18.12.2019

Gənc şair Etibar Həsənzadə “Nəsimiyə töhfə” adlı tədbirlə oxucularının görüşünə gəlib

Dekabrın 16-sında gənc şair Etibar Həsənzadənin “Nəsimiyə töhfə” adlı ədəbi gecəsi təşkil olunub.
Tədbir Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, gənc şairin qələm dostları iştirak ediblər.
Əvvəlcə Etibarın İmadəddin Nəsimiyə həsr olunmuş şeirinin videoçarxı nümayiş olunub.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmar Əliyev-Vüqarlı bildirib ki, cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da silsilə tədbirlər keçirilir. Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin insanın böyüklüyünə, onun gözəlliyinə, xalqın taleyinə və azadlıq arzularına həsr olunmuş şeirləri bu gün də dillər əzbəridir.
Etibar Həsənzadənin yaradıcılığı barədə danışan Elmar Əliyev-Vüqarlı qeyd edib ki, o fiziki imkanlarının məhdud olmasına baxmayaraq, daha böyük nəcib işlərlə məşğul olur, həyata, vətəninə bağlılığı bütün gənclərə nümunədir. Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmış, həmyaşıdlarından fərqlənməyi bacarmışdır.
Tədbirdə iştirak edə bilməyən görkəmli ədəbiyyatşünas alimlər video-müraciət vasitəsilə Etibar Həsənzadənin yaradıcılığı, onun “Nəsimi” şeiri barədə öz yüksək fikirlərini çatdırıblar, haqqında xoş sözlər söyləyiblər.
Daha sonra Gəncə Dövlət Dram Teatrının aktyorları Nəsiminin qəzəllərini ifa ediblər.
Gənc şair Etibar Həsənzadə yaradıcılığına hər zaman diqqət və qayğı ilə yanaşdığı üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə təşəkkürünü bildirib.

Elmar Əliyev, Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı
































Комментариев нет:

Отправить комментарий