18.12.2019

Yaqub Mahmudovdan başqa daha hansı alimlər “OKSFORD” TƏLƏSİNƏ DÜŞÜB?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutunun direktoru Yaqub Mahmudovla yanaşı, daha bir neçə alimimiz Oksford Akademik Birliyinin tələsinə düşüb.
Bu barədə araşdırmaçı blogger Cavid Ağa bildirib.
Oxucuların diqqətinə çatdıraq ki, Yaqub Mahmudov "Oksford” Akademik Birliyinin fəxri professoru adına layiq görülüb. Bu, onun bioqrafiyasında da qeyd edilib.
Cavid Ağanın apardığı araşdırma nəticəsində isə bəlli olub ki, təsisçiləri Antov Savvov və oğlu İvan Savvov olan "Oksford” Akademik Birliyinin məşhur "Oksford” universitetinə və akademik cəmiyyətə aidiyyatı yoxdur. Birlik sadəcə "Oksford” universitetinin adından istifadə edərək pulla müxtəlif titul və fəxri adlar satır. Titul və fəxri adların qiyməti isə 3000 funtdan (6800 AZN) başlayaraq 9000 funtacan (20 min 500 AZN) artır.
Yaqub Mahmudov bu iddialara cavab versə də, sonradan saytlardan silinib.
Cavid Ağa isə araşdırmalarını davam etdirib. Məlum olub ki, Yaqub Mahmudovdan başqa AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmlər doktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin rektoru Akif Süleymanov, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların eroziyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Adil Qəribov və AMEA-nın vitse prezidenti İsa Həbibbəyli də "Oksford” Akademik Birliyinin fəxri adlıları siyahısındadır.
Azərbaycan Dövlət Aqrar Universiteti isə adıçəkilən qurumdan özü üçün Avropanın "Ən yaxşı universiteti” adını alıb. /yenisabah.az/

Комментариев нет:

Отправить комментарий