19.01.2015

Ələddin ƏZİMLİ - PAYIZ YAĞIŞLARI

YARIMÇIQ YUXULAR

Hər gecə yuxular tabsız sap kim,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma.

Qırılır yuxular-qırılır saplar,
Qərib bir gecənin qaranlığında.
Başlayır qəlbində hey çapacaqlar,
Bu qərib gecənin qərib çağında.

Yarımçıq yuxular küçəsindəyəm,
Qulaqlar eşitmir ağız deyəni.
Yarımçıq yuxular kürəsindəyəm, 
Yuxular od olub yandırır məni.


Yazsam mən lənətlərə yuxularımı,
Yarımçıq nağıllar yağışı başlar.
Həsrətin isladar duyğularımı,
Körpə uşaq kimi qəlbimi daşlar.

Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.

ƏLLƏRİM

Əllərim bir əlcə balıq olmuşdu,
Üzürdü qızılı Günəşə sarı.
Xırda gözlərimə işıq dolmuşdu,
Apaydın görürdüm mən uzaqları.

Göylər təmiz idi, yaşamalıydı, 
İçimdə səadət çiçəkləyirdi.
Dünya gəzməliydi, dolaşmalıydı,
Günəş çağırırdı, gəl-gəl deyirdi.

Balıq əllərimin gur işığında,
Uzaqdım hər cürə qorxularımdan.
Sevgim, səadətim nur yağışında,
Mənə əl edirdi yuxularımdan.

O necə yuxuydu, o necə əldi,
Bu sirri özümə aça bilmədim.
Həsrət gözlərimə duman tək doldu,
Bir daha yuxuda uça bilmədim.

Bir zaman əllərim balıq olmuşdu,
Üzürdü qızılı Günəşə sarı.
Xırda gözlərimə işıq dolmuşdu,
Apaydın görürdüm mən uzaqları.

PAYIZ YAĞIŞLARI

Payız yağışları başladı yenə,
Kəsənə oxşamır, yağır havaxtdır.
Yağır narın-narın, hey dönə-dönə,
Axşamdan başlayıb indi sabahdır.

Kim bilir, neçə gün ötəcək hələ,
Payız buluduna dönəcək üzlər.
Küləklər çapacaq belədən-belə,
Sifətdən dönəcək dərələr, düzlər.

Sonuncu yarpaqlar – ümid yarpağı,
Yüz əllə budaqdan yapışacaqdır.
Toplayıb gücünü ölümqabağı,
Yağışla, küləklə çırpışacaqdır.

Payızın bir əli qışın əlində,
Bir əli hər şeyi yıxır, dağıdır.
Payız həcv deyir yağış dilində,
Sonuncu yarpağın səsi ağıdır.

Payız yağışları yağar aramsız,
Baxmaz ağacların titrəməsinə.
Küçələr adamsız, yollar adamsız,
Ürəklər köklənib yağış səsinə.

Payız yağışları başladı yenə,
Kəsənə oxşamır, yağır havaxtdır.
Yağır narın-narın, hey dönə-dönə,
Axşamdan başlayıb indi sabahdır.

QOCA DİLƏNÇİ VƏ QOCA KÖPƏK

Bir qoca dilənçi, bir qoca köpək,
Yol gedir, yol gedir qüruba sarı.
Günbatar gedərdi, günbatar dönük,
Bəs hanı gündoğar- ömrün baharı?

Bir göz yox, gözündə isinə bilsin,
Bir səs yox, səs verib ağlaya bilsin.
Bir kəs yox qüruba üz tutub gedən,
Qocanı, köpəyi saxlaya bilsin.

Yol gedir qocalar, göydə ay doğub,
Köpəyin gözündə ay işığına bax.
Qəfil bir qaranlıq udur dünyanı,
Taleyin hökmünə, qarğışına bax?!

NEYLƏYİM

Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilindən.
Kim görsə, Leyliyə bənzədər səni,
Neyləyim, Məclnunluq gəlmir əlimdən.

Saçların üzünün həya pərdəsi,
Odlu gözlərini gizlədər, gülüm.
Bir qız təbəssümü, bir qız hiyləsi,
Kimisə, hardasa gözlədər, gülüm

İndi o günlərə qayıtmaq çətin,
İndi o günləri anmaq asandır.
Saxta məhəbbətin, səmimiyyətin,
Oduna alışıb, yanmaq asndır.

İndi o günlərə yağıç yağacaq,
Yuyacaq izləri, ləpirləri də.
Üstümə hər yandan baxış yağacaq,
Çiməcək şeirimin sətirləri də.

Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilindən.
Kim görsə, Leyliyə bənzədər səni,
Neyləyim, Məclunluq gəlmir əlimdən.

AXACAQ

Kəfənimi dar eləmə,
Sinəm qabarıb çıxacaq.
Açsalar qəbrim üstünü,
Mələklər göydən baxacaq.

Lap çovğun, lap tufan olsa,
Qəbri axtaranlar varsa,
Onu əvvəl kim taparsa –
Göydə ildırım çaxacaq.

Yağış yağacaq qəbrimə,
Sığınacaqsan səbrimə.
Daşqına qərq oldu demə,
Bədənimdən sel axacaq.

BU TORPAQ
Xalq artisti T.Mustafayevə

Bu kəndin torpağı əl içi boyda
Bu kəndin bəzəyi nəğməli dillər.
İgid oğulları şadlıqda, toyda
Bu torpaq üstündə “Yallı” gedərlər.

Baş qoyub əl içi boyda torpağa,
Ay da, ulduzlar da yatıb dincəlir.
Günəşdən nur əmən yaşıl yarpağa,
Quşlar da hər səhər salama gəlir.

Qəlbin “Ey sarivan” naləsi üstə,
Kövrəlib dünyayla dərdləşir bu gün.
İllərdir bir hikmət gəzər bir səsdə,
Arzular, ümidlər birləşir bu gün.

O taylı - bu taylı qardaş mənimdi,
Bu arzu üstündə köklənib ürək.
Bu torpaq, o torpaq öz vətənimdir,
Birliyə çağıran bir səda gərək.

ELƏYƏYDİN

İlahi, sən məni şair edincə,
Düşmənə atılan daş eləyəydin.
Sərhədlər üstündə asanca uçan,
Bir azad nəğməkar quş eləyəydin.

Ötür dörd yanımdan gözəllər mənim,
Kövrəldir qəlbimi xəzəllər mənim.
Dünyada nə varsa qoy olsun sənin,
Məni Qarabağa tuş eləyəydin.

Gəzər bu dünyanı didərgin insan,
Ona məhəl qoymaz bu dünya, cahan.
Bir gün qəriblikdə o verəndə can,
Sözümü gözündə yaş eləyəydin.

KƏND
Zaman-zaman köçürülən kəndlərimizə

Kök atdığı torpaqdan,
Qopardılar bu kəndi.
Vaqonlara yükləyib
Apardılar bu kəndi.

Sərin sular, meşələr,
Torpaqda, daşda qaldı.
Ötən günlər ötüşdü
Ancaq yaddaşda qaldı.

Arxadan dəyən güllə
İldırım olub çaxdı.
Ürəklərə od salan
Adlar meydana çıxdı.

Səpələndik, səpildik,
Naşı vuran şum üstə.
Bitdik kökümüz üzdə,
Özümüz dəstə-dəstə...

RƏSUL RZAYA

Deyiləsi söz
Sənin idi,
Dedin, ustad.
Bəs mən nə deyim indi?
Yaşanılası günlərim,
Başı daşa dəyəsi günlərim
Hələ qabaqdadır.
Yəqin
Mən də
Bir söz tapıb deyəcəyəm
Ağrılı günlərin şərəfinə!..

Üç gün ,
Üç gücə yağan yağışın
Yəqin ki, deməyə sözü vardı.
Torpağa.
Üç gün,
Üç gecə yağan qəmli yağış
Yordu torpağı,
Torpaq üstə yaşayanları
Və günəşi.
Min illərdi
Yağan qəmli yağışın
Sözü yarımçq qaldı.

ŞƏHİDLƏRİN RUHUNA

Mənə qələm gətirin,
Mənə kağız gətirin.
Yazmaq istəyirəm:
Vaxtsız göz yaşlarından,
Təzə baş daşlarından.
Bu sətirlər heç kimin
Misralarına bənzəməsin.
Demirəm, göz yaşları
Baş daşlarını bəzəməsin.
Heç olmasa,
Qəm azalsın.
Nisgil bitsin.
Göz yaşları
Qoy qurusun,
Sona yetsin.

BU MƏKAN MƏNİMDİR

Ağrını, acını yüklə çiynimə,
Onları daşıyan, çəkən də mənəm.
Yaralı qəlbimə şum nəyə lazım,
Dərdi dənə-dənə əkən də mənəm.

Səni çaşdırmasın nə daş, nə kəsək,
Biz qorxaq deyilik bu yoldan dönək.
Palçıq daxmamızı uçursa külək,
Təzədən qəm evi tikən də mənəm.

Gərək möhkəm edəm təzə hücrəmi,
Heç altmış da deyil ömrümün cəmi.
Çevirib iynəyə kipriklərimi,
Yad gözə batmağa tikan da mənəm.

Arxamca kim gəlsə, bax odur qardaş,
Mənə uşaqlıqdan dərd olub sirdaş.
Amandır, bu işə sən qalma çaşbaş,
Düşmənin bağrını sökən də mənəm.

Eşit, həqiqəti dana bilmərəm,
Boş yerə alışıb yana bilmərəm.
Düşmən qarşısında sına bilmərəm
Qarabağ deyilən məkan da mənəm!

QƏLBİMİN FƏRYADI
(Kür daşqınlarına)

Ayın işığında qayıqdayam mən,
Yetişin dadıma, aşa bilərəm.
Ömrümün keçdiyi Kür çayı boyu
Kükrəyib, çağlayıb daşa bilərəm. 

Kür basıb evləri, yuyub çölləri,
Açılıb göylərə insan əlləri. 
Haraya çağırır ellər elləri,
Bənd vurun qarşıma, coşa bilərəm.

Səsim gah Arazdan, gah Kürdən gəlir,
Sular gah azalır, gah birdən gəlir.
Vallah bir dəryadır o, nəhrdən gəlir,
Sədləri bəndləri aşa bilərəm.

On üç il gecəmi gündüzə qatdım,
Neçə min reportaj, süjet yaratdım.
Yaralı ürəklə evə qayıtdım,
Borcluyam torpağa, daşa bilirəm.

Allah ümidinə keçdi o illər,
Dəyişdi bir-birin neçə fəsillər.
Bilsin nələr çəkdim gələn nəsillər,
Hər ana bir şeir qoşa bilərəm.

Sağ qaldım, ilahi, bu da bir qismət,
Bilirəm, tükənməz səndə mərhəmət.
“Dostlarım” son anda etdi qəbahət,
Ürəyim, təki sən, yaşa, bilirəm.

BAĞIŞLAYIN GÜNAHIMIZI

Gəl çıxaq 
dəniz sahilinə 
gəzə-gəzə
Dənizdən danışaq.
Neçə illər uzunu 
ürəyimə xal salan 
sənsizlikdən danışaq.
Qayğısız qağayılar 
ötsün başımız üstən
Keçən aylar, 
illər kimi.
İstəyirəm 
o zamanlar olan təki 
heç olmasa bircə kərə 
titrəsin qəlbimin simi.
İndi bu anda 
köhnə limanda 
sahilə yan alan 
yorğun gəmi kimiyik.
Görürsənmi?
Ləngər vurur gəmi.
Can atır sahilə 
nəfəsini dərmək üçün.
Biz də yorulduq, deyəsən?
Axı niyə, axı nə üçün?
Üzümü tuturam illərə 
və deyirəm:
Bağışlayın səhvlərimizi, 
günahımızdan keçin...

Karvan

Bu karvan hardan gəlir?
Pərsəngi daşdır, nədir?
Yoxsa Hələbdən gəlir-
Yükü qumaşdır, nədir?

Düzülüb tək-tək dəvə,
Yel kimi yüyrək dəvə.
Ürəyi kövrək dəvə,
Gözündə yaşdır, nədir?

Ucasan, uca dünya,
Layiqsən taca dünya.
Bu karvan, qoca dünya,
Sənə yoldaşdır, nədir?

Dumanlı yoxuşa doğru

Qırx yaşımda
Arzuladım əllini,
Kiçicik təsəllini.
Əlli yaşım yetişdi,
İllər, aylar görüşdü,
Altmışı haqladım.
İrəli getmək üçün 
Dizlərimdə
Az daolsa, güc saxladım.
İndi yolum yetmişədir,
Yüküm yoxuşadır.
Görən qarşıda
Nələr gözləyir məni?
Gələn gəldi,
Gedən getdi...
Ömür bir şam misalı
Yandı...
Qurtardı...
Bitdi...
Amma hələlik bunu
Söyləmək çox çətin.
Bütün bunlar 
Gözümdə bircə andır
Dünyanın sahibi
O böyük həqiqətin.
Pıçıltıyla axan su 
Sual eyləyir mənə -
Ömür nədir, yaş nədir?
Yoxuşların içində
Dumanlı yetmiş nədir?

Yaşımın ölçüsü

Yay bitdi.
Sonuncu qaranquşlar da
Uçub getdi.
İndidən əllərimi üşüdür
Payızın nəfəsi.
Havada nəm qoxusu var –
Deyəsən, yağış yağacaq.
Amma qar, ayaz, sazaq
Hələ uzaqdadır.

Görən növbəti baharda
Bu il qurduqları 
Yuvalara 
Dönəcəkmi qaranquşlar?
Mənim bir il qocaldığımı
Duyacaqmı qaranquşlar?

Yollar yorğunu

Səsim sənə çatmadı,
Demək, çox uzaqdasan.
Yerini də bilmirəm,
Gəlim görüm hardasan?

Sənsiz keçən günləri
Axı niyə gizlədim?
O gün gözüm yoruldu,
Yolunu çox gözlədim.

Yollar gah haçalandı,
Gah da dönüb dörd oldu.
Sənin insafsızlığın
Axır mənə dərd oldu.

Hayıfdır şirin ömrü
Dərdə yük eyləyəsən.
Dərd dərdi çəkə bilməz,
Söylə bəs neyləyəsən?

Комментариев нет:

Отправить комментарий