22.12.2013

Ozobijon

Azərbaycan tarixində mühüm rol oynayan Talış diyarımız öz zəngin mədəniyyəti və qədim sirrli tarixi ilə bizim gələcək nəsillərə zəngin irs qoymuşdur. Bizdə öz növbəmizdə bu  tarixi gələcək nəsillərə çatdırmaq fikrindəyik. Bu sirli tarixlərimizdən biridə Talış diyarının dağlıq ərazisi olan Lerik rayonunun Ozobijon kəndidir. Keçən yazılarımdan birində Cəngəmiran kəndi haqqında bəhs etmişdim. Ozobijon kəndidə demək olar ki, həmin Cəngəmiran kəndinin bir davamıdır. Amma... 
Ozobijon kəndinin adı Sovet dönəmində Azərbaycan, müstəqillik illərimizdə isə Günəşli adına dəyişdirilmişdir. Amma kəndin qədim adı Ozobijondur. Kənd əhalisi və qonşu kəndlərdə yaşayanlar bu kəndi Ozobijon olaraq bilirlər. 
Kəndin adı ilə bağlı müxtəlif mülahizələr vardır. Tədqiqatçı jurnalist İsaq Əmənullayevin fikrincə kəndin yuzdən çox yaşı var və kəndin adı isə 19 əsrin ortalarında “dəyirman quranlarla” bağlıdır və ya “dəyirman qurulan yer”.  Buda talış dilindən Osopecon-Osopeycon və sonralar dildə Ozobijon şəklinə düşmüşdür. Bu fikri bir çox tədqiqatçılar da bildirirlər. Həmin tədqiqatçılara cavab olaraq tarıxı faktlarla demək istərdim ki, Ozobijon kəndində 19-cu əsrin sonlarında dəyirman qurulub. Kəndin ilk sakinləri sayılan cəngəmiranlılar da yüz illərlə bu kəndi qışlaq və ya yaylaq kimi istifadə etmişlər. İsaq Əmənullayevin dediyinə görə onun babalarının birində olan köhnə Quran kitabında kəndin yaşı yüz ildən bir az çox göstərilmişdir. Bu əslində kəndin yaranması yox, kəndə ilk köçüb yurd salan cəngəmiranlılarla bağlıdır. Və sonralar dəyirman tikilib. Amma üzun müddət kəndin adı Ozobijon olub və heç vaxt Osopecon deyilməyib. Bir faktı da qeyd etmək istərdim ki, Cəngəmiran kənd əhalisi indi də bu kəndə Uzubijon (tələffüzdə fərq var) – yəni candan azarı çıxardan yer deyirlər. “Candan azarı çıxardan”- bu izah kəndin adına daha uyğundur. Çünki, kəndin adı hələ 1508-ci ilin oktyabr ayında verilən bir sənədə əsasən Dırığ hakimi Əmir Əhmədin fərmanında çəkilir. Sənəddə Dırığ ərazisində Azərbican çayı olduğu qeyd edilir. Demək kəndin tarixi və adı heç də 19-ci əsrlə bağlı deyil. 
Ozobijon sözünün “candan azarı çıxartmaq” mənası Ozo- azar, dərd, Bıjon- bədəndən çıxaran mənasındadır. Buna nümunə olaraq biz deyə bilərik ki, kənd yaxınlığında olan Vov bulağı və kəndin mərkəzində yerləşən Çəkrə türbəsi buna canlı sübutdur. İlk növbədə keçək Vov bulağına. Vov deyilən yer “şəfa suyu” kimi dəyərləndirilir. Ayağlarda olan yel xəstəliyini çıxardır. Bir sözlə desək ayaqlarda olan azarı çıxardır. Onun vov adlandırılmasıda “Yel suyu” anlamındadır. İndi keçək Çəkrə türbəsinə. Çəkrə türbəsi kəndin mərkəzində yerləşən ən qədim türbələrdən biridir. Çəkrə sözünün mənası talış dilindən Çəkərə - “təmizlənən yer” anlamındadır. Amma demək istərdim ki, Çəkrə qədim fəlsəfi sistemdə olan Çakradır. Hind fəlsəfəsində rast gəldiyimiz Çakra ruhu təmizləyən çarxdır. Talışlarda təkərə və çarxa “çəx” deyirlər. Burdan belə bir məntiq ortaya çıxır ki, Çəkrə türbəsi elə kəndin öz adı ilə sırf bağlıdır. Vov + Çəkrə türbəsi = Ozobijon. Bəli bu bir düsturdur. Bu qaydayla biz kəndin adının izahına varmış oluruq. 
Bu izahdan savayı kəndin adı ilə bağlı digər bir mülahizə də vardır.  Bizə məlumdur ki, Talış diyarımız ta qədimdən Muğ (maq) – Arilərin qədim vətəni olmuşdur. Bu fikrə əsaslanaraq Ozobijon toponimi ilə bağlı belə bir izahda mövcuddur: Mənbələrdə Ozobijon kəndinin adı Azərbican olduğunu sizə çatdırmışdım. Bu heç də boş yerə deyil. Azar elə həmin Ozordur. Yəni Azər – azar-azəri-atəş (günəş tanrısı) anlamındadır. Qədim mənbələrdə, İran miflərində və Avestada Atar-Adər-Azər-Ozər-Zər-Tanrıdır, Günəş Tanrısı. Ozobijon- Azərbijan – Azər- Becan- Ozər Bi Jan – Ozər  Bi Jian – Ozəri  Bi  Jiəye. Can- con – jon- jion- ji talış dilində yaşamaq, on isə cəm şəkilçisidir. Beləliklə Ozobijon Tanrı davamçılarının yaşadığı yer, Atəşcanlıların yaşayış yeri, Maqların davamçıları, nəsillərinin yaşadğı yer mənasındadır. 
Gördüyünüz kimi Ozobijon kəndi Azərbaycanın sirini və qədim sivil mədəniyyətini özündə gizlədən bir canlı abidədir. Bir çox tədqiqatçıların və arxeoloqların tədqiqatlarına görə bu kənddə məskən salma eramızdan təqribən 3-5 min il əvvələ gedib çıxır. Burdaki çoxlu məzarlar Zərdüştü qəbrləridir. Kəndin qədimliyini sübut etdirən faktlar yerincə çoxdur. Buna misal elə toponimləri götürək. Kənddəki toponimlər kəndin ta qədimdən indiki dövrumuzə qədəri əhatə edir. Gəlin kənddəki toponimləri nəzərdən keçirək. 
Göl, çay, şəlalə və dərə adları: Ozobijoni ru, Ov şurə xıl, Tabə xıl, Jinə şəlolə, Peynə şəlolə, Zomə bil, Keri bil, Çayi də, Ağəyo də, Vovi də. Bulaqlar: Qulkinə honi, Bılbıli honi, Hidayəti honi, Keri honi, Rəvvaği honi, Şirvani honi, Reğmə honi, Vovi honi. Digər yer adları: Bəlelə hırdə, Qırdol, Nıso məzə, Ləj, Siplonə rəğ, Kurə, Zənqələ çol, Nəbi çol, Sütmə poçə, Gelləşə çol, Tobını band, Erməni kuməco, Kinon kiə, Kuəzınqi təpə, Vızmə doy həmo, Siyo həmo, Səvıxə çol, Mori hıl, Osyo sə, Kəqon, Yolə lu, Yolə rıj, Linə tıbə, Bılblıli həmo, Qırdə hi, Urusi do vilə, Delləvu sə, Tırkon hi, Kiri kıştə, Qivə, Dastor. 
Mülklər və talalar: Aliəğə kulət, Eynəli kulət, Şərifi mılk, Şukuri kuməco, Nəbi çol, Əbduli kəco, Hüseyni xəmənco, Ağəyo çol, Nuri kulət, Tıbə rəğ, Hoççi poçə, Yəyi sığ, Hidayəti kulət, Ğafəri kulət, Hundəli (Umudəli)  kulət, Sərodi kulət, Zəhra hi, Zülfəli kəco, Məmmədi boğ, Nəzərəli lu, Baba kuməco, Ğubadı hi. 
Məhəllə adları: Cəbiə kujə (ji kujə), Əyvəzə kujə (pe kujə), Mırsoğoliyə kujə (rəğə sə), Ğoliə kujə və Fitotə kujə. 
İndi keçək kəndin qədim dövürdən indiki dövrümüzə qədər olan tarixinə. Dəfələrlə dediyimiz kimi Talış diyarının çox qədim kəndlərindən biridir. Kəndi digər qədim kəndlərdən fəqrləndirən cəhət var. Kənddə olan abidələr və toponimlər qədim sivilizasiyanın tədqiq edən alimlər üçün maraq dairəsi olmalıdır. Çunki yuxarıda izah etdiyimiz kimi kəndin öz adı belə qədim sivilizasiyanın sirlərini özündə gizlədir. Ozobijonda tapılan abidələrin orta əsrlərə aid olmasını deyən tarixçilər səhv fikirdədirlər. Demək abidələri düzgün tədqiq etmiyiblər. Abidələrin üstündə olan svastika işarələri heçdə orta əsrlədə aid deyil. Kəndin mərkəzində və ondan bir az aralıqda yerləşən türbələr sonrakı dövrlərdə İslamla əlaqələndirilmiş və təhrif olunmuşdur. Bunlarlada yanaşı kənd yaxınlığında olan əfsanəvi bir abidə “Donajənə sığ” yerli əhali tərəfindən Babəkin qırmızı bayraq qaldırdığı yer kimi dəyərləndirilir. Həmdə İslam təsirinə keçəndən sonra Hz Mehdinin (ə) Zuhur edən yeri kimidə adlandırılır. Təbii bunlar hamısı bir əfsanəvi mifik bir uydurmadır. Amma bu mifik bir rəvayətin özünün sirləri vardır. Heç təsadüfi deyil ki, elə həmin abidənin üstündə “Hz Əli ayağı” (Əli riz) deyilən bir işarə vardır.  Mənim fikrimcə bu abidənin İslamla adiyatı yoxdur. Mifik rəvayətlər keçmiş zərdüştlüyün əlamətidir və öz gizli kodları vardır.  Məs bu gizli kodlar nədən ibarətdir? Yenidən nəzərinizə çatdırmaq istərdim ki, kənd yaxınlığında olan Vov deyilən bulaq  şəfa bulağıdır və bu  insan orqanızımdə olan azar-bezarı, əsasəndə ayaqlarda olan yel xəstəliklərini mualicə edir. Vov mahiyətcə qədim mualicəvi bir məkandır. Son dövrlərə qədər kənd əhalisi həmin bulaqda muxtəlif metodlarnan mualicə almışdılar. O metodları tədqiq edəndə bizə qədim Muğların metodları yada düşür. Demək bu kənddə yaşayan qədim Maqlar heç də izini itirməmişdirlər. Ona görədə mənim fikrimcə Ozobijon kəndi maqların mualicəvi observatoriyası kimi dəyərləndirilməlidir. Bura qədim mualicəvi observatorya olmuşdur. Bunu anlamaq üçün biz bəzi nüansları təzədən gözdən keçirməliyik. 1. Vov. 2.Çəkrə tıbə. 3. Ozobejon. 4.Azərbican. Gördüyümüz bu dörd toponim kəndin mualicəvi observatoriya olmasına sübutdur. 
İstərdim ki,  Nikolay Rerixin “Parıldayan Şambala” əsərindən maraqlı bir faktı nəzərinizə çatdırım. Rerix yazır: “Dahi Azərlər onlar atəş təlimlərini yaxşı bilirdilər. Bundan savayı həyatın və Kalaçakranın yaranmasını yaxşı bilirdilər. Onlar insanların xəstəliklərini candan çıxmasının yollarını bilirdilər. Onlar Şambala padşahlığında insanları sağaldan mualicəvi bir məkan yaratmışdırlar.” Rerixin dediyi Şambala əfsanəvi bir dağ padşahlığıdır. Bir çox tədqiqatçılar mifik Şambala padşahlığının Hindisdanın şimalında, Tibet yaxınlığında olduğunu təsdiqləyirlər. Son dövrdə Lerikin Pirasora kəndində tapılan piramida əfsanəvi Şambaladakı piramida olduğu qənaətinə gəlmək olar. Şambala sözunun mənası sanskrit dilindən “Xoşbəxtlik mənbəyinin qoruyucusu” mənasındadır. Bəzi mənbələrdə bu Şamhala kimi yazılır və tərcüməsidə qədim dillərdə “dağlıq şam şəhəri” mənasını verir. Şam sözüdə sanskrit dilində “tanrı qoruyucusu” mənasındadır. Hala sözüdə talış və sanskrit dilində dağ mənasındadır. Bunları təhlil etməkdə bir məqsədim var. Ozobijon kəndində olan çakra (kala Çakra), Ozobijon toponimində olan azar sözü, Orand kəndində Kəlo (Kala çakra) turbəsi, Orand kənd yaxınlığında yerləşən Şam toponimi bizim fikrlərimizə aydınlıq gətirə bilər. İndi biz dərin düşünsək deyə bilərk ki, Əfsanəvi Şambala padşahlığı bəlkə elə Talış diyarımızın Talış dağlarında yerləşib. Parıldayan əfsanəvi Şambalanın mualicəvi observatoriyasıda elə Ozobijondur. Bir sözlə Ozobijon kəndinin qədim tarixi bizə bir çox sirləri açır. Və mən belə düşünürəm ki, kəndin yerləşdiyi məkan böyük bir şahlığın, sivilizasiyanın, müalicəvi bir observatoriyası olub. 
Orta əsrlərdə Ozobijon Dırığ mahalının kəndlərindən biri olmuşdur. Uzun muddət kənd ərazisi Cəngəmiran kəndinin qışlaq, yaylağı kimi istifadə olunmuşdur. Xanlıq dövründədə kənd Cəngəmiran kəndinin bir sözlə Dırığ mahalının paytaxtının ərazisi hesab olunurdu. Kənddə ilk məskən salma eramızdan əvvəl olmuşdusa, indiki kənd əhalisinin ulu əcdadları kəndə 19 –cu əsrin ortalarında və sonlarında Cəngəmirandan köçərək yurd salmışdılar.  Yuxarıda qeyd etdiyimiz  kimi uzun muddət Dırığ paytaxtının qışlaq və yaylağı kimi istifadə olunan kənd artıq müəyyən tayfaların arasında torpaqları bölüşmüşdür. Cəngəmiran tayfaları bu kənddə əsasən maldarlıqla məşğul olmuşdurlar. Çar dövrünün arxiv sənədlərindən bizə məlum oldu ki, indiki Ozobijonluların ulu əjdadlarını Cəngəmiran kənd siyahıalınmasına yazılmışdır. 
Kənddə yaşayan patronomiyalar: Cəbion, Fitoton, Əyvəzon, Ğolion, Mırsoğolion, Vəlixanon, Nurion, Bəndion, Muşion, Ağayon və Zılfion. Gördüyünüz kimi bu tayfalar Cəngəmiran kəndindən köçərək Ozobijonda yurd salmışdılar. Yurd salandan sonra artiq təkcə maldarlıq yox əkinçilik, buğdaçılıqla, baramaçılıq və arıçılıqla məşğul olmuşdurlar. Bir sözlə kəndi təzədən qurub yaratmışdılar. Kənddə ilk məskən salan Cəngəmiran tayfası hələmdə şübhəli qalır. Tədqiqatçı jurnalist İsaq Əmənullayev özünün “Dağlardan güc alan dostluq” kitabında qeyd edir ki, kənddə ilk məskən salan cəngəmiranlı tayfa onun ulu əcdadı Mursaqulu kişi olmuşdur. Həmdə kənddə ilk dəyirmanı tikəndə məhs Mursaqulu və eyni kənddən olan Məşədi Hüseynəli olmuşdur. Bu faklara aydınlıq gətirmək məcburiyətindəyəm. Əvvəla yuxarıda qeyd etdiyimiz kimi Ozobijon kəndi qışlaq və yaylaq olduğu üçün və uzun müddətdə bu belə davam etdiyi üçün kənddə müxtəlif tayfa numayəndələri  özlərinə ev, tövlə tikib müstəqil kənd təsərufatına başlayırdılar. Beləliklə tayfa nümayəndələrinin sayı getdikcə çoxalırdı. Və bu şəkildə artıq öz gəldikləri Cəngəmiran kəndinə daha dönməyərək Ozobijon kəndində ev tikib əbədi yurd salmışdılar. Bunları bilmək üçün ilk növbədə biz toponimlərə fikir verməliyik. Toponimlərdə adı çəkilən insan adları 19-cu əsrin sonlarında yaşamışların adlarıdır. İsaq Əmənullayevin dediyi və ilk məskən saldığı Mursaqulu kişi ilə bağlı heç bir toponim yoxdur. Həmdə sənədlərə istinad edərək bildirməliyik ki, Mursaqulu kişi 1873-1880 –ci illər arası vəfat etmişdir. Amma Mursaqulunun oğlu olan Şərif bu tayfadan kəndə məskən salanlardan ilkidir. Bəli Mursaqulu kişi kənddə ilk dəyirman tikə bilər hamısından qabaq kənddə təsərüfatla məşğul ola bilər, amma ki, Mursaqulu ilə yanaşı digər tayfa numayəndələri bu işləri görmüşdürlər. Sənədlərə əsasən Mursaqulu Cəngəmiran kəndində yaşayıb və ordada vəfat etmişdir.  Bəs onda kənddə ilk məskən salan tayfa kimdir? Mənim fikrimcə Ozobijon qışlaq olduğu üçün ora bir yox bir neçə tayfa nümayəndələri köçub birlikdə yurd salmışdılar. Həmin dövrdən indiki dövrümüzə qədər kənddə müxtəlif illərdə bir neçə ailələrdə köçmüşdürlər.
Ozobijon kəndindən 20-ci əsrdən indiki dövrümüzə qədər bölgəmizin tanınmış şəxsiyətlər çıxmışdır.  Axund Abbasqulu Mehdiyev, Axund Tağı, Mirağa Cəfərquliyev, İqbal Əmənullayev,  Qabil Əmənullayev, Şamil Baxşıyev, İsaq Əmənullayev, Sevil Cəfərquliyeva (Kərimova), Huseynbaba İbrahimov,  Əcəbnaz İbrahimova, Vaqif Rəhmanov, Çingiz Rəhmanov, Hikmət Ağayev, Ağaş Mirzəyev, Məmməd Rəhmanov, Hacı Qulam Rüstəmov (Adınayev) Əlimərdan Şükürov və  İradə Məlikova (Baxşiyeva). 
Bu tanınmış simalarla yanaşı kənddən Qarabağ şəhidi çıxmışdır. Azərbaycanizdə hiss olunur...ın müstəqilliyi uğrunda vuruşan Talışlar öz diyarının hər bir kəndindən ən  azı bir-iki şəhidi vardır. Sözugedən Ozobijon kəndindən olan Namaz Muradov hərbi xidmətini yerinə yetirərkən şəhid olmuşdur. 
Beləliklə qədim sivilizasiyadan indiki dövrümüzə gəlib çıxan Ozobijon kəndi Talış diyarımızın gözəl kəndlərindən biridir. Kənddə olan şəlalələr Lerik rayonunun bəlkədə atributuna çevrilməkdədir. Düşünürəm ki, bu sirrli kənd çox az tədqiq olunmuşdur. Ozobijon kəndi özündə qədimliyi və füsünkar təbiəti cəm etmişdir. Ümid edirəm ki, bu kənd tezliklə öz doğma və özünə məxsus adını geri qaytaracaqdır. 

Razzaq Xansuvar

Mənbələr:
1. Azərbaycan Dövlət Mərkəzi Arxivi. (Fond 10. Op 1. Doc 21/ Fond 10.Op 1. Doc 114/ Fond 43. Op 2. Doc 7203/ Fond 43. Op 2. Doc 7379.) 
2. Kafkaz təqvimi (1907-1914 - cü illər) 
3. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. “Əxbərnamə” 
4. S. Kazımbəyoğlu “Səidiyyə” 
5. Rəzzaq X. Talışxanov “Cəngəmiran”, (Tolışon Sədo)
6. İsaq Əmənullayev “Dağlardan guc alan dostluq”
7. T. Musəvi “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər”
8. AMEA tarix insitutunun elmi arxivi (F 1, Doc 298; Fond 1 Doc 301)
9. Nikolay Rerix “Parıldayan Şambala” 
10. Toponim adlar Əlimərdan Şükürovdandır. 

2 комментария:

  1. Анонимный19.04.2016, 06:30

    Çox sağ ol qardaş, talış tarixinin bir hissəsi olan bu kənd barədə apardığın araşdırmana görə. Allahdan sənin kimi tədqiqatçıların sayının talış həqiqətlərini aşkar etmək üçün kifayət edəcək qədər olmasını diləyirəm

    ОтветитьУдалить