17.07.2018

“Subtropik əməliyyatı” adı altında quldurluq və soyğunçuluq

Hilal Məmmədov

26 il öncə, 16 iyul 1992-ci il tarixdə, bilavasitə o vaxtkı DİN naziri İ.Həmidovun rəhbərliyilə Talış regionunda “Subtropik əməliyyatı” adı altında açiq-aşkar quldurluq və soyğunçuluq əməliyyatı həyata keçirildi. Az-çox imkanlı insanların mal-dövlətləri əllərindən quldurcasına alınmaqla yanaşı, Astaranın Şahağac kəndində bir ailə və evi yerlə yeksan edildi. DİN-nin özbaşınalığının meydan oxuduğu bir dövrdə, biz, Azərbaycan Talış Xalq Partıyasının (ATXP) Bakıda keçirilən 25 iyul 1992-ci il tarixli təsis qurultayında bu olayı kəskin şəkildə tənqid edərək, yenicə seçilmiş (17 iyul) prezident Ə.Elçibəydən bu hadisəyə siyasi qiymət verilməsini tələb etdik. Əfsus ki, o vaxtlar digər instansiyalara da saysız-hesabsız müraciətlərimiz cavabsiz qaldı. 16 iyul 1993-ci ildə Astarada bu faciənin ildönümünü keçirtməyə də bəzi “yerli danabaşlar” maneələr yaratmağa çalışdı. Əslində İ.Həmidovun bu soyğunçuluğu həmin “danabaşların” - yerli polis və digər strukturların və qərəzli şəxslərin dəstəyi və hətta “işverənliyi” sayəsində baş vermişdi.
Bütün bunlara baxmayaraq, bir çox məqalə və sosial şəbəkələrdəki statuslarda səhvən iddia edildiyi kimi, həmin əməliyyatı Ə.Elçibəylə də bağlamaq olmaz! Belə ki o vaxtlar İ.Həmidov prezident Ə.Elçibəyə də az problemlər yaratmamışdı. Xeyli təəssüflə bunu da qeyd etmək istərdik ki, bu gün yerli-yersiz, həm Ə.Elçibəyi, həm də İ.Həmidovu qınayan və mühakimə edən bəzi boşboğaz şəxslər o vaxtlar nəinki bu faciəyə susmuş, hətta müvəqqəti hakimiyyətləri dövründə o soyğunçuluğa vasitə olmuş yerli nökərləri də yanlarında qulluq sahibləri etmişlər. AXC-dən sonrakı hakimiyyət isə şəxsi qərəz mövqelərindən İ.Həmidov və digər AXC fəallarını həbs etsə də, nəinki bu hadisəyə siyasi qiymət verməmiş, əksinə onlar da bu faciəyə vasitə olmuş “qulluqçuları” daha mötəbər vəzifələrə təyin etmişlər. Odur ki yalnız İ.Həmidov deyil, bu faciənin arxasında duran insanlar da bir gün heç olmazsa Vicdan məhkəmələri qarşısında cavab verməli olacaqlar...
Əziz dostlar! Aşağıda, o vaxtlar xeyli populyar olan “Aydınlıq” qəzetinin Şahağac kəndinə ezam edilmiş, gördükləri və eşitdiklərini ürək ağrısıyla qələmə almış müxbirinin kiçik bir yazısını nəzərinizə çatdırırıq. Lütfən, oxuyun və qismən də olsa o faciənin mahiyyətini dərk etməyə çalışın.

S. MƏLİKOĞLU: "ÖLDÜRƏN KİM, ÖLƏN KİM?"

...16 iyul 1992-ci il gecəsi Şahağacı kəndində övlad təşnəli yalqız bir evi hər tərəfdən dövrələdilər. 150 soyuq lülə birdən tuşlandı bu xanimana. Od vurdular yandırdılar. Bircə külü qalmış cəsədlər, viranə həyətdə isə Dəcl, Kəc, Niç adlı üç it və üç ördək qaldı. 
Dəcl sahibinin qətlinə dözmədi. Fikirdən, xiffətdən bir həftə heç nə yemədi. Səkkizinci gün canını tapşırdı. Kəc ilə Niç isə qonşu əppəyinə möhtac qalsalar da, başlarını əlləri üstə qoyub üç ördəyə keçik çəkir, Gülağanın qayıdacağına hələ də inanırlar...
Məşum gecənin şahidi, çəpər qonşusu Dadaş Məmmədov:
-Gecə yarısı güllə səsinə oyandım. Çayçı Əflatunun qışqırığını eşitdim: “Lənkərandan Gülağanı öldürməyə gəliblər”. 6 RAF maşını dolu əsgər Gülağanın evinə yaxınlaşdı... Əli silahlılara yaxınlaşdım. İki nəfərlə söhbət etdim. Dedilər: “Sumqayıtdanıq, institutda oxuyuruq. Sərhəd adı ilə bizi bura döyüş meydanından - Qarabağdan məcburi gətiriblər. Hələ də bilmirik nə baş verib, nə məsələdir”. Heç kəsi yaxına buraxmadılar. Dörd tərəfdən evi gülləbarana tutdular. Sarı çarpayı örtüyünün altında uşaq adı ilə Gülağanın varidatını yığıb çıxartdılar. Sonra qumbaraatanla vurub evi dağıtdılar, od saldılar. Hətta rayon polisinə belə yaxına gəlməyə icazə vermədilər. Ev tamamilə kül olduqdan sonra səhər saat 8-ə işləyəndə çıxıb getdilər.
Şahağacı 1 nömrəli məktəbin direktoru Ramiz Həsənov:
-60 nəfər yığışıb prezident aparatına getdik. Təkidlərimizə baxmayaraq, prezidentin yanına buraxmadılar. Hüquq işləri üzrə müşavir İxtiyar Şirinov bizi könülsüz qəbul etdi. Cavabı bu oldu ki, bu işlə məşğul olmaq səlahiyyətimdən kənardır. Arayış gətirin, qanunları işə salaq. Sonra rayon icra başçısının Şahağacıdakı nümayəndəsi Şirzad Quliyev, kəndin baş mollası Ramazan Dövlətov və AXC üzvü Xaliddin Hüseynovla Tamerlan bəy Qarayevin yanında olduq. O bizə dedi ki, yüz faiz arxayın olun, insan hüquqları komissiyasının sədri Ramiz Fətəliyevi göndərəcəyik. Xalq deputatı İsmayıl Şıxlı da bizi dinləyəndən sonra Tamerlan bəyin sözlərini təkrarlayaraq əlavə etdi: “Bu, vəhşilikdir. Qorxu, zülm altında adamları saxlamaq, süngü üstə çox oturmaq olmaz”. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, nə T.Qarayevdən, nə İ.Şıxlıdan, nə R.Fətəliyevdən, nə də prezident aparatından səs-soraq yoxdur. Gülağanın qanı batdı...
Gözləri yolda, qulaqları səsdədir Kəclə Niçin. Gülağadan xəbər tutan, nakam ruhu ilə rastlaşan olsa, xəbər versin ki, onlar viranə həyətin xarabalığını, bir də üç ördəyi sədaqətlə qoruyurlar.

(“Aydınlıq” qəzeti, 1993, 20 iyul)

Комментариев нет:

Отправить комментарий