04.12.2019

Səni sevməmək olmaz

Rina İşıq

Kimdi ikinci şəxs anadan sonra
Sevincini, kədərini böldüyün?
Ağlayanda sənin ilə ağlayan,
Sevinəndə sevindiyin güldüyün-
Hər şeydən qiymətli sərvətdi bacı.

Allahından sonra iman yerindi,
Rəfiqən, sirdaşın aman yerindi,
Dar gündə getdiyin güman yerindi-
Özünə etdiyin hörmətdi bacı.

Eşidən qulağın, deyən dilindi,
Həmişə yanında solmaz gülündü,
Köməyin, dirəyin, sol, sağ əlindi-
Qardaşa yaraşıq, zinətdi bacı.

Qayğısı tükənməz, sevgisi sonsuz,
Bacısız olmasın nə oğlan, nə qız,
Solmasın, almasın kimsədən vaxtsız-
Tanrıdan verilən nemətdi bacı.

***

Sən elə bir ürəksən, ürəklər səni sevər,
Sən elə bir çiçəksən, çiçəklər səni sevər.
Bax görürsən səninçün necə rəqs edir Payız.
Sənə nə şeir yazım, öz şeir olan qız?

Sevgi saçmaq amalın, sənətinmi, işinmi?
Eşq odu, eşq yanğısı duyğun, nəvazişinmi?
Səni sevməmək olmaz şeirsiz, sözsüz, sazsız,
Sənə nə şeir yazım, öz şeir olan qız?

Adın Arzu, arzunsa bağdı, güldü, çiçəkdi.
Bu canda bunca sevgi, ay Allah, nə qəşəngdi!
Sən ən sadiq, etibar, deyilsən heç vəfasız.
Sənə nə şeir yazım, özü şeir olan qız?

Sənə fəsilllər vurğun, Payız, Yay, bu Qış, o Yaz.
Sən həp çiçəkləri sev, sən çəkinmə şeir yaz!
Ömür, sən bax, yüz yaşa! Yaşa dərdsiz qayğısız,
Sənə nə şeir yazım, öz şeir olan qız?

Комментариев нет:

Отправить комментарий