30.05.2016

MTN-in xüsusi təyinatlıları Hafkanın dalınca gəlib - Cahangir Hacıyevin yeni fırıldaqları

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev barədə çox yazılıb, çox danışılıb. İş adamı Hafiz Məmmədovla bağlı əhvalat üzərində isə xüsusi olaraq dayanmaq lazımdır.
C.Hacıyev və qudası- keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən bir sıra hərəkətlər nəticəsində Hafkanın əlindən bütün çoxprofilli biznesi alınıb, faktiki olaraq bütün şirkətləri və çoxsaylı partnyorları məhv edilib. Misal üçün, “Bahar” yatağını işlətmək məqsədilə Hafkanın yaratdığı “Bahar Energy” neft şirkətinin başına belə oyun gətirilib.
“Bahar” neft yatağı 1969-cu ildə kəşf olunub. Elə həmin vaxt Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə yataq ittifaq əhəmiyyətli status qazanıb. Lakin 80-ci illərin sonlarında- 90-cı illərin əvvəlində bu layihə dayandırıldı.
2009-cu ilin sonlarında SOCAR və BƏƏ-də qeydiyyatdan keçmiş “Bahar Energy limited” şirkəti yanaşı yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının kəşfiyyatı, bərpası, işlənməsi və pay bölgüsü barədə müqavilə imzaladılar.
Müqavilə blokunda qalıq qaz ehtiyatları 25 milyard kub metr təşkil edirdi. “Bahar Energy”nin layihədəki payı 80%, SOCAR-ın payı isə 20% idi. Müqavilə 25 il müddətinə, sonradan daha 5 il uzadılmaq imkanı ilə bağlanmışdı. İlkin investisiya proqramı 1 milyard dollar həcmində qiymətləndirilirdi. Bütün kapital qoyuluşunu “Bahar Energy limited” həyata keçirməli idi.
Əməliyyat şirkəti işə başladı. Hafka işə yüzlərlə milyon dollar vəsait yatırdı. Layihəyə qoyulmuş investisiyanın həcmi 600 milyon dolları ötürdü ki, bunun yarısı “Baghlan Group”un adından, yarısı isə SOCAR-ın adından qoyulmuşdu. Şərtlər belə idi. Bütün bu pulları Hafiz Məmmədov yatırmışdı. Maliyyənin yalnız üçdə bir hissəsi Amerikanın “Greenfields Petroleum”a aid idi ki, bu şirkət “Bahar Energy ltd.”də səhmlərin 33,3%-nə sahib idi.
Yataqlarda iş başladı, yeni quyular qazıldı, platformalar meydana gəldi. Burada bu gün də gündəlik olaraq 6 milyon kub metr qaz hasil olunur ki, bu da az pul gətirmir.
Lakin şirkətdə başına gətirilmiş təşkilatı və maliyyə fırıldaqları işin ahəngini pozdu.
2014-cü ilin yayında 21 milyon dollar kredit axtaran Hafiz Məmmədov Cahangir Hacıyevin toruna düşür. Bank rəhbəri kredit ayırmağa razılaşır, amma bir şərtlə: yataqda hasil olunan qazın 700 milyon kub metrə yaxın hissəsi Qaradağda tikilib başa çatdırılan AzMeCo metanol zavoduna nəql edilməlidir.
Həmin söhbətdən illər keçdikdən sonra, indi anlamaq olar ki. o zaman bu şərti irəli sürərkən Hacıyev hansı məqsədi güdürdü. O zaman isə bircə o məlum idi ki, zavodun sahibi olan Nizami Piriyev obyekti ABB-dən götürdüyü kredit hesabına tikib və Hacıyev onun işləməsində maraqlıdır ki, kreditləri qayıtsın.
Hafkaya pul təcili lazım idi və o, şərtə razılaşır. Lakin bir müddət sonra Canik tələb edir ki. yataqdan çıxarılan qaz Albaniyadakı neft emalı zavoduna nəql edilsin. Həmin zavod qalmaqalları ilə məşhur olan AMRO şirkətinə məxsus idi ki, o da vaxtilə ABB-dən 75 milyon dollar kredit götürərək, sonradan bu pulu qaytarmamışdı. Bu tələbi eşidən Hafka belə bir sövdələşmədən dərhal imtina edir.
Lakin Canik öz ideyalarından asanlıqla əl çəkən adam deyildi və Hafkanı ciddi maneə hesab etmirdi. Bunun üçün o, qudası, keçmiş MTN rəhbəri Eldar Mahmudova müraciət edir. Sonuncunun başkəsənləri incə rəftarları ilə seçilmirdilər, onların iş metodları standart və cəmiyyətə tanış idi.
İsti yay günlərindən birində qara maskalı çekistlər iki maşınla Hafkanı ziyarətə gəlirlər. Keçmiş MTN-in işgəncə və zülm mərkəzində nələrin baş verdiyini bilmirik, lakin bir şey dəqiq məlumdur ki, Mahmudov-Çovdarov cütlüyünün “cəngavərlər”i ilə “profilaktiki söhbət”dən sonra Hafka “Bahar Energy” şirkətinə rəhbərlikdən əl çəkir və ümumiyyətlə, Azərbaycandan gedir.
Yəqin ki, onun ölkəni tərk etməkdə bir məqsədi vardı- sağ qalmaq. Lakin bu manevr ona imkan verir ki, şirkətə kənar rəhbər təyin edilməsin. Canik nə qədər çalışsa da, öz adamı olan Emin Sadiqi şirkətə prezident təyin edə bilmir. Əlləri isə sərhəddən o yana çatmır. Beləcə, Emin Sadiq şirkətə onun prezidenti olmadan rəhbərlik etməli olur. Fəqət bu, əlinə belə yağlı tikə keçirmiş Caniki maraqlandırmırdı- əsas məqsədinə çatmışdı.
Qəribədir ki, bu işdə təcrübəli bankir özündən müştəbeh yeniyetmə kimi hərəkət etmişdi. Axı hamıya məlumdur ki, istehsalat vahidinə, ələlxüsus da neft-qaz şirkətinə hər yerindən duran rəhbərlik edə bilməz. O ki ola, öz komfortunu və rahatlığını hər şeydən üstün tutan Sadiq. Və bu səhvin nəticəsi özünü çox gözlətmədi.
Bu işə bir qəpik də yatırmayan adam ətrafına mütəxəssisləri deyil, modelləri və gözəlçələri toplayır, onlara külli miqdarda maaş yazır, hesab vaxtına az qalmış isə ölkədən qaçır. Çox güman ki, mənzilinin və ailəsinin olduğu Londona.
Şirkət isə tamamilə fəaliyyətsiz hala gəlir. Maaşları verilməyən işçilər işdən çıxarılmağa başlayır. Hasilat aşağı düşür. Təəssüf ki, işin qaydasına düşməsinə nə “Bahar Energy”nin amerikalı baş direktoru Riçard Makduqal, nə də partnor-səhmdar “Greenfields Petroleum”un icraçı direktoru Con V.Harkins kömək edə bilmir.
Lakin bütün bunlar Con V.Harkinsə bəyanatla çıxış etməyə mane olmur ki, 2014-cü ilin aprel ayından yataqda iş tempi aşağı düşüb və qazma işlərinin 2016-cı ilə qədər dayandırılmasına qərar verilib. Onun sözlərinə görə, bir sıra islahatlar aparılıb, xərclər və işçilərin sayı azaldılıb. Son bəyanatı isə daha maraqlıdır: “Biz yerli partnyorlarımızdan birini dəyişirik”. Aydın məsələdir ki, söhbət SOCAR-dan deyil, “Baghlan Group”dan gedirdi.
2016-cı ilin mart ayında məlum oldu ki, “Greenfields Petroleum” şirkəti ləğv edilən “Baghlan Group”la onun “Bahar Energy Limited”dəki 66,6%-lik payının alınması ilə bağlı müqavilə bağlayıb. Beləcə, SOCAR-ı nəzərə almasaq, sövdələşmə bitəndən sonra “Greenfileds Petroleum” layihədə yeganə səhmdar kimi qalır.
Üç ay keçməsinə baxmayaraq, hələlik “Bahar Energy”nin tərkibindəki dəyişikliklərdən və Hafkaya ödənilməli olan kompensasiyadan xəbər yoxdur. Yəqin ki, belə tezliklə olmayacaq da, çünki vaxtilə Canikin qurduğu böyük piramidalar dağılmaqdadır. Deyilənə görə. Canik sakitcə “Greenfields Petroleum”u da ələ keçirə bilib. İndi isə özü həbsdə, aldatdığı Hafka isə öz hüquqlarının bərpasına çalışır. Artıq Canikin pullarının və onun qudasının qara maskalılarının qorxusu olmadan.
Düşünmək olar ki, bu dəfə ədalət zəfər çalacaq.

musavat.com

Комментариев нет:

Отправить комментарий