İbrət gözün insan ki, ovar diqqət əliylə,
Xilqət evi bərpadı görər, hikmət əliylə.
Gündən daha aydındı təcəllada həqiqət,
Yox, heyf, görən göz qapanıb qəflət əliylə.
Mən-mən deməyək, ta biz olaq biz, yetər artıq!
Oynandıq oyuncaqtək ənaniyyət əliylə.
Allahı sevən bəndələr asudə nəfəsçün
Qəlbindəki iblisi boğar nifrət əliylə.
Dilsizlərə munislik edər sevgi diliylə,
Başsızların oxşar başını şəfqət əliylə.
Min dürlü gözəllik dolu bir sərgidir aləm,
Baxdıqca göz oxşar, açılıb qüdrət əliylə.
Nankorluq edib ne'mətə şükr etməyən insan,
Xüsrana yuvarlar özünü zillət əliylə.
Ey Lütfi, bataqlıq kimi dartır səni dünya,
Möhkəm tutun ixlas ipinə himmət əliylə.
Комментариев нет:
Отправить комментарий