Tarixçi, arxeoloq
Talışlar yığcam şəkildə Azərbaycan Respublikasının cənub-şərq hissəsində və İranın Gilan vilayətində yaşayırlar. Talışlar özlərini “tolış” adlandırırlar. Azərbaycan türkləri onlara “Talış” deyir. Rus ədəbiyyatında isə onlar “talışlar”, bəzən də “talışlılar” adlandırılmışdır (Bax: Б. В. Миллер. Талышский язык. Москва – 1953, s. 9). XIX əsrin 80-cı illərində Lənkəran qəzasında olmuş rus tədqiqatçısı D. A. Kistenyev talışları etnik xüsusiyyətlərinə görə, talışlara, zuvandlılara, oratlılara, pornaimlərə və alarlara bölmüşdür (Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 29; Talışlar – Vikipediya). Sonralar aparılmış tədqiqatlar nəticəsində məlum oldu ki, ana dili Azərbaycan türkcəsi olan alarlar mənşəcə talış deyil, türkdür (Bax: Tofiq Əzizov. Alarların mənşəyi haqqında, avrasiya.info).
Talış sözünə toponim kimi məhz bu formada rast gəlinən ən qədim yazılı mənbə Həmdulla Qəzvininin (1280 – 1349) “Nüzhətül-qülub” əsəridir. Həmin əsərdəki bu məlumat belədir: “Sultaniyyə-Ərdəbil yolu... Xalxala kimi 6 fərsəxdir, sonra Talış kəndinə kimi 6 fərsəx və daha sonra Ərdəbil şəhərinə 6 fərsəxdir (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı – 1989, s. 171).
1. “Talış” sözü talış dilindəki “tülüş” sözündən yaranıb, “palçıqlı yerdə, bataqlıqda yaşayanlar” deməkdir.
2. “Tol” sözündən yaranıb, “düzənlikdə, hamar yerdə yaşayanlar” deməkdir.
3. Yunan dilindəki “dəniz” mənası verən “thalaşa” sözündən yaranmışdır.
4. “Talış” sözü kadusi tayfa adının dəyişikliyə məruz qalmış formasıdır. Kadusi Talış dilində ,,ev dostu” deməkdir (Bax: Kadusilər – Vikipediya).
5. Ərəb dilindəki “talis” sözündən yaranıb, “saf, təmiz əxlaqlı, səmimi adamlar” deməkdir.
6. Qədim fars dilindəki “tayalis” sözündən yaranıb, “başlıqla gəzənlər” deməkdir.
Talış sözünün Kadus tayfa adının yunan və ərəb dillərində dəyişikliyə uğramış forması olması yozumu İran alimi Əhməd Kəsrəviyə məxsusdur. O yazırdı: “Nəzərimizcə, kaduş adında k - t və d - l fonetik əvəzlənmələri baş verdiyindən həmin ad taluş, daha sonra talış formasına düşmüşdür” (Bax: Əli Əbdoli. Kadusların tarixi. Tehran – 2002, s. 13). Əslində Kadusi tayfasının adı iddia edildiyi kimi Kadus (Kaduş) yox, Kadussi olmuşdur (Bax: А. С. Сумбатзаде. Азербайджанцы - этногенез и формирование народа. Баку – 1990, с. 36) və bu söz Kassi dilinə məxsusdur. Kaduş – kateş tayfanın ləqəbidir və Ə. Əbdolinin göstərdiyi kimi talış sözü ilə bağlılığı yoxdur (Bax: Yenə orada. s. 13, 23 – 24).
Talış sözünün ən yeni yozumları. Boradigahlı Səidəli Kazımbəyoğlu 1869-cu ildə yazdığı “Cavahirnameyi-Lənkəran” adlı əsərində həmin vaxt mövcud olmuş bütün yozumları toplayaraq onları üç qrupa bölmüş və hər birinə münasibətini bildirmişdir. Onun fikrincə, Talış sözünün tülüş sözündən yaranması ehtimalını bəyənmək alimə layiq iş deyil (Bax: Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı – 1993, s. 8).
S. Kazımbəyoğlunun bəyəndiyi və daha çox üstünlük verdiyi I yozuma görə, talış sözü qədim fars dilindəki ,,tayalis” sözündən əmələ gəlmişdir. Ərəblər talışlara ,,teyləsan sahibləri” demişlər. Teyləsan tayalis sözünün ərəbləşmiş formasıdır. İlin 9 ayı Talışa tez-tez yağışlar yağdığından və talışlar da yağışdan qorunmaq üçün başlıqdan çox istifadə etdiklərindən ərəblər onlara belə ad vermişlər. Tədqiqatçı K. A. Əhmədov bu yozumla razılaşmır və göstərir ki, teyləsan suyu özünə hopduran (çəkən) material olduğundan onunla yağışdan qorunmaq olmaz (Bax: Kərbəlayi Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. Bakı – 2011, s. 330, 332).
Məncə, bu məsələdə K. A. Əhmədov tamamilə haqlıdır. Təsadüfi deyildir ki, hətta bu gün də bölgənin türkdilli sakinləri əl-üz dəsmalına təlis deyirlər. Deməli, “tayalis” və “teyləsan” eyni mənalı sözlər olmamışdır. Maraqlı burasındadır ki, Azərbaycan türkcəsində və Talış dilində də taya sözü vardır. Bölgə sakinləri indi də mal-qaradan ötrü qışa tədarük etdikləri quru otu açıq havada yağış islatmasın deyə talışların milli papağı formasında yığır – taya qoyur və bu taya formasına “Şiş taya” deyirlər. Deməli, bu yozumda talış sözünün mənası əslində “başlıqla gəzənlər” yox, “tayapapaqlar”, “şişpapaqlar”dır. Razılaşmayanlara deyirəm: mənə ən azından Avrasiyada talışların milli papağı formasında milli papağı olan ikinci xalq göstərin. Yoxdur. Yəni, bu adla talışları başqalarından asanlıqla fərqləndirmək mümkündür.
S. Kazımbəyoğlunun bəyəndiyi sonuncu yozuma görə, talışlara bu ad xarakterlərinə görə verilmişdir və əsasında ərəb dilindəki “talıs” sözü dayanır. Lakin Cənub bölgəsindən olan alim və tədqiqatçıların əsas hissəsi bu yozumla razılaşmır. K. A. Əhmədov yazır: “Bizə elə gəlir ki, “talış” sözünün əvvəlki variantı “tülij”, yəni ,,tül” (palçıq) olan yerin sakini demək olub, professor Məsud Məmmədovun dediyi kimi (“hansı ki relyefə bağlıdır”), yaşadıqları məkana görə sakinlərə verilən addır” (Yenə orada. s. 335). Onların fikrıncə həmin məkan Lənkəran ovalığıdır. Lakin aşağıdakı faktlar sübut edir ki, həmin yer Lənkəran ovalığı yox, İran ərazisindəki Talakandır. Gəlin həmin faktlara birlikdə nəzər salaq.
1. Roma tarixçisi Pomponi Mela eramızın I əsrinin 40- cı illərində yazdığı “Yerin təsviri” adlı əsərində göstərirdi ki, Kaspi dənizində münbit torpağı olan Talqa adlı bir ada vardır. Bu adada becərilmədən torpaqda və ağaclarda çoxlu məhsullar yetişir. Qonşuluqda yaşayan xalqların inamına görə, onlar allahlar üçündür və allahlar üçün də saxlanılmalıdır. Onlara toxunmaq allahsızlıq, bağışlanılmaz günahdır və küfrdür (III, 6, 58).
Məlum olduğu kimi Talqa Pirallahı adasıdır . Yəni, təxminən 2000 il bundan əvvəl də Abşeron yarımadasında yaşamış insanların dilində tal sözü “müqəddəs” mənası daşımışdır. Talqa adasının adının mənasına gəldikdə isə, göründüyü kimi həmin vaxt qonşuluqda yaşayan xalqlar da onu “Allahın piri olan yer” kimi mənalandırmışlar. Deməli, bu sözü ərəb dilində axtarmağa dəyməz.
2. Ərəb tarixçisi Əl-Kufi (926- cı ildə ölmüşdür) “Kitab Əl-Futuh” adlı əsərində yazır: “Əl-Cərrah burada düşərgə saldı, buradan Muğan, Gilan və Talakan üzərinə dəstələr göndərirdi. Dəstələr yürüşə çıxıb döyüşür və Ərdəbilə qayıdırdılar” (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı - 1989, səh. 64).
Göründüyü kimi, Əl-Kufi həmin yerləri Xəzər dənizi sahili boyunca şimaldan cənuba doğru sadalayır. Yəni, Talakan müasir Talış deyil, Gilandan cənubda, Qızılüzən (Sefidrud) çayının sağ tərəfində yerləşən böyük bir ərazi olmuşdur (Bax: С. Ю. Касумова. Азербайджан в III – VII вв. Баку – 1993, s. 41). M. Mirzəyev talış sözündən bəhs edərkən yazır ki, “Talış dilində yer, məkan bildirən “-uj, - üj, - ıj, - oj” şəkilçilərinə Azərbaycan türkcəsində “- lı” şəkilçisi uyğundur” (Yenə orada. s. 10). Bu mənada Talış Talakandan olan, tallı deməkdir. Antik dövrdə (e. ə. IV - eramızın III əsrləri) buranın əsaş sakinləri amardlar idi. Buna görə də, Qızılüzən çayı həmin vaxt Amard çayı adlandırılırdı.
Talakan da Talqa kimi, “Allahın piri olan yer” deməkdir. Talakandakı “Allahın piri” isə şahların və döyüşçülərin himayəçisi olan Azərgəşəsp odunun qorunub saxlandığı Qazaka şəhərindəki məşhur Azərgəşəsp məbəd idi. Atropatena dövlətinin paytaxtı olmuş Qazaka şəhəri İranın hazırkı Zəncan və Marağa şəhərləri arasında Miandobdan şərq tərəfdə olmuşdur (Bax: Abdulla Fazili. Atropatena. Bakı – 1992, s. 83 – 84).
Nəticə. Beləliklə, talış sözü həm “tayapapaq”, “şişpapaq”, həm “müqəddəs yerli – tallı”, “pirallahlı”, həm də, “pirallahlı tayapapaq” mənasında işlədilmişdir. Talış adının əsil sahibləri isə Amard tayfasıdır. Talışların içərisində Amard tayfasının hazırkı nəsilləri əsasən düzənlikdə yaşayan, xarici görünüşcə qarayanız və başının arxası ən yastı olanlardır.
Комментариев нет:
Отправить комментарий