Xırdalanda yaşayan və ailəli olan Samirə Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişin, onun ailə üzvlərinin ad və soyadı şərti verilib - red.) Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Nizami Cəfərov və onun dostu Elçin Pirişov tərəfindən intim görüntüləri ilə şantaj edildiyi barədə yazmışdıq.
Qeyd edək ki, 2011-ci ilin axırlarında tanışı Elçin Pirişov Nizami Cəfərova Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Samirə Məmmədova ilə “Odnoklassniki” internet saytında tanış olmaq, onun şəxsi fotoşəkillərini əldə etmək və fotoşəkilləri yaymaq hədəsi ilə pul əldə edə biləcəklərini bildirib.
Bundan sonra onlar Samirə Məmmədova və əri Mahiri barələrində rüsvayedici məlumatlar, yəni əldə etdikləri fotoşəkilləri internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacaqları ilə hədələyib, onlardan bu məqsədlə 4 000 manat tələb ediblər.
Nizami Cəfərov 11 oktyabr 2012-ci il tarixdə, saat 16.25-də Samirənin Xırdalan şəhərində olan mənzilinə gedib, ondan 4 000 manat pul alıb.
Daha sonra Nizami Cəfərov və dostu Elçin Pirişov Samirəni və ərini 2015-ci ilin yanvarın 4-ündə yenidən hədələyib, 700 manat, həmin ilin noyabrında 1200 manat, 2016-cı ilin martında 900 manat, həmin ilin dekabrında isə 750 manat alıblar.
Sonuncu dəfə onlar ər-arvadı 2017-ci ilin mayın 17-sində şantaj ediblər və 700 manat tələb ediblər. Bu zaman Samirə və Mahir polisə şikayət ediblər. Mayın 19-unda 300 dolları Samirədən alan zaman Nizami Cəfərov cinayət başında yaxalanıb.
Teleqraf.com hadisə ilə bağlı zərərçəkən Samirə Məmmədovanın həyat yoldaşı Mahir Məmmədovun ifadəsini əldə edib.
Cinayət işi ilə bağlı Mahir Məmmədovun dediklərini təqdim edirik.
Mahir Məmmədov bildirib ki, 2012-ci ilin aprelində arvadı Samirə ağlayaraq, ona təxminən 2011-ci ilin sonlarından başlayaraq “odnoklassniki” internet saytında özünü polis əməkdaşı kimi təqdim edən Elçin Pirişov ilə 1-2 ay yazışdığını deyib: “Arvadım bildirdi ki, Elçinə göndərdiyi şəkillərinin hamısını ictimaiyyətə çatdıracağı, onu biabır edəcəyi ilə hədələyib və pul tələb edib. Arvadım da məcbur qalaraq, Elçinə 5 000 manata yaxın pul verib”.
Mahir Məmmədovun ifadəsinə görə, arvadı ona artıq borca düşdüyünü, bir gün əvvəl Elçinin ona zəng vuraraq yenidən 3 000 manat pul tələb etdiyini deyib: “Arvadım artıq pul tapa bilmədiyindən məcbur olaraq olanları mənə danışdı. Bunu eşitdikdə Samirədən əvvəlcə həmin Elçinlə saytda nə barədə danışdığını və hansı şəkillər göndərdiyini soruşdum. Samirə də adının sonradan Elçin olduğunu öyrəndiyi şəxslə yalnız bir dost kimi danışdığını və evdə çəkdirdiyi adi şəkilləri ona sayt vasitəsi ilə göndərdiyini dedi”.
Zərərçəkmiş qadının əri deyib ki, Samirədən Elçin adlı şəxsin pulları kimin vasitəsi ilə aldığını soruşub: “Samirə də Elçinin qapıya müxtəlif adamları göndərdiyini, bəzən isə özünün gəldiyini, qapıya yaxınlaşaraq qapının qarşısına qoyduğu pulu götürdüyünü söylədi. Bundan bir müddət sonra artıq Elçin Pirişov mənə də zəng vurmağa başladı. Elçin göndərdiyi adamlara vaxtlı-vaxtında pul verməsək, mənim və arvadım barədə müxtəlif rüsvayedici məlumatlar yayacağını, oğlum Elmarın telefon nömrəsini, oxuduğu məktəbi bildiyini, Elmarın sinif yoldaşlarına onun anasının əxlaqsız qadın olması barədə bildirəcəyini dedi. Oğlumun tərbiyəsinin korlanacağından çəkinərək Elçinə tələb etdiyi pulları verməyə söz verdim”.
Mahir Məmmədov ifadəsinin bu hissəsində arvadının ifadəsinə uyğun danışıb. O Elçin Pirişova, onun dostu Nizami Cəfərova və digər şəxslərə külli miqdarda pul verməsindən, həmçinin polisə şikayət etməsindən danışıb.
Teleqraf.com hadisə ilə bağlı zərərçəkən Samirə Məmmədovanın ifadəsini əldə edib. Cinayət işi ilə bağlı Samirə Məmmədovanın dediklərini təqdim edirik.
Zərərçəkən qadın bildirib ki, 2011-ci ilin sonlarında “odnoklassniki” internet saytında özünü “Olqa” kimi təqdim edən qızla tanış olub və həmin şəxsi qadın zənn edərək onunla səmimi danışıb: “2012-ci ilin fevralın əvvəllərində həmin “Olqa” deyilən şəxs özünü Elçin kimi təqdim edərək, iki ay ərzində mənim bütün yazışmalarımın, göndərdiyim şəkillərin onda olduğunu dedi. O bu məlumatları yayacağı, ərimə, uşaqlarıma bildirəcəyi, ailəmi biabır edəcəyi ilə hədələdi. Məndən müəyyən məbləğdə pul tələb etdi”.
Samirə Məmmədova qeyd edib ki, Elçinə internet səhifələrində heç bir ədəbsiz şəkil yaymadığını və hansı da söhbətlərdə iştirak etmədiyini deyib: “Elçindən məni necə biabır edəcəyini soruşdum. O mənim və ailə üzvlərimin barəsində bütün məlumatlara malik olduğunu, ailəm barədə yalan informasiyalar yayacağı ilə məni hədələdi. Elçinin hədə-qorxu gəldiyini gördükdə ondan qorxdum və pul verməyə başladım. Elçin konkret vaxt və saatda qapıma gəlib pulu götürəcəyini dedi. Elçinin istədiyi məbləği qapının ağzına qoydum. Elçin ya özü, ya da başqa tanımadığım şəxs vasitəsi ilə pulu aldı”.
Samirə Məmmədova deyib ki, 2012-ci ilin aprel ayınadək ərinin evdə olan pullarından ümumilikdə 5 000 manata yaxın pulu hissə-hisdə Elçinə verib: “2012-ci ilin aprelində Elçin növbəti dəfə məni şantaj etdi. Dözə bilmədiyimdən bu barədə ərim Mahirə danışdım. Mahir ilk növbədə məndən Elçin adlı şəxslə saytda nə barədə danışdığımı və hansı şəkillərı göndərdiyimi soruşdu. Elçinlə yalnız bir dost kimi danışdığımı və evdə çəkdirdiyim adi şəkilləri sayt vasitəsi ilə ona göndərdiyimi dedim”.
Samirə Məmmədovanın sözlərinə görə, Elçin Pirişov əri Mahirə zəng vurmağa başlayıb: “Elçin mənə və göndərdiyi adamlara vaxtı-vaxtında pul verməyəcəyimiz halda barəmizdə müxtəlif rüsvayedici məlumatlar yayacağını, oğlum Eldarın telefon nömrəsini bildiyini, oxuduğu məktəbi tanıdığını, Elmarın sinif yoldaşlarına mənim guya əxlaqsız qadın olmağım barədə danışacağını dedi. Belə olduqda ərim oğlumun korlanacağından çəkinərək Elçinə tələb etdiyi pulları çatdıracağına söz verdi”.
Samirə Məmmədova qeyd edib ki, Elçin zəng vurduğu vaxtlarda Mahir mütəmadi olaraq 500, 700 və ya 1000 manat məbləğində pulları Elçinə verib: “2012-ci ilin yay aylarında həyat yoldaşım evimizin giriş qapısına müşahidə kamerası qoydu. Təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Elçin Mahirə zəng vuraraq ona 4 000 manat pul lazım olduğunu, həmin pulu verərsə, Azərbaycandan gedəcəyini, bir daha onları narahat etməyəcəyini bildirdi. Mahir Elçindən bizi bir daha narahat etməyəcəyi barədə kişi kimi söz verəcəyi təqdirdə ona həmin pulu verəcəyini bildirdi. Elçin də Mahirə söz verərək qeyd olunan pulu ona verəcəyimiz təqdirdə bir daha bizi narahat etməyəcəyini dedi. Buna görə də Mahir Elçinə oktyabr ayının 11-ində qapının ağzından 4 000 manatı götürməyi tapşırdı. Elçin ilk dəfə olaraq həmin gün saat 16.25-də Nizami Cəfərovu qapımıza göndərdi, həmin tarixdə Nizami gələrək qapının qarşısına qoyduğumuz 4 000 manatı götürdü. Bu hal müşahidə kamerasında da qeydiyyata alındı”.
Samirə Məmmədova deyib ki, Elçin 2015-cilin əvvəllərinədək onları narahat etməyib. Zərərçəkmiş deyib ki, həmin vaxtdan yenidən Nizami Cəfərovun vasitəsi ilə Elçin onları şantaj etməyə başlayıb.
Zərərçəkmişin sözlərinə görə, həmin il yanvarın 4-ündə Nizaminin üzü kameraya düşüb, Mahir də həmin videogörüntünü dərhal çıxardaraq diskə köçürüb: “Həmin vaxt Nizami qapıdan 700 manat məbləğində pulu götürərək getdi. Bundan sonra Nizami adlı şəxs daha üç dəfə bizə gələrək pulu götürdü”.
Samirə Məmmədov deyib ki, 2017-ci ilin mayın 8-ində Nizami Cəfərov vasitəsi ilə şantaj olunublar, bundan sonra əri polisə şikayət edib: “Mayın 19-unda polis əməkdaşları yaşadığımız mənzilin ətrafında pulu götürmək üçün gələcək şəxsi yaxalamaq məqsədilə pusqu qurdular. Saat 10 radələrində sonradan adının Kamil olduğunu öyrəndiyimiz şəxs yaşadığımiz mənzilə yaxınlaşdı, 300 ABŞ dollarını götürərək gedərkən binanın giriş hissəsində polis əməkdaşları tərəfindən yaxalandı”.
Samirə Məmmədova deyib ki, 2012-ci ildən 2017-ci ilədək olan müddətdə Elçin Pirişov özünün Azərbaycanda olan əlaltısı Nizami Cəfərov və digər tanımadığı şəxslər vasitəsi ilə ümumilikdə onlardan 31 000 manat pulu hədə-qorxu ilə tələb etsələr də, Nizami Cəfərov özü ümumilikdə ondan 8 060 manat pul alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Nizami Cəfərov bildirib ki, təxminən 2012-ci ilin əvvəllərindən tanışı Elçin Pirişov Xırdalan şəhərində özündən xeyli yaşlı bir qadınla internetdə tanış olduğunu, həmin qadına müxtəlif vaxtlarda zəng vuraraq ərinə onunla tanışlığı barədə hədə-qorxu gələcəyini bildirib, müxtəlif məbləğdə pul aldığını deyib: “Elçin bu söhbətləri zarafata salıb desə də, həmin qadını tanımamışam, onun harda yaşadığını, Elçinin ondan hansı məbləğdə pul aldığını bilməmişəm”.
Nizami Cəfərovun sözlərinə görə, 2012-ci ilin oktyabr ayında Elçin ona Samirə adlı qadının ünvanını deyib və həmin qadından 4 000 manat pulu alaraq ona verməyini xahiş edib: “Samirə adlı qadının yaşadığı mənzilə gedərək ondan 4 000 manat pulu götürdüm və Elçinə çatdırdım. Elçin həmin puldan mənə 300 manat verdi. Pulu qapıdan götürəndə Samirəni üzdən görməmişəm və bundan sonra həmin ünvana getməmişəm. Elçinin də Samirə adlı qadından həmin tarixdən sonra pul alıb-almadığını bilməmişəm”.
Nizami Cəfərov bildirib ki, təxminən 2014-cü ilin sonlarında Elçinin problemləri olduğundan qəflətən Türkiyəyə qaçıb, buna baxmayaraq Elçinlə mütəmadi olaraq “WhatsApp” vasitəsi ilə əlaqə saxlayıb: “2015-ci ilin yanvar ayının əvvəllərində Elçin mənə zəng vurdu. Türkiyədə pulunun qurtardığını, Samirə adlı qadından pul almaq lazım olduğunu dedi. Buna görə də 2015-ci ilin yanvar ayının əvvəllərində Xırdalan şəhərinə gedərək Samirənin yaşadığı mənzilin qapısını döydüm. Qapıya ilk dəfə gördüyüm həmin qadın çıxdı. Ona Elçinin mobil telefon nömrəsini verdim, ona zəng vurmasını tapşırdım. Həmin qadın isə mənə “Nəyə görə Elçin məndən əl çəkmir” dedi”.
Nizami Cəfərovun ifadəsinə görə, növbəti gün Elçin ona zəng vuraraq Samirədən 700 manat pulu götürməyi və 700 manatdan 50 manatını ona verəcəyini bildirib: “Həmin günün səhəri yenə qeyd olunan ünvana getdim. Samirə qapının arasından mənə 700 manat pulu verdi, bir daha evinə gəlməməyi məndən xahiş etdi. 700 manatdan 50 manatını özümə götürdüm, qalanını səhəri gün banklardan birinə gedərək “Western Union” sistemi vasitəsi ilə Elçinə göndərdim. Elçinin özü ilə telefonla danışarkən Samirənin dediklərini çatdırmışdım. Elçin isə Samirənin və əri Mahirin onun əlində olduğunu, istədiyi vaxt onlardan istədiyi məbləğdə pulu qopara biləcəyini dedi”.
Nizami Cəfərov qeyd edib ki, bundan sonra Samirədən daha üç dəfə pul alıb: “Yəni 2015-ci ilin noyabr ayının ortalarında 1 200 manat, 2016-cı ilin may ayında 900 manat, 2016-cı ilin dekabr ayında isə 750 manat pulu götürüb, hər dəfə özümə 50 manat götürməklə qalanını Elçinə göndərmişəm. Təxminən 2017-ci ilin aprel ayının ortalarında Elçin mənə zəng vuraraq Türkiyədə pulunun qurtardığını bildirdi, təcili olaraq ona borca 200 ABŞ dolları taparaq göndərməyimi xahiş etdi. Pulum olmadığından tanışım Kamil Muxtarova müraciət edərək iki günə qaytarmaq şərtilə ondan 200 ABŞ dolları pul tapmasını xahiş etdim. Həmin pulun Türkiyədə yaşayan Elçin adlı dostuma lazım olduğunu bildirdim. Kamil evindən 200 ABŞ dolları gətirərək mənə verdi. Həmin pulu bank vasitəsi ilə Elçinə göndərdim. Elçin tez vaxtda Samirə vasitəsi ilə həmin pulu çatdıracağına söz verdi. Lakin vaxt tamam olanda Kamildən aldığım pulu qaytara bilmədim”.
Nizami Cəfərovun ifadəsinə görə, Kamil aprel ayının sonlarında Gürcüstan Respublikasına gedib: “Elçinlə mütəmadi əlaqə saxladım, Kamil qayıdanadək onun pulunu düzəltmək lazım olduğunu bildirdim. 2017-ci ilin may ayının əvvəllərində Elçin mənə “WhatsApp” vasitəsi ilə özünün xəstəxanada çarpayıda hər tərəfi sarğı ilə sarılmış iki ədəd şəklini göndərərək, həmin şəkilləri fotostudiyada çıxarıb, arxasında da yeni mobil telefon nömrəsini yazaraq Samirəyə verməyimi tapşırdı, Kamilin pulunu Samirədən alacağını dedi. Elçinin dediyi kimi həmin iki ədəd şəkili fotostudiyada çıxararaq böyütdüm, arxasında Elçinin Türkiyədəki mobil telefon nömrəsini yazdım. Mayın 8-də Samirənin yaşadığı binanın qarşısına gəldim. Tanımadığım taksi sürücüsündən həmin şəkillərin içərisində olan zərfi 49 saylı mənzilə çatdırmasını xahiş etdim. Taksi sürücüsü həmin şəkilləri Samirəyə verdi. Bir neçə gün ərzində Samirədən heç bir xəbər çıxmadı”.
Nizami Cəfərov qeyd edib ki, mayın 11-də Kamil Gürcüstandan qayıdıb, pulunu tələb etməyə başlayıb: “Elçin əsəbiləşərək Samirə ona zəng vurmasa, onu biabır edəcəyini bildirdi. Mayın 17-sində Elçin zəng vuraraq bir daha Samirənin evinə gedib, onun mobil telefon nömrəsini Samirəyə verməyimi istədi. Hansı yolla telefon nömrəsini Samirəyə çatdırmağı düşünərkən, Saray qəsəbəsində yaşayan tanışım Azərlə rastlaşdım. Azərlə görüşdükdə guya dostumun sevgilisinə məktub çatdırmaq lazım olduğunu dedim, həmin məktubu Samirəyə çatdırmasını xahiş etdim. Azər də imənə inandığından bir söz demədi. Birlikdə Samirəgilin evinin qarşısına gəldik. Azərə 49 saylı evin qapısını döyüb Elçinin telefon nömrəsi olan kağızı qadına verməsini xahiş etdim. Özüm isə blokun qarşısında gözləməyə başladım. Azər kağızı Samirəyə verdi, geri qayıtdı. Lakin Azərə Samirənin kim olduğu və ona hansı məqsədlə telefon nömrəsi verildiyini bildirmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam Elçin ona zəng vurub, Samirənin zəng etdiyini, mayın 18-ində saat 10-da ona 700 manat pul verməyə hazır olduğunu deyib: “Elçin məndən həmin ünvana Kamili göndərməyi tapşırdı. Buna görə də Kamillə danışaraq ona olan borcu qohumum Samirə adlı qadın vasitəsi ilə verəcəyimi dedim. Kamildən Samirənin yaşadığı ünvana getməsini xahiş etdim, Samirənin 700 manat pul verəcəyini, 700 manatdan verdiyi borcu götürdükdən sonra qalan pulu bank vasitəsi ilə Elçinə göndərməsini istədim. Kamil də heç nədən şübhələnməyərək Samirənin evinə getməyə razılıq verdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 18-ində günorta vaxtı Samirənin evini Kamilə göstərib, özü oradan uzaqlaşıb: “Daha sonra Kamil həmin ünvana getdi. Samirə Kamilə pulu mayın 19-unda saat 10-da verəcəyini dedi. Mayın 19-unda Kamil Samirənin yaşadığı ünvana getdi. Samirədən 300 ABŞ dolları alaraq geri qayıdarkən polis əməkdaşları onu yaxalayaraq polis idarəsinə apardılar”.
Комментариев нет:
Отправить комментарий