14.03.2021

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, sabiq millət vəkili Maksim Musayevin yenisabah.az saytına müsahibəsindən bəzi fikirləri sizə təqdim edirik.

- YAP-da təmsil olunan korrupsionerlər var ki, yeyib yağlanıb, villalanıb, pullanıb, vəzifələrindən sui-istifadə ediblər. Onlar vəzifə pilləsinə yüksələndən sonra xalqı, milləti unudub, yalnız öz mənfəətlərini, ailəsini, xaricə çıxardıqları pullarını düşünüblər. YAP belələrindən təmizlənməlidir. Daha doğrusu YAP belə adamları – vəzifə sahiblərini tarixin zibilliyinə atmalıdır. YAP-ın tarixində də bilinməlidir ki, belə sui-istifadəçilər olub və partiya onlardan təmizlənib. Adlarını çəkmək istəmirəm, onsuz da hamısı bəllidir. Onlar arasında elələri var ki, artıq rüşvət və korrupsiyada ittiham olunaraq həbsə atılıblar. Elələri də var ki, vəzifədən çıxarılıblar və hazırda evlərində oturublar. Həyəcanla gözləyirlər ki, bu gün sabah onları da istintaqa çağıracaqlar. Allah kəssin elə çörəyi ki, YAP-ın üzvü olmağından, vəsiqəsindən çörək kartı kimi yararlanıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edib həm YAP-ın nüfuzuna, partiya təmsilçilərinin adına xələl gətirirsən, həm də Siyasi Şuranın üzvlərinə böyük zərbə vurursan.
- Biz YAP-ı yaradanda bilmirdim ki, Ramiz Mehdiyev ayrıca partiya yaratmaq istəyir. Mənə təklif edildi ki, onunla söhbət edim. Çox böyük məmnuniyyətlə onunla görüşməyə razılaşdım. O zaman Ramiz Mehdiyev mənimlə yaşıd sayılırdı və ikimiz də vaxtilə bir yerdə işləmişdik. Hərçənd ki, o, məndən yaşda çox böyük idi. Məlum səbəblərdən yaşını sənədlərdə çox azaltmışdı, bunu rəsmiləşdirmişdi. Sovet dövrünün Ramiz Mehdiyevi indikindən çox fərqlənirdi. İndiki Ramiz Mehdiyevdən o zaman əsər-əlamət yox idi. Son 17-20 il ərzində onun xasiyyəti, tamahı tamam dəyişib. YAP-ı yaradanda iki dəfə onunla görüşüb söhbət etdim, onu da partiyanın yaradılması prosesinə dəvət etdim. O hər iki halda bundan imtina etdi. Bildirdi ki, siyasi məsələlərə ümumiyyətlə qarışmaq istəmir. Onun dediklərini olduğu kimi YAP-ın yaradıcıları sayılan kollektivə - Sirus Təbrizli, Murtiz Ələsgərov və başqalarına çatdırdım. Onlar da dedilər ki, bizə qarışmaq istəmirsə özü bilər, bu, onun seçimidir. Lakin 1990-ci illərin sonlarına doğru Ramiz Mehdiyev dövlət idarəçiliyində vacib post tutandan sonra ulu öndər Heydər Əliyevin ətrafında olan, ona rəğbət bəsləyən, xalqına və dövlətinə bağlı olan, YAP-ın qurulmasında yaxından iştirak edən, vətənpərvərliyi ilə tanınan insanları partiyadan uzaqlaşdırmaq siyasəti həyata keçirdi. Təəssüf ki, tədricən buna nail ola bildi. 1992-98-ci illərdə YAP-ın Siyasi Şurasının üzvü olanlar növbəti qurultay çağırılana qədər partiyadan uzaqlaşdırıldı. Ramiz Mehdiyev bunu çox böyük ustalıqla edirdi. Ardınca da ictimaiyyətdə belə bir rəy yaradırdı ki, guya həmin şəxsləri ulu öndər Heydər Əliyev partiyadan uzaqlaşdırıb.
- Əli Əhmədov qabiliyyətsiz, olduqca ikiüzlü, qeyri-müstəqil şəxsdir. Əli Əhmədov bir gün bolşevik, bir gün menşevik olan adamdır. O əvvəlcə AMİP-in üzvü olub, iki il orada işləyib. Bu iki ildə özünü doğrultmadığından, yaxşı işləmədiyindən AMİP sədri Etibar Məmmədov onu partiyadan qovdu. Sonradan YAP-a gəldi. Onun haqqında çox faktları bilirəm. İndi bunları dilə gətirməyi düzgün hesab etmirəm. Bu bir həqiqətdir ki, YAP-ın bu günə düşməsində, partiyanın üzvü olan sanballı, qabiliyyətli, mötəbər kadrların pis vəziyyətə düşməsində Ramiz Mehdiyevlə Əli Əhmədovun çox böyük rolu və günahı var.
- Partiyanın Siyasi Şurasına elə adamlar üzv seçilməlidir ki, onların əli rüşvətə dəyib murdarlaşmasın. Rüşvətə kimin əli dəyirsə o murdarlanır. Ən nəhayət, YAP-ın strukturlarında elə adamlar təmsil olunmalıdır ki, onlar şəxsi maraqlarını deyil, xalqını, ölkəsini, dövlətini, Vətənini düşünsünlər, bu amala xidmət etsinlər. Siyasi savadı, dünyagörüşü, siyasi yaradıcılığı olan, Azərbaycanı yaxından tanıyan, əyər-əskiklərin aradan qaldırılmasında maraqlı olan şəxslər YAP-a cəlb edilməlidir. Maşın, villa, şadlıq evi, market kolleksiyaları toplayanlardan YAP təmizlənməlidir.

Комментариев нет:

Отправить комментарий