02.12.2013

XANIM XƏLİLOVADAN FAZİL MUSTAFAYA AĞIR SÖZLƏR

XANIM XƏLİLOVADAN FAZİL MUSTAFAYA AĞIR SÖZLƏRFazil Mustafa: “Elçibəyin mənəvi zəhərlənmə prosesində ən böyük rolu olan insanlardan biri də Xanım Xəlilovadır”

Xanım Xəlilova: “Fazil kimi adamlara yazığım gələr... Sussun, yoxsa...”

AXCP sədrinin keçmiş müavini, Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olmuş BQP sədri, hazırda millət vəkili olan Fazil Mustafa APA-ya müsahibə verib. O, həmin müsahibəsində Elçibəyin qəsdən zəhərlənməsi iddiası ilə Baş Prokurorluğun açdığı cinayət işinə münasibət bildirib, özünün bu mövzudakı fikirlərini izhar edib: “...fiziki zəhərlənmə ilə bağlı heç bir ehtimalım və əlimdə hər hansı bir əsas və ya şübhələndirici məqam yoxdur.

Ümumiyyətlə, bu məsələdə hamının dürüst davranmasına ehtiyac var. Amma Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi məlum faktdır və bu prosesdə çoxsaylı insan iştirak edib”. Bu məqamda deputatın ağır iddiası yer alıb: “Mənəvi zəhərlənmə prosesində ən böyük rolu olan insanlardan biri də şübhəsiz Xanım Xəlilovadır. Özü də o, təkcə Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsində rol almayıb, ümumiyyətlə sonradan öz fəaliyyətini genişləndirərək, bütün türk dünyasının zəhərlənməsində xüsusi rol oynayıb. Həmin şəxs indi də bu məsələdən sui-istifadə edərək, əsası olmayan iddialarla, təkəbbürlə, sanki proseslərin hamısının onun tərəfindən idarə olunduğunu iddia edərək, "Baron Münhauzen"lik etməklə, əslində bir sıra məqamlarda özünü ifşa edib. Onun bu məsələ ilə əlaqədar verdiyi müsahibədə bir maraqlı məqam var. Bu da Azərbaycan cəmiyyəti üçün bir yenilikdir. Çünki cəmiyyətimiz bilir ki, Sovet imperiyasını Qorbaçov çökdürüb. Xanım Xəlilova adlı bir Azərbaycan vətəndaşı isə iddia edir ki, bu belə olmayıb, Nobel mükafatı səhv verilib, SSRİ-ni Xanım Xəlilova dağıdıb. Mənə elə gəlir ki, o bu iddianı davam etdirsə, Qorbaçovdan Nobel mükafatını alıb, ona təqdim etmək lazım olacaq. Açığı, məhz buradan başlamaq lazımdır. Azərbaycan cəmiyyətində yalanın baş alıb getməsinə bəzən abrına qısılaraq, cavab vermirlər, müəyyən etiket qaydalarına riayət edirlər və ya “xatası məndən uzaq olsun” deyirlər. Amma sonradan görürsən ki, bəzi ünsürlər ümummilli bəlaya çevrilirlər. Bu adam Azərbaycan, xalq hərəkatı, ümumiyyətlə türk dünyası və Türkiyə üçün problemə çevrilməyə başlayıb. Təsəvvür edin ki, Azərbaycan xalq hərəkatı kimi mübariz bir proses bu gün Xanım Xəlilovanın timsalında mənfi şəkildə təqdim olunur".
Fazil MustafaKələkidə Ə.Elçibəyin Administrasiyasının rəhbəri olduğunu deyən F.Mustafa buna görə barəsində iki cinayət işi qaldırıldığını və həbsinə xüsusi göstəriş verildiyini də deyib. Həmçinin bildirib ki, o zaman onların Kələkidən, Elçibəyin yanından ayrılaraq, Türkiyəyə getmək fikirləri olmayıb: “Məni Əbülfəz Elçibəy xüsusi sərəncamla Türkiyəyə özəl təmsilçisi təyin edib. Bu təyinat 1995-ci ilin aprelində olub. Bunun da əsas səbəbi Türkiyədə Xanım Xəlilovanın Əbülfəz Elçibəyin adına utancverici imic gətirməsi idi. Bu, Türkiyədəki dostlardan, ayrı-ayrı dövlət qurumlarından gələn ismarış idi, Əbülfəz Elçibəy də bunu nəzərə alaraq, məni məcbur etdi ki, Türkiyəyə gedim, orada onun təmsilçisi kimi fəaliyyət göstərim. Həm də Kələkinin maddi və mənəvi tərəfdən dəstəklənməsi, təhlükəsizliyinin təmini istiqamətində fəaliyyət göstərim. Xanım Xəlilovanın Türkiyədən Əbülfəz bəylə bağlı Heydər Əliyevə zəng etməsi barədə dedikləri isə gülünc məsələdir. Heydər Əliyevin zəhləsi getdiyi beş adam vardısa, onun biri Xanım Xəlilova idi. Belə olan təqdirdə, bu adam Heydər Əliyevə necə zəng edə bilərdi? Bu nə hoqqabazlıqdır?”
Qeyd edək ki, Fazil Mustafanın bu reaksiyasına səbəb Xanım Xəlilovanın bir nəşə gün əvvəl ölkə mediasında getmiş müsahibəsi səbəb olaraq göstərilir. Həmin müsahibədə X. Xəlilova Fazil Müstafanı kəskin şəkildə tənqid etmişdi.
Xanım Xəlilova isə “Yeni Müsavat”a deyib ki, Fazil Mustafanın Əbülfəz Elçibəy haqqında danışmağa haqqı yoxdur. Deputatın ünvanına olduqca kəskin ton və aşağılayıcı ifadələrlə danışan Xanım Xəlilova iddia edir ki, o, bu haqqı xəyanət etməsi ilə itirib: “Sussun, dilini qoysun qarnına. Dünənki uşaqdır. Onun kimiləri idi Elçibəyin hakimiyyətinin yıxılmasına səbəb olanlar. İndi qaranlıq əməllərinin qarşılığında gəlib deputat kürsüsündə əyləşib. Ona xəbərdarlıq edirəm ki, tərbiyəsizlik etməsin, elə məsələlər var bizi açıqlamalar verməyə məcbur eləməsin”.
X.Xəlilovanın sözlərinə görə, F.Mustafanın Kələkidən Türkiyəyə Elçibəyin təmsilçisi qismində gəlişinin maraqlı tarixçəsi olub: “Becan Fərzəliyevin xanımı Zəminə Fərzəliyeva Fazillə ailəvi yaxın olublar. Hətta Fazilin vəzifəyə keçməsində də Zəminə xanımın rolu olmuşdu. Bir gün Zəminə xanım mənə zəng edib dedi ki, Əbülfəz Elçibəyə hücum olacaq və onu öldürəcəklər, Fazil Qəzənfəroğlu da yanındadır onu da öldürəcəklər. Zəminə xanım mənə dedi ki, kömək elə Fazili Kələkidən Türkiyəyə qaçırdaq. Mən də əsəbiləşdim ki, bu adam liderimiz barədə yox, Fazil barədə narahatdır. Dedim ki, Zəminə, utanmırsan, Əbülfəz bəyi qoyub Fazilin təhlükəsizliyini düşünməliyik?! Bir neçə gündən sonra Ankarada birdə gördüm ki... (məcburi ixtisar - Red) Artıq Fazili necəsə Kələkidən Türkiyəyə çıxarıblar. Zəminə mənə elə qarşılaşandaca dedi ki, Xanım, gördün Fazili gətizdirdim. Dedim ki, afərin, kişi qızısan Elçibəyi orada buraxıb Fazili qaçırmısınız. Məlum oldu ki, Fazili oradan qaçıran zaman Əbülfəz bəydən xahiş ediblər ki, Fazilə kömək üçün ona bir təmsilçi görəvi versin. Əbülfəz bəyin də ürəyi yumşaq idi və Fazilə təmsilçilik vermişdi. Yəni Fazilin təmsilçi olması bu cür baş verib.
O ki qaldı mənim türk dünyası, xalq hərəkatı, ölkəm üçün xidmətlərimə Fazil həmin xidmətləri etiraf etmək qədər ürəyə, cəsarətə sahib adam deyil. Novella Cəfəroğlu ilə birlikdə qadınlarla 3-4 dəfə gedib Kələkiyə Əbülfəz bəyə məlumatlar verirdik. Biz Əbülfəz bəyin telefonla təminatından tutmuş, qorunmasına nail olmağa qədər, nələr etmişik o bir Allah bilir. Fazil bunları danırsa və hətta mənim şəxsimə təhqir yağdırırsa, Allahdan qorxsun, başına bəlalar gətirməsin yazıqdır. Mən Azərbaycanın azadlığı uğrunda meydanlarda mübarizə aparan qadınlardanam. Fazil 20 yanvar hadisələrində evdə gizlənəndə mən qadınlarla tankların qarşısına çıxmışdıq. Bəxtiyar Vahabzadə məni qucaqlayıb dedi ki, biz kişilər ölmüşük siz qadınlar tank qarşısına çıxmısınız? Flora Kərimova da bizimlə bir yerdəydi. Fazil kimi (təhqiramiz ifadələr olduğu üçün ixtisar edirik - Red ) ... utandırmaq üçün biz qadınlar həm tankın qarşısına çıxdıq, həm də cəbhədə döyüşə getdik. Bunlar tarixdə olan faktlardır, canlı şahidləri, iştirakçıları var. Biz qadınlar qadın batalyonu yaradıb döyüşürdük, Fazilin yaşıdları olan gənclər döyüşürdü, şəhid olurdu, Fazilin isə həmin vaxt Bakıda vəzifə uğrunda çıxmadığı oyunlar qalmamışdı. Əbülfəz bəy Kələkidən qayıtdıqdan sonra mənə neçə adamın yanında dedi ki, siz yanımda olsaydınız bəlkə də devrilməzdim. Onun yanında kimlər idi? Fazil kimilər. Yıxılmasına da onlar səbəb oldular.
Heydər Əliyevin mənə nifrət elədiyini deyir Fazil. Çox maraqlıdır, o dövrdə Fazilin, deməli, gizli əlaqəsi-filanı olub ki, Heydər Əliyevin ürəyində kimə nifrət etməsinə qədər məsələlərdən xəbərdar imiş.
Mənim türk dünyasına zərər verdiyimi deyir Fazil. Mən Türkiyədə Milli Güvənlik Akademiyasında, Jandarma okullarında konfranslar verirəm. Alparslan Türkeşin baş danışmanı olmuşam. İndi də bütün valilərin dəvəti ilə hər yerdə mühazirələr oxuyuram. Mən əksər məruzələrimdə, görüşlərimdə Qarabağ məsələsini öz plana çıxarıram.
Həmin Fazil Qəzənfəroğludur ki, Elçibəy dünyasını dəyişəndən sonra Atatürkü pislədi. Kiməsə xoş gəlmək üçün bunları etdi. Sonra isə Elçibəyi pislədi. Elçibəyin yadigarı olan təşkilatı parçalayıb 5-6 yerə böldülər. Əvəzində deputat oldular. Elçibəyi beləmi sevirlər? Fazil kimi adamlara yazığım gəlir. Fazili narahat edən müsahibəmdəki bütün fikirlərin üzərində dayanıram. Çünki hamısı faktlardır".
Mövzunu tərəflərin deyəcəkləri yeni iddia və fikirləri olsa, davam etdirə bilərik.

E.AĞABƏYLİ                 musacat.com

Комментариев нет:

Отправить комментарий