Dəfələrlə sübuta yetirilib ki, adlarını “siyasi mühacir”, yaxud “dissident” qoyaraq, Azərbaycan dövlətçiliyi əleyhinə erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən şəxslər eyni zamanda, Avropada fəaliyyət göstərən bir sıra qərəzli təşkilatlarla əməkdaşlıq edirlər. O cümlədən, bu gün bir sıra xarici media qurumları da mövcuddur ki, onlar qeyri-ciddi informasiyalar şəklində qarşılarına məqsəd kimi Azərbaycana qarşı kirli oyunlarda iştirak etməyi qoyublar. “Azadlıq Radiosu”, “BBC” (Azərbaycan dilində), “Amerikanın səsi”, “Turan tv”, “Meydan tv” və s. media qurumları öz qərəzlərini reallaşdırmaq üçün ölkəmizə qarşı başlatdıqları şər-böhtan kampaniyaları çərçivəsində informasiya müharibəsi aparırlar. O cümlədən, xaricdən idarə edilən, eləcə də erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bir sıra sosial şəbəkə səhifələrində real və həqiqətə söykənən deyil, əksinə, siyasi mübarizə kontekstindən kənar şəkildə kirli oyunlar oynayan şəxslər bu vasitəylə, yəni xəyanətkarlıq və satqınçılıqları ilə maddi maraqlarını dövlətçilik maraqlarından üstün tuturlar. Söz yox ki, sağlam düşüncəli insanlar, reallıqlara doğru-dürüst qiymət verməyi bacaran tərəflər bu cür çirkin kampaniyaları qınayır, rədd edirlər. Lakin özlərini “müxalifət liderləri” adlandıran kəslər həmin çirkin oyunlara dəstək göstərir, bununla Azərbaycan xalqına, dövlətçilik maraqlarına qarşı çıxdıqlarını açıq-aşkar nümayiş etdirirlər.
Misal üçün, son vaxtlar radikal müxalifətin “başbilənləri”, “Milli Şura”, AXCP, Müsavat və s. partiyaların təmsilçiləri istər xarici dairələr tərəfindən idarə edilən sosial şəbəkələrdəki canlı yayımlar, həmçinin, yuxarıda adları çəkilən qərəzli media qurumları vasitəsiylə ciddi siyasi mübarizə aparmaq əzmində olmadıqlarını növbəti dəfə sübut ediblər. Çünki ciddi siyasi mübarizə aparmaq üçün ciddi arqumentlərlə çıxış etmək gərəkdir. Halbuki sözlərinin bitdiyi yerdə söyüşlərə, təhqirlərə yol verən siyasi təlxəklər məhz bu kimi yollarla öz zəifliklərini, cəmiyyətə yararsızlıqlarını gizlətməyə çalışırlar.
Bu arada erməni lobbisinin maliyyələşdirdiyi xarici dairələrə nökərçilik edən iki şəxs – Orduxan Teymurxan və Məhəmməd Mirzəlini ifşa edən növbəti sosial şəbəkə yazışması ictimailəşdirilib. Məqalədəki fotoda həmin yazışmasının foto-sübutu da var. Bəlli olub ki, onlar öz aralarında bilavasitə Avropa ölkələrində fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəsinə xidmətdə dayanıblar.
Yeri gəlmişkən, Orduxan Teymurxanın ailəsi hələ ötən ilin əvvəllərində ondan imtina etmişdi. Bu baxımdan, bəzi xatırlatmaları etmək də yerinə düşərdi. Belə ki, ailəsi O.Teymurxanın əməllərindən utandıqlarını deyiblər. Misal üçün, onun bacısı oğlu Elnur Əliyev bildirib ki, 10 ildən artıqdır Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə birləşdirmir: "Ona dayı demək istəmirəm, anamın bioloji qardaşıdır. Sadəcə iş elə gətirib ki, anamla eyni valideynin övladı olub. Onun yazdıqlarından xəcalət çəkirik. Biz bu hakimiyyəti də, dövləti də sevirik, Prezidentin siyasətini dəstəkləyirik. İstəyirik hamı bilsin ki, bu adamın bizə heç bir aidiyyatı yoxdur. Onun kimi insanların yazdıqlarını lənətləyirik və belə qohumdan imtina edirik". Onun sözlərinə görə, O.Teymurxan böhtan dolu yazılarını buradakı qohumlarının yaxşı yaşayışını gözü götürmədiyinə görə yazır: "Dəfələrlə oturub müzakirə edirik ki, bizdən nə istəyir, bizi niyə incidir. Görünür, o qohumlarının burada yaşayışına paxıllıq edir. Baxır ki, biz burada normal yaşayırıq, o Hollandiyada işsiz-gücsüz qalıb, qəsdən belə edir. Belə adamdan uzaq olmaq istəyirik. Sonuncu dəfə nənəm rəhmətə gedəndə, 2011-ci ildə Azərbaycana gəlib. Onunla mənim heç ünsiyyətim olmayıb. Onun barəsində heç evdə də danışmırıq. Mədəniyyətə, şərəf və ləyaqətə sığmayan yazılarından əvvəl də onunla ünsiyyətim yox idi. Onun heç elementar ali təhsili yoxdur, savadı olan insan öz davranışına nəzarət edər. Allah ona lənət eləsin! Səsimi eşidən qurumlar bizim aramızdakı bağlılığı saymasınlar".
O.Teymurxanın bacısı Zəhra Əliyeva isə bildirib ki, dəfələrlə digər bacı və qardaşları ilə birlikdə qardaşı ilə danışaraq ondan həqiqətə uyğun olmayan yazılarından əl çəkməsini istəyiblər: "Ona yalvarmışıq ki, dövlətçilik əleyhinə bu cür yalan yazmasın. O isə deyir ki, yazacağam. Onun fikirləri ilə də heç vaxt razı olmamışam. Bizim heç bir şeydən narazılığımız yoxdur. Çox yaxşı yaşayırıq. Mən bu hakimiyyəti dəstəkləyirəm. Orduxanla da heç bir əlaqəm yoxdur. Ondan imtina edirəm".
Z.Əliyevanın həyat yoldaşı Məhəbbət Əliyev isə qaynının bu əməllərinin ucbatından anasının infarkt keçirərək, dünyasının dəyişdiyini deyir: "Mən oğlumun, həyat yoldaşımın dediklərilə razıyam. Onunla bizim heç bir əlaqəmiz yoxdur, mən heç telefon nömrəsini də bilmirəm. 45 il fəhləliklə ailəmi dolandırmışam. Bu hakimiyyətdən narazılığımız yoxdur, pis yaşamırıq. Ölkəmiz də gün-gündən firavanlaşır. Vaxt var idi ki, çörək üçün növbəyə dayanırdıq. Bu ölkənin nəyindən narazılığımız ola bilər ki? Ancaq üzdəniraq qaynımdan narazılığım var. Elə anası da onun ucbatından infarkt keçirib öldü".
Z.Əliyevanın digər oğlu Elnar Əliyev də bütün qohumların O.Teymurxana münasibətinin çox pis olduğunu bildirir. İş o yerə çatıb ki, hər kəs ondan uzaq olmaq və onunla bağlı heç nə eşitmək istəmir: "Biz bu adamdan bezmişik, qurtulmaq istəyirik. Biz bu adamdan imtina edirik. O bizi saymır, adam yerinə qoymur. O bizim üçün maraqsız adamdır, biz onun etdiklərindən utanırıq. Normal cəmiyyətdə yaşayırıq, o nə istəyir, biz bilmirik. Heç yəqin ki, özü də bilmir. Bizim bu ölkədə tək problemimiz odur".
Beləliklə, bir halda ki, adını “insan” qoyan kəs öz ailəsinə qarşı bu cür davranırsa, anasını ölüm həddinə çatdırırsa, demək belə ünsürdən ən ağır və dəhşətli pislikləri gözləmək təəccüb doğurmamalıdır. Sadəcə,zamanı, vaxtı çatanda bu şərəf və ləyaqətdən uzaq olan toplum mütləq öz əməllərinə görə cavab verməli olacaqlar – istər bu, istərsə də digər dünyada!
Rövşən RƏSULOV sia.az
Комментариев нет:
Отправить комментарий