25.12.2013

Rus xalqının iztirabları

Biz kommunistlərin tez-tez üzləşdiyimiz ittihamlardan biri odur ki, sən demə Lenin guya Sovet İttifaqının timsalında çar Rusiyasını yenidən bərpa edibmiş və biz guya 70 illik sovet hakimiyyəti zamanı sosialist respublika yox, çarizm dövründəki kimi müstəmləkə kolonyalarından olmuşuq. Gəlin bu məsələni konkret faktlarla araşdıraq. Müasir Rusiyanın təqvimində “müstəqillik günü” deyilən rəsmi bayram var. Ruslar hər ilin bu gününü SSRİ- dən ayrılaraq müstəqil olduqlarını qeyd edirlər. Təbii ki bu qəbildən bayramlar keçmiş müttəfiq respublikaların hər birində qeyd edilir. Sual olunur, bizlər hər il bu bayramı guya ki rus əsarətindən qurtulduğumuz üçün keçiririksə, bəs onda ruslar kimdən xilas olduqlarını bayram edirlər?
Tam mübaliğəsiz deyə bilərik ki. “müstəqillik gününü” qeyd etməyə mənəvi haqqı olan yeganə əzilmiş xalq elə ancaq ruslar özləridir. Və onlar haqlı olaraq bizim əsirliyimizdən xilas olmalarını bayram edirlər. 
Fikir verin, SSRİ dağılması ərəfəsində olanda sadəcə bir il ərzində 850 milyard kub. metr qaz hasil edirdi və bu qiqant qaz hasilatında “neft- qaz” ölkəsi olan Azərbaycan SSR-nin payı cəmi 8 milyard 621 milyon kub. metr təşkil edirdi. Yəni Azərbaycan SSR Sovet İttifaqında hasil olunan qazın cəmi 1%-ni verirdi. Gəlin baxaq görək kim kimin sərvətini talan edirdi? Sovet Hakimiyyəti zamanı Azərbaycanın ən böyük qaz hasilatı 1982-ci ildə qeydə alınıb, təqribən 14 milyard 643 milyon kub metr qaz çıxarılıb (indikindən 2 dəfə azdır). Hansı ki həmən tarixdə respublikanın qaza tələbatı təqribən 17 milyard kub metr olub. Heydər Əliyev Şəmkir su elektrik stansiyasının açlışındakı çıxışında bu barədə etiraf edərcəsinə deyirdi: "Mən 1982-ci ildə Azərbaycandan gedəndə biz 15 milyard kubmetr qaz hasil edirdik. O vaxt biz Rusiyadan iki milyard kubmetr qaz alırdıq. Bununla da biz Azərbaycanın bütün kəndlərini, hətta ən ucqar dağ kəndlərini qazlaşdırdıq. Məsələn, Lerikin dağ kəndlərini qədər hər yeri qazlaşdırdıq, hamı qaz alırdı. İndi isə qaz yoxdur, lakin həmin şəbəkələr qalıbdır".
İldə Sovet Rusiyasının bizə 2 milyard kub metr qaz verməsi hələ ancaq 1982-ci ilin göstəricisidir və bu miqdar əslində daha çox olub. Belə ki 1982- ci ildən sonra qaz hasilatı Azərbaycan SSR-də sürətlə azaldığı halda daxili tələbatın artması hər il Rusiyanı Azərbaycana daha çox qaz göndərməyə vadar edirdi. Sovet İttifaqının tərkibində olduğumuz sonuncu illərdə Azərbaycan SSR-nin qaz hasilatı 8-9 milyard kub metrə qədər gerilədiyi halda qaza olan illik tələbat 18 milyard kub metrə çatmışdır və respublikanın hasil etdiyi qazla istehlak etdiyi qaz miqdarı illik 5- 8 milyard kub metrə qədər fərq edirdi və bu uçrumu biz rus qazının hesabına doldururduq. Bu günkü qiymətlərlə götürsək bu o deməkdir ki, Sovet Rusiyası hər il Azərbaycana 2-4 milyard dollarlıq müftə qaz verirdi. Bəs biz bu müftə qazı nə edirdik? Abşerondan tutmuş bölgələrə qədər hər yerdə istixanalar düzəldir, havayı rus qazının hesabına gül, tərəvəz yetişdirib elə həmən rusun özünə od qiymətinə satırdıq. Məsələn, Abşeron istixanalarında bitən bir gülü Moskvada sadəcə bir giləsini 1 rubla satırdıq. Hələ üstəlik havayı rus qazının hesabına yetişdirdiyimiz güllərdən hansısa rus xanımına bir dəstə bağışlayıb onun ürəyinidə ələ keçirərdik və sonra illərlə əfsanələr dildən-dilə dolaşardı. İndi hanı o istixanalar? Yoxdur, çünki sovet vaxtı qazın havayı olması çoxlarına istixanalar salmağa imkan verirdi, amma indi sayğac hesabı qazpulu ödəmək istixanaları yoxa çıxardı.
Rus bir tək bizə hələ qazla zəngin olan respublikaya milyardlarla rublluq dotasiya yedirirdi, amma iş ancaq bizimlə yekunlaşmırdı axı. Sovet Rusiyası Gürcüstana hər il 10 milyard kub metr, Ermənistana isə 7 milyard kub metr qaz verirdi. Hazırki bazar qiymətiylə ildə 7-8 milyard dollarlıq qazı qafqazlılar havayı alırdılar. Təbii ki bu da rus xalqının iztirablarının sonu deyildi. Hələ növbədə digər respublikalar və Şərqi Avropadakı müttəfiqlər var idi, on milyardlarla kub metr qaz “Dostluq” kəməriylə Avropaya axırdı. Fikir verin, Sovet Rusiyası İttifaqda olduğu sonuncu illərdə qaz hasilatını 800 milyard kub metrə çatdırmışdı və ittifaqdan “azad” olandan sonra bu göstərici 500 milyard kub metrə qədər gerilədi, ona görə yox ki hasilatı artırmaq mümkün olmadı, yox. Sadəcə olaraq rus xalqı müttəfiqləri müftə qazla təmin etmək öhdəliklərindən azad oldu və bu Rusiyaya ildə 300 milyard kub metrə qədər qaza qənaət etməyə imkan verdi ki, bu da indiki bazar qiymətləriylə ildə 150 milyard dollar vəsait deməkdir. Sovet vaxtı müttəfiqlərə müftə verilən qazı rus indi hər min kuba metrni 350-500 dollar arası kimi baha qiymətə satır. İndi baxın görün kim kimin əsarətindən azad olub?
P.S. Əslində Sovet İttifaqında heç bir xalq digərinin köləsi olmayıb, bu ittifaq xalqların qardaşlığına və qarşılıqlı faydalı əməkdaşlığına əsaslanan böyük bir xalqlar ailəsi idi. Bizim məqalədə istifadə etdiyimiz üslub sadəcə olaraq psevdomillətçilərə ünvanlanmışdır, çünki onlar nəyin nə olduğunu və kimin kim olduğunu ancaq belə üslubla başa düşə bilərlər.

kommunist.biz

Комментариев нет:

Отправить комментарий