07.12.2013

Satışdakı “Qax 3”, “Yessentuki”, “Borjomi”, “Narzan” brendli sular saxtadır

Bakı mağazalarında hətta məşhur brendlərin saxta variantını tapmaq mümkündür. Hamımızın bəlkə də gündə bulaq suyu deyərək bəh-bəhlə içdiyi bu sular heç də bulaq başından doldurulmur. Ekspertlər və tibb işçiləri isə həyəcan təbili çalır. Amma hələ ki, onların SOS siqnalı cavabsız qalıb. 
Yazımıza başlamazdan öncə onu deyək ki,  qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 ay, diabetiklər üçün içkilər və süni mineral sular 15 gün, bütün növ düşes limonadları 20 gün, təbii mineral sular 4 ay-1 il, meyvə-giləmeyvə şirələri 1 il, qazlı içki konsentratları 2 il, meyvə nektarları ən çoxu 9 ay, feyxoa nektarı ən çox 6 ay saxlanıla bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə su bazarında böyük problemlərin yaşandığını deyir: 
“Ölkədə olan hər brend suyun saxta variantı var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krandan götürülüb. Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır. ”Borjomi” suyu ölkədə süfrə suyu, hamının içə biləcəyi su kimi təqdim olunur. Amma bu, müalicəvi sudur. Bunu hamı içə bilməz. Bu su müəyyən xəstələrə zərərlidir. Sual olunur ki, tərkibi yalnız H2O-dan ibarət olan bir məhsulun litri 0,4 qəpikdən 8 manat arasındadır. Üzümü dövlət orqanlarına tutub deyirəm niyə həmin sular 8 manatadır. Axı bunun tərkibi də H2O-dur. İysiz, dadsız, qoxusuz bir şeydir. Nə var onun içində? Heç də təbii bulaq suyu təmiz su deyil. Bu tamamilə səhv düşüncədir. Bulaq suyu elə bir suxurlardan süzülüb gələ bilər ki, özü ilə qorxulu maddələr gətirə bilər. Ağıllı insan harda necə gəldi ağzını dirəyib bulaq suyu içməməlidir”. 
Birlik sədri onu da bildirdi ki, tərkibində minerallaşma milliqramdan artıq olan suların hamısı müalicəvi sulardır. Onun sözlərinə görə, bazara nəzər salanda görürük ki, bir bulaqdan gün ərzində satışda olan qədər su çıxmır. 
““Slavyanka”, “Damla” və s. sular o qədər yayılıb ki, heç bulaq bir gün ərzində bu qədər su istehsal etmək imkanı yoxdur. Bu yaxınlarda “Slavyanka” suyunu pəncərənin qabağına qoydum. Üç-dörd gündən  sonra yaşıl rəngə çaldı. Bu o deməkdi ki, su filtirləşmədən keçməyib. Halbu ki, sular bulaqdan dolduranda və yaxud Bakıdan krantdan dolduranda təbiətin bu möcüzəsi eyni cür görünür. İstehlakçı bunu ayırd edə bilmir. Qısaca Azərbaycanda satılan hər bir brend suyun saxta variantı var. Bunu ayırmaq çox çətindir. İstehlakçılar yalnız suyu çaynikə töküb qaynada bilərlər. Əgər çaynikin dibində ərp, çöküntü yaranırsa, deməli filtirləşmədən keçməyib. Bulaq suyu da satışa çıxarılmamışdan öncə filtirləşmədən keçirilməlidir. Onda olan zərərli, qorxulu duzlar və maddələr butulkalara doldurulmamalıdır”. 
Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov deyir ki, satışda həm keyfiyyətsiz, həmçinin də saxta sular satılır: “Bəzi suların üzərində bulaq suyu, yaxud mineral su olduğu qeyd olunur. Amma araşdırılsa, bu suların çoxunun adi krant suyu olduğu üzə çıxacaq. Məlum olacaq ki, hətta mineral adı ilə əhaliyə satılan suların çoxunun tərkibinə mineral suyun dadının verilməsi üçün xörək duzu, çay sodası və qaz vurulub. Məsələn, bu gün satışdakı “Qax 3”, “Yessentuki”, “Borjomi”, “Narzan”, “Evian” sularının çoxu saxtalaşdırılıb. Saxta sular əsasən şadlıq evlərində, restoran və kafelərdə satılır. Xarici ölkələrin su brendləri gizli sexlərdə istehsal edilir”. 
Tibb professoru Adil Qeybullanın fikrincə, suyun tərkibində nə qədər çirkləndiricilər varsa o qədər içməyə yararsız sayılır:  “1 kubmetr suda 1-2 bağırsaq çöpünün olması normaldır, daha çox olarsa bu, artıq təhlükəli haldır. Xlorlaşdırılmamış və tərkibi təmizlənməmiş sulardan içmək üçün istifadə etmək olmaz. A. Qeybulla bildirdi ki, mağazalarda içməyə yararlı adı altında satılan suların bir çoxu saxtadır. Professorun sözlərinə görə, mineral və müalicəvi adı ilə satılan suların həmin mənbəyə heç bir aidiyyatı yoxdur. Məsələn, “Borjomi”, “Sirab”, “Badamlı” və başqa sular saxtadır: “Şüşələrdəki suların adını daşıdığı mənbə ilə heç bir əlaqəsi yoxdur. Bu cür saxta suların satışı Azərbaycanda geniş yayılıb. Qida təhlükəsizliyi baxımından bu məsələ ciddi şəkildə araşdırılmalıdır”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, suyun saxtalığını iddia edənlər həmin suların saxtalığı ilə bağlı ortaya fakt qoymalıdır. “Həmin sular minerallara görə müəyyən olunur. Təbiətdə yağış, qar olduqda dəyişikliklə ola bilər. Amma bu dəyişikliklər kəskin formada deyil. Həmin suların tərkibindəki maddələr minerallıq səviyyəsinə görə ölçülür. Bu sulara mineral adı müvafiq dövlət orqanlarının rəyindən sonra verilir”. 
Mərkəzin şöbə müdiri onu da bildirdi ki, bir bulağın bu qədər su istehsal etməsi bulağın sululuq miqdarından asılıdır. “Elə bulaq var ki, gün ərzində ordan 50-100 ton su çıxır. Elə bulaq da var ki, heç 5 ton da su çıxmır. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Bütün bunları görmədən heç nə demək olmaz. Bu ittihamların hamısı arqumentdir”.

Gültəkin ƏLləsgər              modern.az

Комментариев нет:

Отправить комментарий