14.12.2013

Azərbaycan üçün “xarici təhlükə”

Son zamanlarda fəallaşan radikal dini qruplar ölkənin gələcəyi üçün potensial təhlükə mənbəyinə çevriliblər, kompleks tədbirlər olmasa, problem daha da böyüyə bilər
Xəbər verildiyi kimi, dekabrın 11-də axşam saatlarında Sumqayıtda atışma baş verib. Xəbər tez bir zamanda elektron mediaya yayılsa da, ilk vaxtlarda xeyli qeyri-müəyyənliklər vardı. Əvvəlcə saytlarda məlumat verildi ki, Sumqayıtda 10-cu mikrorayonda radikal sələfilərlə yerli şiələr arasında mübahisə sonradan qarşıdurmaya çevrilib və bir neçə nəfər yaralanıb. Daha sonra məlumat yayıldı ki, atışma qeyd olunan ərazidə polislə radikal dini qruplaşma üzvləri arasında baş verib. Bu faktı Sumqayıt polisinin nümayəndəsi də təsdiqləmişdi.

Ancaq yalnız axşam Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq olaya aydınlıq gətirdi. Rəsmi məlumatda qeyd olunur ki, dekabrın 11-i saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ekstremist təmayüllü xəvaricilərlə sələfi təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri, Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri almışlar.
Açıqlamada bildirilir ki, daha sonra “Çay evi”nin qarşısında tərəflər arasında atışma baş verib, qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılan güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, ancaq xəsarət alan olmayıb.
Açıqlamada münaqişənin iştirakçısı olan 5 nəfərin saxlanıldığını, daha iki nəfərin – Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalandığı qeyd olunur. Mətbuat hadisənin vəhhabi adlandırılan sələfi qruplar arasında törədildiyi haqda xəbər yayıb. Lent.az saytının yerli sakinlərə istinadən verdiyi məlumata görə, vəhhabi adlandırılan qrupun üzvləri 10-cu mikrorayon ərazisində toplantı keçirib. Toplantıda Suriyaya döyüşçü göndərmək məsələsi müzakirə olunub. Müzakirə zamanı vəhhabilərin xəvariclər qoluna aid qrupla, digərləri arasında Suriyaya döyüşçü göndərib-göndərməmək məsələsi üstündə mübahisə düşüb. Az sonra mübahisə atışma həddinədək qızışıb. Mənbə bildirir ki, xəvariclər vəhhabilərin ən radikal qoludur. Onlar Sumqayıtı özlərinin müqəddəs şəhəri elan ediblər: “Azərbaycanda hansı təriqət üzvünə təzyiq göstərilirsə, onlar Sumqayıta gəlir, burda məskunlaşırlar. Nəinki Azərbaycan, Dağıstan və Qafqazın digər ərazilərindəki xəvariclər üçün də Sumqayıt əsas  mərkəzlərdən biridir”.
Qeyd edək ki, bu ilin aprelində Sumqayıtda Cümə məscidi ətrafında sələfi icması ilə şiə icması arasında gərginlik yaşanacaqdı. Həmin vaxt Sumqayıtlı şiələrin təmkinli davranışı və hökumətin müdaxiləsi ilə məsələ tez bir zamanda yatırıldı. Ancaq Sumqayıtda radikal dini qruplaşmalar daha əvvəldən də mövcud olub.
Xüsusən, 2008-ci ildə Bakıda “Əbu Bəkr” məscidində baş verən terror aktından sonra radikal qruplaşmalara qarşı münasibət dəyişdi. Daha sonra həyata keçirilən əməliyyatlar nəticəsində cərəyanın bir sıra üzvləri həbs olundular. Ancaq əlbəttə, həbslər bu cərəyanın sıradan çıxarılmasına səbəb olmadı.
Qeyd edək ki, son illərdə Azərbaycanda məzhəblər arasında gərginliyin yaranmasında Suriyada baş verən daxili müharibənin rolu oldu. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycandan da sələfi-xəvaric qruplarının üzvləri Suriyaya Bəşər Əsəd hökumətinə qarşı savaşa qatılıb. Ancaq eyni zamanda Suriya proseslərinə və eləcə də orda davam edən savaşa münasibət dindarlar arasında münasibətlərə mənfi təsir göstərdi. Sumqayıtda baş verən “razborka”nın Suriya mövzusunda olması faktı onu göstərir ki, hətta sələfi-vəhhab cərəyanı daxilində də Suriya məsələsində ümumi mövqe yoxdur. Daha radikal görüşlü qrup üzvləri arasında Suriyaya savaşa qatılanlar çox olsa da, eyni zamanda fərqli düşünənlərin də olduğu məlumdur.
Ancaq hansı mövzuda baş verməsindən asılı olmayaraq, baş verən hadisə ölkədə radikal qrupların fəallaşması, biri-birinə silah çəkməsi təhlükəli tendensiyadan xəbər verir. Bu həm də ona işarədir ki, yaxın vaxtlarda, daha doğrusu ciddi tədbirlər görülməsə, bu silahlar yenə “dilə gələ” bilər. Çünki bu kimi təkfirçi qruplar üçün bir qayda olaraq “düşmən tapmaq” çətin olmur. Yeri gəlmişkən, bir qədər əvvəl Belçika və Hollandiya kimi Avropa ölkələrində media və siyasi təhlilçilər Suriyaya gedən radikal dinçiləri geriyə qayıtdıqdan sonra ölkədə sabitlik üçün potensial təhlükə olmaları ilə bağlı xəbərdarlıq etdilər. Nəzərə alsaq ki, hazırda bir sıra mənbələrə görə, Suriyada 200-dən artıq radikal dinçi savaşçılar var və onlar bir gün Azərbaycana qayıdacaqlar, o zaman təhlükənin necə böyük olduğunu görmək olar. Məsələnin ən təhlükəli tərəfi isə odur ki, radikal dini qrupların öz aralarındakı münaqişələri xaricə, yəni digər məzhəb və cərəyanlara qarşı çevrilsə, o zaman təhlükə daha geniş miqyaslı olacaq.
Doğrudur, indi bir çoxları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə tədbirlər görməsi ilə bağlı çağırışlar edir. Əlbəttə, müəyyən mənada haqlı çağırışlardır. Çünki radikal qrupların ölkəyə yayılmasında müəyyən mənada bu qurumların, daha dəqiqi dövlət orqanlarının rolu olub. Ancaq hazırda elə bir vəziyyət yaranıb ki, indi bu prosesin qarşısını almaq üçün daha dərindən və kompleks fəaliyyət qurulmalıdır. Əks-halda bu qrupların daha da böyüyərək real təhlükəyə çevrilməsi imkanları var. İlk növbədə hökumət konkret dini dərs proqramı hazırlaya, vətəndaşların normal dini bilikləri əldə etməsi prosesini dəstəkləyə bilər. Bu, geniş mənada radikal, qeyri-ənənəvi dini cərəyanların yayılması, tərəfdar qazanması önündə əsas maneədir. Bundan başqa planlı şəkildə bu cür fəaliyyətlərin qarşısı alınmalı, zorakılığa çağıran qrupların və onların dini liderlərinin fəaliyyəti yasaqlanmalıdır. Əks-halda ölkədə davam edən din sahəsindəki boşluqdan faydalanan qruplar, əsasən də, savadsız, aşağı təhsilli gənclər təbəqəsi arasında özünə geniş təbliğat mühiti yarada bilir. Eyni zamanda xarici faktorlara bağlı olan bu qruplar kənardan idarə olunan şəbəkələr vasitəsilə ölkənin təhlükəsizliyi və vətəndaş sülhü üçün təhlükəli olan layihələrə cəlb olunurlar. Sadalanan tədbirlərin olmayacağı təqdirdə Azərbaycanda dini zəmində toqquşmaların baş verməsi müəyyən zamandan sonra qaçılmaz olacaq. Bu zaman isə dövlətin administrativ gücü bu cür fəaliyyətləri nəzarətdə saxlamaq üçün yetərsiz olacaq.

birlik.az

Комментариев нет:

Отправить комментарий