05.12.2013

Öldürən göbələklər

Zaqatalada meşədə yetişən göbələk bir ailənin faciəsinə çevrilib. Yabanı göbələyi yeyən ailənin 4 üzvü də zəhərlənərək xəstəxanaya qaldırılıb. 2 uşağın ölümünə səbəb olan hadisədən sonra əhali arasında göbələk məhsuluna qarşı inamsızlıq yaranıb. 
Göbələk çox həssas bitkidir. Buna görə də, saxlama müddəti keçmiş yeməli göbələklər belə, zəhərli ola bilər. Bazar və mağazalarda göbələklərin qiyməti, onların saxlanma şəraitini öyrənməyə çalışdıq. 

Bazardakı, yoxsa marketlərdəki göbələyi alaq? 

Bazarda satılan göbələklər, marketlərdəkindən ucuz olsa da saxlanma şəraitinə görə fərqlənir. Açıq piştaxtaların üzərində satılan göbələklərə insanlar üçün sağlam qida zəmanəti vermək çox çətindir. “Vosmoy” adlanan bazarda 30 ildi ticarətlə məşğul olan Gülnarə xala ilə söhbətimiz zamanı bəlli olur ki, göbələklər hər gün səhərlər gətirilir. Biz də “QazEl”lərdən topdan alırıq. “2 gün müddətinə satılır. Qiymət marketlərindkindən fərqlidir. Əsasən göbələklər Şimal bölgəsindən gətirilir. Heç kəs risq edib zəhərli göbələyi gətirib satmaz. Bir də hər kəsin müəyyən qədər alıcısı var ki, kim istəyər alıcısını itirsin?! Biz göbələyin kilosunda 20-30 qəpik pul qazanırıq. Bu 20-30 qəpiyə görə, insanların taleyi ilə oynamaq olar?! Göbələyi alan gün çalışırırq sataq qurtarsın. Səhər müştəri çox olur. Qiyməti baha deyirik. Günortadan sonra isə qiyməti yendiririk. Axşamçağılar yerdə qalanı dəyər-dəyməzinə satırıq ki, üstümüzdə qalmasın”. Siz aldığınız göbələkləri soyuducuda saxlayırsız, sualımıza Gülnarə xanım – “A bala, indi göbələyi soyuducuya qoymağa gərək yoxdur. Havalar soyuqdur”. 
“Mağazalarda satılan göbələklər, bazarda satılan göbələklərdən daha güvənlidi”. Bunu mağazada qarşılaşdığımız alıcı Mələk xanım deyir. Müsahibimiz bazarda belə məhsulların qorxulu olduğunu, bu mövzuda mağazalara əmanət etdiyini bildirir.
Digər alıcı Vaqif dayı isə göbələkləri yaxşı tanıdığını, istər mağazdan, istər bazardan aldığı göbələkdə diqqətli olduğunu deyir. Göbələk insanı tez zəhərləyir. Buna görə də, satışda olan göbələklərə diqqətlə yanaşmaq lazımdır. 
Onu da deyək ki, bazarda 1 kiloqramı 2-3 manat arasında satılan göbələklər, maqazinlərdə qablaşdırılmış formada və daha az çəkidə olmaqla 2 manat 50 qəpiyə satılır. Alıcılardan isə imkanlısı mağazaya üz tutduqda, kasıb bazardan alır. 

Komitə: Xüsusi qablaşdırılmış şampinion göbələklərinin heç bir ziyanı yoxdur

Məsələnin son aylardakı aktuallığını nəzərə alaraq bu sahə ilə yaxından məşğul olan qurumlarla danışdıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı satışda olan göbələyin heç bir ziyanı olmadığını bildirdi: “Mağazalarda satılan xüsusi qablaşdırılmış göbələklər şampinion göbələkləridir. Onların heç bir ziyanı yoxdur. Göbələk mövsümi bitkidir. Onun yetişdirilməsi üçün parnik şəraiti olmalıdır. Zəhərli göbələklər sinifinə aid deyil, onlar xüsusi istehsal müəssəsində hazırlanır. Sənaye müəssəsində yetişdirilir və qablaşdırılaraq satışa çıxarılır. Komitə daim istehsal müəssisələrində araşdırma aparır. Aşkar olunan nöqsanlar təhlil olunur, aradan qaldırılması üçün tədbirlər görülür, iradnamələr verilir. Nöqsanlar sahibkarların diqqətinə çatdırılır. Əgər sahibkarlar o nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görmürlərsə, onların fəaliyyətinə qadağa qoyulur. Yox əgər əksi olursa, o zaman istehsala davam etdirilməsi ilə bağlı icazə verilir. İstehlakçı onun üzərində saxlanma müddətinə və saxlama temperaturuna xüsusi fikir verməlidir. Göbələyin istehsala buraxıldıqdan sonra saxlama müddəti 2 sutkadı. Temperatur 1-6 dərəcə arasında olmalıdır. Vaxtı keçmiş şampilion göbələyi belə, problemlər yarada bilər. Normativ sənədlərə uyğun olaraq, standartlaşdırma tənzimlənir”. 
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə Simsar.az-a müsahibəsində göbələyin yetişdirilməsində əsas özəllik və qaydalardan danışdı: “Göbələklər yetişdirildikdə temperatur rejimi, əlverişli şəraiti nəzərə alınmalıdır. Onlar yığıldıqdan sonra baxışdan keçirilir, qablaşdırılır. Təzə göbələklər aşağı temperaturda 2-3 gün ərzində saxlanıla bilir. Konservləşdirilmiş göbələklər xüsusi texnika ilə əldə olunur. Bunlardan digər məhsullar da hazırlanır. Əsasən şampinion göbələyi daha çox istifadə olunur. Alıcılar əsas məhsulun üzərindəki etiketlərə diqqətlə fikir verməlidir. Etiketlərdə göstərilən son istifadə tarixinə uyğun olaraq, onu almalıdırlar”.

Göbələkdən zəhərləndikdə, mədəni yumaq belə effektiv nəticə vermir

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, göbələk zəhərlənməsinin ilk əlamətləri onu qida məhsulu kimi qəbul etdikdən yarım saat və ya 40 dəqiqə ərzində başlayır. Bəzi göbələklər var ki, onlar bir-iki saat ara verir, sonra əlamətləri başlayır. Göbələyin zəhərli olduğunu bilən adam belə, yenə də bunu dəqiqliklə deyə bilməz. Onları bir-birindən ayırmaq çox çətindi. Qırmızı qulaqcıqlı göbələk var ki, onun çox pis qoxusu var. Belə qoxularına görə, təxminən zəhərli olduğunu bilmək olar. Göbələkdən zəhərlənmək, çox ciddi problemdir. Çünki göbələk qida məhsulu kimi mədəyə dəyibsə, parçalanır və qana sorulur. Mədəni yumaq da effektiv nəticə vermir. Kənd adamlarının çoxu göbələk istəklərini meşələrdən dərilən göbələklərlə ödəyir. Bu çox ciddi problemdir. Heç kəs zəmanət verə bilmir ki, meşədən dərdiyi göbələk, zəhərlidir, ya yox. Bu il göbələkdən zəhərlənənlərin sayı 18 nəfər olub ki, onlardan da 3-ü ölüb”.

Ekspert: Göbələklərlə bağlı monitorinqlər keçirilmir

İstahlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Azərbaycanda zəhərlənmələrin 250 dəfə artığını bildirib: “Müxtəlif qidalardan zəhərlənmələr kütləvi hal alıb. Ümumidünya göstəricisinə nəzər saldıqda, bu göstəricilərin yalan olduğu məlum olur. Göbələklərlə bağlı monitorinqlər keçirilmir, ancaq digər məhsullarda keçirilən monitorinqlərdən məlum olur ki, vaxtı keçmiş, keyfiyyətsiz məhsullar satışa buraxılır. Alıcıları məhsulları alarkən diqqətli olmağa çağırıram”.
Bir sözlə, göbələyin yeyiləni də, yeyilməyəni də var. Göbələk yeyək, amma diqqətli olaq ki, zəhərlənməyək.

Turanə İbrahimi             simsar.az

Комментариев нет:

Отправить комментарий