05.03.2021

"Əhsən qəhrəman oğluma!"

Vətən müharibəsinin 12-ci günündə polkovnik-leytenant Kamil Dunuyev macal tapıb cəbhənin Talış istiqamətinə gəlir. O N saylı hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifəsini icra edirdi. Oğlu Səfər isə digər hərbi hissədə döyüşən əsgərdir. Döyüş öncəsi istirahət edən əsgər düşərgəsində oğlunu tapır. Xeyli söhbət edirlər. Görüşün sonunda komandir qolunu əsgər oğlunun boynuna salıb deyir: "Səfər, mən də döyüşdəyəm, gəl komandirinlə danışım, heç olmasa səni təminat bölməsinə versinlər. İkimizə də nəsə olsa evdəkilər başsız qalar". Əsgər Səfər Dunuyev isə polkovnik atasının gözlərinin içinə baxıbdeyir: "Ata, sən mənə ürək-dirək verməyə gəlmisən, yoxsa məni döyüşlərdən çıxarmağa? Sən zabit kimi, mən əsgər kimi vətənə olan borcumuzu ödəməliyik..."
Bundan sonra komandir oğlunu bərkdən qucaqlayıb deyir: "Əhsən qəhrəman oğluma! Mən sənin qorxub-qorxmadığını yoxlayırdım. Qəzamız mübarək olsun. Haqqımı halal etmərəm əgər yaralı dostlarını qoyub qaçsan".
Ayrılırlar...
Ağır döyüşlər davam edir...
On günə yaxın komandir öz oğlundan xəbər tuta bilmir. Sonda Səfər atasına Suqovuşandan zəng edir.
***
Müharibə qurtarıb.
Kamil Dunuyevlə Tərtərdə görüşüb çay süfrəsində söhbət edirdik. Ona "Qardaş, sən ikiqat qalibsən. Həm qalıb zabitsən, həm də qalib əsgərin atasısan" - deyəndə o mənə "Qağa, bu qələbədə qanı tökülən hər bir əsgərin haqqı çiyinlərimdədir" - cavabını verdi. 
Diqqətinizə çatdırım ki, hərbi hissə komandiri, polkovnik-leytenant Kamil Dunuyev ötən ay Talış kəndi ərazisində minaya düşərək qazi oldu.
Oğlu Səfər isə hələ də müzəffər Azərbaycan Ordusunun əsgəridir.
Hər dəqiqəsi bir kitab olan 44 günlük haqq savaşında qazandığımız Qələbədə polkovnik Kamil Dunuyevin də payı az deyil...
Yeri gəlmişkən, onun ən böyük arzusu Suqovuşan kəndində özünün seçdiyi köhnə bir evdə yaşamaq idi...

"Ugur Zəfər Qələbə" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий