11.05.2020

Çar 3-cü Aleksandr (1845-1894) hakimiyyətə oturan kimi yəhudilərə qarşı sərt tədbirlər həyata keçirdi. 1881-ci ilin avqustunda quberniyalarda “yəhudilərin iqtisadi fəaliyyəti nəticəsində yerli əhaliyə dəyən ziyanı” müəyyənləşdirən xüsusi komissiyalar yaradıldı. 3 may 1882-ci ildə daxili işlər nazirinin rəhbərliyi ilə “May Qaydaları” adlı sənəd qəbul edildi. Bu sənədə əsasən yəhudilərə kənd yerlərində məskunlaşmaq, şəhərlərdən kənar ərazilərdə daşınmaz əmlak almaq və torpaq sahələrini icazəyə götürmək, bazar günü və xristian bayramlarında alver emək qadağan olunurdu. Ali Komissiya Çar 3-cü Aleksandra yəhudilərin hüquqlarını genişləndirməyi təklif etsə də, Çar bu təklifi rədd etdi, “May Qaydaları”nı qüvvədə saxladı. Kəndlərdə ticarətlə məşğul olma qadağası yəhudi dükançılarını əsas gəlirlərindən məhrum etdi. “May Qaydaları” yalnız 1917-ci ilin martında ləğv edildi. 3-cü Aleksandr “May Qaydaları”nın tətbiq olunması ilə yəhudilərin sıxışdırılması siyasətini yürütdü. 1887-ci ildə yəhudilərin gimnaziya və universitetlərə qəbuluna limit qoyuldu. 1890-cı ildə həyata keçirilən “Zemskaya reforma” nəticəsində yəhudilərə özünüidarəetmə orqanlarında işləmək qadağan olundu. 1891-ci ildə Moskvaya rəhbərlik edən Çarın qardaşı, böyük knyaz Seyqey Romanov şəhərdən 20 min yəhudi sənətkarını və alverçisini qovub çıxardı. 11 iyun 1892-ci ildə qəbul olunmuş qanunla yəhudilər şəhər özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan kənarlaşdırıldılar. 1895-ci ildə dövlətin qəbul etdiyi çaxır monopoliyası içki evləri işlədən və sələmçiliklə məşğul olan yəhudilərə böyük zərbə vurdu. 20-ci əsrin əvvəllərində demək olar ki yəhudi hüquqşünasların hamısı dövlət işlərindən sıxışdırılıb çıxarılmışdılar. Yəhudilərə hətta bir kənddən başqa kəndə getmək qadağan olunmuşdu. İmperiya boyunca artan yəhudi qırğınları yəhudilərin ölkədəki vəziyyətini daha da pisləşdirdi və onlara qarşı mənfi əhval-ruhiyyə yaratdı. Onu da deyək ki, ilk yəhudi qırğınını ruslar yox, yunanlar başlamışdılar. İstanbulda yunan pravoslav patriarxı Qriqorinin ölümünə görə yəhudiləri günahlandıran Odessa yunanları 1821-ci ildə onların üstünə qalxmışdılar. 1859-cu ildə Odessada yunanlar yenidən yəhudiləri qırıb çatdılar. Yunanlarla yəhudilərin düşmənçiliyi həm də ticarət rəqabəti üstündə idi. 1871-ci ildə Odessada yunan tacirləri yəhudiləri banklar və xarici ticarət üzərində nəzarəti onların əllərindən almaqda günahlandırdılar və qırğın təşkil etdilər. Yüzlərlə yəhudi evi, dükanı və içkixanası dağıdıldı. 1862-ci ildə Ukraynanın Akkerman şəhərində yunanlar yəhudilərin üstünə getdilər. Çar 3-cü Aleksandırın dövründə isə yəhudi qırğınlarının sayı lap çoxaldı; 1981-ci ilin yazında Rusiya İmperiyası boyunca baş verən qırğınlarda yəhudilərin 150 şəhər və kənd icması zərər çəkmişdi. 1881-1882-ci illərdə İmperiyanın 166 şəhərində xalq yəhudilərin üstünə qalxmışdı. Minlərlə yəhudi evi dağıdılmış, çoxlu yəhudi ailəsi əmlakından məhrum olmuş, yüzlərlə kişi, qadın və uşaq yaralanmış, bir çoxu öldürülmüşdü. Bir çox siyasi təşkilatlar bu qırğınları dəstəkləmişdilər. Xalq arasında söhbət gəzirdi ki, hökumət “cühudları döyməyə” icazə verib. Nijni Novqorod qubernatorunun məruzəsində göstərdiyi kimi, “xalqda belə fikir formalaşmışdı ki, yəhudilərə qarşı ağır cinayətlərə görə heç kəs onları cəzalandırmayacaq”. 1891-ci ildə Çerniqov quberniyasının Starodub şəhərində, 1895-ci ildə Gürcüstanın Kutaisi şəhərində, 1897-ci ildə Kiyev quberniyasının Şpola və Xerson quberniyasının Kantakuzenka məntəqələrində yəhudi qırğınları baş verdi. 19 aprel 1899-cu ildə Nikolayev şəhərində pravoslav Pasxa bayramı keçrilən zaman xalq yəhudilərin üstünə axışdı və qırğın üç gün davam etdi. Ən məşhur və böyük yəhudi qırğını isə Kişinyovda 1903-cü ilin 6-7 aprelində, pravoslav Pasxa günlərində baş verdi; 49 nəfər öldürüldü, 586 nəfər yaralandı. 1904-cü ilin avqust-sentyabr aylarında Ukrayna və Belorusiyanın şəhər və kəndlərində rus-yapon müharibəsinə yeni çağırılmış əsgərlər yəhudilərin üstünə yeridilər. Xerson quberniyasının Aleksandriya şəhərində kütlə sinaqoqa doluşdu və 20 yəhudini döyərək öldürdü. Çar 3-cü Aleksandrın yaxın adamlarından olan dövlət xadimi Konstantin Pobedonosçev həmin qırğınlarla bağlı belə demişdi: “Yəhudilərin üçdə biri Rusiyadan gedəcək, üçdə biri xristianlığı qəbul edəcək, üçdə biri isə öləcək”. 19-cu əsrin sonunda Rusiyadan qaçan 10 minlərlə yəhudi Almaniya və Avstriya-Macarıstanda sığınacaq tapdı və ABŞ-a köçməyə çalışdı. 1881-1914-cü illərdə Rusiya İmperiyasını 1 milyon 980 min yəhudi tərk etdi; onun 1 milyon 557 mini ABŞ-a, qalanları isə Fələstinə, Argentinaya və s. getdi. 1904-cü ildə Amerikada buraxılmış plakatda yazılmışdı: “Rus çarı, yəhudiləri sıxırdırmağı dayandır!” Qeyd edək ki, dövrünün avtoritet simaları 3-cü Aleksandrın antisemit addımlarını alqışlamışlar, bir çox müasir rus siyasətçiləri onu bacarıqlı idarəçi kimi səciyyələndirmişlər və ehtiramla yad edirlər. Prezident Vladimir Putinin dövründə 3-cü Aleksandra Krımda möhtəşəm heykəl qoyuldu; heykəlin açılışında iştirak edən Putin onu “görkəmli xadim və vətənpərvər” adlandırdı.

İbrahim Sel, "Avrasiya tarixi"

Комментариев нет:

Отправить комментарий