23.03.2021

"Cəbi” ləqəbli kriminal avtoritetin bandasının istintaqı tamamlandı

Moskvaətrafı regionunda müstəntiqlər 2018-ci ilin payızında Moskva ətrafında biznesmeni onlara haqq vermədiyi üçün güllələyən bandanın altı üzvünün istintaqını tamamlayıb. Bu barədə vilayət İstintaq Komitəsinin rəhbərinin baş köməkçisi Olqa Vradiy bildirib.
Onun sözlərinə görə, banda üzvlər silahlı qruplaşma yaratmaqda və onun tərkibinə daxi olmaqda, qətldə, reketdə, qətl cəhdində və silahlı hücumda, Rusiya sərhədlərini qanunsuz keçməkdə, qanunsuz silah dövriyyəsində ittiham olunurlar. Cinayət işinin materialları tezliklə baxılmaq üçün məhkəməyə göndəriləcək.
İstintaqın məlumatına görə, 2016-cı ildə qonşu dövlətlərdən birinin vətəndaşı Moskvaətrafında kommersantlardan hədə-qorxu ilə pul tələb etmək üçün banda yaradıb və ora öz həmyerlilərini cəlb edib. Qruplaşma 2016-2018-ci illərdə fəaliyyət göstərib və hər ay bazarda işləyən bir neçə biznesmendən "krışalığa” görə azı 100 min rubl alıb. Lakin 2018-ci ildə biznesmenlərdən biri bandaya haqq verməkdən imtina edib. Həmin ilin martında quldurlar onu Moskvada öldürmək istəyiblər, avtomobilinə atəş açıblar, amma biznesmen sağ qalıb. Lakin həmin ilin noyabrında banda üzvləri biznesmeni Vidnıy şəhərində, dayanacaqda haqlayaraq azı 7 dəfə atəş açmaqla onu öldürüblər.
RİA Novosti hüquq mühafiə orqanlarındakı mənbəyə istinadən bildirir ki, banda üzvləri də, öldürülən biznesmen də azərbaycanlılardır. Öldürülən biznesmen "Food City” topdansatış ərzaq bazasında meyvə-tərəvəz ticarəti ilə məşğul olub.
Söhbət şəmkirli biznesmen Toğrul Tağıyevdən gedir. Biznesmeni öldürənlər isə həbsxanada oturub silahlı banda quran və onu idarə edən "Cəbi” ləqəbli kriminal avtoritetin adamlarıdır. Həmin qətl haqda ötən il virtualaz.org "Komsomolskaya pravda” qəzetinə istinadən geniş yazmışdı. Bu məqaləni təkrar oxuculara təqdim edirik.

"Food city"dəki qətlin təfərrüatı: Cəbi həbsxanadan göstəriş verib, killer atəş açıb...
Moskvanın ən böyük ərzaq anbarı hesab edilən "Fud siti”də çalışan biznesmenlərə hədə-qorxu gələn, onları vahimə içərisində saxlayan "Cəbi” ləqəbli dəstə başçısı öz əməllərindən həbsxanada da əl çəkməyib.
Bu barədə Rusiya "Komsomolskaya pravda”nın məqaləsində deyilir. Məlumata görə, "Cəbi” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürüləcək şəxslər barədə telefonla dəstə üzvlərinə həbsxanadan təlimatlar verib. Onun təlimatına əsasən növbəti qurban 36 yaşlı biznesmen Toğrul Tağıyev olub.
- Onu görürəm! Xəstəxanadan çıxır…
- Dəqiq odur?
- Odur, maşına sarı gedir.
- Onda tez ol, atəş aç!
"Fud siti” ərzaq bazasında bir neçə ticarət obyekti olan Toğrul Tağıyevə odlu silahdan altı dəfə atəş açılıb. Biznesmen aldığı güllə yaralarından hadisə yerində keçinib. Killer öz işini 22 noyabr 2018-ci ildə həyata keçirib. Dəstə başçısı isə qətlə birbaşa həbsxanadan rəhbərlik edib.
Toğrulun meyitini ona məxsus bahalı "Range Rover Sport" avtomobilində doğma qardaşı aşkar edib. Gənc yaşlarında Azərbaycandan Rusiyaya işləməyə gedən Toğrul orda evlənib, ailə uşaq sahibi olub. Bazarda pomidor-xiyar satıb. Daha sonra işləri yaxşıya doğru irəliləyib. Moskvada və Moskva ətrafında özünə mənzillər alıb. Get-gedə uğurlu biznesmenə çevrilib.
"Qətlin ilk günündən etibarən biz onun peşəkar fəaliyyəti ilə bağlı olduğu versiyası üzərində dayandıq. Daha dərinləri araşdırdıq. Məlum oldu ki, qətlə yetirilməzdən 7 ay öncə Toğrula sui-qəsd edilib, onu güllələməyə cəhd ediblər" – mühüm işlər üzrə müstəntiq Qleb Perejoqin belə deyib.
Həmin hadisə 2018-ci ilin martında baş verib. "Fud siti”dən çıxan Toğrul yolboyu köhnə "Lada” markalı avtomobilin onu təqib etdiyini görüb. Avtomaşın onun bərabərinə çatanda killer açıq pəncərdən qəflətən atəş açıb. Biznesmenin sağ qalması an məsələsi olub. Belə ki, maşının sürətini artıran Toğrul həmin vaxt bu sui-qəsddən yayına bilsə də yaralanıb. Baş vermiş hadisədən sonra isə yalnız xuliqanlıqla bağlı cinayət işi başlanılıb. Amma güllə atanın kimliyi müəyyənləşdirilməyib. Xəstəxanadan çıxdıqdan sonra Toğrul Rusiyada qalmayaraq Azərbaycana dönüb. Bir müddət sonra təkrar Moskvaya qayıdıb. Bu dəfə isə onu sağ buraxmayıblar.
Demək olar ki, iki il - 2016-2018-ci illərdə "Fud siti"də azərbaycanlıların "toçka”larına nəzarət edən bu biznesmen haqq ödəyib. Toğrulun qardaşının sözlərinə görə, ona toxunmamaları üçün ayda iki dəfə 50 min rublu banda üzvlərinə verirdi. Banda başçısı "Cəbi" ləqəbli Cəbrayıl Heydərovun barəsində isə bu günə qədər də bazarda əfsanələr dolaşmaqdadır.
Metodlar qəddarcasına 90-cı illərin ssenari üzrə həyata keçirilib: silah, işgəncə, təhdid, pul ödəmək istəməyənləri güllələmək. Azərbaycandan olan yüzlərlə biznesmen "Cəbi"yə və onun dəstə üzvlərinə gizlində pul ödəmək məcburiyyətində qalırdılar. Və bu belə də davam edirdi. Ta ki, 30 yaşlı "Cəbi” dəmir barmaqlıqlar arxasına göndərilənədək. "Cəbi” həbsxanaya Moskva ətrafında törətdiyi köhnə əməllərinə görə düşmüşdü. Hədə-qorxu yolu ilə pul tələb etmə, soyğunçuluq, quldurluqda ittiham olunan "Cəbi” məhkəmənin hökmünə əsasən 11 il azadlıqdan məhrum edilir.
"Cəbi”nin barəsində hökm çıxarıldıqdan sonra Toğrul artıq ona pul ödəməmək qərarına gəlir. Bu qərar isə biznesmenə həyatı bahasına başa gəlir. Sahibkar sadəlöhvcəsinə düşünür ki, əgər "Cəbi” "işəridə”dirsə demək ki, artıq qorxulu deyil. Lakin göründüyü kimi, yanılır.
"Cəbi” isə həbsxanada krallar kimi yaşayır. O, telefonla zəng vurub "Fud siti”dəki biznesmenlərdən yenə haqq tələb edir, onların sakit həyatının alt-üst edir, dəstə üzvlərinə göstərişlər verir, onları təlimatlandırır. Bir sözlə "Cəbi” yenə bandaya başçılıq edir, dəstə üzvləri isə onun sözləri ilə hərəkətə keçirlər. Hüquq-mühafizə orqanları qətldən əvvəl Toğrulun kimlərlə telefon əlaqəsi saxladığını araşdırıblar. Məlum olub ki, qətldə "Cəbi”nin barmağı var. Belə ki, Toğrulun qətlindən dərhal sonra "Cəbi”nin telefondakı reaksiyası "Qoyun bu işdə şəxsiyyətini itirdi!” olub.
"Şəxsiyyət" dedikdə quldurlar adətən qurbanın pasportunu nəzərdə tuturlar. Bu, onların jarqonunda qurbanın öldürüldüyü deməkdir. Həmin gün 23 yaşlı killer Aqşin Nurəddinli həqiqətən öz pasportunu itirib, qətl anında isə "Cəbi” ilə danışdığı simkartı atıb.
Məlum olub ki, Tacikistandan Rusiyaya gələn gələn Aqşin həmin simkartı bir neçə gün istifadə edib. Polislər onu saxladıqdan sonra isə təşkilatçı da cəzaçəkmə müəssisəsindən götürülüb. Çox keçməyib ki, qətldə əli olan iki nəfər Belorusun sərhədini qeyri-qanuni yolla keçmək istərkən saxlanılıb. Digər iki nəfər isə Moskvada və Azərbaycanda həbs olunublar.
Hazırda həbs olunanların beşi cinayət işinin materialları ilə tanış olurlar. Tezliklə cinayət işi məhkəməyə göndəriləcək.
Yeri gəlmişkən, "Fud siti”də işləyən başqa bir biznesmenə də Toğrulun qətlindən sonra hədə-qorxu gəlinib. "Cəbi” ondan 5 milyon rubl haqq tələb edib. Əks təqdirdə Toğrulun aqibəti onu da gözləyəcəkmiş.
Cinayət işinin materiallarından: "Aya beş milyon tələb olunurdu. Düşünürdüm, 300 minəcən endirim etmək olar. Lakin cəsarətli çıxdı, imtina elədi, ödəmək istəmədi. Hazırlaşın, vurmaq lazım olacaq".
Bu, "Cəbi”nin dəstə üzvlərinə verdiyi əmrlər idi. Və onlar da bu əmrlərə tabe olur, vururdular…

virtualaz.org

Комментариев нет:

Отправить комментарий