Dur, saqi, qədəhi al ələ, doldur!
Kimsəyə içməkdən başqa yol yoxdur.
Günəş parçasıdır, badə deyil bu,
Gövhərində vardır həm atəş, həm su.
İki pərvanədir bağlanmış bura,
Birinin üzü ağ, birinin qara.
Kimsənin şamına deyil pərvanə.
Dinləməz kimsəni, baxmaz fərmanə.
Çıraqdan işıq ver, ev işıqlansın,
Hər iki pərvanə atəşdə yansın.
Bu yaşıl baxçaya verən yaraşıq
Çıraqdan parladır belə bir işıq.
Feyləqusun oğlu böyük İskəndər
Rusun talanından alınca xəbər,
Gecəni yatmadı, əzm etdi kinə,
Hər sayaq düşündü, daşındı yenə.
Neyləsin, bu işə necə don biçsin,
Üstündən atlayıb qolayca keçsin.
Şəbdizin belindən təngi açanda,
İskəndər yenə də ata minərək
Yel kimi tərpəndi, oldu bir şimşək.
Ceyhun sahiliylə atını saldı,
Oradan Xarəzmə doğru yol aldı.
Arxada ordusu dəniztək axır,
Çöllərin hesabı barmağındadır.
Xarəzmin çölünü ölçərək biçdi,
Ceyhuna gələrək, Amildən keçdi.
Aləmi qurtarmaq fikriylə rusdan
Suda və quruda durmadı bir an.
Yeməyib, yatmayıb, hey sürürdü at,
Səqlab çöllərinə açınca qanad,
Qıpçaqla qaynaşan boz çöllər gördü,
Baldırı ağappaq gözəllər gördü.
Üzü od, yanağı su kimi oynaq,
Günəşdən və aydan daha şux, parlaq.
Hamı kiçik gözlü, könül ovlayan,
Bir pəri səbrini əlindən alan.
Nə örtü, nə yaşmaq bilirdi onlar,
Nə də qardaşından, ərindən qorxar.
Darlıqda keçinən subay əskərlər,
Görüncə örtüsüz bir dəstə dilbər,
Dözməyib, qaynadı gəncliyin qanı,
Dinləməz oldular əmri, fərmanı.
Padşahın qorxusu çökdü əskərə,
Əl ata bilmədi o gözəllərə.
İskəndər görüncə o afətləri,
Xoşuna gəlmədi bu adətləri.
Ağ bədənlər gördü, gümüş vücudlu,
Ordu bütün susuz, onlar sərin su.
Ordunun halına yandı, nə demək,
Hər qadın qadındır, erkək də erkək!
Bu işə sərf etdi öz hünərini,
Çağırdı qıpçağın böyüklərini.
İskəndər onlara etdi çox hörmət,
Ucaldı başları, göstərdi şəfqət,
Örtülü dedi çöl qıpçaqlarına:
"Üzünü gizləmək xoşdur qadına.
Qadın ki, yadlara açar üzünü,
Nə əri düşünər, nə də özünü.
Bərklikdə ansa da daşı, poladı,
Yenə də qadının qadındır adı.
O azğın çöl xalqı, o köçərilər
Padşahı dinləyib durdu bir qədər.
Bu əmrə əymədi boyun heç biri,
Ən doğru sandılar bu ayinləri.
"Bəndəyik biz, deyə, təslim oldular,
İtaət edərik sənə, tacidar!
Üz örtmək doğru yol deyildir, ancaq,
İtaət etməz bu ayinə qıpçaq.
Üz örtmək ayini qoy olsun sənin,
Bizə də göz örtmək olmuşdur ayin.
Baxmamaq gərəkdir naməhrəm üzə,
Nə suçu var üzün, cəza ver gözə.
Bu sözlər gəlirsə padşaha ağır,
Nə üçün bəs üzə, arxaya baxır.
Bu hasar deyilmi qıza, gəlinə?
Heç biri girməmiş yad gərdəyinə.
Bizim qız-gəlinə yetər bu örük,
Yadlar gərdəyindən tutmamışdır yük.
Örtü salmaqdansa xalqın üzünə,
Özün bir örtü çək baxan gözünə.
Gözünə pərdəni asan bir nəfər,
Şübhəsiz, nə günəş, nə də ay görər.
Bu işdə cahandar əmr edir bizə,
İstəsən hər qıpçaq can verər sizə.
Edərik hər əmrin olsa, itaət,
Öz ayinimizdən dönmərik, əlbət."
Qıpçağın dilini uzun görüncə,
Susaraq, aldı bir acı düşüncə.
Padşaha apaydın oldu həqiqət,
Bu xalqa bir fayda verməz nəsihət.
Tutarlı bir tədbir göstərsin, deyə,
Söylədi bu sirri o fərzanəyə:
"Bu kəmənd saçlılar gözəldir, dilbər.
Hayıf ki, yadlardan üz örtməyirlər.
Pərvanə atəşdə yandığı qədər,
Yadlara bəladır bu qara gözlər.
Nə yolla qıpçağı bəs yumşaldım mən.
Gizləsin üzünü naməhrəmlərdən?!"
Bəlinas dil açdı ona hörmətlə:
"İtaət edərəm böyük minnətlə,
Mən elə bir tilsim qurum bu yerdə,
Dastanlara düşüb qalsın dillərdə.
Tilsimi hər qadın gördüyü zaman.
Üz-gözünü örtüb keçər yanından.
Bu şərtlə: padişah qalsın mənimlə,
İstədiyim şeyi gətirsən ələ."
Gərəkli şeyləri yaxşı-yamandan,
Güc ilə, qızılla tapdı hökmüran.
Bəlinas güvəndi bəxtiyarlığa,
Tədbirlə başladı sənətkarlığa.
Qara daşdan qurdu gözəl nazənin,
Dikəltdi bir yeni ayinli gəlin.
Ağ mərmər çadrası heykəl daşında,
Səmən yarpağıydı bidmişk başında.
Hər qadın keçirkən gördüyü zaman
Utanıb üzünü gizlədi ondan.
Üzünü, gözünü örtdü hər göyçək,
Utanıb üzünə çəkdi bürüncək.
O gün ki, çarşablı heykəl quruldu.
Qıpçağa üz örtmək bir adət oldu.
Sənətkar kişidən sordu İskəndər:
"Nə üçün bu xalqa daş etdi əsər,
Etmədi verdiyim əmrə itaət,
Bu cansız Heykəldən aldılar ibrət?"
Bəxtiyar bilici dedi: "Hökmüran,
Qıpçağın ürəyi qatıdır daşdan!
Bu gümüşbədənlər daşürəklidir
Daşürəkliləri onunçun sevir.
Hər biri elə ki, daşa yan alır
Qatı ürəkləri ondan yumşalır.
Üz-gözü bərk daşdan yaranmış dilbər
Utanıb, üzünü yadlardan örtər.
Bizə də gərəkdir belə bir örtük,
Ərlərə hörmətdir, yadlara örük.
Bir də ki, göylərə aid bir sirr var.
Etmərəm o gizlin sirri aşikar."
O tilsim kök saldı durduğu yerdə,
Üzlərə oldu bir ismətli pərdə.
Tilsimli o heykəl yenə ucalır,
Uçmamış, o çöldə indi də qalır.
Çevrəsi oxlardan dönmüş ormana,
Çay boyunca bitən ota, tikana.
Ətəkdə qartallar salan oxlardan
Daha çox görünür qartal və tərlan.
O yerdən keçərkən daim qıpçaqlar,
Pir deyib, başını səcdəyə qoyar.
Hər atlı, piyada o yoldan gedir,
Heykələ pir deyə, pərəstiş edir.
Atını sürərkən daşa, pir deyə,
Edir oxluğundan bir ox hədiyyə.
Çobanlar sürüylə keçərkən ordan
Verər o heykələ bir qoyun qurban.
Qartallar ucadan edərkən pərvaz
Qoyundan o yerdə bir tük də qoymaz.
Qorxaraq, o polad pəncə qartaldan
Heykəlin səmtinə gəlməz bir insan.
Bax, bilici necə bir heykəl qurdu,
O sənəm gah açdı, gah düyün vurdu.
İSKƏNDƏRİN RUS ÖLKƏSİNƏ ÇATMASI VƏ MÜHARİBƏSİ
Saqi, dur, örtülü bakirəni sən
Mənə ver, qorxursa ərə getməkdən.
Əlimi yuyum hər kirdən, murdardan,
Təmiz olmalıdır bikrə əl vuran!
Yenidən bu bülbül girmişdir bağa,
Bu pəri yan almış işıq - çırağa.
Fikrimə can verir bu pəricamal,
Pəriyə döndərmiş məni bir xəyal.
Bu qara Əhrimən mədənindən mən
Bir gövhər alım ki, çıraqdan rövşən.
Minlərcə eşq olsun, zəkalı ərlər
Zülmətdən çıxarır işıqlı gövhər.
Keçmişi gözəlcə bilib tanıyan
Tarixdən nəql edir belə bir dastan:
Rum sənətkarına şah verdi fərman,
Tədbirlər tökərək mum alsın daşdan.
O tələb edilən uğurlu heykəl
Firuzə naxşıtək bəzəndi gözəl.
Heykələ vurmuşdu elə bir bəzək,
Türklərin nəqşinə bağladı ipək.
Heykəli dikəltdi mahir sənətkar,
Önündən şövkətlə keçdi hökmüdar.
Keçirkən saçırdı, cəvahir, dövlət,
Dincəlmək fikriylə çəkirdi zəhmət.
Həftədə bir neçə mənzil gedirdi,
Mənzildə həftədən çox dincəlirdi.
Düşmənə olunca yaxın, coşdu kin,
Əjdərlər pəncəni etdilər kəskin.
Qarşıda göründü geniş bir sahil,
Gecəykən o yerdə etdilər mənzil.
O yaşıl çəməndə ordu, tacidar
Yolun zəhmətindən rahat oldular.
Ulduztək bəzədi baş ordugahı,
Göylərə ucaltdı onda dərgahı.
Hər tərəf bayraqla döndü tovusa,
Ordunun ağzını çevirdi rusa.
Bu qorxulu xəbər çatdı ruslara:
Əskərlə yetişdi o rumlu Dara,
O qədər əskər heç gəlməz xəyalə,
Dağlar da dayanmaz etsə bir həmlə,
Zor igidləri var qılınc oynadan,
İnsanı qıvrılmış ilantək sancan.
Qızmış bir aslandır kəmənd quranlar,
Fillərin başını yerə buranlar.
Çinli qulları var, hərbə girincə
Bir teldən ox atar yüzlər, minlərcə.
İskəndər deyil tək acıqlı aslan,
Bəladır dünya o qan qusduran.
Ardınca dağ kimi bir ordu gəlir,
Yer, göy titrəyərək tozlar yüksəlir.
İki yüz fili var üstü poladdan,
Torpağın canına salır həyəcan.
Çölləri tutmayır igidlər, fillər,
Ordusu ordular yaran bir əjdər.
Eşitdi rusların sərdarı Qıntal
Ki, dövran doğurmuş başqa bir əhval,
Yeddi rus soyundan tərpətdi ordu,
Hər qövmə uyan bir yaraşıq vurdu.
Bərtasdan, Alandan, Xəzrandan hədsiz
Sanasan sel kimi axdı dağ, dəniz.
İsudan Qıpçağın çölünə qədər
Hər yeri doldurdu ox, geyim, xəncər.
Hesaba gəlməyən qədər əsgər var,
Sayından acizdi böyük hesabdar.
Qarşıda olanı saydı bir bilən,
Ziyadə göründü doqquz yüz mindən.
Rusa iki ağac qaldığı zaman,
Atlardan enərək tutdular məkan.
Rus Qıntal söylədi: "Mərdləri yenən
Döyüşdə qorxarmı qızdan, gəlindən?
Heç zəhmət görməmiş belə bir əsgər,
Xəzinə karvanı, üstü zər, zivər.
Belə bir namuslu nazlı utancaq
Ruslarla döyüşdə tutarmı ayaq?
Cilovu, yəhəri qızıldır, gövhər,
Saf büllur təbəqlər, yaqut qədəhlər.
İşləri içməkdir, kefdir hər zaman,
Bir kərə keçməmiş hərbin yanından.
Gecələr alır xoş qoxudan fərəh,
Gündüzlər içkiylə qaldırır qədəh.
Biz ruslar ciyəri yeyərik bol-bol.
Qızlara yaraşır bu şərab, noğul.
Rumlular, çinlilər döyüşə girməz,
Geyinər qırmızı diba, sarı xəz.
Haqq bizi nemətlə etmiş sərəfraz,
Haqq verən bəxşişin önü alınmaz.
Yuxuda görsəydim bu qəniməti
Axardı ağzımın dadlı şərbəti.
Bir deyil, hədsizdir taclar, bəzəklər,
Dənizdə tapmarıq bu qədər gövhər.
Bu zəngin dövləti keçirsək ələ
Bütün ölkələrə düşər vəlvələ.
Padşahlıq edərək dünyanı alaq,
Əsrlər boyunca tacidar olaq."
Atını oynatdı dağın başına,
Bir neçə nəfər də qoşuldu ona.
Əliylə uzağı göstərdi: "Baxın,
Hurilər dünyaya etmişdir axın!
Dərgahı büsbütün gövhər, xəzinə,
İncilər saçılmış silah yerinə.
Yəhərlər büsbütün yaqutla dolu,
İncidir, gövhərdir atların çulu.
Ulduzlu külahlar ucalmış göyə,
Uzun don az qalır ayağa dəyə.
Tirmələr, ipəklər, fərşlər, xalçalar,
Nə əldə nizə, və oxluqda ox var.
Xalxalı qızıldan taxmış ayağa,
Zülfünün ucunu burmuş qulağa.
Hamısı şahanə zinətlə dolu,
Yox gedən ayağı, yox güclü qolu.
Bu əlsiz, ayaqsız nəfərlər neylər?
İskəndər bunlarla ordumu yenər?
Onlara bir iynə batırsan, bişəkk,
Ağızlar açılar bir pəncərətək,
Tarixlə, təqvimlə hərbə gedirlər,
Həsabda bir ayı təxir edirlər.
Bu ordu ən qızğın döyüşdə bir az
Əzilmiş kəsəkdən toz da qoparmaz.
Birlikdə hücuma keçsək üz-üzə,
Bu ordu dayanmaz bir həmləmizə."
Zəhmətlə keçinən sadəlövh ruslar
Hiyləyə aldanıb dedilər: "Sərdar!
Nə qədər ki, can var - əmrində varıq,
Bu əhdə, peymana baş, can qoyarıq.
Hər işdə, hünərdə olarıq nəhəng,
Qoymarıq qalsın bu gülşəndən bir rəng.
Bir basqın edərik azğın düşmana
Nizəmiz daşları boyar al qana.
Nizədən qılınca əl atan zaman
Başını keçirər kəməndə düşman."
Rus ordu qəlbini bir ocaq gördü,
Gücündən dağları yupyumşaq gördü.
Döndü ordugaha diləyi zəfər,
Qılıncdan pas sildi, qəlbindən kədər.
O biri tərəfdən şah da oturdu,
Başçı igidlərlə bir məclis qurdu.
Padşahı igidlər almış ortaya,
Bənzərdi dörd yanı ulduzlu aya.
Qədər xan Xətadan, Qur xan Xütəndən,
Dəbis Mədayindən, Vəlid Yəməndən,
Dəvalı Abxazdan, Hindi də Reydən,
Qubad İstəxrdən, Nəsəbi Keydən,
Gilanlı Zərivənd Mazandarandan,
Xavər ölkəsindən Niyal pəhləvan,
Sipənd Xorasandan, Fum da İraqdan,
Bərişad Ərməndən, bu ittifaqdan,
Rumdan, Əfrəncədən, Misirdən, Şamdan
Hesaba gəlməyən bir çox pəhləvan.
Padişah onları qurtardı qəmdən,
Ümidlər verməklə etdi qəlbi şən.
Dedi: "Düşmənimiz dava görməmiş,
Aslanla döyüşə etməmiş vərdiş.
Quldurluq, oğurluq, bir də yol vurmaq,
Düşmənin mərdliyi, bax, budur ancaq!
Qılıncı görməmiş hər iki əldə,
Bıçağı, nizəni köküsdə, beldə.
Bunlarda tapılmaz kəskin bir yaraq,
Yaraqsız döyüşdə neylər bir qoçaq?
Qarşıya çıxsa bu çılpaq nəfərlər
Biçərik başından göbəyə qədər.
Meydanda başlasam qılınc oyunu
Bağlaram Əlbürzün uca qolunu.
Mənəm əl gəzdirən o uzaqlara,
Can almaq istərkən can verdi Dara.
Kəməndi hiyləylə atdı Keyd mana,
Saldım o kəməndi öz ayağına.
Furun qoşunuyla döyüşə girdim,
Mərdliyimdən ona kafur yedirdim.
Yayım ki, qaşına bir düyün aldı,
Xaqanın yayında giriş boşaldı.
Ruslarla döyüşdən indi qorxmaram,
Onlar bir sel isə, mən də bir dağam.
Xəzər dağından Çin suyuna qədər
Türklərlə doludur bütün bu yerlər.
Bilirəm Rumları sevməyir bir türk,
Rumlara kinləri rusdan da böyük.
Türklərin oxuyla yenə bu zaman
Qabar əskik olmaz rus ayağından.
Zəhər ki, vücuda salır zəlzələ,
Sağalır yenə də başqa zəhərlə.
Eşitdim: bir tülkü yırtıcı qurddan
Köpək səsləriylə tapmışdır aman.
Durmayıb iki qurd kin ilə coşdu,
O qoca tülkünün dalınca qoşdu.
Çox zorba itləri vardı bu yurdun,
Qanına susardı tülkünün, qurdun.
Qorxudan tülkücük qopardı fəğan,
İtlərin bəndini açdı ağzından.
İt səsi bürüdü kəndin üstünü,
Canavar sandılar qoca tülkünü.
İtlərin səsindən hürkərkən qurdlar,
Qurtuldu o tülkü, olmadı şikar.
Sınaqlı düşmən də hər işdə belə
Qurtulur düşməndən düşmən əlilə.
Mənim ki, dəbdəbəm ucalır göyə,
Varmı ehtiyacım başqa köməyə?
Hər bağlı qapını açardır açan,
Çarə tapılmazsa, danış qılıncdan."
Başçılar bağırdı baş endirərək:
"Yolunda qanımız tökülsün gərək!
Hər zaman hünərlə işə yaradıq,
İndi biz olarıq ondan da artıq.
Həm hünər göstərmək, həm də mal üçün
Çalışmaq bir borcdur istiqbal üçün!"
Orduya verdi çox padişah ürək,
Ürəksiz bir nəfər olmasın gərək!
Düşündü, daşındı axşama qədər,
Cam ilə qılıncdan neyləsin səhər?!
Üzünü gizlərkən gündüz gecədən,
Keşikçi növbətdə, casus yatırkən,
Hesaba gəlməyən növbətçi əskər
Keçidli yollarda keşik çəkdilər.
Keşiksiz qalmadı qaranlıq gecə,
Keşikdə qaldılar şəfəq söküncə.
İSKƏNDƏRİN RUSLARLA VURUŞMASI
Ey saqi, durma, gəl, sevindir məni!
Şengərflə yoğurmuş odlu civəni
Ver mənə, bəzəyim uca eyvanı,
İşlədim ərinmiş o saf boyanı.
Ey sınaqlı dehqan, dünya görmüş pir,
Ürəyə yatımlı sözləri gətir!
Şah Çindən Rus üstə gələndən sonra
Onu çərxin atı götürdü hara?
Çərx ona nə oyun başladı təkrar?
Nə hiylə işlətdi ona ruzigar?
Tarixin sərrafı, o gövhər satan
Sözləri gövhərlə asdı qulaqdan.
İskəndər elə ki, coşğun rus gördü,
Dünyanı qanadsız bir tovus gördü.
Böyrünü vermədi gecə yatağa,
Durdu bəxt ararkən ulduz saymağa.
Öz ipək fərşini yığınca yerlər,
Teşt ilə, qılıncla oynadı səhər,
O teştdə parlayan qılınc günəşin
Başını kəsərək, gördü öz işin.
Qara örtüsündən qaldırınca baş
Şimşəkli qılınca büründü dağ, daş.
İki ordu deyil, iki dəniz qan,
Qədərcə çox idi dəniz suyundan.
Çapdılar o meydan boyu "qan" deyə,
Qılınclar, bayraqlar ucaldı göyə.
İki meydan boyu polad ayaqlar,
Sıx yerdə dağ kimi tutdular qərar.
Sançıya əmr etdi böyük İskəndər.
Qoşuna san verdi, düzüldü səflər.
O polad geyimdən, almas qılıncdan
İşıqlı günəşə ucaltdı duman.
Hər qövmün başında özündən sərdar.
Çəkdilər meydanda dağ kimi hasar.
Dəvali və İran pəhləvanları
Sağ qolda yerləşdi, coşdu qanları.
Qədər xan fəğfurlu igidlər ilə
Cəbhənin solunu götürdü ələ.
Cinahda ox atan xas qulamlardı,
Dönüş yollarına qanad salardı.
O polad geyimli fil ən ortada,
Kükrəyən igidlər durmuş arxada.
Filgövdə padişah minbir ümidlə
Minmişdi dağ kimi qızmış ağ filə.
Qarşıda bənizi qırmızı ruslar
Məcusun atəşi kimi parıldar.
Sağ qolu bəzəmiş Xəzran dəstəsi,
Soldan da ucalır Bərtasın səsi.
Alani arxadan, İsuvi qoldan,
Əzm etmiş baş, boyun qoparsın hər an.
Cəbhənin qəlbində rus kinə dolmuş,
Köksündən İskəndər eşqini yolmuş.
Hər iki tərəfdə səf çəkdi əskər,
Lacivərd göy kimi ucalmış yerlər.
Rusların təblindən doğru həyəcan,
Xəstə bir hindlitək qopardı fəğan.
Göyləri sarsıdan təbil və boru
Yerlərin qarnına salırdı buru.
Zorba türk borusu etdikcə şiddət
Türklərin qoluna gəlirdi qüvvət.
Coşduqca yer yaran at kişnəməsi
Balığa çatırdı yerin naləsi.
Həftğuş əmudların təpiklərindən
Fələyin öküzü qopardı şivən.
Dəldikcə qılınc hər gümüş peykəri
Gümüşdən çıxarır qan danələri.
Dəmirdən keçdikcə üçpərli oxlar
Sanki çəmənlikdən ötürdü quşlar.
Nizədən qamışlıq olmuş yer üzü,
Dağ çökür çuxura yedikcə gürzü.
Tüklərin ucuyla nizə ucalır,
Düşmən öz qanıyla dəstəmaz alır.
Qurd gönündən olan müdhiş təbildən
Qızışır döyüşlər, coşur döyüşkən.
Daşlarda nizə qan çeşməsi açar,
Bir orman göyərdir yay ilə oxlar.
Oxların meyvəsi al güldən nişan,
Güllərin qan damar hər tikanından.
Qalxanı əridən polad nəhənglər
Başını uzatmış, sərkəşlik edər.
Dağlara deşiklər açırdı buxar,
Yerlərin canında bir titrəyiş var.
Rus döyüşməsindən dəhşət çökürdü;
Aslanlar altında atlar ürkürdü.
Əflatun, Fəlatus xalqıtək nadan
O yerdə əskikdi bir aciz rusdan.
Rumlular fələyə ucaltdı bayraq,
Qılıncdan suya bir atəş olaraq,
Havanın boğazı sanki tıxandı,
Dünyanın nəfəsi artıq dayandı.
Nə yerdə yer tapır yeriyən ayaq,
Nə uçan havada tapırdı bucaq.
Ruslardan bir nəfər açdı meydanı,
Bir tülkü papaqlı Bərtas aslanı
Küləyə minmişdi yeriyən dağtək.
Dağ külək belində durarmış demək!
Döyüşmək istədi, suladı meydan,
Özünü öyərək, oxudu dastan:
"Xam dəri geyinən hər bir Bərtası,
Mənim varlığımla qızar arxası.
Pələnglər yırtaram dağlar qaşında,
Nəhənglər yeyərəm sular başında.
Aslantək alışdım sağrı yırtmağa.
Tülkütək baxmaram yağlı quyruğa.
Pəncədə kəskinəm, qüvvətdə mətin,
Maral böyrü yırtmaq deyildir çətin.
İçdiyim, tökdüyüm daima al qan,
Geyimim xam dəri olmuş hər zaman.
Nizəm daldan dəysə çıxar göbəkdən,
Sınamaq istəsən, bu meydan, bu sən!
Bir ordu kükrəsə Çin ilə Rumdan
Atəşin alovu ucalar mumdan.
Mənə qandan başqa töhfə gətirən,
Yox olsun elə bir yolçu, döyüşkən.
Kim mənə qaş çatsa qürur edərək,
Zivər yox, al kəfən geyinsin gərək!"
Onun qarşısına şah ordusundan
Çıxdı bir nizəli igid pəhləvan.
Meydanda kin ilə açdılar pəncə,
Çarpışma uzandı hey döyüşdükcə.
Acıqlı Bərtasın son qılıncından
Torpağa sərildi rumlu pəhləvan.
İkinci rumlu da ölüm, kin gördü,
Bərtasın bəxtini çox mətin gördü.
Hindi adlı igid şahzadə vardı.
Hindli qılıncıyla çox baş vurardı.
Qızmış aslan kimi qopardı fəryad,
Cumdu qurd üstünə əlində polad.
Qol kimi sınandı, oldu çox həmlə
Kimsənin taleyi gülmədi hələ.
Acığa dolunca şahzadə Hindi,
Qılıncı düşmənin çiynindən endi.
Başını biçdi o kəsici almas,
Atın dırnağında çırpındı Bərtas.
Ruslardan başqa bir qılınc oynadan
Boynunu ucaltdı əlində qalxan.
Öyünə-öyünə girdi meydana,
Susamışdı sanki düşmən qanına.
Hindi qılıncını endirdi ona,
Ehtiyac qalmadı rus qalxanına.
Çıxdı bir başqa rus qılınc vurmağa,
Göz-gözə gəlincə düşdü torpağa.
Çox igid öldürdü, oldu gün yarı,
Tazitək qovurdu o, ceyranları.
Rusların nəfəsi tıxandı ondan,
Olmadı daha bir qarşıya çıxan.
Vücudu al qana batmışdı daha,
Yüyəni çevirdi tez ordugaha.
Görüncə İskəndər göstərdi hörmət,
Verdi ən dəyərli, yararlı xələt.
Hər iki tərəfdən enərək ordu
Keçidli yollarda keşikçi durdu.
Dan yeri sökərkən saqi qalxdı şən,
Şərabdan torpağa yaqut səpərkən,
Od saçan dəniztək hər iki əskər
Pusquda yenə də kaman çəkdilər.
O qanlı meydana çaparaq təkrar
Aslan yıxmaq üçün ova çıxdılar.
Gurlayan şeypurlar çaldıqca çalır,
Başlardan ağıl, huş, üzdən rəng alır.
Qurd gönlü təbillər etdikcə fəryad,
Ürək yox, yumşalır ən qatı polad.
Səs-küydən titrədi yerin damarı,
Göy atdı nalını, günəş mismarı,
Dikbaş bir eylaqlı susadı qana,
Atını od kimi sürdü meydana.
Vücudu gizlənmiş polad içində,
Ürəyi dünyadan bərk idi kində.
Döyüşmək istədi qızmış filbədən,
Gələn qurtulmadı dəmir gürzündən.
Qorxdu dəhşətindən hər bir namidar,
O aslan pəncədən baş qaçırdılar.
Bir saat sonra bir acıqlı aslan
Meydana at çapdı öz ordusundan.
Buxara atında qızmış fil kimi,
Atıldı irəli daşqın Nil kimi.
İgid eylaqlıya bağırdı gələn:
"İşıqlı, al günəş çıxdı pərdədən,
Əlində saqitək cam olan mənəm!
Eylaqlı qanından şərab içənəm."
Atı məhmizlədi bitincə sözü,
Yuxarı qaldırdı o, polad gürzü.
Qızmış fil vurduğu kəskin mizraqdan
Fil vücudun başı gəldi ayaqdan.
Eylaqlı toppuzdan oldu sərsəri,
Onun qan tufanı məst etdi yeri.
Onlardan bir atlı çıxdı meydana.
Dağ kimi yanaşdı o dağ yarana.
Aldığı zərbədən oldu yerlə bir,
Əlində çox igid can verdi bir-bir.
Belə baş qoparmaq nəticəsində
Bir qürur göründü hər şivəsində.
Bir çox polad geyim, almaz qılınclar
Qarşıya çıxınca oldular şikar.
Səhərdən ikindi çağına qədər
Olmadı qarşıya çıxan bir nəfər.
Burdu qulağından qəzanın qədər,
Yenidən qanlarla qaynadı ciyər.
Ruslardan at çapdı bir gövdəsi fil,
Üzü qıpqırmızı, gözləri bir Nil.
Rumlardan pəhləvan istəyib durdu,
Çox mərdlik göstərdi, mərd başlar vurdu.
Qanını axıtdı kimə yan aldı,
Bir neçə bədəndən şirin can aldı.
Sınaqlı igidin bu bas-kəsindən
Olmadı rumlardan meydana gələn.
Ruma əl tapınca rus aldı meydan,
Filləri süst gördü öz çomağından.
Oynatdı qılıncı, coşdurdu kini,
Öldürdü bir neçə rumlu, çinlini,
Nizəylə boynunu bir az uzatdı,
Qürurla meydanda nizə oynatdı.
Rum qərargahının yaxın böyründən
Atını çapdı bir adlı döyüşkən.
At deyil, bir şahin oynatdı qəşəng,
Yox, qılınc deyildi, asmışdı nəhəng.
Əynində ipəkdən bir çuqalı var,
Başını bir polad dəbilqə oxşar.
Sərxoş ifrit kimi soxuldu hərbə,
Əlində dörd başlı bir kəskin zərbə.
Nizəni qaldırdı rusa baxaraq,
Dedi: "İstəmirsən torpaqda yatmaq,
Bil, mazandaranlı Zərivənd mənəm!
Döyüşdə divlərlə mən əylənənəm".
Ondakı heybətdən rus bir şey qandı,
Səfrası qarışdı, başı fırlandı.
Meydanı daraldı - anladı o kəs,
Bu başqa hərifdir, ona bənzəməz.
Atı oynatmadı, çəkildi geri,
Bildi ki, mərdlikdə yox bərabəri
Cilovu çevirdi tez ordugaha,
Yel kimi sovuşdu, durmadı daha.
Aslana çevirdi arxa, arxadan
Zərbəni endirdi ona pəhləvan.
Qaçanın belini zərbəsi yardı,
Köksündən dördbaşlı nizə çıxardı.
Uçan at yel kimi keçdi meydanı,
Ruslara yetirdi o əzgin canı.
Tanış, yad qaçaraq tutdular xəbər,
Səlibə dönmüş bir ölü gördülər.
Bildilər döyüşkən, qızmış əjdaha
İgidlər belinə xaç vurdu daha.
Çəkildi arxada, öndə yüyənlər,
Çıxmadı Bərtasdan, rusdan bir nəfər.
Qoşunun nəhayət səbri tükəndi,
Bir rus pəhləvanı dağtək tərpəndi.
Qıntala qohumdu, adı da Kupal,
Fil canlı pəhləvan yanaşdı, dərhal
Girdi bir-birinə iki çarpışan,
Qılınclar oynadı hər iki yandan.
Zərivənd nəhayət bir qılınc çaldı,
Kupal pəhləvanın canını aldı.
Belə bir hünərlə dikbaş ruslardan
Yetmiş nəfərini qırdı pəhləvan.
Acıqlı aslandan qıvrıldı Qıntal,
Ordunu döyüşdə görüncə topal,
Pəhləvan atlandı zireh geyərək
Budağı qılıncdan olan sərvtək.
Atıldı əjdaha yəhər qaşına,
Yüyəni buraxdı meydan başına.
Zərivənd görüncə bu əjdahanı
Kükrəyən buludtək oynadı qanı.
İki iti qılınc çıxdı qınından,
Göy kimi istidən qızışdı meydan.
Pərgar pərləritək mərkəzi ölçən,
Biri gec, birisi sürətlə keçən,
Çatıb bir-birinə, girdilər hərbə,
Yaralar açaraq, vurdular zərbə.
Qazana bilmədi heç biri zəfər,
Çarpışma uzandı gecəyə qədər.
Nəhayət, bir qılınc endirdi Qıntal,
O gəlin bəzəkli igidi dərhal
Torpağa düşürdü qızıl yəhərdən,
Aslan pəncəsində öldü filbədən.
Öldürən girincə düşmən qanına,
Sevincək döndü öz ordugahına.
Bu işdən sıxıldı böyük tacidar,
Torpağa sərildi gilanlı salar.
Əmr etdi igidi etsinlər rahət,
Adına münasib edilsin xidmət.
O sultan şövkətli şəfəq sökərkən,
Dağa dalğa vurdu Çin dənizindən.
"Qan" deyə, susadı hər iki əskər,
Bisitun dağıtək bayraq çəkdilər.
Dənizdən kükrədi bir bulud peykər,
Hər meşə içindən çıxdı bir əjdər,
Nəhənglər nərəsi ucaldı dağa,
Hər yandan axırdı qan dalğa-dalğa.
Filgövdə bir rumlu toppuz əlində,
Qılıncı əlində, oxluq belində,
Döyüşə çağırdı versin imtahan,
Çıxdı sarı kaftan geymiş pəhləvan.
Toppuzu başından vurunca birdən
Rusda nə baş qaldı, nə qol, nə bədən.
Başqası kükrədi, onu da yardı,
Qarşıya çıxandan beyin qopardı.
Qılıncda, qədəhdə, şöhrətli, şanlı,
Fərincə adında, özü alanlı,
Toppuzu çiynində atı oynatdı,
İnsanın başından huşunu atdı.
Bu qapdı toppuzu dolaraq kinə,
O da tez gürzünü atdı çiyninə.
Toppuzlar oynadı göydə yan-yana,
Şiddətlə sarıldı düşman düşmana.
Alanlı döyüşə girdiyi zaman,
Bildi ki, acizdir talesiz düşman.
Toppuzu başından elə endirdi,
Baş, beyin dağıldı, qarnına girdi.
Düşmənin başını salınca yerə,
Qürurla boynunu çəkdi göylərə.
Acıqlı bir aslan Ermənistandan -
Vurub öldürməkdə cəsur pəhləvan.
Adı Şərvə, özü döyüşdə kamil,
Nə aslan tay idi ona, nə də fil.
Hər əldə bir qılınc - nəhəngdən nişan,
Çox nəhəng başını qoparmış aslan.
Alanlı üstünə at səyirdərək
Parlayan qılıncdan oynatdı şimşək.
Fərincə görüncə adlı igidi,
Qalxanı qanadtək çiyninə tikdi.
Şərvə bir qılıncla saldı nəfəsdən,
Çırpındı, can quşu uçdu qəfəsdən.
Eysudan bir məğrur susadı qana,
Atını od kimi çapdı meydana.
Mərdliklə çalışdı, göstərdi hünər,
Şərvəyə aslanlıq nə fayda verər?
Düşmənin heybəti qorxutdu onu,
Bir ağır zərbəyə verdi boynunu.
Cərəm adlı bir dağ Ləzgi dağından,
Əlindən zinhara gəlmiş bu cahan.
İgidin poladdan külahı vardı,
Üzündən, gözündən döyüş yağardı.
Əynində dəmirdən bir geyimi var,
Saf gümüştək yanar, civətək parlar.
Şərvəyə yanaşdı o qızmış aslan,
Gözünü açmağa vermədi aman.
Bir qılınc endirdi aslan Şərvəyə,
İgidin tozunu sovurdu göyə,
Düşməni torpaqda görüncə belə,
Beynini dağıtdı at təpiyiylə.
Boynunu çəkən çox adlı pəhləvan
Oturdu buza o soyuqqanlıdan.
Dəvalı görüncə elə bir gərdən,
Gərdən yox, meydanda gərdənlər yeyən.
İlantək qıvrıldı, istədi yaraq
Düşməni yıxmağa hazır olaraq.
Başına dəbilqə qoyaraq o şir,
Özü Çin poladı, üzü xas dəmir,
Zəhərli qılıncı boynuna saldı,
Saç kimi hörülmüş kəməndi aldı
Atını sardı bir dəmir örtüyə,
Dağ kimi atıldı tez üzəngiyə.
Düşmənin üstünə çapdı gülərək,
Məktəbdən evinə dönən çocuqtək.
Cərəm görən kimi o pəhləvanı,
Qorxdu bu döyüşdən, titrədi canı.
Çətindi o yerdən geri qayıtmaq,
Çarəsiz ölümə boyun qoyaraq,
Dəvalı səmtinə çapdı sürətlə,
Aslanla döyüşdə başladı hiylə.
Dəvalı düşmənin qıvrılmasından
Özünə örkəntək sarıldı yaman.
Ortada çox sözlər keçdi, müxtəsər,
Xeyirçün bir söz də söyləmədilər.
Dəvalı coşunca kinin selindən
Qılıncı endirdi düşmən belindən.
Şığıdı, zəhmətsiz ortadan keçdi,
O ağır qayanı ikiyə biçdi.
Bir sərxoş fil kimi qardaşı vardı,
Qanını almaqçın meydana vardı.
Aldı Dəvalıdan sağalmaz yara,
Çəkildi qardaşı yatan çadıra.
Güldü bəxt o polad arxalı dağa,
Çox ordu qıranı sərdi torpağa.
Codrə adlı bir rus oxudu meydan,
Südəmər ceyrandı ona hər aslan,
Qocaman gövdəli, güclü, döyüşkən,
Meydanda təklikdə bir ordu yenən.
Boynundan asmış çox igid qanını,
Çox boyun çəkənin almış canını,
Qurşaqda düyünü çox möhkəm vurdu,
At sürüb Dəvalı önündə durdu.
Qılınclar oynadı kin ilə dolu,
Bağlandı ayağın qaçacaq yolu.
Sınanmış igidlər çox döyüşdülər,
Burulan qılınclar etmədi əsər.
Rus kəskin qılıncı qaldırdı sağa,
Burdu birdən-birə o polad dağa.
Yardı dəbilqəni, keçdi gözünə,
Vücudu qərq oldu qan dənizinə.
Aldığı yaradan çox süst göründü,
Cilovu qaparaq geriyə döndü.
Başını bağladı, boşaldı yəhər,
O baş sınmasından sındı İskəndər.
Həkimə əmr etdi çatsın haraya,
Sağaldan bir dərman qoysun yaraya.
Çox şəfqət göstərsin köməyə gedən,
Dəvalı sağalsın o xəstəlikdən.
Gecə öz başına örtük çəkəndə
Ay başından düşdü müşkin kəməndə.
Hər iki tərəfdə durdu qaravul,
Orduya milçək də tapmadı bir yol.
Elə ki, ucaltdı günəş boynunu.
Zülmətdən yudu bu çərxin donunu,
Bir daha səsləndi qızmış aslanlar,
Çölü ceyranlara etdilər məzar.
Ətrafa səs saldı zəng, boru, cərəs,
Qan coşur kərənay aldıqca nəfəs.
Fəryada gəldikcə şeypur ilə kus,
Açılır qırmızı güldən Səndərus.
Yenidən meydana çıxdı o Codrə,
Özündə görmədi süstlük bir zərrə.
Qara aslan kimi atını təkrar
Meydanda oynatdı Hindi namidar.
Codrəyə üstünlük göstərdi hər an,
Dəyərsiz yaralar vermədi ziyan,
Nəhayət, qaşına bir düyün aldı,
Codrənin başını yəhərə saldı.
Kam aldı vurmaqla düşmən boynunu,
Atının nalına tapşırdı onu.
Meydanda dolaşdı o igid aslan,
Bir çox pəhləvandan boşaldı meydan.
Vardı bir pəhləvan, adı da Tartus,
Mərdliklə tanırdı onu hər bir rus.
Sanki qıvrılırdı qırmızı ilan,
Qarşıya kim çıxsa alar ondan can.
Hindiyə kükrədi kəskin yel kimi,
Dağlardan tökülən coşqun sel kimi.
Düşmənlə o qanlı toqquşmalarda
Mərdliklə heç biri qalmadı darda.
Nəhayət, rus birdən keçdi həmləyə,
Hindinin tozunu sovurdu göyə.
Qanını canından çəkdi birbaşa,
Axıtdı mey, camı çaldı bir daşa.
Atdı dəbilqəni, bağırdı: "Mənəm
Qorxunc bir əjdaha, aslan yenənəm!
Kim mənə qaş çatsa qürur edərək,
Geyim yox, kəfənə bürünsün gərək.
Mənə Tartus adı vermişdir anam.
Rusların Rüstəmi sayılır bu nam.
Ordunu ayaqdan salmasam, inan,
Dönmərəm geri bu qanlı meydandan."
Hindinin ölümü şaha dəyərək,
Qıvrıldı özünə gəlin zülfütək.
Atını meydana çapmaqdı fikri,
Yenə də əzmindən tez döndü geri.
Mənalı nəzərlə süzdü sağ-solu.
Kim açar ordudan intiqam qolu?
Meydana at saldı igid bir nəfər,
Çinli qılıncından çaxdı şimşəklər.
Coşğun aslan kimi bir uca atlı,
Hünərli, ürəkli, şərəfli, adlı,
Dəmirə batmışdı başdan-ayağa,
Tək ağzı görünür nəfəs almağa.
Dolaşır meydanı baş ucaldaraq,
Oynayan qılıncı şimşəktək parlaq.
Ondakı cəldliyi düşmən görəli
Qaşının üstündə qurudu əli.
Ruslardan meydana səyirtdi bir at,
Qılınc oynatmağa açdı qol-qanad.
O kəskin qılıncla elə bərk vurdu,
Düşmənin kəlləsi ətəkdə durdu.
Ondan ürəkli bir atlı pəhləvan
Erkək aslan kimi oxudu meydan,
Onun da başını yedi bir yara,
Bir bəla kəsildi bir çox başlara.
Qırx nəfər o qaya arxalı rusdan
Asanca öldürdü döyüşçü aslan.
Hər səmtə dönürdü atı ahəstə,
Rusdan yüzü ölər, yüzü də xəstə.
Hər yana edirdi həmlə bir kərə,
Ruslardan bir ordu sərirdi yerə.
Gördülər nizəsi susamış qana,
Qorxudan çıxmadı kimsə meydana.
Zəfərli bir həmlə edərək axdı,
Yüyəni yelcilov ata buraxdı.
Dağ kimi hər səmtə düşürdü gözü,
Yüzü yara alır, ölürdü yüzü,
İskəndər heyrətlə öydü igidi:
"Bu qola, qılınca eşq olsun!" dedi.
Hünərlə döyüşür, düşməyir dara,
Alov yağdırırdı o tikanlara.
Müşk, ənbər səpincə yerə qaranlıq
O igid meydandan qayıtdı artıq.
Günəşi örtüncə dağların qaşı,
Yuxuya gedərkən gündüzün başı,
Qara əjdahatək qaranlıq gecə
Başını balıqdan aya çəkincə.
Zülmətlər yolçunun yolunu tutdu,
O qara əjdaha ayı da uddu.
Atlı əl çəkmədi çalıb çapmaqdan,
Rahatlıqçın döndü geri pəhləvan.
Qaranlıq içində oldu tez nəhan,
Olmadı onu bir görən, tanıyan.
İskəndər o atlı, qoçaq igidi
Bir aslan ürəkli aslan zənn etdi.
Deyirdi: "Doğrudan bu ər oğlu ər
Döyüşdə mərdliklə göstərdi hünər.
Görsəydim üzünü, igidliyinə
Verərdim yüz başı bağlı xəzinə.
Bir bəla kəsildi bu düşmən xalqa,
Mənə öz qolumtək oldu bir arxa.
Coşğun bir aslandı, deyildi insan,
O igid aslana eşq olsun hər an!"
Firuzə rəngli tağ ertəsi günü
Dağ-daşdan ucaltdı yaqut güzgünü.
Alanlı bir atlı döndü aslana,
Qara əjdahatək girdi meydana.
Əlində yetmiş zor igidin gürzü,
Kökündən ayırır qoca Əlbürzü.
Mərd kimi dolaşıb başlar yarırdı,
Fələyin qəlbindən toz qoparırdı.
İran, Rum və Çinin igidlərindən
Çox kişi öldürdü o nər döyüşkən.
Yenə o rus qıran adlı pəhləvan,
At çapdı meydana o qızmış aslan.
Yayına xam göndən bir giriş vurdu,
Ox aldı əlinə, yayını qurdu.
Yay tutan qolunun gücüylə oxdan
Alanlı pəhləvan təslim etdi can.
Sanki bir məkikdir hind qamışından,
İçindən ox dəyib keçmiş bir zaman.
Bir pişik gözlü rus alnında qırış,
Acığı aslantək qaşına yığmış.
Döyüşdə tanışdı ona hər yaraq,
Zirehə yüz yerdən vurmuşdu yamaq.
Durdu həm qılınc, həm at oynatmağa.
Polada batmışdı başdan-ayağa.
Meydanda döyüşü sanırdı asan,
Atını yüklədi hər bir silahdan.
Ürəyi daşdan da möhkəmdi, əlbət,
Bilmədi döyüşdə var necə dəhşət.
Silaha təklikdə alışmışdı bu,
Düşmən qılıncından duymamış qorxu.
Əjdaha ürəkli salınca nəfəs,
Aciz bir ov gördü, çıxarmadı səs.
Gördü ki, üstündə çox yarağı var,
Özündən, atından xoşdur çul, paltar.
Başını qılıncla oynatdı yerdə,
Çulundan üzünə çəkdi bir pərdə.
Başqa rus kin ilə at oynatdıqca,
Torpağa sərildi qılınc atdıqca.
Başqa rus yanaşdı kəskin polada,
Onlara dəyəndən dəydi buna da.
Yayından şığıyan hər kəskin oxdan
Yan verdi yerə bir igid pəhləvan.
O atlı qəhrəman düz on ox atdı,
On igid qəhrəman torpaqda yatdı.
Yenə də görünməz oldu gözlərə,
Qayıtdı igidlər oturan yerə.
Neçə gün o igid hərbə yanaşdı,
Örtülü çıxaraq, açıq savaşdı.
Qalmadı kimsədə cəsarət, hünər,
Döyüşdə onunla dursun bərabər.
Can, qılınc qorxusu çatdı bir yerə,
Az qaldı dağılsın onlar çöllərə.
Namusa dalaraq etdilər səbir,
Hiyləyə uyaraq tökdülər tədbir.
Bir gün bu qoca çərx dövran edərkən,
Bir gövhər çıxardı qır dənizindən.
Meydan bəzənərək səflər düzəldi,
Hər yandan bir igid nərəsi gəldi.
Gurladı çanlar rus ordugahından,
Qalxdı qışqırıqlar göyə hər yandan.
Mərkəzdə ruslar da ordu çəkərək
Səfləri bəzədi gözəl gəlintək.
Atıldı bir köhnə kürklü döyüşkən,
Sanki bir nəhəngdir çıxdı dənizdən.
Piyada, bir parça dağdı gövdəsi,
Beş yüz atlıdan da çoxdu hərbəsi.
Qocaman, qüvvətli pəncəsi vardı,
Almazı sıxsaydı tez yumşaldardı.
Div kimi qan iyi duymuş, qaniçən,
Fırlanmış cəhənnəm dəhlizlərindən.
Ayağında onun boyuna uyar
Həm qalın, həm uzun bir zənciri var.
Sanasan kükrəmiş vəhşi bir aslan,
Kəskin səs-küy ilə dolmuşdu meydan.
O güclü ayağı hər yerə vurur,
Zərbindən açılır dərin bir çuxur.
Dəmirdən əyribaş toppuzu vardı,
Dağların başını dağa dayardı.
Hər yana cumdu bu dəmir toppuzla,
Çox igid öldürdü, sərdi sağ-sola.
O qalın bədənin kobudluğundan
Canı kir bağlamış, qartmaqdır hər yan.
Döyüşmək qəsdiylə girsə meydana
Nə qılınc, nə toppuz kar edər ona.
Belə bir əjdaha atıldı birdən.
Firiştə öldürən, o insan yeyən.
Sanki bir qarınca tutur görüncə,
Qoparır başını o aslanpəncə.
Başqa bir işi yox başlarkən savaş.
Bədəndən gah ayaq qoparır, gah baş.
Tutunca qarşıya çıxan yağını
Qırır gah belini, gah ayağını.
Qocaman gövdəli cəsur bir atlı,
Döyüşdə sınanmış bir yel qanadlı
At sürdü, meydanda ucaltsın boyun,
O qızğın atəşlə oynasın oyun.
Görüncə bu nəhəng onu uzaqdan.
Tutmaqla yırtmağı çəkmədi bir an.
Meydana başqa bir pəhləvan çıxdı,
Bir anda onu da atından yıxdı.
Böyləcə əl atar-atmaz çomağa
Bir neçə igidi sərdi torpağa.
Çox ürək yardı o yırtıcı aslan,
Ən cəsur mərdlərin bağrı oldu qan.
Hər ağıl sahibi edərdi heyrət:
Nə insan, nə divdi o zorba xilqət!
Gündüzə səs vurdu qaranlıq gecə
Al günəş başını yerə dikincə.
İskəndər bu işə çox heyrət etdi,
Məclisdə qapalı məsləhət etdi:
"Bəladır bu insan öldürən qoçaq,
Onunla döyüşə acizdir bu xalq.
Silahsız bu adam qarşı gəlirkən,
Silahlı igidlər qaçır önündən.
Nəsilcə, şübhəsiz, bu insan deyil,
Olsa da, bu abad torpaqdan deyil,
Virana yerdəndir, vəhşi xilqəti,
İnsana bənzəyir yalnız surəti."
Orduda tapıldı onu tanıyan,
Baş əydi, təmkinlə dedi: "Hökmüran!
Madam ki, əmr edir adil padişah,
Şahı o vəhşidən eyləyim agah.
Bir dağ var, zülmətə yaxındır qolu,
Tük kimi incədir gedilən yolu.
O yerdə yaşar bu xilqətdə insan,
Tərkibi torpaqdan, gücü poladdan.
Onların əslini doğru bilən yox,
Əslindən, irqindən xəbər verən yox.
Hamısı göygözdür, qırmızıyanaq,
Aslandan da qorxmaz bu acıqlı xalq.
Çox dayanıqlıdır, güclüdür onlar,
Meydanda biri bir ordu dağıdar.
Erkəyi, dişisi dolsa hiddətə,
Dünyanı çevirir bir qiyamətə.
Silahda, döyüşdə sınaqları var,
Savaşdan başqa şey tanımaz bunlar.
Görməmiş onlardan ölən, bir nəfər,
Arabir görünür yalnız dirilər.
Bunların sərvəti qoyundur ancaq,
Hər zaman qoyunla keçinir bu xalq.
Yunladır bunların ticarətləri,
Yoxdur bundan başqa bir sərvətləri.
Kimsədə tapılmaz xəzinə, sərvət,
Bunların var-yoxu samurdur, əlbət.
Ən incə, dəyərli, qara samurlar
Ancaq bu ölkədən, bu yerdən çıxar.
Hər qadın, erkəyin alnında geniş
Kərgədan kimi bir buynuz göyərmiş.
Bunların buynuzu olmasa, inan,
Surətcə seçilməz bu çirkin rusdan.
Baş, sima, təbiət, biçimsiz peykər,
Baxdıqca ən çirkin xoruza bənzər.
Kim yatmaq istərsə - gənc olsun, qoca.
Qonar şahin kimi uca ağaca.
Buynuzu bənd edər qalın budağa,
Div kimi tərpənməz, başlar yatmağa.
Yaxından budağa baxdığın zaman
Asılmış əjdaha görərsən ordan.
Yorğun da olsalar yatmazlar əsla,
Çünki yatmaq ziyan verər ağıla.
O yerə arabir gəlirkən ruslar
Ağacdan asılmış o divə baxar.
Bu yığnaq özünü o divdən gizlər,
Ona yanaşmağın yolunu izlər.
Onu bir kəndirlə salarlar bəndə,
Boynunu çəkərlər dəmir kəməndə.
Möhkəm bağlayınca zənciri, bağı,
Onu əlli nəfər çəkər aşağı.
Əsir olduğundan tutunca xəbər,
Dönər ildırıma, nərildər, kükrər.
Dartınıb qırarsa zənciri, bağı,
Əlindən qurtulmaz onun bir yağı.
Bir ziyan verməsə möhkəm bağına,
Gətirərlər onu rus torpağına.
Açılmaz o qalın zəncir boynundan,
Gəzdirib çox qazanc alırlar ondan.
Onu gəzdirərlər kəndlərdə ev-ev,
Onlara çox sərvət qazanır bu dev.
Ruslarla bir dava düşdüyü zaman
Bu canlı fil ilə qızışar meydan.
Zəncirə çəkilər güclü əjdaha,
Boynundan zənciri açmazlar daha.
Belə od meydana çıxsa, qorxudan
Üzlərdə rəng qalmaz, bədənlərdə can.
İskəndər o bəla haqqında daldı,
Bu dastan beyninə bir atəş saldı.
Dedi: "Bu iş məni qorxudan deyil,
Ox çubuqları bir ormandan deyil.
Bu uca taleyim mənə olsa yar,.
O divin başı da nizəmdə oynar."
Şəfəq gün doğandan çıxarınca baş
Qaranlıq Məğribdə gizləndi yavaş.
Şərq şahı orduya verdi yaraşıq,
Ancaq div haqqında fikri qarışıq.
Sağ qolda dayandı rumlu, bərbəri,
Tutmuş Yəcuc kimi sədd-İskəndəri.
Dar gözlü çinlilər solu almışdı,
Onların gücündən yer daralmışdı.
Ordunun qəlbində igid İskəndər,
Atı da altında bir dağa bənzər.
O yanda rus ilə Bərtas və Alan
Harın atlar kimi coşurdu hər an.
Təbillər zənglərlə olmuş həmahəng,
Borular gurlayır məhşər surutək.
Dağ yaran nağara etdikcə fəryad,
Simurğ Qaf dağında salırdı qanad.
Coşduqca şeypurun, neyin naləsi
Tanrıya ucaldı sığıntı səsi.
Çarpışan ordular deyirdi: - Görək
Kimə öz taleyi olacaq kömək?
Yenə də divüzlü, o qızmış aslan
Fil kimi kükrədi, oxudu meydan.
Bir neçə igidi öldürdü yenə,
Bir kimsə çıxmadı onun önünə.
Yenə o zirehli, igid döyüşkən
Şah qərargahının bir tərəfindən
Qılınc oynadaraq hərbə yanaşdı,
Günəşin çeşməsi ondan qamaşdı.
İskəndər tanıdı o mərd igidi:
"Keçən gün vuruşan aslandır" dedi.
İgidin haqqında düşdü təşvişə,
O, əjdaha ilə çıxmış döyüşə.
Dedi: "Çox heyf olsun, belə qəhrəman
Bir divin əlində düşsün ayaqdan."
O igid adlı, o kəskin cilovlu,
O odlara girmiş qəlbi alovlu
Göy yerin başına dolandığıtək
Divin ətrafında dolandı fələk.
Birinci tədbirdə o mətin qaya
Kəskin ox yağdırdı qəlbiqaraya.
Gördü div oxlardan duymayır qorxu,
Oxatan oxundan acığa doldu.
Bir almaz biçimli polad kərpici
Çarpdı o nəhəngə, çatdıqca gücü.
Kərpici dəvəyə çarpsaydı, inan,
Çalatı çıxardı o biri yandan.
Canını sıxdı div öz kürəyilə,
Kərpici əzdi o bərk cəmdəyilə.
Bir polad kərpic də atdı yenidən.
Onu da rədd etdi o qalın bədən.
Üçüncü kərpic də qırıldı belə,
Alınmaz çayların önü kərpiclə.
Bildi ki, dəmirdən yoğrulmuş insan
Qorxmayır kərpicdən, qorxmayır oxdan.
Alovlu nəhəngi çəkdi qınından,
Əjdaha üstünə cumdu pəhləvan.
Çiynindən vurunca sarsıtdı onu,
Zənn etdi zalımın yetişdi sonu
Çıxdı tez altından yenə Əhrimən.
Davaya sarıldı iki döyüşkən.
Açıldı, kəsdi div bəxtin yolunu,
Haçabaş dəmirlə bərk tutdu onu,
Yəhərdən qaldırdı o qızmış aslan,
Dəbilqə torpağa düşdü başından.
Niqabın altından doğdu bir bahar,
Lalə yarpağından incə, gülruxsar.
O gözəl başını kəsmək istərkən,
Görüb gül üzünü utandı düşmən.
Gördü ətəyinə düşmüş hörüklər,
Saçını boynuna sardı o dilbər.
Hind oğrusu kimi çaldı xəzinə,
Rumdan çalıb verdi rusun əlinə.
O div əl tapınca pəri dilbərə,
Rusun divlərindən qopdu bir nərə.
Çünki rast gəlmişdi gözəl ceyrana.
Yenə də başladı ceyran ovuna.
Sıxıldı kədərli işdən İskəndər,
İlantək qıvrıldı qəlbində kədər.
Şah dedi: "O qara fili filiban
Coşdursun, kin ilə qızışsın meydan!"
Filban nərə vurdu o qara filə,
Sürdü div üstünə, döndərdi Nilə.
O filayaqlıya vurdu çox zərbə,
O odlu qarurə girişdi hərbə,
Nə dağa qarurə edirdi əsər,
Nə nizə dənizə verirdi xətər.
Görüncə o sərxoş fili əjdaha,
Əlini uzatdı filə bir daha,
Bilirdi: döyüşdə sınanmış fillər
Ancaq xortumundan tutsan yenilər.
Xortumu elə bərk tutdu div insan,
Filə bu şən dünya kəsildi zindan.
Xortumu kökündən qoparıb atdı,
Uca fil dağ kimi palçığa batdı.
Bu qorxunc oyundan qorxdu İskəndər,
Qorxdu ki, bu işdən məhv olsun əskər.
Dedi fərzanəyə gözündə hiddət:
"Məndən üz çevirdi bu bəxt, bu dövlət!
Bəxtim üz döndərmiş, bax bu gedişə,
Bilsəydim girməzdim qorxulu işə.
Ucalar göylərin uğursuz əli,
Nazdan məhrum edər bir çox gözəli.
Şah gətir-götürü sürər az zaman,
Hər ildə bir kərə qızışar aslan.
Dinclik yox, çapmaqdan yoruldu atım,
Beləcə keçəcək bütün həyatım...
Vəziri tədbirlə verdi çox ürək,
Dedi: "Ey şəhriyar, səbr etmək gərək!
Zəfərlə olarsan yenə bəxtiyar,
Sənin həm tədbirin, həm qılıncın var.
Çarəmiz bağlansa qara daşlara,
O daşdan qılıncla taparıq çara.
Elə ki, taleyin qucaqlar səni,
Salarsan bəndə yüz belə fitnəni.
Sənin bir tükünün, şanlı hökmüran,
Dəyəri artıqdır bütün ordudan.
Belədir ulduzlar göstərən əsrar:
Elə ki, düşmənlə şah hərbə başlar,
Bəxtinin gücüylə bu güclü insan
Şiddətlə torpağa verəcəkdir yan.
Doğrudur, bu qaya gövdəli yağı
Vücudca qabadır, bərkdir ayağı,
Gövdəsi tunc kimi olsa da qatı,
Sarsıtmaq olur bu canlı poladı.
Ona kar etməyən qılıncı unut!
Dəmirlə dağılmaz göydəki bulud.
Hünərlə başını gətir kəməndə,
Sal kəmənd altında zəncirlə bəndə.
Ona ox və qılınc etməyirsə kar,
Çünki bərk arxası, qalın gönü var.
O divi zəncirlə edərsən əsir,
Yoxsa bu qılınc, ox etməz bir təsir."
Bu böyük müjdədən uca padişah
Şükr etdi, tanrıya apardı pənah.
Tanrıdan görüncə səadət, kömək,
Atıldı atına, oldu bir şimşək.
Onu Çin xaqanı vermişdi Çində,
Doğmuş böyük Çinin göy tövləsində.
Bir kəmənd istədi, atının başı
Çevrildi o qaraürəyə qarşı.
Saldırdı o qorxunc divə İskəndər,
Necə ki, dağlara bir bulud çökər.
O nəhəng yerindən qımıldanmadı,
Qolunu bağladı İskəndər adı.
Düşməni bağlayan kəməndi birdən,
Çərxi-çənbəritək atdı filbədən.
Boynundan salınca bəndə yağını,
Yer öpdü padşahın mərd ayağını,
Boynundan kəməndə keçincə düşmən,
Div tutan İskəndər vermədi aman.
Kəməndlə aşağı çəkdi boynunu,
Ordugaha doğru sürüdü onu.
O div ceyran kimi yerdə süründü,
Tazı qarşısında ceyrana döndü.
Elə ki, qüvvətli o vəhşi maral
Düşməkdən, qalxmaqdan əzildi, dərhal
Padşahın ordusu qopardı nərə,
Yüksəldi səsləri uca göylərə.
Təbillər gurladı, o coşğun səsə,
Uyaraq, yer-göy də başladı rəqsə:
Elə ki, İskəndər bəxtin gücüylə
Divqılıq insanı gətirdi ələ,
Oturtdu düşmənlər oturan yerə,
Qoşdu zindanında yatan divlərə,
O igid padşahın bu qüvvətindən
Ürkərək, qorxuya düşmüşdü düşmən.
Rus şahı Qıntal bir yumşaq mum oldu,
Rum şahı İskəndər nəşəyə doldu.
Yenidən başlandı məclis çalğısı,
Açıldı dünyaya şənlik qapısı.
Dinlərkən çalğını o məclis boyu.
Qədəhdə qaldırdı gül rəngli suyu.
Andıqca talein səadətindən
O gülgün şərabı içirdi şən-şən.
Gecə göy qıfılı xəznəyə vurdu,
Müşkü kafur çəkən tərəzi qurdu.
O müşkin badəni içir hökmüran,
Mütrüb o pərdədən çalardı hər an.
İçirdi ərinmiş ləli qədəhlə,
Dinlərdi o yeni ləli fərəhlə.
İçdikcə ürəkdən silindi kədər,
İstəyən kimsəyə saçardı gövhər.
Məclisdə hər yandan qissə dinlərkən
Bir çox şey soruşdu hər bir qissədən.
Yenidən söz açdı ulu hökmüran
Atı yel qanadlı qılınc vurandan:
"Bilmirəm, onu bu div gövdəli şir
Öldürdü, yoxsa ki, götürdü əsir.-
Qalırsa, bəndini tez qırmaq gərək,
Nizənin gücüylə qurtarmaq gərək!
Getmişsə, getmişi olmaz unutmaq,
Onu bir qədəhlə gəl xatırlayaq!"
İçkidən beynində qan alovlandı,
O zindan xalqına ürəyi yandı.
Əmr etdi o dilsiz əsiri yenə
Alsınlar padşahın şən məclisinə.
Padşahın əmriylə o bağlı nəhəng
Məclisdə dikəldi uca bir dağtək.
İskəndər gücüylə vücudu əzgin
Məclisdə göründü solğun və qəmgin.
O dilsiz ağrıdan yaman inlədi,
Əz dilsiz tövrüylə şəfa dilədi.
O vəhşi divgövdə inləyincə zar
Dilsizə acıdı uca tacidar.
Yerindən əmr etdi o divlər yenən
Zənciri açdılar divin əlindən.
Buraxdı başına onu hökmüran,
Bu azad etməkdən görmədi ziyan.
Əz böyüklüyüylə onu oturtdu,
Yedirtdi, içirtdi, hörmətli tutdu.
Bir neçə qədəhlə onu yar etdi,
Meylə öz qəlbini aşikar etdi.
Kəlləsi qızınca sərxoş çağında,
Kölgətək süründü taxt ayağında.
Kimsəyə isinməz vəhşi qəlbilə
Ona dost olanı tanıdı belə.
Tələsik dişarı çıxdı məclisdən,
Güclünün olmadı tozunu görən.
İskəndər heyrətlə düşdü təşvişə,
Hər kəsdən bir fikir sordu bu işə.
Şərabdan olunca bunun könlü xoş,
Nə üçün məclisdən çıxdı bu sərxoş?!
Dövlət böyükləri qaldılar heyran,
Hər biri bir fikir eylədi bəyan.
Birisi dedi: "Bu vəhşidir hələ,
Zənciri açınca üz qoydu çölə."
O biri dedi: "Mey edincə əsər,
Buradan çıxınca evinə gedər."
İskəndər məclisdə gizlin, ya açıq
Söylənən sözlərə dinmədi artıq.
Düşündü, fələyə əyərək boyun,
Gecə pərdəsindən doğar nə oyun?
O qədər keçmədi, o fil gövdəli
Girdi əllərində bir gəlin beli.
Şahın qarşısında qoydu şəfqətlə.
Diz çökdü, torpağı öpdü hörmətlə.
Gətirdi belə bir gözəl şikarı.
Yenə də məclisdən çıxdı dişarı.
Bu işdən heyrətə düşdü hökmüran,
Gördü yar belinə sarılmış ilan.
Padşahdan utandı o nazlı mələk,
Çəkdi ətəyini üzə duvaqtək.
Görüncə o parlaq ayı padişah,
Əmr etdi: yadlardan boşalsın dərgah.
İskəndər çadırı xəlvət edərkən,
Əliylə niqabı çəkdi üzündən.
Gördü bir afətdir xəyaldan uzaq,
Bir nur qaynağıdır günəşdən parlaq.
Bir pəriəndamdır olduqca incə,
Pəritək əlinə keçmiş bu gecə.
Cəhənnəm görmüş bir əndamı gümüş,
Malikdən qaçaraq cənnətə düşmüş.
Sərvtək yaşıldır başı hər zaman.
Qızılgül rəngini borc almış ondan.
Atdıqca o qəmzə oxunu təkrar,
Bir neçə ruhları edirdi şikar.
Dodağı bazara salır fitnələr,
Üstünə tökülmüş xalvarla şəkər.
Açılmış səməndir onun qucağı,
Güllərə örnəkdi dilbər yanağı.
İskəndər elə bir ayı gördükdə,
Önündə canlandı sanki bütkədə.
O azad qamətli kəniz önündə
Özünü gördü ən aciz bir bəndə.
Kəniz ki, ağalar qul olur ona,
Bax, necə ürəklər düşər toruna!
Bildi Çin hasarlı bu gözəl şikar
Xaqandan verilmiş ona yadigar.
Meydanda mərdliklər görmüşdü ondan,
İgidlər demişdi: Bu qızdır aslan!
Acındı əlindən çıxan gəlinə,
Sonra bu nə sayaq düşmüş əlinə?
- Halını aç, - dedi, - ey şəkərpara!
Dediyin dastanla könlümü ara!..
O gözəl, pərəstiş edən, sevimli,
Padşaha baş əydi, açıldı dili.
Duaya başladı: "Ucalsın baxtın,
Bar olsun dünyada bu tacın, taxtın!
Dünyaları açan cahangir sənsən,
Haqq səni yaratmış ədl ilə dindən.
Şövkətin gündüzdən daha aşikar,
Dövlətdən ürəyin daha xoşrəftar.
Səndəndir qurtuluş ümid gününə,
Günəşin işığı səndəndir yenə.
Ordular dağıdan hökmüdarlar var,
Biri qılınc vuran, biri tacidar.
Günəşsən, tək doğmuş səni ruzigar.
Həm kəskin qılıncın, həm də tacın var.
Məclisdə dünyanın hökmüranısan,
Döyüşdə zamanın pəhləvanısan!
Mən kimi torpaqda varmı o qüdrət,
Həyatın suyilə olsun həmsöhbət?
Kimdə var cəsarət dinsin hüzurda,
Zöhrə də həyadan əriyər burda.
Uğursuz qəziyyəm şərhə yaramaz,
Madam ki, deyirsən, söyləyim bir az:
Mən haman kənizəm, ey şahım, inan,
Bakirə qızlardan seçmişdir xaqan,
Dərgaha verərkən dedi: - Ey sərvər,
Bu sandıqda vardır gizlin incilər!
O sözü çox ağır göründü sənə,
Acıqlı nəzərlə baxdı şah mənə.
Pərdənin ardında oturtdu səssiz,
Anmadı bir dəfə, unutdu təmiz.
Olduqca sıxıldım, padşahdan uzaq,
Davaya cəlb etdi məni sıxılmaq.
Padşahın bəxtiylə o ilk döyüşdə
Hünərlər göstərdim tək bir dönüşdə.
İkinci gün yenə qopardım nərə,
Bir bəla kəsildim düşmən əsgərə.
Taleyim olmadı üçüncü gün yar,
Döyüşdə düşmənə oldum giriftar.
Nə düşmən? Kin ilə kükrəyən nəhəng!
Surətdə tanrının qəhrindən örnək.
O zalım əjdaha keçdi qanımdan,
Orduya götürdü o qorxunc insan.
İnsafsız ruslara tapşırdı məni,
Söylədi: "Gizlədin bu xəzinəni."
Yenə də durmadan meydana qaçdı,
Filləri yıxmağa kəskin qol açdı.
Elə ki, taleyin səni ucaltdı,
O divi fil kimi torpağa atdı.
Taleyin çəkincə səni zəfərə,
O gücdən ucaldı başım göylərə.
Gördüm ki, div çəkir qıvrımlı bəndin,
Bəlanı özünə çəkir kəməndin.
Sağ qılınca yenə o müdhiş əjdər,
Qıvrıldım, qəlbimi sıxdı bir kədər.
Lakin kəməndinə bu div düşərkən
Gül kimi açıldım, qurtuldum qəmdən.
Rusların dərdləndi şən könülləri,
Xeyritək saraldı qızıl gülləri.
O gecə vəhşilər başlarkən işə,
Hər yoldan keçəni saldı təşvişə.
Kəndirlə bağlandı əlim, ayağım,
Qaranlıq yer oldu mənim otağım.
Ahəngi, söhbəti xoşa gəlməyən,
Mənə bir orduydu qarovul çəkən.
Gecədən bir qədər keçdiyi zaman
Qarışıq bir səs-küy qopdu bayırdan.
İçəri bir bulud girdi qapqara,
Göydən daş yağdırdı qarovullara.
Rəqiblər o gecə çəkirkən keşik
Qorxudan hər biri aradı deşik...
Hey başdı, qoparıb çırpırdı daşa,
Yainki vurardı başqa bir başa.
Bədəndən o qədər qoparmışdı baş.
Başlardan qurmuşdu uca bir dağ, daş.
Yerimdən quş kimi qaldırdı haman,
Açdı zəncirləri əl-ayağımdan.
Taxtının yanında qoyuldum yerə.
Başımı qaldırdı yerdən göylərə.
Zindanda dustaqdım bir xəzinətək,
Bu gündən gərəkdir şən həyat sürmək.
Bəzəklə gözəldir qadın ayağı,
Qadına yaraşmaz zindan otağı.
Bax, belə düşünür coşğun ürəyim,
Yuxumda görünür bu şən diləyim."
Pəri qız halını şaha söylərkən
Padişah gül kimi açıldı birdən.
Bir öpüş aldı o gül dodağından.
Qul kimi söylədi ona hökmüran:
"Ey tozsuz, şən çiçək, ey gözəl dilbər!
Tanrı sevgisinə bürünmüş peykər!
Eşqinə əzm etdim səni görəli,
Ey məclis bəzəyi, meydan gözəli!
Meydanda səni bir can alan gördüm,
Ürəkli, güclü bir pəhləvan gördüm.
Səsin də gözəldir sənin özüntək,
Bu iki hünərdə tək yarandın, tək!
Qalx, mənəm hərifin, çal, ey canlı saz.
Könlümü sazınla şənləndir bir az!"
Sazını zövq ilə çaldı o pəri,
Mizrabla oynatdı incə telləri.
Ən yeni bir mahnı başladı şən-şən.
Oxudu pəhləvan nəğmələrindən:
"Padşahım, sərvərim, tacım, şövkətim!
Ey ağıl mədəni, ağıl dövlətim!
Gənc başın olsun hər töhmətdən uzaq,
Saf qəlbin görünsün çeşmədən parlaq.
Taleyin gənc olsun, fikrin bəxtiyar,
Dünyanı fəth edən güclü tacidar!
Vücudun dincliyə əzm etsin sənin,
Pak olsun çirkabdan, kirdən ətəyin!
Hər yerə üz tutsan yaxşı-yamandan,
Arxan ağlın olsun, kömək yaradan!
Elə ol, ulduzun kamınca dönsün,
Adına baş əysin dünya büsbütün!"
Sonra öz sirrini açmağa durdu,
Sazında ona bir işarə vurdu:
"Ən gözəl bir ağac girdi bir bağa,
Çöhrəsi döndü bir işıq - çırağa.
Bostanda açmamış qönçə bir çiçək,
Çəməndə yuxulu nərgiztək qəşəng.
Qədəhlə al meydir, kimsə içməmiş,
Təzə bir incidir, ələ keçməmiş.
Umardı şikardan dönər tacidar,
O qönçə çiçəyi edər bəxtiyar.
Ağ bahar qırmızı, təzə gül dərər,
Gah bidmüşk, gah qızıl bir lalə görər.
Girməyə şah fürsət tapmadı bağa,
Bir nəzər salmadı işıq - çırağa.
Ah, neçin belə gül, belə şən bahar
Gülməsin, soldursun onu xəzanlar?
Qorxuram, bu xəzan girsə bu bağa,
Belə bir baharı sərsin torpağa!"
Yar səsi duyunca o poladbədən
Bir aşiq naləsi qopdu qəlbindən.
Çalğısı, xoş səsi edərkən əsər,
Onun gül üzündən verirdi xəbər:
"Qızıl üz, incə söz, nə dilbərdir bu?
Haramın olmasın belə arizu!"
Nüktəni duyunca şanlı döyüşkən
Oldu o istəkdən dilək istəyən.
Düşməni yenməyi aldı nəzərə,
İstəkdən əl çəkdi, sığındı səbrə.
Mey tələb etməyi münasib gördü.
Mənzilə bununla azıq götürdü.
Qədəhi mey ilə doldurdu yenə,
İçdi o gülüzlü qızın eşqinə.
Bir cam da xoş içim yaqutla silə,
"İç" deyə, verdi o dodağı gülə.
Qədəhi dodağa götürdü mələk.
Öpərək qaytardı, aldı öpərək.
Bir əli qədəhdə dilbər görəli,
Zülfüylə oynardı o biri əli.
Gah öpüş vurardı cam dodağına,
Gah dişlək o gülün xam dodağına.
Nəşəli məclis ki, kədərdən boşdur,
Acı mey və şirin noğulla xoşdur.
Aldılar badəni gülgün dodağa,
Girdilər nəhayət isti yatağa.
"O dilək evindən uzaq ol, uzaq!"
Deyərək, öpüşə uydular ancaq!
chrome-extension://oemmndcbldboiebfnladdacbdfmadadm/http://www.aztun.edu.az/yuklenen/files/5_%20Iskendarname.pdf
Комментариев нет:
Отправить комментарий