Azərbaycana faşizm 1988-dən başlayaraq ayaq basdı, yayıldı. Çoxları bəlkə də bunu görmür, hiss etmir, çünki özləri bu faşizmin iştirakçılarına çevriliblər - şüurlu yaxud şüursuz, istəyərək yaxud istəmədən.
"Ermənilər uşaqlarının qulağına "türk bizim düşmənimizdir" pıçıldayır, biz də öz uşaqlarımızın qulağına "erməni və rus bizim düşmənimizdir" pıçıldayaq." Bunu Azərbaycanın dövlət kanalında deyirlər. Ermənilərə faşistliklərinə görə guya nifrət edirlər, amma bizi də onlar kimi faşist olmağa dəvət edirlər. Üstəlik, rusları da SSRİ və Şura hökumətilə eyniləşdirərək öz faşist təbliğatının hədəf taxtasına oturdurlar.
Erməni faşizminə qarşı Azərbaycan antifaşizmi çıxmalı lazım olan yerdə cavab bənzər faşizmlə verilir. Çünki həqiqət onlara mane olur, 20 Yanvar hadisələrində günah işlətmiş, cinayət törətmiş şəxsləri axtarmırlar, axtarmaqda maraqlı deyillər. Onlar üçün erməni faşizmi sırf öz faşizmlərini əsaslandırıb SSRİ-yə, Şura hökumətinə, keçmiş kommunist iqtidarına və onların üzərindən sosializmə, Azərbaycan soluna qarşı çıxmaq çərçivəsində lazımdır.
"Qana susamış sovet ordusu" - bunu da Azərbaycanın dövlət kanalı deyir. Orta hesabla hər gün 137 insan öldürən ABŞ ordusu, Aljirdə dinc nümayişlərdə milyon yarım insan qətl etmiş Fransa ordusu haqda ömründə bircə dəfə də olsa bu və yaxud buna bənzər ifadəni işlətməyən Azərbaycan dövlət telekanalı dünya tarixinin ən humanist ordusuna ləkə yaxır.
Türkiyə ordusu hər etdiyi dövlət çevrilişində yüzlərlə vətəndaşını öldürdü, minlərlə vətəndaşını türmələrdə çürütdü, 16 yaşlı solçu yeniyetməni asdı... Bu, Türkiyə ordusunun öz ölkəsində, bizim ölkədə, başqa türkiyəpərəst ölkələrdə sevilməsinə qətiyyən mane olmur.
Bütün günü "Sovet ordusu qadın, uşaq, qoca bilmədən hamını qətl etdi" səsləndirirdilər. Elə bil xalqın ordusu olan Sovet ordusundan deyil, təkcə İraqda milyon yarım dinc müsəlmanı qətl etmiş peşəkar amerikan ordusundan, bizim coğrafiyanı işğal etmiş ərəb ordusundan, Teymurləng ordusundan bəhs edirlər.
"Qana susamış sovet ordusu" ifadəsi faşizmin qisasıdır, 20-ci əsrdə faşizmə qalib gəlmiş Sovet ordusuna və o orduda savaşmış 600 min azərbaycanlıya bunu bağışlamırlar - əsl məsələ budur.
Adi günlərdə adama elə gəlir ki, Azərbaycanda dövlət ideologiyası yoxdur. 20 Yanvar və Xocalı soyqırımı kimi faciəli günlərdə nə qədər yanıldığını görürsən. Azərbaycanda dövlət ideologiyası var və onun adı Faşizmdir. Hər halda bu günlər telekanallara dəvət edilən "ziyalıların" danışdıqları adamı bu qənaətə gətirir.
Sovet ordusu Türkiyə ordusundan fərqli nasizmə qarşı müharibədə iştirak edib, o müharibənin demək olar ki, bütün yükünü çəkib, planeti nasizmdən, köləlikdən xilas edib. Sovet ordusu Əfqanistana girəndə belə qana susamamışdı - bunu əfqanıstanlılar gec də olsa dərk edirlər. Öz ölkəsində hərəkət edərkən niyə "qana susamalı" idi ki?!
20 Yanvar ərəfəsində KİV-lər miqdarsız yalan tirajlama üzrə yarışır. Baxmayaraq ki, həlak olanların sayı bəllidir, Azadlıq radiosu da ənənəvi "Sovet ordusu Bakıda və Azərbaycanın müxtəlif regionlarında yüzlərlə adamı qətlə yetirdi, minlərlə insan həbs edildi" vahiməsinə imza atır. Azadlıq radiosunun təbliğat diskursuna baxanda və arxasındakı qüvvələri nəzərə alanda adamın içindən "bəli, dünyanı mənəvi şikəstlər və qəhbələr idarə edir" qışqırmağı gəlir.
Hər kəs düşünsün: necə olur ki, 20 Yanvarda Azərbaycanın dövlət telekanalları, hökumətyanlı KİV-lər və son vaxtlar onların qəzəbinə tuş gələn Azadlıq radiosu bir ağızdan və eyni şeyi danışır?!
Bunun çox sadə cavabı var: faşizmin forması dəyişib, məzmununa isə kosmetik dəyişikliklər edilib, tanınmaz hala gətirilib... Yəqin, faşizm qlobal kapitalist elitaya xidmət edən Azadlıq radiosu ilə yerli kapitalist elitaya xidmət edən bizim KİV-ləri birləşdirir.
Nə etməli?
Həqiqəti dərk etmək lazımdır. 20 Yanvar, təbliğ edildiyi kimi, bir gecədə baş verməyib. Azərbaycanın bir çox yerində əks-inqilabçılar (o vaxt Xalq Cəbhəsi deyilirdi, zaman göstərdi ki, "Xalq cəbhəsi" və ona bənzər proyektlər Qərb xüsusi xidmət orqanlarının başqa ölkələrdə öz adamlarını iqtidara gətirmək üçün həyata keçirilən məxməri, narıncı inqilabların aparıcı qüvvəsidir. Sadəcə sosialist yaxud sosialist sayılan ölkələrdə bu inqilablar təkcə iqtidarların dəyişməsi ilə deyil, kapitalizmin bərpası ilə müşaiyət olunduğuna görə o qüvvələrə əks-inqilabçı demək daha doğru olardı) dövlət orqanlarını ələ keçirmişdilər, inzibati binaların qapılarını mismarlayır, məmurları işləməyə qoymurdular, dövlət mexanizmzini iflic etmişdilər. Özbaşnalıq "erməni paqromaları" ilə davam edəndə ordunun küçələrə çıxmasına, ictimai asayişin bərpa edilməsinə zərurət yarandı. "Erməni paqromlarının" arxasında Qorbaçov dayanmışdı, DTK-nın agentləri yönəldirdilər, xalqımız DTK-nın antisovet qolunun, Xalq Cəbhəsinin və Əbülfəzçilərin, nemət pənahovların oyununa gəldi və s. - sözsüz ki, bu mövzuları müzakirə etmək lazımdı, amma bu mövzuların heç birindən fövqəladə halın elan edilməməsinə dair arqument çıxmır. Hər bir dövlət bunu edərdi və etməli idi. Demokratik sayılan ölkələrdə, ABŞ-da dövlət orqanlarına hücüm ediləndə, başıpozuq qruplar düşmən hesab etdiyi kimisə linç etməyə qalxanda eyni addımlar atılardı və atılır. Hələ günümüzdə ABŞ-da Ferqüsondakı dinc nümayişçilərə qarşı ordudan istifadə edildi. Azərbaycan əks-inqilabçıları isə dinclikdən çoxdan çıxmışdı. Günü bu gün Azərbaycanda dövlət orqanlarına hücum edilsə, etnik zəmində kütləvi cinayətlər baş versə, hökumət gözünü qırpmadan gücdən, o cümlədən ordudan istifadə edər. Gözünü qırpmadan. (Kapitalist Azərbaycanın hökuməti dinc nümayişə yığışan vətəndaşlara qarşı az qala ordudan istifadə edə).
Sovet ordusu öz ölkəsində hərəkət edirdi. Azərbaycan faşistləri, beynini və vicdanını itirmiş populistlər hadisəni elə təqdim edirlər ki, sanki bizi başqa bir ölkənin ordusu işğal etmişdi. Sovet ordusunda hələ o günlər azərbaycanlılar da xidmət edirdi. "Qana susamiş sovet ordusu" deyəndə o orduda xidmət etmiş, xidmət edən azərbaycanlılar da "qana susamışdılar"?! Dediklərini qulaqları eşitmir. Artistlik, hoqqabazlıq edərkən necə hissə qapılırlarsa...
"Kurtlar vadisi" filmində təxminən belə bir söhbət vardı: qatil, qətli sifariş verən, öldürdüyü adamın məzarına, həyatına qəsd etdiyi adamın ziyarətinə birinci gələr... Təxminən bu məzmunda bir ifadə vardı o filmdə. 20 Yanvar tamaşası, matəm ərəfəsində baş verənlər, günahsız qanlar üzərindən edilən siyasətbazlıq o ifadəni xatırladır. 25 il keçməsinə baxmayaraq 20 Yanvar-a görə heç kim məsuliyyət daşımayıb, ümumi və yalanlarla dolu antisovet, antirus, antisosialist demaqoqiya ilə idarə edilib. Azərbaycan tərəfindən günahkarların, onların bir nəfər də olsa əqrabasının burnu da qanamayıb. Dövlətə qarşı qiyam edən o siyasi qüvvələrin nümayəndələrinin səsi bərk çıxır bu günlər, öldürülmüş insanlarımızın məzarını ilk onlar ziyarət edir, fəxrlə şəkillər paylaşırlar.
Hər kəs bunu bilməlidir ki, 1990-cı ildə 20 yanvara keçən gecə öldürülmüş insanlarımızın qatillərinin tapılmasının və cəzalandırılmasının hamıdan çox biz istəyirik - Azərbaycan solu.
Bu şəkilə baxın. 20 Yanvar qurbanlarının dəfn mərasimində iştirak edən iki azərbaycanlı milisi görürsüz. Sovet ordusu və sovet milisi həqiqətən xalqın idi. Şura hökumətinin asanlıqla devrilib kapitalizmin bərpa edilməsinin səbəblərindən biri də budur. Qorbaçovun SSRİ-də süni yaratdığı, dərinləşdirdiyi böhrandan qat-qat ağır böhranlar yaşanıb kapitalist ölkələrində. Amma, gördüyünüz kimi, kapitalizm hələ ayaqdadır. Bunun da ən başlıca səbəblərindən biri polisin, ordunun, KİV-lərin xalqın deyil, kapitalist elitasının tərəfində olmasıdır. Maaşa satılan peşəkardılar.
Комментариев нет:
Отправить комментарий