21.04.2019

Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, yalnız 2018-ci ildə xarici ölkə vətəndaşları Rusiyadan öz vətənlərinə 11,898 milyard dollar pul köçürüblər. 
Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, ən çox pul Rusiyadan Özbəkistana “axıb” – 4 milyard 82 milyon dollar. Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Özbəkistan həm də Rusiyada işləyən vətəndaşlarının sayına görə liderliyini qoruyur – RF-də 4,5 milyon Özbəkistan vətəndaşı miqrasiya qeydiyyatından keçib.
Qeyri-rəsmi məlumatlara əsasən, əhalisinin ümumi sayı 33 milyon nəfər olan Özbəkistanın əmək qabiliyyətli əhalisinin 20%-i daimi olaraq ölkədən kənarda işləyir. Bunların 85%-i iş yeri kimi Rusiyanı seçib.
İkinci yeri Tacikistan vətəndaşları tutur. Onlar Rusiyadan vətənlərinə 2,553 milyard dollar yollayıblar. Üçüncü yerdə isə Qırğızıstan vətəndaşlarıdır – 2,4 milyard dollar.
Siyahıda sonrakı yeri Ermənistana 1,117 milyard dollar göndərmiş erməni miqrantlar tutur. Azərbaycan Rusiyaya yolladığı vətəndaşlarından 1 milyard dollardan azca çox vəsait qəbul edib. Qazaxıstan 797 milyon dollarla yeddinci yerdədir.
Rusiya ilə mürəkkəb qarşılıqlı əlaqələrinə baxmayaraq, Ukrayna vətəndaşları ötən il bu ölkədən vətənlərinə 948 milyon dollar yollaya biliblər.
“Western Union” və Rusiyanın Milli maliyyə araşdırmaları mərkəzi bu ölkədə yaşayan orta statistik miqrantın portretini hazırlayıb. Hesablamalara görə, MDB dövlətlərindən olan miqrantlar qazanclarının təxminən 49%-ni vətənlərinə göndərirlər. Pul köçürmələrini edənlər arasında 24-40 yaşlı kişilər böyük üstünlüyə malikdirlər.
Orta statistik miqrantın orta ixtisas təhsili var, ailəlidir. O, Rusiyada tikinti, yaxud ticarət sahəsində, bəzi hallarda kommunal təsərrüfatda işləyir. Bir çoxlarının bank kartları olsa da, maaşı nağd şəkildə alırlar.
Sosial şəbəkələrin Rusiya seqmentində uzun müddətdir ki, ölkəyə miqrantların lazım olub-olmaması barədə mübahisələr səngimir.
“Finansovaya qazeta”nın eksperti, hüquq elmləri namizədi Vladimir Neçitaylo əmindir ki, lazımdır: “Hazırda biz çətin ki, bu adamlar olmadan keçinə bilək. Ətrafa nəzər yetirin –gənclərimiz fiziki əməkdənsə zehni əməyə, yaxud xidmət sahəsində çalışmağa üstünlük verir. Rusiya cəmiyyətində fəhlə təbəqəsi tamamilə yox səviyyəsindədir. Bunun nəyi pisdir ki, miqrant Rusiyaya gəlsin və bu boşluğu doldursun?”
Bununla birlikdə, Neçitaylonun fikrincə, miqrantlar ucuz əməyə razılaşmasaydılar və işverənlərdən hər şeyin əmək qanunvericiliyi çərçivəsində olmasını tələb etsəydilər, həmin işverənlər Rusiya vətəndaşlarına üstünlük verməyə başlayardılar.

Комментариев нет:

Отправить комментарий