08.12.2020

Cinayər törədən hərbçilər ciddi cəzalanmalıdır

Rizvan Şıxızadə

Mən əsgərlikdə olanda iki astaralı gizirim var idi. Birinin adı Maarif Əliyev idi (Giləkəran) ,o birinin adını yazmıram.
Mən ərzaq anbarının əsgəri idim, bütün ərzaqlar mənim icazəmlə anbardan çıxarılırdı. Adını çəkmədiyim gizir gecə ilə maşınını dayayırdı anbara, əsgərə verilməli olan ərzağı öz evi üçün aparırdı, artığını satırdı. Amma Maarif Əliyev elə deyildi. Bir dəfə dedim: "Starşina, bütün komandirlər nəsə aparır, sən mənim rəisimsən, bəlkə səndə bir az ərzaq götürəsən?" O cavab verdi: "Mən heç vaxt balalarıma haram yedirtməmişəm, bir çöp də olsa, əsgər malı mənim evimə girə bilməz. Mən əgər əsgər malı ilə ailəmi dolandırsam, evdə arvadın üzünə necə baxaram? Kim ki əsgərin yeməyini oğurlayıb evinə aparır, o kişi deyil, onun uşaqlarını, arvadını əsgərlər saxlayır". Daha bu sözlərdən sonra heç nə demədim.
Bunu yazmaq da məqsədim nədir? Ordu müqəddəsdir deyib hər şeyin üstündən keçmək olmaz. Şərəfli hərbi qulluqçu öz layiqli yerini tutmalıdır, şərəfsizlər isə cəzalanmalıdır.
Ordu karvansaray deyil ki, hərə öz arzusunu reallaşdırsın. Çox təəssüflər olsun müqəddəs savaşa ləkə gətirən bəzi videolar yayılmaqdadır. Mən zorakı videolara baxa bilmirəm, tez silirəm telefonumdan.
Dünən bir videoya baxdım, bütün gecəni qoca kişinin yalvarışları məni qoymayıb yatmağa. Bilmirəm o ermənidir, ya bizimkidir, hər kimdirsə elə yalvaran adamın başını üzən, kənardan bıçaq verən, kameraya çəkən hərbçi mənim dinimdən, millətimdən deyil!
Dövlət onları ən ağır cəza ilə cəzalandırmalıdır.
Əsirə qarşı elə rəftar nə beynəlxalq qanunlarda, nə də müsəlman kimi dinimizdə var.
Düşmən o vaxt güclü olub "Xocalı"nı törədib, indi biz güclüyük, biz də onları genosid edək?!
Bəs bizim vəhşi düşməndən fərqimiz nə oldu?
Bu videolardan belə çıxır ki, biz də vəhşiyik- sadəcə o vaxt imkanımız yox idi, indi var!
Mən belə düşünmürəm, bizim xalqımız öz sözünü səngərdə dedi, amma əsirlərə qarşı o hərəkəti edənlər bizdən deyil.
Ümüdvaram ki onlar tapılıb öz layiqli cəzasını alacaqlar.
Erməni tərəfi də, Azərbaycan tərəfi də cinayətkarları tapıb cəzalandırmasa Qafqazda sülh gözdən pərdə asmaq kimi bir şey olacaq.

Комментариев нет:

Отправить комментарий