13.03.2021

Ruhun şad olsun

Azərbaycanda əsir olmuş bir erməni əsgərin müsahibəsinə qulaq asdım. Ordakı hekayənin bizdə populyar olmaması kədərli gəldi və düşündüm ki, yazım.
Həmin əsir Madagizdə ələ keçirilən və sıraya düzülüb "Qarabağ Azərbaycandır" deyən erməni əsgərlərdən biri idi.
Onlar Madagiz (Suqovuşan) bizim əsgərlər tərəfindən azad ediləndən sonra 20 gün mühasirədə, bunkerdə yaşayıblar.
22-ci gündə Azərbaycan ordusu həmin bunkeri görüb və girməyə çalışıb, elə orada kiçik bir atışma baş verib.
Müsahibəni verən erməni əsgər həmin atışmada qəlpə yarası alıb.
Bundan sonra döyüşdəki əsgərlərimizin komandiri Vüqar Ağayev bunkerdəki ermənilərə təslim olmağı təklif edib. Ermənilər bildiriblər ki, mümkün deyil, çünki öldürülməkdən, hətta başlarının kəsilməsindən qorxurlar.
Belə olanda komandir Ağayev bunkerə enib və silahını atıb. Deyib ki, əgər mənə inanırsınızsa, təslim olun, inanmırsınızsa, güllələyin.
Yalnız bu sözdən sonra ermənilər təslim olmaq barədə düşünüblər və komandir Ağayevə etibar edərək bunkerdən çıxıblar. Vüqar Ağayev sözündə qalıb və onlara toxunmayıb, hətta siqaretini bölüşüb, yaralıya morfin verib və s. 
Müsahibədə danışan erməni əsir yeni evli imiş və barmağındakı nişan üzüyünü Ağayevə verərək xahiş edib ki, müharibədən sonra üzüyü Gürcüstanda ona qaytarsın.
Müxbir əlaqə qurub-qurmadığını soruşanda erməni əsgər hələ yoxlamadığını, facebook-da axtaracağını deyir.
Əgər səhv etmirəmsə və ad qarışıqlığı olmayıbsa, internetdən tapdığım qədərilə mayor Vüqar Ağayev adındakı komandirimiz həmin bunker hadisəsindən 2 həftə sonra Qubadlıda şəhid olub.
O şəhidliyindən sonra Suqovuşanın azad edilməsi uğrunda medalı ilə də təltif edilib. Yəqin ki hekayədəki elə o mayordur. Və yəqin ki, erməni əsgər də bunu bilmədən müsahibə verirdi. 
Döyüş vəziyyətində belə mükəmməl cəsarətə və davranışa sahib şəhidlərimizin və belə hekayələrin çox bilinməməsi kədərlidir.
Müharibənin zorakı, qəddar tərəfi ilə birlikdə o mühitdə insanlığını qoruyan, qarşısındakının son nəticədə insan olduğunu unutmayan əsgərlərimizin varlığını unutmamaq, onların hekayələrini yaşatmaq və xatirələrini qorumaq mütləq əhəmiyyətlidir.
Təəssüf ki, bu dərəcə mükəmməl bir insan - mayor Vüqar Ağayev şəhid olub. Ruhu şad olsun.

Rüstəm İsmayılbəyli

Комментариев нет:

Отправить комментарий