14.03.2021

Nooldu, bəs 1 rayonu alıb dayanacaqdı?!

Ceyhun Bayramlı

- “Qarabağın yolu Təbrizdən keçir!” (1994-2020).
- Hanı, qardaş, noldu bəs, Qarabağın yolu Təbrizdən keçəsi olmadı?
***
- “Şuşanı vur! Vur Şuşanı! Vurmursansa, demək, Qarabağı vermisiniz” (may, 2020).
- Ay əmioğlu, bir əyləci bas, bir nəfəs al. 28 il həsrət qaldığın tarix və mədəniyyət beşiyin olan şəhəri orda təlxəklik edib yallı gedən bir köstəbəyə görə dağıtmaq olar? Bu şəhər sabah bu xalqa gərək olmayacaq?
***
- “Generalımız öldürülüb e, niyə başlamırıq savaşa? Ölkə rəhbərliyində başlamaq üçün nə cəsarət, nə siyasi iradə yoxdur” (iyul, 2020).
- Noldu, qardaş, bəs siyasi iradə yox idi? 
***
- “Əşi rəhbərlik razılaşdırıb xariclə, ordu 1 rayonu alıb dayanacaq. Getdi Qarabağı almaq” (27 sentyabr, 2020).
- Noldu, əmioğlu, bəs 1 rayonu alıb dayanacaqdıq?
***
- “Atəşkəs gəldisə, vəssalam, Qarabağ getdi əldən, şəhid olanların da canı hayıf oldu” (oktyabr, 2020)
- “Bu, qələbə deyil”.
- “Ruslar bizi işğal etdi”.
- “Ərazi bütövlüyümüzdən söhbət də getmir”.
- “Qarabağ əldən gedib” (noyabr, 2020 - mart, 2021)...
Bu düşüncənin sahibləri bu gün də hər addımda cəmiyyətə məğlubiyyət və ya bədbinlik duyğusu aşılayırlar.
Əvvəl nə idilərsə, indi də dərrakə baxımından odurlar.
Hər dəfə yanılmalarına rəğmən, öz mərəzlərindən əl çəkmir, düşmən tərəfin paylaşdığı hər xəbərə inanıb təsirinə düşür və sonra da həmin yalan xəbəri cəmiyyətə doğru deyə tirajlayırlar.
Peşmansan deyəsən ki, sən deyən kimi deyil- o saat adamı iqtidarın əl-üzünü yuyan, neçənci kalon, rusa işləyən(?), vətən xaini adlandıracaq qədər irəli gedə bilirlər.
Allahdan 2-3 gün keçir, onların doğru deyə paylaşdığı xəbərin yalan olduğunu göstərən yeni xəbər ortaya çıxır- dəlillə-sübutla bunların yalana inandığı məlum olur. Və baxırsan ki susublar, bu pərtliyi ört-basdır edib üstündən keçməyə çalışırlar artıq.
Ta ki, yeni yalan xəbərin dumanına düşənə kimi.
Mən əvvəllər düşünürdüm ki, bu tip insanları inandıraraq sabaha nikbin baxmağa sövq etmək olar.
İndi isə anlayıram ki, bu, psixoloji durum deyil artıq, xarakterdir. Belə gəliblər, belə də gedəcəklər...

Комментариев нет:

Отправить комментарий