş üzrə cinayət işi və məhkəmə istintaqı saxta arqumentlər üzərində təşkil edilib.
Bu gün mən ilk dəfə olaraq bu qətlin təşkilatçıları və icraçıları haqqında açıqlamalar verəcəyəm. Bu qətl hadisələrinin mərkəzində dayanan və bu barədə ən dolğun məlumatı olan şəxslər: o zamankı baş nazir Surət Hüseynov, o zamankı Milli Təhlükəsizlik naziri Nəriman İmranov və o zamankı baş prokuror Əli Ömərovdur. Bu qətlin əsas motivi Müdafiə Nazirliyi sistemində baş verən iri korrupsiya əməliyyatlarının üstünü örtmək cəhdi olub.
Belə ki, Şəmsi Rəhimov Xüsusi İdarənin rəhbəri kimi özünün birbaşa vəzifə səlahiyyətlərini yerinə yetirərkən Azərbaycan Müdafiə Nazirliyində iri miqyaslı korrupsiya əməliyyatlarının olduğunu üzə çıxarıb və bu əməliyyatların Surət Hüseynovun nəzarəti altında aparıldığını dəqiqləşdirib. O, bu korrupsiya əməliyyatları barədə Heydər Əliyevə məruzə edib. Bu məruzə qanunsuz maliyyə vəsaitlərinin yönəldildiyi xarici banklar və on milyonlarla dollar vəsaitin saxlandığı bank hesablarının siyahısı idi. Şəmsi Rəhimov prezident Heydər Əliyevə bu əməliyyatların aparılma sxemini detallı şəkildə izah etmişdi. Bu məruzədən sonra Heydər Əliyev Şəmsi Rəhimova göstəriş verir ki, bu əməliyyatlara aidiyyəti olan şəxslərin, eləcə də adına bank hesabı açılanların siyahısını müəyyənləşdirib ona təqdim etsin. Eyni zamanda o Afiyəddin Cəlilova tapşırmışdı ki, etibarlı deputatlardan ibarət komissiya yaradarq MN-dəki maliyyə maxinasiyalarını yoxlamaq üçün hazırlıqlara başlasın. Akademik Ziya Bünyadovun adı da həmin komissiya üzvlərinin siyahısına əlavə edilmişdi. Komissiyanın işləməsi üçün zəruri hesab edilən bütün sənədlər Afiyəddin Cəlilova verilmişdi və o həmin sənədləri (“qara qovluq”) iş yerindəki seyfdə saxlayırdı. Amma bu komissiya öz işinə başlaya bilmədi, çünki adı çəkilənlərin hamısı bir-birinin dalınca öldürüldü.
Qətldən dərhal sonra OMON əməkdaşları olan Elçin Əliyev və Fazil Muxtarovun üzərində qətl versiyası qurmaqla bu cinayəti Cavadov qardaşlarının üzərinə atmağa başladılar. Bu versiyanı quraşdıranlar prezidentin sonrakı addımlarını nəzərə almamışdılar. O yaranmış şəraitdən istifadə edərək opponentlərini məhv etməyə başladı. İlk növbədə Surət Hüseynov və Nəriman İmranov vəzifədən uzaqlaşdırıldılar (daha sonra isə MTN-in təcridxanasından qaçış təşkil etməkdə ittiham edildilər). Az sonra Əli Ömərov da vəzifədən kənarlaşdırıldı. 1995-ci ilin martında Rövşən Cavadov öldürüldü və OMON-un 1000 nəfərə qədər əməkdaşı da həbs edildi.
Mənim sabiq nazirim Nəriman İmranovun göstərişi ilə Şəmsi Rəhimovla bağlı sutkalıq müşahidə müəyyənləşdirilmişdi. Telefonlar dinlənilirdi (telefon danışıqlarının mətni MTN-də, Şəmsi Rəhimovun tabeliyində olan O.Qorbaçovun cinayət işində saxlanılır). Bundan başqa, onun yaxın ətrafında yerləşdirilən adam birbaşa Nəriman İmranova müntəzəm məruzə edirdi. İmranov işdən kənarlaşdırılandan sonra həmin şəxs istintaqa könüllü olaraq qatılaraq İmranovun göstərişi ilə bu işləri yerinə yetirdiyini etiraf etdi. O etiraf etdi ki, qətl hadisəsindən bir neçə saat əvvəl Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun kontaktı olub. Mənə bu kontaktın telefon danışığı və ya birbaşa görüş olduğu bəlli deyil, çünki məni həmin adamın yanına buraxmadılar: onunla MTN-in başqa bir əməkdaşı söhbət etdi. Sonrakı nazir Namiq Abbasovun göstərişi ilə həmin adamın verdiyi ifadə və kimliyi tam məxfiləşdirildi. Onun istintaq protokolları da cinayət işinin tərkibində yoxdur. Mən bir neçə dəfə Namiq Abbasovdan soruşdum ki, nə üçün məni həmin adamla görüşə buraxmırlar, o da cavabında bu adamın məlumatının etibarlı olmadığını bildirdi.
Baş prokuror Əli Ömərov, bəlkə də özü də bilmədən, başqa funksiyanı yerinə yetirirdi. Rövşən Cavadovun qardaşı Mahir Cavadovun çılğın və ölçüsüz xarakterini bilərək Ömərova onu özündən çıxarmaq vəzifəsi həvalə edilmişdi. Bu da alınırdı: 20-ci polis bölməsinə hücum, OMON-un Respublika prokurorluğunu götürməsi kimi hadisələr baş verirdi. Demək olar ki, qətldən cəmi iki gün sonra baş prokuror TV-də elan etdi ki, qatillər ələ keçirilib, qətlin təşkilatçıları isə Cavadov qardaşlarıdır. Bu bəyanat səslənən zaman isə işi aparan müstəntiq, yəni mən hələ tutulanlarla görüşməmiş, onlarla hətta ilkin söhbətim də olmamışdı. Əli Ömərov işdən çıxarılandan sonra isə ondan ifadə ala bilmədim, buna icazə verilmədi. Axı onsuz da aydın idi ki, Əli Ömərov kimin tapşırıqlarını yerinə yetirirdi.
Şəmsi Rəhimov öldürüləndən bir ay sonra MTN-ə Milli Ordunun Maliyyə Idarəsindən indi familiyasını xatırlamadığım bir kapitan gəldi. O bildirdi ki, Şəmsi Rəhimovun informatorlarından biri olub. Eyni zamanda bildirdi ki, Şəmsi Rəhimova MN-dəki iri miqyaslı maliyyə maxinasiyaları ilə bağlı mühasibat sənədləri verib. Bu sənədlərin arasında neft satışına dair saxta hesabatlar da olub. İstintaq qrupunun rəhbərləri o zaman belə hesab edirdilər ki, bu maliyyə maxinasiyalarının qətl hadisəsi ilə heç bir əlaqəsi yoxdur, çünki OMON-çular artıq həbs edilmişdi. Buna görə də kapitanın gətirdiyi sənədlər araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərildi. Əgər general Vahid Musayevi görməsəydim, mən bu hadisəni heç zaman xatırlamazdım.
1997-ci ildə mən “12-lərin işi” və ya “Rasim Ağayevin işi” kimi tanınan cinayət işlərini araşdıran istintaq qrupunun tərkibində idim. Bu məsələ ilə bağlı Müdafiə nazirinin sabiq müavini Vahid Musayevi dindirmək lazım idi. Xüsusi İdarənin zirzəmisindəki olaylara baxmayaraq, onunla təmiz insani kontaktım baş tutdu. Buna görə də o bizim sonuncu görüşümüzdə əvvəlki mövzulara aidiyyəti olmayan bir sual verdi. Sual dəqiq şəkildə bu cür idi: “Siz Şəmsi Rəhimovun öldürülməsinin əsl səbəblərini öyrənmək istəyirsinizmi?”. Mən müsbət cavab verdim və Vahid Musayev mənə məsləhət gördü ki, 1993-cü ildə 100 dollar rüşvətə görə həbs edilən müstəntiqlə və onun apardığı cinayət işi ilə tanış olum. Mən də bunu etdim…
Söhbətdən bəlli oldu ki, hərbi prokurorluğun xüsusilə mühüm işlər üzrə müstəntiqi Məmmədzadə Akif Vaqif oğlu Azərbaycan Milli Ordusundakı yüksək vəzifəli şəxslərin korrupsiya əməliyyatlarının izinə düşübmüş. Bundan sonra baş prokuror onu bu işlərdən kənarlaşdırıb. Bir müddət keçəndən sonra isə ona 100 dollar rüşvət ataraq 8 il müddətinə azadlıqdan məhrum ediblər, cinayət işini isə cinayəti törədən şəxslərin müəyyən edilməməsi səbəbilə bağlayıblar.
Mən bu işlə və onun ətrafındakı hadisələrlə tanış ola bildim. Müəyyən edə bildim ki, 1992-ci ildə Ermənistana qarşı hərbi əməliyyatların aparılması üçün (silah-sursat alınması və s.) zəruri pullar olmayıb. Buna görə də Azərbaycan hökuməti barter sövdələşmələri haqqında qərar qəbul edib: silah-sursat əvəzinə neft. Bu əməliyyatlar üçün vergi və gömrük rüsumu müəyyən edilməyib, amma onların aparılması üçün müdafiə nazirinin yazılı razılığı olmalı imiş. 1993-cü ilin yayından etibarən isə bu razılığı şəxsən Surət Hüseynov verirmiş. Elə bundan sonra da saxtakarlıqlar tüğyan etməyə başlayıb. Hər bir əməliyyat üçün saxta firmalar yaradılıb, əməliyyatdan sonra isə bu firmalar ləğv edilib. Bu sxem yaxşı düşünülmüşdü. Neft məhsulları ölkədən çıxarıldıqdan sonra firmalar ləğv edilir, pullar isə xarici banklarda yatırılırdı. Müstəntiq Məmmədzadə 10 belə epizodu aşkar edir, bu epizodlardan hər birindən götürülən qanunsuz gəlirin 1 milyon dollardan artıq olduğu sübut edilmişdi. Pulların köçürüldüyü Kipr bankları və bu əməliyyatları təşkil edən adamlar aşkar edilmişdi. Bu cinayət əməliyyatları kapitanın təqdim etdiyi sənədlərlə də sübut edilirdi. Bu sənədlərin surəti Şəmsi Rəhimova da verilmişdi. Amma onları tapmaq mümkün olmadı. Daha doğrusu, oğurluq mexanizmi onun izini itirdi.
Mən bu kapitanı tapmağa çalışdım. Amma o artıq MN-də işləmirdi. Eyni zamanda bizim Respublika Prokurorluğuna göndərdiyimiz bu sənədlər də it-bata salındı. Kapitandan öyrəndiyim bu epizodlardan birini danışmaq istəyirəm. Doğrudur, bu epizod birbaşa həmin qətllərlə bağlı deyil, amma hamı üçün maraqlı olacağını düşünürəm: 1993-94-cü illərdə MN-in rəhbərliyi Pribaltikadan ordunun “quru ərzaq” rasionuna daxil edilən ət konservləri almışdı. Burada dəhşətli bir şey yoxdur, amma: birincisi, bu konservlərin istifadə müddəti başa çatmışdı və onları bütün Pribaltikadan toplayıb Azərbaycana gətirmişdilər və burada 3 qat qiymətlə sənədləşdirmişdilər; ikincisi isə “Viskas” adlanan bu konservlər pişik yemi olaraq istehsal edilmişdi.
Mənim “Dövlət nökərləri” (“Qosudarevı sluqi”) adlı məqaləm bir çoxlarının xoşuna gəlməmişdi. Onlar belə hesab edirdilər ki, Əliyev rejiminin qurbanı olan “əzabkeş” Surət Hüseynovun obrazına toxunmaq olmaz. Amma çoxları fərqində deyildi ki, bu “əzabkeş” elə həmin rejimin əlində bir alət idi, ondan sadəcə istifadə etdilər. Surət belə hesab edirdi ki, qoca prezident öləcək və o prezident kürsüsünü tutacaq. Amma dərk eləmirdi ki, Heydər Əliyev oğlu üçün alternativ sayılacaq hər kəsi sıradan çıxarmaqla məşğuldur. İndi 1994-cü il oktyabr hadisələrinin əsas təşkilatçıları olan Surət Hüseynov, Nəriman İmranov azadlığın dadını çıxarırlar, amma o hadisələrin sıravi iştirakçılarını əfv edən yoxdur, onlar hələ də həbsxanalarda çürüyürlər.
2000-ci ildə mən Moskvada olarkən Rusiyanın Surət Hüseynovu Azərbaycan hökumətinə təhvil verməsi ilə bağlı bəzi təfərrüatları öyrənə bildim. Yəqin hamının yaxşı yadındadır ki, o ərəfədə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat vermişdi. Bu faktın üstünü general Roxlin açmışdı. Azərbaycan hökuməti bu faktla bağlı Avropa strukturlarına və BMT-yə müraciət etməyə hazırlaşırdı: Avropada adi silahların yerləşdirilməsi ilə bağlı Müqavilənin, eyni zamanda döyüşən tərəflərə (Azərbaycan və Ermənistan) silah-sursat verilməməsi ilə bağlı razılaşmanın şərtləri pozulmuşdu. Amma Azərbaycan heç yerə müraciət etmədi. Prezident Əliyev bu müraciətin əvəzində Surət Hüseynovun Azərbaycana verilməsini tələb etdi, Rusiya da onun tələbini təmin etdi.
Surət Hüseynov nə qədər qiymətli adam idi ki, Heydər Əliyev Azərbaycanın milli maraqlarının əleyhinə gedərək onu istəyirdi? Axı, Ermənistan 1 milyard dollarlıq silah əldə etmişdi… Mən “12-lər”in işinin istintaqında iştirak etməsəm bu sualın cavabını da bilməzdim. Əliyev rejiminə Surət Hüseynovun 1 il ərzində mənimsəyə bildiyi pulları lazım idi. İstintaqın gedişində onun 600 min dollarlıq qızılının olduğu aşkarlandı. Əməliyyatçılar nə qədər dəridən-qabıqdan çıxsalar da başqa pulların yerini öyrənə bilmədilər. Surət Hüseynov özünü günahkar saymadı və istintaqa da ifadə vermədi, amma buna baxmayaraq onu bütün maddələr üzrə günahkar çıxararaq ömürlük azadlıqdan məhrum etdilər. Bir neçə ildən sonra ömürlük həbs, səhv etmirəmsə, 20 illə əvəz edildi, bundan sonra azadlığa buraxıldı. Hamı çox yaxşı bilir ki, Əliyev öz düşmənləri ilə necə rəftar edirdi: heç bir aman və güzəşt ola bilməzdi. Amma birdən-birə onu bağışladılar. Cavab isə çox sadə idi: Surət Hüseynov mənimsəyə bildiyi pulları verərək azadlığını satın aldı. Onun nə qədər mənimsədiyini isə Heydər Əliyev çox yaxşı bilirdi. Maliyyə naziri Fikrət Yusifov prezidentin tapşırığı ilə bir neçə il ərzində Müdafiə Nazirliyindəki əməliyyatları nahaq yerə saf-çürük etməmişdi ki…
İsgəndər Həmidovla bağlı da eyni qərar verilmişdi, amma onun pulu aşkar edilmədi və əvəzində də ona verilən cəza müddətini oturub azadlığa çıxdı. İnanmayanlar Isgəndər Həmidovun özündən soruşa bilərlər.
Cinayət işinə qayıdaq. İstintaqın ilkin mərhələsindəcə bəlli oldu ki, “səmimi etiraf”lara baxmayaraq, OMON-çuların bu işlə heç bir əlaqəsi yoxdur. Mənə hökm edilirdi ki, bu saxtakarlıqlara göz yumaraq təqsirləndirilən şəxslərdən etiraf ifadələri almaqda davam edim. Daha döğrusu, göz yummalı idim ki:
– mənim istintaq qrupuma daxil olan və şahidlərin gəlməsini təmin edən cinayət axtarış əməkdaşları şahidləri hər cür vasitələrlə qorxutmaqla onlara “artıq şeyləri danışmamağı” məsləhət görürdülər. Bu işlə konkret olaraq, cinayət axtarış idarəsinin rəis müavini polkovnik Şərifov məşğul olurdu. Bu iş “partlayanda” isə Ramil Usubov onu Bakıdan Gəncəyə xidmətə göndərdi;
– şahidlərdən birinin məlumatına görə, Şəmsi Rəhimovun yaşadığı blokun yaxınlığında, axşam saat 19 radələrində özünü şübhəli aparan bir gənc görünüb, bir neçə dəfə bloka girib-çıxıb. Gözə girdiyini hiss edincə isə təcili aradan çıxıb. Bir müddət Şimali Qafqazda yaşayan bu şahid şübhə etmirdi ki, həmin adam sifət cizgiləri, geyim stili, davranış manerası etibarı ilə Şimali Qafqazdan olan birisidir;
– Şəmsi Rəhimovun həyat yoldaşı bildirirdi ki, ərinin dediyinə görə, son günlər onu izləyirmişlər, hətta MTN onun telefon danışıqlarını da izləyirmiş. Şəmsi Rəhimv bu barədə aeroportda Heydər Əliyevə məlumat verib, o isə vəd edib ki, qayıdan kimi bu məsələ ilə məşğul olacaq;
– Şahid ifadəsində israr edirdi ki, o mərhumu axşam saat 19-da blokun qarşısında görüb. Bu zaman maşından enəndə Ş.Rəhimovun yaxınlığında qırmızı rəngli, tünd şüşəli bir “Jiquli” dayanıb. Maşının salonu qaranlıq olsa da, içəridəki siqaret işığında onların 4 nəfər olduğu aydın görünüb. Onların hamısı siqaret çəksələr də maşının şüşələri bağlı olub.
– Şahid ifadələri ilə təsdiq edilirdi ki, MTN-in qarajında tünd şüşəli, qırmızı rəngli “Jiquli” yoxdur. DIN isə sorğuya cavab verməkdən imtina etdi. Amma əməliyyat yolu ilə müəyyən edilmişdi ki, DIN-in 7-ci idarəsində belə bir avtomobildən istifadə edilir.
– Şübhəli şəxslərin və şahidlərin ifadələrindən bəlli olmuşdu ki, DİN və MTN Andi adlı çeçenin, eləcə də zahirən ona oxşayan şəxslərin saxlanılması, şəxsiyyətinin müəyyənləşdirilməsi barədə əməliyyat göstərişi varib. Amma bir neçə gün sonra DİN bu əməliyyat göstərişini ləğv edib. Bu barədə istintaqa cəlb edilən Yol Polisi əməkdaşı, baş leytenant Hüseynov məlumat vermişdi. O bildirmişdi ki, Andi adlı çeçeni Şıxov çimərliyi tərəfdə görüb, amma onun axtarıldığı barədə məlumatı olmayıb. Sonradan naməlum səbəblərə görə baş leytenant Hüseynovu prokurorluq həbs etdi, onu 10 gün “Qorotdel”in zirzəmisində saxladılar və bundan sonra əvvəlki ifadələrindən imtina etdi.
– İstintaqa təqdim edilən videokassetdən görünürdü ki, qətldə ittiham edilən hər üç şəxs – F.Muxtarov, E.Əliyev və F.Hüseynov hadisə baş verən zaman Sumqayıtda toyda olublar!!! Onlarla şahid təsdiq edirdi ki, onlar toy məclisinin sonuna qədər orada iştirak ediblər, hətta Fazil Muxtarov toy məclisi qurtarandan sonra da keflənmiş qohumlarını Bakıda öz avtomobili ilə evlərinə daşıyıb.
– Ən başlıcası, qətlin baş verdiyi zaman blokdan qaçan qatili görən şahid F.Muxtarovu, E.Əliyevi və F. Hüseynovu üzləşdirmə zamanı tanımadı və bildirdi ki, bu adamların heç biri hadisə yerində onun gördüyü adam deyil.
Bütün bunları nəzərə alaraq 1994-cü ilin dekabr ayının 31-də Fazil Muxtarovdan yaşadığı yeri tərk etməmək haqqında iltizam alaraq onu azad etdim…
Fazil Muxtarovu azadlığa buraxanda mənə qarşı hansı basqıların ola biləcəyini ağlıma da gətirməmişdim. Yanvarın 2-də bu barədə hamı bildi və nəhəng bir hay-küy qalxdı. Baş prokuror Eldar Həsənov və Ramil Usubov tələsik prezident Heydər Əliyevin qəbuluna getdilər və MTN əməkdaşlarından şikayət etdilər: “Belə işləmək olmaz, biz cinayətkarları tuturuq, MTN onları azad edir”. Amma onların hər ikisi, özəlliklə də Baş prokuror yaxşı bilirdilər ki, bu adamı həbsdə saxlamaq üçün heç bir əsas yox idi. Baş prokuror istintaq qrupunun tərkibinə daxil edilmiş prokurorluq müstəntiqlərini nahaq yerə geri çağırmamışdı.
Elə həmin gün bütün istintaq materialları məndən alındı. 5-6 ay ərzində MTN-in İstintaq Idarəsi başda polkovnik R.Mansurov olmaqla bütün sübutları təkrar-təkrar yoxladılar, amma yenə də həmin nəticəyə gəldilər ki, OMON-çuları Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətl işinə bağlamaq üçün heç bir sübut, heç bir dəlil yoxdur. Bundan sonra prezidentin göstərişi ilə iki cinayət işinin materialları MTN-dən alınaraq istintaqın davam etdirilməsi üçün Prokurorluğa verildi. Yeri gəlmişkəın, o zamanlar MTN-də istintaq hələ vicdanla aparılırdı (“səmimi etiraflar” üçün işgəncələr tətbiq edilmirdi) və ölkə rəhbərliyi tərəfindən xüsusi aqressiv təzyiqlər olmurdu.
Fazil Muxtarov, Elçin Əliyev və Fazil Hüseynov MTN-dən “qorotdel”in zirzəmisinə köçürülən kimi onlar bircə həftə ərzində ağır və dəhşətli işgəncələr altında “səmimi etiraf”lar edərək Şəmsi Rəhimovu və Afiyəddin Cəlilovu öldürdüklərini dedilər. Üstəlik Fazil Muxtarov “etiraf” etmişdi ki, o, Afiyəddin Cəlilovu və onun sürücüsünü tapançadan açdığı atəşlə öldürüb. (Baxmayaraq ki, istintaq materiallarında bu iki nəfərin avtomat silahdan açılan atəşlə öldürüldüyü faktı təsbit edilmişdi). Ramil Usubov bu “səmimi etirafları” da götürərək məruzə üçün Heydər Əliyevin yanına qaçmışdı, amma ondan xüsusi bir muştuluq ala bilməmişdi, çünki artıq İsa Nəcəfov ona məlumat vermişdi ki, Usubovun “cəlladları” hansı etirafları ala bilib.
Bu “etiraf” ifadələri məhv edildi. Dərhal sonra isə nəyə görəsə Fazil Muxtarovdan başqa bir “etiraf” alındı ki, guya onun MTN-in istintaq təcridxanasından buraxılması üçün Rüfət Mansurova pul verilib. Prokurorluq dərhal cinayət işi qaldırdı, Mansurovun həbs edilməsi barədə qərar çıxarıldı. Ancaq nazir N.Abbasov öz əməkdaşını müdafiə edə bildi, belə ki o bu kampaniyanın ona qarşı hesablandığını tamamilə düzgün olaraq qiymətləndirdi. Həmin cinayət işi isə dayandırıldı və hələ də Bakı şəhər prokurorluğunun arxivində saxlanılır…
Prokurorluq istintaqı sürətlə yekunlaşdırdı və F.Muxtarov, E.Əliyev və F.Hüseynov sadəcə olaraq, “səmimi etiraf”lar zəminində azadlıqdan məhrum edildilər. Məhkəmə hətta onu da nəzərə almadı ki, hadisənin şahidləri hadisə yerində bu adamları yox, tamam başqa adamları görüblər. Hərçənd mən hakimi də başa düşürəm, onun yalnızca iki seçim imkanı vardı: vicdanlı qərar çıxararaq hakimlikdən getmək, yaxud da vicdansız qərar çıxararaq işinə davam etmək və günahsız insanları mühakimə etməyə davam etmək. O ikinci variantı seçdi – əclafcasına və qorxaqcasına yaşamağı. Eynilə belə bir hakim də 1999-cu ildə başqa OMON-çuları mühakimə etdi: Afiyəddin Cəlilovu və onun sürücüsünü öldürdüyünü “səmimi etiraf” edənləri.
Hamı üçün maraqlıdır: Heydər Əliyev mühakimə edilən OMON-çuların günahsız olduqlarını bilirdimi? Əlbəttə o bilirdi ki, bu adamlar Afiyəddin Cəlilovu və Şəmsi Rəhimovu öldürməyiblər. Amma o bu adamların azadlığa çıxması üçün heç nə etmədi. Tam əksinə, özünün ən yaxın və ən sədaqətli iki adamının ölümündən öz düşmənlərini məhv etmək üçün istifadə etdi.
Amma ən dəhşətlisi budur ki, prezident Heydər Əliyev də, Ramiz Mehdiyev də, Daxili Işlər Naziri, Prezident Aparatında güc strukturları üzrə kurator Fuad Ələsgərov da, Baş prokuror Eldar Həsənov da, Milli Təhlükəsizlik naziri Namiq Abbasov da nəinki OMON-çuların günahsızlığını bilirdilər, üstəlik tam 16 il ərzində öz silahdaşlarının qatillərini himayə etdilər. Qatillər isə praktik olaraq “dövlət qulluğunda” idilər.
Bir daha Afiyəddin Cəlilovda olan sənədlərə qayıdıram. Onun ölümündən bir saat sonra oğlu onun kabinetinə gələrək seyfdən həmin “qara qovluğu” və başqa əşyaları götürüb. Onun bu sənədləri neylədiyi mənə bəlli deyil. Bunu yalnız ehtimal edə bilərəm. Biz onu ağıllı başlı dindirə də bilmədik. Heydər Əliyevdən birbaşa gələn göstərişə görə ona xoşagəlməz suallar vermək olmazdı. Amma mən Afiyəddin Cəlilovun oğluna sırf insani bir məsləhət vermək istərdim: “Hələ də yolu keçəndə svetoforun işığına diqqətlə baxın”.
Surət Hüseynovla haqq-hesab çürüdüləndən sonra Heydər Əliyev Səfər Əbiyevi Müdafiə naziri təyin etdi və Maliyyə naziri Fikrət Yusifova MN-in maliyyə fəaliyyətinin tam və əsaslı təftişini aparmaq göstərişi verdi. 5-6 il davam edən bu komissiyanın hansı nəticələri əldə etdiyini kimsə bilmir. Mən istisna etmirəm ki, həmin komissiya orada olan bütün maliyyə saxtakarlığı izlərini məhv etməklə məşğul oldu.
1996-cı ilin iyun ayında Milli Məclisin qapalı iclasında deputat Ziya Bünyadov çıxış etdi və Azərbaycanda ilk dəfə olaraq, Müdafiə Nazirliyindəki korrupsiya faktlarını ifşa etdi. Amma bundan sonra da heç nə dəyişmədi. Bunu görən Ziya Bünyadov bu məsələlər barədə KIV-ə açıq danışmağa başladı. Son çıxışlarının birində o hökuməti aşkar şəkildə hədələyərək bildirdi ki, əgər ciddi tədbirlər görülməzsə o MN-dəki korrupsiya faktlarını mətbutda dərc etdirəcək. Bundan sonra, 1997-ci ilin fevral ayında Ziya Bünyadov vəhşicəsinə qətlə yetirildi. Bu dəfə isə bu qətli islamçıların üstünə yıxdılar (ABŞ-a göstərmək lazım idi ki, Azərbaycan islamçı terroristlərin hədəfindədir). Baxmayaraq ki, Hacı Məmmədov həbs ediləndən sonra onun gizli saxlanc yerindən Ziya Bünyadovun öldürüldüyü tapança (ballistik ekspertizanın nəticələrinə əsasən) aşkar edildi, bu cinayət işinə yenidən baxılmadı (Bu pistolet haqqında ilk dəfə “Realnıy Azerbaydjan” qəzetində məlumat verilib).
“Exo” qəzetinin 2002-ci il, 14 mart tarixli sayında isə yazılırdı: “Kriminalistlər Rövşən Əliyevin və Ziya Bünyadovun öldürülməsində qatilin izlərinin oxşar olduğunu bildirirlər…”
Öz tərəfimdən isə bunu əlavə etmək istərdim ki, Şəmsi Rəhimovun, Afiyəddin Cəlilovun və onun sürücüsünün, “Çinar” firmasının direktorunun qətlləri, Afiyəddin Cəlilovun oğlu Nizami Cəlilova sui-qəsd cəhdlərinin arasında oxşarlıq şübhəsizdir. Bu cinayətlərdə imzalar eynidir, çünki onlar eyni adamlar tərəfindən həyata keçirilib. Bilavasitə icraçılar isə bir zamanlar muzdlular kimi istifadə edilən, Surət Hüseynovun nəzarətində olan çeçen killerlərdir. O zamanlar bu qrupa Andi adlı çeçen rəhbərlik edirdi. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəhdlərin heç bir nəticəsi olmadı. Bu adamlar heç bir yerdə qeydiyyatda deyildilər və aydın deyildi ki, onlar nə zaman, hansı döyüşlərdə iştirak ediblər və kimdən maaş alıblar.
Şəmsi Rəhimovun xidməti seyfinə baxış keçirərkən, orada mərhumun öz əli ilə yazdığı bir qeyd gözümə dəymişdi: “1993-cü ildə ”Qırmızı körpü”də çeçen mafiyasının nümayəndələri Surət Hüseynovla görüşüblər. Mövzu: çeçenlərin un biznesi ilə məşğul olan azərbaycanlılara qarşı basqılarıdır. Çeçenlər öz faizlərini tələb edirlər. Onlar unun Surət Hüseynova məxsus olduğunu biləndə mübahisəni kəsirlər. Barışıq əlaməti olaraq Surətə ağ rəngli “Mersedes” bağışlayırlar və öz qulluqlarını da təklif edirlər”. Sonra Ş.Rəhimov qeyd edir: “Bunlar bu adamın nəyinə lazımdırlar. Tam kriminal”.
Mən Şəmsi Rəhimovun sözləri ilə tam razıyam. Azərbaycana gələn çeçenlərin mütləq əksəriyyəti kriminalla məşğul idilər. Əvvəlcə kişilər gəlir, kriminal bizneslə pul toplayır, sonra isə ailələrini gətirirdilər. Amma kriminal bizneslə məşğul olmaq üçün “krışa” lazımdır. Və onlar Azərbaycanın hüquq-mühafizə orqanlarının simasında bu “krışa”nı tapa bilirdilər. Elə Surət Hüseynovun himayəsi altında olan, yeni zamanda DIN-in Cinayət axtarış Idarəsinə iş verməklə məşğul olan həmin Andini götürək. Bu sözlərimi təsdiq etmək üçün balaca bir faktı misal göstərmək istəyirəm: 1993-cü ilin yayında həmin bu Andi DIN-in 4 əməkdaşı ilə birlikdə Şıxov çimərliyindəki bir restorandan şəhərə qayıdarkən, Azneft meydanında bir taksi ilə toqquşur. Taksi alışır və ətrafdakı adamların köməyi ilə maşından sürücünü və huşsuz vəziyyətdə qadını çıxarmaq mümkün olur. Yanğınsöndürənlər gəlib çıxanda məlum olur ki, hay-küyə düşən adamlar maşına yaxşı baxmayıblar və orada 10 yaşlı bir uşaq da yanaraq ölüb. Ciddi xəsarət alan Andi xəstəxanaya çatdırılıb. Amma səhəri gün o xəstəxanadan qeyb olub. Andinin palatasına keşik çəkən polisin və tibb işçilərinin ifadəsindən bəlli olur ki, onu DIN Cinayət Axtarış İdarəsinin əməkdaşları götürüb aparıblar. Sonradan Andi Dərbəndə keçirilərək orada xəstəxanaların birinə yerləşdirilib, sağalandan sonra isə yenidən Azərbaycana qayıdıb. Bu fakt üzrə cinayət işi isə bu vaxta qədər də Səbail polisinin arxivində tozlanmaqdadır. İnanmayanlar gedib yoxlaya bilərlər… /azadliq.info/
Комментариев нет:
Отправить комментарий