02.04.2015

Akif ABBASOV - EMİLİN YAS YERİNDƏ

“Acı xatirələr” romanından

 Kənd əhli Emilin yas məclisinə  gəlmişdi. Emilin iki uşağı qalmışdı. İkisi də qız idi. Moskvada arada o nəsə alır: “Evində qız uşağı varsa, tədbirini vaxtında görməlisən ki,  sonradan gücə düşməyəsən!”   Bu, mənim qənaətimdir! Kimin  qızı varsa, dediyimə əməl eləsin. Soruşsalar bunu haradan öyrənmisiniz, kim deyib? Onda cavab verərsiniz -  özümüz bilirdik bunu”.
Emilin qızlarının biri yeddi, o biri doqquz yaşında idi. Atalarının ölümü onlara çatmırdı. Daha doğrusu, onun ölümünə heç cür inanmırdılar. Sağ-salamat Moskvaya yola salmışdılar, sağ salamat da qayıtmasını gözləyirdilər. Həm də Emil verdiyi sözə əməl eləyən idi. Söz vermişdi ki, tezliklə qayıdacaq! Qızlar nə vaxtdandır onun yolunu gözləyirdilər. Çoxdan idi atalarını görmürdülər.   Telefonda səsini eşidir, internetlə göndərdiyi şəkillərinə baxırdılar. Qızlar da ona öz şəkillərini, evdəkilərin şəkillərini göndərirdilər. 
Zəhra göz yaşlarını saxlaya bilmirdi.  Gələnlər başsağlığı verəndə özündən asılı olmayaraq, ağlayırdı. İki qız  onun ümidində qalmışdı.  O, Emilə bağlıydı, onu sevir, onu həyatının mənası, xoşbəxtliyinin təminatçısı kimi görür, hörmətini, ləyaqətini, şərəfini gözləyirdi. Əslində onun Rusiyətə qazanc dalınca getməsinin tərəfdarı deyildi. Deyirdi: “Ora getməyənlər, dolanmırlar. Burada bir iş-güc tap. Az olar – aza, çox olar – çoxa qənaət olarıq. Sənin iki ayağını bir başmağa dirəyən yoxdur ha! Qərib yerdir. Gözdən, könüldən uzaqdır!  Qayıt gəl, ailəni üstündə ol.” 
 Emil cavabında demişdi: “Amma sən düz deyirsən, Zəhracan, bir manat qazan, evində qazan, Vətənində qazan! Bax, söz verirəm, bu, axırıncı səfərimdir. Beş-on dollar qazanıb, geri dönəcək, burada bir iş quracağam ki, dolanışıq sarıdan korluğumuz olmasın”.
Zəhra dərin kədərlə düşündü: “Doğrudan da axırıncı gedişi oldu. Tabutu gəldi. Verdiyi sözə əməl elədi. Daha bundan sora heç zaman Moskvaya ayaq basmayacaq!”
Fikirləşdikcə Zəhranın başından ağrı qopurdu. Yazıq Emil! Bu fani dünyada nə gördün ki?!  Uşaqlarını yerbəyer eləyə bilmədin! O qədər arzuların vardı ki...”
Zəhra köksünü ötürdü. Öz taleyini düşündü:  heç otuz yaşına çatmayıb. Dul qaldı. İndiki zamanda ərsiz qalmaq, ailə dolandırmaq nə qədər müşküldür! Qayınata, qayınana, ata, ana da özü üçün yaxşıdır! Nə qədər əl tutsunlar?! Həm də bu gün varlar, sabah yox!
Çerkizov bazarında baş verən hadisə dərhal kəndə yayılmışdı. Kənd cavanlarından bir neçə nəfər orada alış-veriş edirdi.  Fərman kişi, Tutu  arvad, o yandan Gülpəri arvad, İdris kişi, Nailə bir yerə cəm oldular. Tezliklə  səhih məlumat alındı: o birilərinə xətər toxunmayıb, yalnız malları dağıdılıb. Emil həlak olub, Rasim xəstəxanadadır. 
Fərmanla Tutu, Emilin qohum-əqrəbası vaxt itirmədən  Moskvaya yola düşdülər.
Nailə özünə yer tapa bilmirdi. Emil ölübsə, yəqin Rasim də yarımcandır. Bəlkə də bu gün, sabahlıqdır.
Nailə belə düşündüyünə, Rasimin bu gün, sabahlıq olmasını xəyalına gətirdiyinə görə xəcalət çəkdi. Başına iş qəhət idi onun ki, özüm barədə düşünürdü? Yox, onun Rasimi sağalıb ayağa qalxacaq! “Ona bir şey olsa, başına haranın külünü tökəcək? Ən azı bir il Rasimin yasını saxlamalıdır. Bəs sonra?” Birdən Nailənin yadına onun dünən gecə gördüyü yuxu düşdü: Şahin baş sağlığı verəndən sonra bir il ərzində Nailəyə bir kəlmə belə söz deməmişdi.  İndi – bir ildən sonra durub tibb məntəqəsinə gəlmişdi. İşçilərə məhəl qoymadan  Nailənin qarşısında dayanıb ona ürəyini açırdı:
-Sənə Qəmərlə xəbər göndərmişdim. Səs-soraq çıxmadı. Sonra özüm him-cim elədim. Yenə məhəl qoymadın. O zaman nişanlı olduğundan çəkilib bir tərəfdə durdum, səsimi çıxarmadım. İndi bizdən asılı olmayan səbəbdən vəziyyət dəyişib. Əlbəttə, nə mən, nə də sən bunu arzu etməzdik. Taleyin hökmüdür! Əlimizdən nə gəlir?  İndi sən subaysan. Əlinə-ayağına dolaşan yoxdur. Gəlmişəm sənin razılığını alım. Nə qədər qəmli, kədərli, dərdli olsan da, axır bunlar keçib gedəcək. Özünü, gələcəyini fikirləşməlisən!  Ailə qurmalısan. Ömür keçir. İnsan bir daha cavan olmur! Gəlmişəm razılığını alım.  Cavab ver: mənə ərə getməyə razısan?
Nailə ətrafına  baxdı.  Tofiq həkim, Etibar həkim, tibb bacıları dayanıb ona baxır, onun cavabını gözləyirdilər. Qəmər də burada idi.  Yəqin Şahinlə gəlmişdi. Gülümsəyərək Nailəyə yaxınlaşdı:
 -Bacı, sənə demişəm, bir də deyirəm, Şahin yaxşı, canlara dəyən oğlandır. Çıraqla axtarsan da, beləsini tapmazsan.  Onun könlünü sındırma, razı ol.
Tofiq həkim, tibb məntəqəsinin işçiləri də bir ağızdan:
-Razılıq ver! Xoşbəxtliyin öz ayağı ilə gəlib! – dedilər.
 Nailə başını aşağı salıb asta səslə:
-Şahinə ərə getməyə razıyam. Onun təklifini qəbul edirəm! – dedi.
Gurultulu alqışlar qopdu. Tofiq həkimin, Etibar həkimin, Qəmərin səsi gəldi:
-Xoşbəxt olun!
Bircə Şahindən səs çıxmadı. Təəccüblənən Nailə başını qaldırıb ətrafa baxanda Şahini görmədi. “Bu nədir? Peşman olub nədir?”
Şahindən başqa hamı burada idi. Nailə Qəmərə baxdı. Qəmər çiyinlərini çəkdi. Nailəni ağlamaq tutdu. Hıçqırığının səsinə yuxudan ayıldı. Gözlərini açanda gördüklərinin yuxu olduğunu başa düşdü.  
Qızının ağlamaq səsini eşidən Gülpəri tez özünü yetirdi. Nailənin Rasimə görə ağladığını güman edib:
-Qızım, özünü üzmə! Özünə toxtaqlıq ver! Rasimin üzü bəridir. İnşallah sağalıb gələr!
-Eh, ana.
İndi Emilin yas mərasimində olan Nailə bunları xatırlayıb fikir-xəyal içərisində vurnuxurdu. Fərman kişi ilə Tutu xala Moskvadan qayıtmışdılar. Rasim neçə gün özündə-sözündə olmasa da, deydilənə görə,  artıq palatada idi. Müalicəsi ilə məşğul idilər.  Təhlükə sovuşmuşdu.  Nailə sakitləşmişdi. Gündə bir neçə dəfə Rasimlə telefon əlaqəsi saxlayır, vəziyyəti ilə maraqlanır, hal-əhval tuturdu. Rasimin dediyinə görə, sağalan kimi kəndə gələcək. Bu, Nailəni  sevindirirdi.  Lakin bununla belə, Nailə narahat idi. Müjkanla Səhər də Emilin yas mərasiminə gəlmişdilər. Nailə Müjkanı yaxından görmüş, onunla görüşmüş, qonaqpərvərlik göstərmiş, eyni zamanda onun gözəlliyinə heyran qalmış, eyni zamanda onda qısqanclıq hissi yaranmışdı. İndi özünə yer tapmırdı. 
Müjkangil bir neçə saat oturub, başsağlığı vermiş və yola düzəlmişdilər. Onlar getsələr də, Nailənin qayğıları azalmamışdı. O, bir kənara çəkilib mobil telefonunu çıxardı:
-Rasim, ömrüm, necəsən?
Nailənin səsini eşidən Rasim  çox sevindi. Qərib yer idi. Gəlib-gedən, doğmalar az idi.
-Yaxşıyam, gözəlim. Sən necəsən?
-Pis deyiləm. Sən sarıdan hamımızın nigarançılığı var. Özünə bax ha!
-Sağalıram, gözəlim!
Rasim qızla mehriban danışır, onun qəlbini sındırmamağa çalışırdı.  Nailədən olsaydı, təyyarəyə oturub Moskvaya uçardı. Amma onu nə getməyə qoyurdular, nə də Rasimin yanına aparırdılar. Nailə hətta anasına:
-Siz aparmasanız,  Fərman dayıya deyəcəyəm ki, məni Rasimin yanına aparsın.
Bunu eşidən İdris kişi Gülpəriyə demişdi:
-İstəyirsən qızın saçlarını əlimə dolayım? Niləyə başa sal, ağır oturub, batman gəlsin! Nə olsun nişanlıdır! Hələ ki, ərdə deyil. Bizi   el içində rüsvay edər.  
İndi Rasimlə danışan Nailə:
-Səni görmək istəyirəm, amma gətirən yoxdur. İndi mən sənin yanında olmalıyam. Az qalıram onların gözünü oğurlayıb qaçıb gəlim.
Rasim əl-ayağa düşdü:
-Yox, yox, lazım deyil!
-Niyə lazım deyil? Məni görmək istəmirsən?
-Görmək istəyirəm. Amma sənin burada nə işin var? Bura deyil, ora deyil...
-Həəə? Yas yerindəyəm. O da gəlmişdi.
-O kimdir?
-Bilmirsən?
-Yox.
-Yaxşı fikirləş.
-Ağlıma bir şey gəlmir.
-Amma mənim  ağlıma çox şey gəlir.
-Məsələn, nə?
-Sevgilin burada idi.
-Hansı sevgilim? Mənim sevgilim sənsən!
-Yox, o birini deyirəm.
-Hansını?
-Müjkan xanımı!
Müjkanın adını eşidən kimi özündən asılı olmayaraq, Rasimdə bir canlanma yarandı. Həyəcanlandı. Marağı artdı. Nailə əlüstü onun marağını başa düşdü:
-Yetimçəsi ilə gəlmişdi.
-Elə demə, gözəlim! Bəxtsiz uşaqdır.
-Anası da bəxtsizdir? Bəxtsiz niyə olur? Sənin kimi yarı var?
-Elə danışma. Çox oturdular? 
-Haradasa iki saat. Müjkan xanım çox otura bilmədi.Tələsirdi.
-Tələsirdi? Hara?
-Hara olacaq? Sənin yanına. Sənsiz qala bilmir axı. 
-Nailəcan, onun xətrinə dəymədin ki? Necə olsa qonaqdır. Bizim kəndə birinci dəfə gəlir?
-Yox, yəni bir elə mədəniyyətsiz, mərifətsiz, nəzakətsizik ki, sayıb yas yerinə gələn adama pis üz göstərək?
-Ay sağ ol!
-Ona görə yaman narahatsan ha! Bəxtəvər başına! Nə olardı, bir bizim qayğımıza qalan da olaydı!   
-Nailə, gözəlim, bir məni də fikirləş. Mən nə hayda, sən nə hayda? Heç qızqanclığın, tənənin yeridir? Bütün bədənim, başım sarğıdadır!
Nailə qeyri-ixtiyari:
-Can! – dedi.  Sonra Müjkanı yadına salıb yenə başladı. –Yəqin Müjkan bütün günü yanını kəsdirib oturur. Sənə şirə, bulyon, dərman verir. Ona görə mənim gəlməyimi istəmirsən?
-Gözəlim, sən nə insafsızsan! Xəstə ilə belə danışar, belə davranarlar? İndi  gəl sağal, görüm necə sağalırsan!
-Səndən öyrəndim insafsızlığı. Məni burada gözü yaşlı qoymusan!
-Gözəlim, düzünü de, Emil kimi kəndə mənim də tabutum gəlsəydi, onda da qısqanardın?
Nailə duruxdu, özünə gəldi: “Acı dillə Rasimdən mərhəmət, məhəbbət istəyir diqqət umuram! Qəribə adamam! Bəlkə onların arasında heç nə yoxdur?!”
Rasim dilləndi:
-Müjkanla biz dostuq. Müjkan Emilin də dostu idi. Allaha and olsun ki, aramızda heç nə yoxdur! Sən o qızı yaxşı tanımırsan! Tanısaydın,  onun barəsində belə acı-acı, nifrətlə danışmaz, əksinə onunla rəfiqə olardın!
Nailə insafa gəldi:
-Rasim, məni bağışla, qurbanın olum! Ayrılığına dözə bilmirəm, hamısı ondandır. Məni başa düş.
Onların söhbəti axırda xoş sonluqla başa çatdı.

Комментариев нет:

Отправить комментарий