18.12.2013

İtmiş nəsillər

rovshen novruzoglu 300x222 İtmiş nəsillərRövşən Novruzoğlu

Bu gün təbii fəlakətlər hər yeri bürüyüb

Bu gün təbii fəlakətlər hər yeri bürüyüb. Daşqınlar, torpaq sürüşmələri 100 minlərlə insanın həlak olmasıyla nəticələnib. Amma görünür, bu da son deyil. Təbii fəlakətlər sanki planetimizi sınağa çəkir.
Baş verən iqlim dəyişməsi, Antarktida buzlarının əriməsi, sürətli torpaq sürüşmələri, dağ və yamacların ən yüksək zirvələrinin öz-özünə dağılıb tökülməsi, dəniz və okeanların su tərkibinin dəyişməsi, təqribən yüz il bundan qabaq quruyan dağ çaylarının yenidən coşması, yataqlarından çıxması… gözlənilməz zəlzələ və burulğanlar, leysan və yağışların daşqınlara çevrilməsi… – bütün bunlar alimləri düşündürən, lakin həlli hələlik mümkünsüz olan problemlərdir. Alman tədqiqatçı Fridrix Şteffan “Biz günah işlətmədik…” adlı silsilə yazılarında iddia edir ki, artıq yerlə göy arasında qalan, əli heç nəyə çatmayan insanı daha böyük fəlakətlər, sınaqlar gözləyir. O yazır: “…Ola bilsin ki, təbiətlə insanlar arasındakı tarazlıq pozulsun. Məgər görmürsünüz ki, Himalay dağları şam kimi əriyir?.. Və yaxud Nil cəngəlliklərində min il bundan qabaq nəsli kəsilmiş yırtıcılar peyda olur?.. Afrika mətbuatı adamı yerdən qaldıran, onu özünə ov edən Bədheybət iti caynaqlı quşların görünməsindən danışır… Zəlzələlər, torpaq sürüşmələri çayların yatağını dəyişir… Bütün bunlara səbəb nədir?.. Ən çox fikirlər irəli sürdüm. Amma gördüm, dediklərim fərziyyələrdən başqa bir şey deyil…”
Təbiət və insan arasındakı tarazlığın pozulması təkcə Fridrix Şteffeni düşündürmür. Məsələn, ingilis Layrek Keff tədqiqatlarında belə bir qənaətə gəlir:”…Hesablamalarıma görə, dünyanın ayrı-ayrı dövlətləri bir il ərzində göy cisimlərini öyrənmək, araşdırmaq, kosmik aləmdən bir şey əldə etmək üçün… ümumən göylərə hakim olmaq üçün 5 trilyon dollar sərf edir… Bütün bu məbləğ təbiəti öyrənməyə, baş verəcək fəlakətlərin vaxtı və yerinin qabaqcadan öyrənilməsinə, insanların firavanlığına sərf edilsəydi, Yer kürəsi daha gözəl görünərdi… İndi insan dünyada baş verən meşə yanğınlarının, sel və daşqınların, zəlzələlərin (mən xəstəlikləri bir kənara qoyuram) önündə acizdir”.
Məlumata görə, qitələr arasındakı məsafə hər il 1 sm azalır. Obyektiv və subyektiv səbəblərdən qitələr bir-birinə yaxınlaşır, nəticədə Yer kürəsinin su səthi sıxışdırılır… güclü buxarlanmalar müşahidə edilir… köhnə məcralarını itirən su səthi yeni məcralar axtarır. Digər tərəfdən, yerlə göy arasındakı tarazlığın pozulmasında digər məfhumlar da var. Məsələn, ərazilərin bombalanması, dağıdılması… acından və ağır həyat tərzindən qorxuya düşən insanların naləsi, səs və harayı, qışqırıq və ağlaşmaları… irəli sürülən səbəblər kimi şərh edilir. Faktiki olaraq, Yer kürəsi Şimalla Cənubun, Qərblə Şərqin sivil və qeyri-sivil müharibələri arasında qalıb. Tutalım, bir “Tomaqavk” qanadlı raket (ABŞ) düşdüyü (raketin ağırlığı 1500kq, sürəti saatda 800 km-dir. Dəyəri 1,5 milyon dollardır) 400km ərazinin həm iqliminə, həm ozon qatına, həm torpağın rənginə, münbitliyinə, suların, dağ çaylarının və bulaqların su tərkibindəki dəyişkənliyə… nəhayət, insanlarda beyin hüceyrələrinin normal inkişafına, ağ qan cisimciklərinin artmasına… səbəb olur. Bir raket zərbəsilə 280km məsafəyədək yer səthində torpaq qatları arasındakı əlaqə və bağlılıq qırılır, lay dəyişkənliyi baş verir.
Yaxud bir insanın ürəkdən ağlaması, ah-naləsi, qışqırıq və harayı bir, bəzi mənbələrdən 1,5 km məsafədə sönür. Məşhur Ərəb ilahiyyatçısı Süleyman Əbu Müslüm (Misir – XVIII əsr) bir insanın haray və ya naləsini şərh edir:”…Çəkilən haray və yaxud nalə 1000 metr şimalda, 1000 metr cənubda, 500 metr şərqdə, 500 metr də qərbdə sönür. Yəni insan harayı, naləsi bundan o yana yetişə bilmir. Haraydakı, nalədəki səs dalğası keçdiyi ərazilərdə fəsadlar yaradır: insanların ürəyini qırır. Uşaqlarda mənəvi-psixoloji tarazlığı pozur, beyin hüceyrələrinə şiddətli təsir edir, taun, vərəm, ürək və beyin xəstəliklərinə səbəb olur… təbiətdə isə çiçəklər ölür, ağaclar gec bar verir, budaqlar tez quruyur, yarpaqlar tab gətirə bilmir, deşilir, kötüklər çürüyür… İnsan harayını və yaxud naləsini eşidən arı ailəsi baldan düşür, tamam məhv olur…”
Misirli Süleyman bunu da açıqlayır ki, qız uşağının yanında çəkilən haray və nalə onun qan damarlarını zədələyir… səs dalğası onun bədən harmoniyasını pozur. Nəticədə onun geninə qorxu kölgəsi düşür…
İsrail həkimləri bu istiqamətdə apardıqları təcrübələrdə sübut edirlər ki, stress, qorxu, nalə və haray, acı göz yaşları insan geninin dəyişməsinə səbəb olur. Bu barədə Qüdsdəki yəhudi institutunun və Beer Şevadakı Ben-Qurion adına universitetin alimləri açıqlamalar verir. Professor Xermon Serek göstərir ki, insan orqanizmi əsəb hüceyrələrindən – neyronlardan özünə “tor” qurub. Onlar beyin mərkəzində baş verən hər hansı bir qıcıqlanma haqqında xəbər verir. Həmçinin beyin mərkəzindən orqanizmin bütün əzalarına bu “ağrı siqnalı”nı ötürür. Neyronların normal funksiyaları üçün orqanizmdə xüsusi ağ qan hüceyrələri olur. Bu hüceyrələr də əsəbləri təmin edir və insanın gözü qarşısında, tutalım, hər hansı bir terror aktı baş verərsə, haray çəkilib, nalə qoparsa… onun genində dramatik dəyişkənlik, zədələr yaranır. Tədqiqatçı genetik Xermon Serek həmçinin “ASNE” kodlu gen araşdırıb. Alim göstərir ki, hər hansı stress və qorxudan, nalə və haraydan… sonra bu gen dəyişir. Orqanizmdə arzuolunmaz pis dəyişikliklər yaradır.
Araşdırmamıza görə, 1918-20-ci illərdə təkcə Bakıda 29 tanınmış insan nəsli qırılıb. 1937-ci ildə bu rəqəm 54-ə çatıb… Məlumata görə, 1988-90-cı illərdə Bakı və onun kəndlərində üst-üstə 31 insan nəsli kəsilib. Hesablamalara görə, indi bu rəqəm iki dəfə artıb. Bu istiqamətdə apardığımız araşdırmaların nəticəsi kimi əldə etdiyimiz məlumatlara nəzər salaq:

1.1931-ci ildən 1947-ci ilədək:
a) Mirmöhsün Ağadadaş oğlu Əliyev (kimyaçı nəsli. Mendeleyev cədvəlinin element düzülüşlərinin yeni tərtibatçısı) (Bakı).
b) Cəlal Həsənalı oğlu Əfqanlı (fiziklər nəsli. Nüvə texnologiyası ilə məşğul olub) (Gəncə).
c) Hüseynağa Almurad oğlu Vəliyev (riyaziyyat elmilə məşğul olan nəslin ağsaqqalı) (Naxçıvan).
Üst-üstə respublika üzrə 442 kimya elmilə, eləcə də kvant fizikası və nəzəriyyəsilə, riyaziyyat elmilə məşğul olan nəsillərə son qoyulub.

2.1949-cu ildən 1967-ci ilədək:
a) Əlişanov Mehdibala Səfəralı oğlu (dilçi, Azərbaycan dili tədqiqatçısı) (Ağdam).
b) Abusəməd Heydər oğlu Fərmanov. Zöhrəbəyim Hafiz qızı Fərmanova (musiqi tədqiqatçısı. Xalq mahnılarının araşdırıcısı) (Xankəndi).
c) Əmiraslan Aslan oğlu Babazadə (iqtisadçı. Azərbaycanın zonalar üzrə iqlim və şəraitinə görə iqtisadi konsepsiyalarını yazan ilk mütəxəssis) (Şəki).
d) Məhəmməd Həmzə oğlu Sultanov (həkim. Mikrobiologiya üzrə tədqiqatçılar nəslinin başçısı) (Lənkəran).
Üst-üstə respublika üzrə həmin ərəfədə 326 dilçi, musiqiçi, iqtisadçı, 247 həkim-alim nəsli məhv edilib. Məsələn, şəkili Babazadə Əmiraslan İranda, Türkiyədə, Rusiyada, Almaniyada… elmi tədqiqatları ilə bağlı iqtisadi məqalələr dərc etdirib. Elmi fikirlər irəli sürüb. Amma öz doğma respublikasında bədxahların tənəsinə tuş gəldiyindən intihar edib.

3.1985-ci ildən 2009-cu ilədək:
a) 516 alim nəsli Azərbaycanı tərk edib.
b) 922 iqtisadçı nəsli RF-yə köçüb və onun müxtəlif regionlarında məskunlaşıb. Məlumata görə, bunun 768-i yaşadıqları ərazilərdə daimi yaşamaq üçün qeydiyyata düşüb.
c) 719 həkim nəsli bütövlükdə Azərbaycandan gedib. Onların bir qismi Almaniyada, İran İslam Respublikasında, Türkiyə və MDB ölkələrində daimi qeydiyyatdadırlar. Vətənə dönmək ehtimalları sıfra bərabərdir.
Məsələn, 1995-ci ildə Cahangir Həsən oğlu Babaşovun ailəsi Moldovada uşaq xəstəlikləri üzrə apardığı tədqiqatlara görə (həkimin özü, əmisi, bibisi birgə elmi tədqiqat aparıb) diqqəti cəlb edib. Ona işlərini davam etdirmək üçün böyük klinika həvalə edilib. Stomatoloq Əli Fazil oğlu Mürsəlova İran İslam Respublikasında stomatoloji klinika açılıb. Onun iki oğlu və qızı da bu sənətin sahibidirlər.

4.Ərazilər üzrə isə tədqiqatımıza nəzər salaq:
a) Lənkəranda 26 min 793 ziyalı ailəsi öz sənətilə məşğul deyil. Onların böyük bir qrupu özlərinin həkimlik, iqtisadçılıq, memarlıq, müəllimlik, rəssamlıq, musiqiçilik, mühəndislik… sənətini yaddan çıxarıb.
b) Salyanda 18 min 439 ziyalı ailəsi öz sənətilə məşğul deyil. Bu gün onların orta hesabla 75%-i işsizdir. Qalan 10% xırda ticarətlə – alverlə məşğuldur. 15%-i isə cadugərlik, falçılıq… mollalıqla məşğuldur.
c) Masallıda 21 min 280 ziyalı ailəsinin aqibəti dumanlı olaraq qalır. 1996-cı ilin məlumatına görə, əhalinin 38,5%-i ağ və qara magiya ilə məşğul olur. 2001-ci ildə isə bu rəqəm 42,7%-ə çatıb.
d) Naxçıvanda 31 min 197 ziyalı ailəsi ərazini tərk edib. Ölkə başçısı bu faktlardan, Naxçıvandan çıxıb gedən ailə və nəsillərin aqibətindən ərazidə olarkən (2002-ci il, 11 avqust) narahatçılığını bildirib. 47 min ailə öz ənənəvi həkimlik, mühəndislik, memarlıq, iqtisadçılıq, müəllimlik… sənətini unudaraq… kiçik və xırda alverlə məşğuldurlar. Ordubadda bu rəqəm 49%, Culfada isə 51,5% olub.

Bakının Əmircan kəndindən iki insan nəslindən daha heç bir məlumat və ya xəbər yoxdur. Lakin müəyyən zaman fasilələrində yaranmış yeni nəsillər görünməkdədir və bunlar arasında dərin bir uyğunsuzluq var. Yeni yaranmış nəsillər isə cılızlıq, təkəbbürlülük, özünü öymə… unutqanlıq… kimi formalarda özünü göstərir.

(Bildiriş: İstifadə olunan fakt və rəqəmlər RF-in “MDB ölkələri istiqamətində” adlı Strateji Araşdırmalar Mərkəzinin, İran İslam Respublikasının Strateji Araşdırma İdarəsinin, Qafqazda iqtisadi durumu öyrənən “Tehran alimləri qrupu”nun, Amerikada çıxan “Vaşinqton post”, “Vaşinqton tayms”, Fransanın “Mond”.., Astara, Lənkəran, Gəncə, Salyan, Masallı… rayon və şəhər qəzetlərindəki materiallardan, rayon icra hakimiyyəti başçılarının hesabatlarından götürülüb.)

rnovruzoglu@mail.ru          ayna.az

Комментариев нет:

Отправить комментарий