20.07.2020

AZƏRBAYCANLI USTALAR ZAPOROJYEDƏ (hekayə)

 Vannanın su borusu tutulmuşdu, su hamamın döşəməsinə axırdı. Ksyuşa və Aleksey quqlda axtarış verdilər, gördülər ki, şəhərdə qafqazlılar çilingər sexi xidməti açıblar, çağırışa gedirlər. Qiymətini danışıb ordan evlərinə çilingər çağırdılar. O gəldi.
-Bir dəqiqə,- çilingər başını vannanın altına soxdu və borunu döyəclədi. Sonra uzunsov şotka ilə onun içini təmizləyib dedi:
-İndi hər şey qaydasındadır.
 O danışılan pulu alıb getdi.
 Hər şey qaydasında idi, amma ər-arvad vannada çiməndə vanna əsməyə başladı. Başlarını aşağı əyib baxanda gördülər ki, vannanın qıçının biri yoxdur.
-Ay əclaf! Vannanın bir qıçını çıxarıb aparıb.
 Xidmətə zəng etdilər. Ordan müştəriləri nəzakətli şəkildə başa saldılar ki, Mamedin evindəki vannasının bir qıçı yoxmuş, ona görə də sizinkini qoparıb aparıb, bir müddət istifadə edib qaytaracaq. Mamed elə oğlan deyil, sadəcə telefonunun zaryadkası qurtardığından sönüb, nömrəsinə zəng çatmır. Razılaşdılar ki, bir azdan təzə çilingər vanna qıçı gətirib yerinə otuzduracaq.
 Təzəsi gəldi. Özünü təqdim etdi: Roşka. Əlində sellofanda paslı qıç vardı. Nə məsələdi soruşdu. Ksyuşa və Aleksey həmkarının onların başına nə oyun açdığını danışdılar. “Vay, vay, vay!”- Roşka başını buladı. Əyilib vannanın altına baxdı. Ər-arvad sayıq durmuşdular, arada bir-birlərinə göz-qaş eləyirdilər ki, diqqətli ol.
 Gedəndə ev sahibləri Roşkanı hamamdan heç nəyin itmədiyinə əmin olmamış buraxmadılar. Haqqını alan çilingər mehribancasına sağollaşıb getdi.
 Soyuducuya yaxınlaşıb şərəfə pivə içmək istəyirdilər ki, elə bil onları tok vurdu. Bu dəfə sürpriz onları mətbəxdə haxlamışdı.
-Radionu açıb aparıb- Aleksey ah çəkib başını tutdu.
 Divardakı köhnə Sovet radiosu yerində yox idi.
 Aleksey xidmətə zəng etdi, amma Ksyuşa onu danışmağa qoymadı, dəstəyi ondan alaraq qışqırmağa başladı. Ksyuşa çilingərləri hədələdi, polisə verəcəyini bildirdi. Xidmətdən qızı nəzakətlə başa saldılar ki, Roşka çoxdan onlarda işləmir, çirkin əməllərinə görə şirkətdə işdən qovulub, onun necə gəlib ora çıxması da müəmmalıdır, amma bir neçə saata radionu yerin deşiyində də olsa hökmən tapıb qaytaracaqlar.
 Ər-arvad əsəb içində mətbəxdə oturub pivə içə-içə gözləməyə başladılar. Bir neçə saatdan sonra yeni çilingər gəldi. İçəri girən kimi özünü təqdim etdi: Maqa. Soruşdu nə məsələdi? Ər-arvad bir-birlərinin sözünü kəsə-kəsə çilingərə nəql etdilər ki, yerliləri onların başına nə oyun açıb. Çilingər başını bulayaraq “Val vay vay, yaramazlar!” dedi. 
-Neyləmək olar? Zəmanə pisdir. Bəli, hələ də aramızda elələri var ki, gərək bir anlığa da olsa gözdən qoymayasan. Yoxsa nəyi desən əkişdirib apararlar.
 Çilingər onların dərdlərinə şərik çıxdığını, şirkət rəhbərliyinin də onlarla həmfikir olduğunu bildirdi. Məlum oldu ki, Roşkanı axtarmağa Maqanı göndəriblər. Maqa da Roşkanı yaxınlıqdakı kafelərdən birində tapıb, döyüb, radionu ondan alaraq sahiblərinə gətirib və yerinə bağlamaq fikrindədir. Ər-arvad təcili tələb etdilər ki, pasportunu göstərsin. Pasportda Məmiş yazılmışdı. Çığır-bağır qaldırdılar ki, niyə adını düz demir? Çilingər uzun-uzadı izah elədi ki, bizlərdə Məmişə qısa formada Maqa deyirlər. Ksyuşa çilingərin bütün pasport məlumatlarını kağıza köçürtdü. Aleksey səbirsizlikdən balkona çıxıb siqaret çəkində cilingər ə hərfinin rusca necə yazılmasını Ksyuşaya başa salırdı.
 Məmiş sumkasından radionu çıxarıb yerinə keçirtdi, şruplarını bağladı. Tüklü bədəni tərin içində idi, yuyunmaq üçün icazə istədi, vanna otağına keçib boyun-boğazını yaxaladı. Ksyuşa bir an da olsun onu gözdən qoymurdu.
 Aleksey onu evdən çıxmağa qoymadı. Uzun-uzadı otaqları, vannanı, mətbəxi bir-bir gəzib diqqətlə nəzərdən keçirdi, hər şeyin yerində olduğuna əminləşdi. Çilingər çıxıb qapını örtən kimi Aleksey rahat nəfəs aldı, arxası üstə divana yıxılaraq dedi:
-Allaha şükür! Heç nə itməyib, Ksyuşa. Eşidirsənmi? Yoxladım, hər şey yerindədi. Ksyuşa, sən hardasan? Ksyuşa?! Ksyuuuşa!..

İbrahim Sel

Комментариев нет:

Отправить комментарий