25.07.2020

ƏLİ HƏSƏNOVUN VƏZİFƏDƏ OLAN QOHUMLARI – Onları indiyə qədər “toxunulmaz” edən nədir?

Ölkədə aparılan islahatların müsbət nəticə verməsi üçün bu tip adamların vəzifələrdən uzaqlaşdırılması mütləqdir. Çünki onlar səlahiyyət sahibi olduğu müddətdə öz əməlləri ilə ölkədə aparılan islahatlara kölgə salmaqla yanaşı, yeni kadrların fəaliyyətinə də əngəl olacaqlar. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik…
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, ölkə başçısının keçmiş köməkçisi Əli Həsənov ötən il noyabr ayının 29-da vəzifədən uzaqlaşdırılsa da, onun adı hələ də mətbuatdan düşmür. Əlbəttə, vəzifədə olduğu müddətdə barəsində deyilənlərdən və yazılanlardan fərqli olaraq haqqında müsbət fikirlər səslənsə, adı yaxşı işlərdə hallansa bəlkə də normal qarşılamaq olardı. Düşünmək olardı ki, adam keçmiş səhvlərindən nəticə çıxararaq haqq yoluna qayıdıb. Amma təəssüf ki, onun barəsində yayılan son informasiyalar Əli Həsənovun öz prinsiplərinə sadiq qaldığını və yenə də sıralarından yer aldığı “5-ci kolon”un “əsgəri” olaraq dövlət və millətə qarşı işlədiyini ortaya qoyur. Halbuki o vəzifədən çıxarıldığı gün mətbuata açıqlamsında bundan sonra sadəcə yaradıcılqla məşğul olacağını bildirmişdi: “Mən professoram, elmlər doktoruyam. Yaradıcılıq həvəsim var… Bundan sonra həyatımı dəyişmək keçmişdə gördüyüm bütün işlərin əleyhinə çıxış etmək deməkdir. Mən nə həyatımı, nə mövqeyimi, nə də fəaliyyətimi dəyişəcəm. Sadəcə, bundan sonra prezident köməkçisi, şöbə müdiri kimi deyil, prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm”.
Digər tərəfdən, o, 3 ildir xəstə olduğunu bildirərək guya özünün xahişi ilə vəzifədən azad olunduğunun və bundan sonra səhhətinə diqqət ayıracağının mesajını da vermişdi: “Mən son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infarkt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır. Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, – onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, – məni azad elədi. Buna görə də ona təşəkkür edirəm”.
Amma təəssüflə qeyd etməliyik ki, son aylar ərzində Əli Həsənovun nə yaradıcılıqla, nə də sağlıq durumunun bərpası ilə məşğul olduğu haqda heç bir informasiya yoxdur. Bunun əksinə, onun “5-ci kolon”un ən parlaq simaları ilə bir yerdə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qarşı fəaliyyət göstərdiyi iddia olunur. Belə ki Ə.Həsənovun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq daxili işlər naziri Ramil Usubov və sabiq baş prokuror Eldar Həsənovun hakimiyyətə qarşı qurduğu təhlükəli planın içərisində yer aldığı və bu planın icraçılarından biri olduğu haqda informasiyalar var. Hansı ki, bu haqda “Hürriyyət”də dərc olunan silsilə məqalələrdə də məlumat vermilib.
Bütün bunlar bir daha onu göstərir ki, Ə.Həsənovun vəzifədən çıxarıldığı gün səsləndirdiyi “Prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm”, – açıqlaması boğazdan yuxarı deyilmiş sözdən başqa bir şey deyil...
Vəzifədən çıxarılan şəxslərin geniş çevrəsinin olduğu, qohum-əqrəbasının hələ də yüksək postlarda çalışdığı faktdır. Məsələn, Ə.Həsənov aylar öncə vəzifədən azad edilsə və bundan sonra onun bütün qaranlıq əməlləri, çoxsaylı yeyinti faktları üzə çıxarılsa da, keçmiş köməkçiyə yaxın şəxslərin böyük əksəriyyəti hələ də vəzifələrdə qalırlar. Tutaq ki, onun qardaşı hələ də Sabunçu Rayon İcra Hakimiyyətində təsərrüfat müdiri vəzifəsində çalışır. Hansı ki, Sabunçu icra başçısının “qara kassası” kimi təqdim olunan İsa Həsənovun adı zaman-zaman mətbuatda çoxsaylı qanunsuz əməllərdə hallanıb. Bir faktı təqdim edək. Mətbuat yazır ki, İ.Həsənov rüşvət vermədiyi üçün Qarabağ əlilinin ev tikmək istəyinin qarşısını alıb, qoçu dəstəsini tökərək fəhlələri döydürüb, gətirilən betonu yararsız hala salıb: “İş o yerə çatıb ki, 1-ci dərəcəli Qarabağ əlili PA-nın qarşısında intihara cəhd edib. Ancaq prezidentin keçmiş köməkçisinin göstərişi ilə əlilin xəstəxanaya yerləşdirilməsinə belə qadağa qoyulub! (?). Yalnız DİN işə qarışandan sonra müharibə əlili 2 gün gec olsa da DİN qospitalında həyata qaytarılıb. Hələ də prokurorluq bu vandalizm aktına hüquqi qiymət verilməsini təmin etməyib”.
AFN saytı isə yazır ki, Polis Akademiyasının keçmiş rəisi, general Ramiz Nağıyev prezidentin sabiq köməkçisi vəzifədən azad olunduqdan bir müddət sonra onun “iş başında” olan qohumları haqda açıqlama yayıb: “…Baldızı təhsil nazirinin müavini olaraq təhsil sistemini çökdürmək missiyasını davam etdirir. Şəriki Ağamalı Qafarov Səbail rayon Məhkəməsinin sədri olsa da, susub ki, məsələlər yatışsın. Kürəkəni Xəzər rayon Polis İdarəsinin başındadır, qaynı isə Salyan rayon Polis Şöbəsinə rəhbərlik etməklə respublikada gündəmi zəbt eləmiş gənc qızın polis zabiti tərəfindən zorlanması mühitini yaratmış şəxsdir. Yəqin ki, aidiyyəti qurumların rəhbərləri yuxarıdan göstəriş gözləyirlər ki, hərəkətə keçsinlər”.
Yeri gəlmişkən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin beşinci çağırış deputatı Səttar Mehbalıyevin də Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovla quda olduğu kimsəyə sirr deyil. Belə ki, Əli Həsənovun qızının əri Səttar Mehbalıyevin ogludur, kürəkəni polis polkovniki İsfəndiyar Mehbalıyev hazırda Xəzər Rayon Polis İdarəsinin rəisidir.
Bütün bunlarla yanaşı, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin də Əli Həsənovla yaxın qohum olduğu bildirilir. Təsadüfi deyil ki, indiyə qədər mətbuatda N.Mustafayev barəsində çoxsaylı şikayətlər dərc olunsa da, Ə.Həsənovun prezident köməkçisi işlədiyi dönəmdə, kimsə ona “gözünün üstündə qaşın var” deyə bilməyib. Nəticədə isə yenə də vətəndaşlar zərər çəkib.
Əlbəttə, bizim məqsədimiz heç də Əli Həsənovun vəzifədə olan qohumlarının siyahısını dərc etmək deyil. Sadəcə onu qeyd etmək istəyirik ki, bu adamın dövlətə qarşı fəaliyyəti göz önündə olduğu halda, vaxtilə onun yüksək vəzifələrə təyin etdirdiyi və illərlə himayə etdiyi şəxslər heç də milli maraqlara xidmət edə bilməz. Odur ki, ölkədə aparılan islahatların müsbət nəticə verməsi üçün bu tip adamların vəzifələrdən uzaqlaşdırılması mütləqdir. Çünki onlar səlahiyyət sahibi olduğu müddətdə öz əməlləri ilə ölkədə aparılan islahatlara kölgə salmaqla yanaşı, yeni kadrların fəaliyyətinə də əngəl olacaqlar. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik…

KƏNAN      hurriyyet.org

Комментариев нет:

Отправить комментарий