30.05.2020

Silahlı Qüvvələr Putinə əlləri üstündə baxırlar - Müsahibə

"İndiki şəraitdə Rusiyada dövlət çevrilişi edəcək potensial yoxdur. Heç Silahlı Qüvvələr də buna cəhd etməz. Yeltsindən sonra Silahlı Qüvvələrə elə bir şərait yaradıblar ki, Putinə əlləri üstündə baxırlar".
Politoloq Cümşüd Nuriyev belə düşünür.
Onun teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiyada çevriliş olacağı haqda söyləntilər var, hökumətin ən nüfuzlu üzvləri, o cümlədən bir sıra oliqarxların adları bu məsələdə hallandırılır. Maraqlıdır ki, bunu da gündəmə gətirən rus mediasıdır. Sizcə, bu iddialar nə qədər əsaslandırıla bilər?
- Bu, Putinin özü tərəfindən hazırlanmış ssenaridir. Məlumdur ki, o peşəkar təhlükəsizlik işçisidir. Təhlükəsizlik sistemində "potensial düşməni müəyyən etmək" deyilən bir metod var. Yəni özləri yalan məlumatı buraxırlar və bununla cəmiyyətin reksiyasını yoxlayırlar. Əlbəttə bu tora düşənlər olur. Tora düşənlərin içindən də müəyyən edirlər ki, onlardan hansılarının potensialı daha yüksəkdir. Həmin şəxsləri də aradan götürürlər. İndi Rusiya Baş Kəşfiyyat İdarəsinin bir polkovniki ortaya düşüb. İddialar səsləndirirlər ki, sentyabr-oktyabr aylarında Rusiyada çevriliş olacaq. Yaxud deyirlər ki, çevriliş etməsək, insanlara onları idarə etmək üçün çiplər yerləşdirəcəklər, bunlar da tədricən bizi qıracaq. İnsanları şüuraltında buna hazırlayırlar. Belə şeylərə tez inanan insanlar var. Başqa sözlə, uğurlu informasiya müharibəsi aparılır və bunun üçün ən peşəkar metodlardan istifadə edilir. İndiki şəraitdə Rusiyada dövlət çevrilişi edəcək potensial yoxdur. Heç Silahlı Qüvvələr də buna cəhd etməz. Yeltsindən sonra Silahlı Qüvvələrə elə bir şərait yaradıblar ki, Putinə əlləri üstündə baxırlar. Ümumiyyətlə, Rusiya xalqı qanunu sevən xalqdır, həm də döyüşkəndir. Rusiyada hərbi məsələlər hər şeydən üstündür. Yəni, hərbçilərin Putinin əleyhinə gedəcəyi inandırıcı olmadığına görə, bu, dövlət tərəfindən hazırlanmış və uğurla həyata keçirilən ssenariyə oxşayır. Əgər Rusiya SSRİ-ni yenidən bərpa etmək istəyirsə, hansı dövlət çevrilişinə gedə bilər? Mən şəxsən bunun baş verəcəyinə inanmıram.

- Putinə alternativ olaraq kimlər ön plana çıxa və ya özündən sonra onu kim əvəz edə bilər?
- Rusiyada kifayət qədər güclü qüvvələr var ki, onlar istənilən vaxt dövləti götürüb idarə edə bilərlər. Məsələn, Züqanov belə qüvvələrdən birinin başında durur. Bu adam uzun müddət Sovet dönəmində partiya-dövlət orqanlarında çalışıb. Adidən aliyə qədər qalxa bilib, yəni, Züqanov təkamül yolu ilə gələnlərdəndir. Düzdür indikilərin içində ondan başqa dövlətçilik təcrübəsi olanlar azdır, amma kənarda elə qüvvələr var ki, onlar həm dövlət işini, həm də iqtisadiyyatı yaxşı bilirlər. Müxalifət lideri Navalnını dövləti idarə edə biləcək şəxs kimi görmürəm. Çünki onun komandası yoxdur. Amma komandası olan qüvvələr və şəxslər var. Məsələn, Putini əvəz edə biləcək Volodin, German Qref kimi şəxslər var. Yəni, Rusiyada dövləti idarə edə biləcək peşəklar mövcuddur. Artıq Rusiyada hansı qüvvənin hakimiyyətə gələcəyini müdafiə naziri Şoyqu həll edir. Hesab edirəm ki, Şoyqu Putinin əleyhinə getsə, müəyyən problem yarada bilər. Şoyqunun özü də çox rahat şəkildə dövləti idarə edə bilər. Rusiyada yaxşı bir təcrübə var ki, vaxtilə dövlət strukturlarında çalışanların hamısı ya parlamentdə təmsil olunur, ya da Federasiya Şurasında. Yəni ruslar peşəkar kadrları atmırlar, ehtiyatda saxlayırlar.

- Qərbin pandemiyadan Rusiya daxilində siyasi məqsədlər üçün istifadə etməsi mümkündürmü?
- Koronavirus ABŞ-ın peşəkar formada hazırladığı bir ssenaridir. İndi məlum olur ki, Çin təsadüfən bu prosesə cəlb olunmayıb. ABŞ-ın Çinə böyük həcmdə borcu var. Təxminən 3-6 trilyon dollar həcmində olan bir vəsaitdən söhbət gedir. Çin bu pulları ABŞ-dan alıb. İndi də Amerika bu vəsaitələri geri qaytarmaq istəyir. Bunlar həm Avropa, həm də Afrika ölkələrində olan borclardır. Amerika özünə bir biznes qurmaq istəyir. O da məlumdur ki, Amerika milyarderlər ölkəsidir. Artıq Avropa dövlətləri də Çinə qarşı iddia qaldırıb. Digər ölkələr də Çinə qarşı iddia qaldırmaq üçün təzyiqlər edirlər. Amma Rusiya buna getmir. Çünki Çin Rusiyaya lazımdır. Çin Rusiyanın əlində Amerikaya qarşı ən böyük silahdır. Məlumdur ki, Çin son illərdə təkcə iqtisadiyyatda yox, hərbi məsələlərdə də böyük işlər görür. Müasir texnologiyaları var, Marsda tədqiqatlara başlayacaq, Aya çıxmaq istəyir, kosmosa öz raketini göndərdi. Yəni Çin kifayət qədər güclü dövlətdir. Dünyada 10 nüvə dövləti var, onlardan bir də Çindir. Nəzərə alsaq ki, Rusiya Çinlə eyni cəbhədədir, buna görə də Rusiyanın pandemiyadan əziyyət çəkəcəyi inandırıcı görünmür. Qərb başqa bir məsələni gündəmə gətirir ki, koronavirusdan hər ölümə görə 12 min dollar pul ödənməlidir. Amerika da koronavirus xəstələrinin hər birinə 1200 dollar pul xərcləyib. İndi də xərclədiyi pulları geri qazanmaq istəyir. Bu pulları geri qazandıra biləcək qədər resursları olan dövlət Çindir. Buna görə də, indi Honq-Konqla bağlı Çinə problem yaradırlar, daxili işlərinə qarışırlar. Rusiyanın zəifləməsi Amerikaya sərf etmir. Çünki Rusiya daxildən qarışsa, nüvə silahından istifadə edə bilər, bu da Amerikanın sonunu gətirər. Rusiya görsə ki, çökür və Amerika onu məhvə aparır, onda Amerikanı da bitərəck. Bu zaman isə qazanan Çin olacaq. Buna görə də, ABŞ belə bir ağılsız addım atmaz. Bu baxımdan, Rusiyanın koronavirusdan o həddə əziyyət çəkəcəyinə də inanmıram.

- Xəstələndiyi deyilən Çeçenistan Prezidenti Ramzan Kadırovdan xəbər yoxdur. Çeçenlərin liderinin ətrafında yaranmış müəmmalı durum, bunun Putinin oyunu olması yönündə müzakirələrə səbəb olub.
Kadırovun xəstələnməsi Rusiyanın maraqlarına uyğun ola bilər, ona görə də belə məlumatlar yayırlar. Kadırovun özü bunların hamısının üstündən xətt çəkir ki, belə bir şey yoxdur. Hələlik Kadırovun aradan götürülməsi inandırıcı görünmür.

Комментариев нет:

Отправить комментарий