31.12.2020

Ermənistandakı populistlərdən Azərbaycanda da var

İnsanların həyata baxışı iki cürdür. Birincilər gördüklərini olduğu kimi danışırlar. İkincilər isə görmək istədiklərin danışırlar. Politologiyada birincilərə realistlər, ikincilərə isə populistlər deyilir. Ermənistan cəmiyyətində populistlər ictimai fikrin əsas aparıcı qüvvələridir. Ona görə də ermənilər heç zaman istədiklərinə nail ola bilmirlər.
Azərbaycanda da populistlər var.
Və onlar sayca az olsa da, ictimai fikrə müəyyən təsir imkanlarına sahibdirlər.
Bu adamların çox zaman müstəqil fikirləri olmur. Kimlərinsə təsiri altında hərəkət edirlər. Və çox zaman da özlərinin yox, təsiri altına düşdükləri qüvvələrin fikirlərini təşviq edirlər.
Siyasi platformada olan bu adamların tam əksəriyyəti qərbyönümlü olanlardır.
Və onlar öz fikirlərində Rusiyaya və İrana qarşı çox aqressivdirlər.
Bu aqressivlik milli təəssübkeşlikdən doğmur, Avropanın yanında durmaq, onlardan “malades” almaq istəyindən irəli gəlir.
Belə siyasətçilərimizdən biri də hörmətli Ərəstun Orucludur.
Onun elektron KİV-lərdə Rusiya ilə bağlı odlu-alovlu fikirləri tirajlanır.
Oruclu deyir: “Yaxın vaxtlarda Qarabağda Rusiyanın nələr planlaşdırıldığını bilmək üçün münəccim olmağa ehtiyac yoxdur. Hələ bir neçə həftə əvvəl demişdik ki, əsas iki bölgə – Hadrut və Şuşa hədəfdədir, səbəblərini də izah etmişdik. Lakin “sülhməramlının” bununla kifayətlənmək istədiyini düşünmək yaxşı halda sadəlövhlük, pis halda isə axmaqlıq olardı”.
Mən Ərəstun bəyin naratlığını başa düşürəm. Lakin onun bəsit fikirlərini anlamıram. Rusiyanın geosiyasi hədəflərində Hadrut və Şuşa şəhərlərinin adlarına heç vaxt rast gəlinə bilməz.
Hazırda Rusiya ictimai fikrində Azərbaycana qarşı simpatiya meyilləri güclənməkdədir
10 noyabr anlaşması Rusiyaya tarixində ilk dəfə sülhməramlı rolunda çıxış etmək imkanı verdi. Rusiya üçün dünya ictimai fikrini dəyişdirmək baxımından Ermənistan-Azərbaycan sülh anlaşması əlamətdar bir fürsət oldu. ABŞ və Avropa olmadan Rusiya ilk dəfə müharibəni durdurdu. Bu isə Rusiya üçün əvəzsiz bir uğur idi.
Bu uğurun inkişaf etdirilməsi və dünyanın ictimai fikrində Rusiya haqqında müsbət imicin formalaşması üçün Azərbaycan Moskvaya çox böyük dəstək verə bilər. Bu dəstək Azərbaycanda 10 dənə hərbi bazadan 10 dəfə böyük iqtisadi-siyasi və mənəvi dividenddir.
Ona görə də Ərəstun Oruclunun Şuşa və Hadrutla bağlı söylədiyi fikirlər çox bəsitdir. Ay Şuşa belə gəldi, Hadrut elə getdi - belə məsələlər Rusiyanın böyük layihələrində hədəf kimi göstərilməsi Ərəstun müəllimin təbiri ilə desək, ”yaxşı halda sadəlövhlük, pis halda isə axmaqlıqdır”.
Ərəstun Oruclu fikrini inkişaf etdirərək deyir ki, ”Növbəti hədəf Cəbrayıl olmalıdır, çünki Rusiyanın strateji məqsədi Yaxın Şərqə çıxmaqdır, ora əsas yol isə Xudafərindən keçir. Əsas yol, amma əlavə yol da var ki, bu da Naxçıvan üzərindəndir. Bunu da unutmamalıyıq”.
Burda rəhmətli Məşədi İbadın məşhur ifadəsi yadıma düşdü: “Tarixi-Nadiri” yarıyacan oxumuşam, mən buna başa düşmədim, bəs bu füqarələr necə başa düşsün?”
Bu nə deməkdir?
Rusiyanın Azərbaycan üzərindən Yaxın Şərqə çıxmaq fikri çox gülüncdür. Çünki Rusiya İranla onsuz da strateji tərəfdaşdır.
İraq, Suriya və digər ölkələrə gəldikdə isə, Rusiya zatən orda var.
Son 3-4 ayda Rusiya ictimai fikrində Azərbaycana qarşı meyllənmə müşahidə edilir. Halbuki son 3 aydakı pozitiv dəyişikliyi son 30 ildə görməmişik. Bu dəyişikliyin bir səbəbi Azərbaycanın haqq mübarizəsindəki qələbəsidirsə, digər səbəbi rus siyasətçilərinin, ekspertlərinin imperalist yanaşmadan əl çəkdiklərinin simptomlarıdır. Ona görə də Ərəstun Oruclunun proqnozlarının heç bir perspektivi yoxdur.
Bu fikirlər Rusiyaya olan antipatiyadan, ABŞ və Avropaya olan simpatiyadan qaynaqlanır.

konkret.az

Комментариев нет:

Отправить комментарий