14.02.2018

Niyə məhz Rusiya?

Qəmlo Əsədullah

Mən hər gün xaricdə və ölkədə olan müxalifətçilərin çıxışlarına və intervülərinə baxıram. Müxalifət əsasən amerikayönlü, avropayönlü, türkiyəyönlü qüvvələrdən ibarətdir: demokratik hüquqlar, liberal dəyərlər və s.
Azərbaycanda təşkil olunmuş Rusiyayönlü müxalifət demək olar ki yoxdur, ya da çox zəifdir. İslami müxalifət isə ən qəddar metodlarla dağıdılıb.
Ortada qalan müxalifət isə hər çıxışında bu hakimiyyətin qalmasında Rusiyanı günahlandırır. Onlar deyirlər ki flankəslər Rusiya adamlarıdır, onları Rusiya dəstəkləyir, onlar hakimiyyət üçün Rusiyadan razılıq alıblar, buna görə də ölkəmiz bu vəziyyətdədir.
Əgər belədirsə, onda bəs Rusiyaya müxalif olan ABŞ, Avropa və Türkiyə nəyə görə müxalifətə ciddi dəstək vermir? Niyə bu Rusiya tərəfindən dəstəklənən hakimiyyəti yıxmır? Bacarmır? Ukraynada Yanukoviçi necə yıxdılar? Azərbaycanda edə bilməzlər? Elə edərlər ki... Pul da tökərlər insanları hazırlayalar, hakimiyyətdə də kifayər qədər adamları və agentləri var. Niyə etmirlər?
Müxalifət nümayəndələri əziyyətlə hərə bir yerdən telefonla, yutubla, əl kameraları ilə yaşadığı evlərdən, bir cür bir təhər videolar çəkib camaata söz çatdırmağa çalışırlar. 20-30-50 min adam baxır gedir yatmağa.
Niyə Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər olunmur? Niyə sanksiyalar tətbiq olunmur? Axı bunlar Rusiyanın adamlarıdır. Ukraynada Yanukoviçə də "Rusiya adamı" damğası vurulmuşdu. Halbuki o Rusiya adamı deyildi. Və bir neçə dəfə Rusiya əleyhinə qərarlar da qəbul etmişdi.
Muammar Kaddafini necə yıxdılar? Tunisdə rejimi necə yıxdılar? Azərbaycanda bu mümkün deyildi? Niyə etmirlər?
Çünki heç kəsə Azərbaycanda demokratiya lazım deyil. Heç kəsə bu maraqlı deyil. Azərbaycan üzərinə götürən öhdəlikləri yerinə yetirir və onlar da bununla razıdırlar. Milyardlarla rüşvətini alıb otururlar. Hakimiyyət onlar üçün ölkəni talayır. Onlar da "dolyada" oturublar. Buna görə də heç nə etmirlər. Bir vaxta qədər... Hələ ki pul gəlir.
Azərbaycanda da bu hakimiyyətdə Rusiyanın adamlarıdırsa, onda niyə mətbuat Rusiya əleyhinə təbliğatla doludur? Bir dənə olsun Rusiyanı müdafiə edən mətbuat orqanı var? Yoxdur.
Ordunu götürün. Niyə ordudan Rusiyayönlü hərbiçilər uzaqlaşdırılır? İndi orda daha çox Türkiyəyönlü zabitlərdir.
Azərbaycan Afrindəki müharibədə Türkiyəni dəstəklədi. Bu necə Rusiyanın adamıdırsa- hər nə edirsə Rusiyanın yox, onun düşmənlərinin xeyrinədir?!
Vahhabiləri Azərbaycana buraxmaqla kimə xidmət etdilər? Rusiyaya, yoxsa ABŞ-a və Britaniyaya?! Axı vahhabilik Rusiya üçün böyük təhlükədir.
Böyük Turan arzuları ilə yaşayan hərəkatlar harda məskən salıb? Azərbaycanda. Onlara Rusiyaya qarşı təbliğat aparmağa kim icazə verib? Rusiyanın adamları olan hakimiyyətmi?!
Bu qədər milyardlar Rusiyaya gedir? Milyardların böyük hissəsi Amerikaya, Avropaya gedir. Onlar da susurlar. Müxalifət də elə belə ortada təzyiq üçün saxlanılır.
Dəqiqə başı Rusiyanın ittiham edənlər, niyə Amerikanı, İsraili, Avropanı Şərqdə olan bütün diktaturaları dəstəkləmələrinə görə ittiham etmirlər? Səudiyyədə də Rusiyadır? İordaniyada bəs? Türkiyəni dəstəkləmirsiz? Ok. Onda niyə ABŞ kürdlərə olan dəstəyinə görə ittiham olunmur? Çıxın ittiham edin də. Niyə etmirsiz? Şərqi qan gölünə kim çevirib? İŞİD-i kim yaradıb?
Rusiyanı ittiham edən, gərək Avropanı da, Amerikanı da və ən birinci növbədə İsraili ittiham etsin. İsrail bu hakimiyyətin dəstəklənməsində ən birinci rol oynayır. Niyə İsrail tənqid olunmur? İsrailin başçıları həftə yeddi mən səkkiz Bakıdadırlar.
Rusiyaya gəldikdə isə məsələ aydındır. Rusiya nə etsin? Camaatı küçələrə çıxmağa qoymayan Rusiyadır? Yoxsa ruslar deyir rüşvət al? Ruslar deyir monopoliya qur? Rusiya nə etməlidir? Bu hakimiyəti yıxmalıdırlar ki qərbyönlülər gəlsin və daha da sərt düşmənçilik etsinlər? Azərbaycanda Rusiyayönlü müxalifət yox səviyyəsindədir. Kimi dəstəkləsin? Xaricdə oturub Rusiyanə söyənləri? Bu nə məntiqdir? Rusiya öz dövlət maraqlarını güdür, öz mənfəətini güdür.
Səmimi olmağa bacarmırlarsa heç olmasa sussunlar.
İndi deyəcəklər ki niyə "rusperesDik edirsən, 366 alay belə gəldi, 20 yanvar elə getdi və s." söhbətləri atacaqlar. Burda əsas mövzu Rusiya yox, ikili standartlardır. Rusiyanı ağa çıxarıb mələk elan edən yoxdur. Niyə başqaları tənqid olunmur? Haqdan ədalətdən danışan gərək hər şeydən danışsın. Belə mövqe başa düşüləndir. Ağalarının xoşuna gəlməz axı... Yenə də ikili standartlar!

Комментариев нет:

Отправить комментарий