21.04.2019

Gürcüstanda 10 minə olan maşın Azərbaycana 20-25 minə gəlib çıxır

“Gürcüstandan 3-5 min manata alınan maşın Azərbaycana 10-12 min manata, 10 min manata alınan maşın Azərbaycana 20-25 min manata gəlib çıxır. Gömrük qiymətlərini aşağı salmaq lazımdır”.

“Facebook” sosial şəbəkəsinin bir qrup istifadəçisi Gürcüstan dövlət qeydiyyat nişanı ilə fəaliyyət göstərən taksilərdən istifadə etməməyə çağırış edib. Onlar həmin avtomobillərin qanunsuz fəaliyyət göstərdiyini və təhlükəli olduğunu əsas gətiriblər.
Məsələ ilə bağlı open.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərdən istifadə Azərbaycanda son iki-üç il müddətində daha geniş yayılıb: “Təkcə taksi fəaliyyəti ilə deyil, eyni zamanda sərnişindaşıma ilə də məşğul olanlar var. Məsələn, Gürcüstan nömrəsi ilə mikroavtobuslar, avtobuslar var ki, onlarla rayonlararası sərnişin daşıyırlar. Hətta turistləri gəzdirmək üçün də istifadə edənlər var. Elə buna görə bu yaxınlarda yerli sürücülər etiraz aksiyası keçirmişdi. Etirazçılar iddia edirdilər ki, Gürcüstan seriyalı avtomobilləri idarə edənlər maşını ucuz alıb, gömrükdə rüsum ödəmir, qeydiyyatdan keçmirlər. Bu səbəbdən də maşın onlara ucuz başa gəlir. Belə olan halda isə həmin sürücülər qiymətləri aşağı edir və istər turist, istərsə də, sakinlər həmin maşınlara üstünlük verir. Yerli sürücülər əsasən, bundan əziyyət çəkdiklərini əsas gətirirdilər”.
Ekspert belə halların hansı səbəblərdən baş verməsinə də aydınlıq gətirib: “Biz bir tərəfədən deyirik ki, taksi avtomobilləri yenilənməli, müasir tələblərə cavab verməlidir. Digər tərəfdən isə avtomobillərin ölkəyə gətirilməsi zamanı qeydiyyat üçün gömrük rüsumlarını, əlavə dəyər vergisini artırırıq. Bu artım prosesi hər il baş verir. Bunun fonunda insanlar Gürcüstandan 3-5 min manata aldığı maşının Azərbaycana 10-12 min manata gəlib çıxacağını bildikləri üçün gedib Gürcüstandan gürcü vətəndaşın adına alıb, etibarnamə ilə gətirib sürürlər. Təbii ki, nömrəni də dəyişmək mümkün deyil, nömrəni dəyişmək istəyərsə, gömrük rüsumunu ödəyib, Azərbaycanda qeydiyyata alınmalıdır. Belə problemlər ucbatından insanlar o cür avtomobillərə üstünlük verir. Mən düşünmürəm ki, burada qlobal problem var. Sadəcə mərkəzləşdirilmiş qaydada sistemə yenidən baxmaq lazımdır. Gömrük rüsumları azaldılmalıdır. İnsanlara şərait yaradılmalıdır ki, istədikləri nəqliyyat vasitəsini normal qiymətə alıb gətirə bilsinlər. Onsuz da Gürcüstandan normal qiymətə almaq mümkündür. Sadəcə ölkəyə gətirəndə qiymətlər kəllə çarxa çıxır. Problem budur. Gürcüstanda 10 minə olan maşın Azərbaycana 20-25 minə gəlib çıxır. Deyirik ki, Gürcüstan bizdən zəifdi, qazı, elektriki bizdən alır. Necə olur ki, eyni bölgədə yaşayan insanlarıq. Orada qiymətlər bir cür, burada isə fantastik dərəcədə bahadır”.
Ekspertin sözlərinə görə, Gürcüstan seriyası ilə Azərbaycanda taksi xidməti göstərən sürücülər qanunsuz fəaliyyətə görə 40 manat cərimə edilə bilər: “Taksi şirkətlərinin həmin avtomobillərlə əməkdaşlıq etməməsi düzgün addımdır. Çünki hansısa neqativ hal baş verərsə, sərnişinin əşyası avtomobildə itərsə, sürücü sərnişinə qarşı xoşa gəlməzliyə, cinayət əməlinə yol versə, həmin maşınları tapmaq çətin olur. Çünki nömrələr sərnişinlərin yadında qalmır. Onların xidmət mərkəzinin olmamasına görə elə küçələrdə fəaliyyət göstərirlər. Biz ənənəvi qaydada əl ilə saxlayırıq. Əgər taksi şirkətləri ilə əməkdaşlıq edən olsa da, çox aşağı səviyyədədir. Ola bilər bir-iki taksi şirkəti bunu edər. Bu isə tam olaraq qanunsuzdur. Taksi şirkətinə iş üçün müraciət edən insan öz şəxsi Azərbaycan seriyalı avtomobili ilə müqavilə bağlayır. Telefon nömrəsini təsdiqlətdikdən sonra isə Gürcüstan seriyalı avtomobillə xidmətə çıxır. Taksi şirkətinin isə bundan xəbəri olmaya bilər. Hazırda demək olmaz ki, həmin avtomobillər hadisə törətsə, tapılmayacaq. Xeyr, həmin avtomobillər ölkəyə daxil olan kimi mərkəzi məlumat sistemində qeydiyyata alınır. O avtomobillərin bütün qayda pozuntuları qeydiyyata alınır. Hadisə baş verdikdən sonra onları izləyib tapmaq mümkündür. Sadəcə elə situasiyalar ola bilər ki, avtomobilin tapılması çətin olar. Amma həmin avtomobilləri idarə edənlər qaydalara riayət, sərnişinlərlə normal rəftar edirsə, cinayətkar deyilsə, şərait yaratmaq lazımdır. Nəticə olaraq bu problemlərin qarşısının alınması üçün ya gömrük qiymətlərini aşağı salmaq, ya da həmin nömrələrlə çalışan avtomobillərə şərait yaratmaq və qeydiyyatını aparmaq lazımdır. Ondan sonra isə taksi fəaliyyətinə icazə verilsin”.

Комментариев нет:

Отправить комментарий