Vətən müharibəsi iştirakçısı, kəşfiyyatçı Elmar Allahverdiyev 1986-cı il noyabrın 4-də Şəki rayonunun Cəfərabad kəndində anadan olub. 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-tədris Mərkəzində zabit, 2010-2011-ci illərdə isə Silahlı Qüvvəllərin Təlim-tədris mərkəzində kəşfiyyat kurslarını uğurla bitirib. 2010-cu ildən 2013-cü ilə qədər N saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyətə başlayıb. 2013-2016-cı illərdə o öz istəyi ilə xidmətini Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri kimi davam etdirib. 2016-2017- ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ildə məlum “Tərtər işi” zamanı tutulub, 10 ay həbsdə qaldıqdan sonra bəraət alıb. 2020-ci ilin oktyabr ayında könüllü kimi Vətən müharibəsinə qatılıb, noyabrın 5-də Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.
- Hərbçi həyatının çətinlikləri məlumdur. İstəyirsinizsə, söhbətə sizi bu peşəyə gətirən səbəblərdən başlayaq...
- Mənim hərbçi olmağımda anamın xüsusi rolu olub. Anam uzun illər hərbi məktəbdə tarix fənnini tədris edib. Dayılarım hərbçi olub. Anamın ən böyük arzularından biri məni hərbçi görmək idi. Elə anamın hərb sənətinə olan marağı da mənim bu peşəni seçməyimə səbəb oldu. Ona görə də anamın təkidi ilə 8-ci sinifdə oxuyanda ailəlikcə Bakıya köçdük. Burda Cəmşid Naxçıvanski adına Hərbi liseyə imtahan verdim və qəbul olundum. Bir müddət sonra Milli Qəhrəman Mübariz İbrahimovla dostlaşdıq. Çox yaxın dost olduq. Sonralar qəhrəmancasına şəhid olan Fərid Əhmədovla tanışlığımız yarandı. 2010-cu ildə dostum Mübariz İbrahimovun və Fərid Əhmədovun şəhid olması məni çox sarsıtdı. Bakıda xidmət zamanı fikrim ancaq kəşfiyyatçı kimi xidmətimi cəbhə bölgəsində davam etdirmək idi. Nəhayət, dözmədim və ərizə yazıb bildirdim ki, xidmətimi döyüş bölgəsində davam etdirmək istəyirəm. Müsbət cavab gəldi və məni Tərtərə Fərid Əhmədovun xidmət etdiyi hərbi hissəyə göndərdilər. Həmin hərbi hissəyə göndəriləndə mənə oraların necə çətin yer olduğunu demişdilər. Fərid Əhmədovdan sonra ora xidmətə göndərilən bir çox bölük komandirləri ən çox 6 ay dözə bilmişdilər. Mən Fəridin çarpayısında yatanda artıq məni qarşıda hansı çətinliklərin gözlədiyini bilirdim. Amma onu da bilirdim ki, bunun öhdəsindən gəlməliyəm.
- Cəbhə bölgəsində ilk təcrübəniz zamanı nə kimi çətinliklər yaşadınız?
- Nə qədər hazırlıqlı olsan, təlimlər keçsən də, real döyüş şəraiti tamam başqadır. Tərtər istiqaməti ən çətin ərazi olub. Hələ 90-cı illərdə gedən döyüşlərdə ən ağır itki verdiklərinə görə ermənilər Tərtər camaatından çəkinirdi. Ona görə də düşmən bu ərazidə tez-tez təxribat törədirdi. Çətinlik sözsüz ki, var idi. Amma insan elə varlıqdır ki, düşdüyü hər situasiyaya uyğunlaşır, çətinliklərə istər-istəməz qatlaşır. Kəşfiyyatçının isə ən çətin gününün ömrü uzağı bir gün çəkir. Bunu öz təcrübəmdən deyirəm. Mən səhv etməkdən qorxurdum. Çünki komandirin səhv əmri çox böyük faciələrə, itkilərə səbəb ola bilər. 2014-cü ildən bu istiqamətdə ilk döyüş tapşırıqlarını icra etməyə başlamışdım. Komandiri olduğum 8-10 nəfərdən ibarət kəşfiyyat qrupu ilə çox uğurlu nəticələr əldə etmişdik. 2015-ci ildə Silahlı Qüvvələrdə son iki ili döyüş tapşırıqlarının icrası və düşmənin verdiyi itkilərə görə birinci yerə çıxmışdıq. Müdafiə naziri, general Zakir Həsənovla dəfələrlə görüşlərimiz olub, məni təltif edib.
- Ən çətin kəşfiyyat tapşırığınız hansı olub?
- Öz işini mükəmməl biləndə, ərazini və düşməni düzgün qiymətləndirəndə kəşfiyyatçı üçün heç bir tapşırıq çətin olmur. Ona görə də döyüşdə kəşfiyyatçının ölümü ən sonuncu amil ola bilər. Komandirin verdiyi ani qərardan asılıdır hər şey. Komandir ani qərarlar zamanı düzgün davrananda kəşfiyyatçı da itki vermir. Ən əsas da bu işlərin gizlin aparılması vacibdir. Mən rəhbərlik etdiyim əməliyyatlar haqqında heç vaxt, heç kimə açıqlama vermədim. Ona görə də Aprel döyüşləri də daxil olmaqla 3 il ərzində mənim rəhbəri olduğum bölük şəhid vermədi.
- Aprel döyüşlərindən söz düşmüşkən, döyüş necə başladı?
- 2016-cı ilin mart ayında bayramdan sonra bizi təlim adı ilə Stansiya Mingəçevir deyilən əraziyə göndərdilər. Bizə deyilmişdi ki, Silahlı Qüvvələr gününə hazırlıqla bağlı təlimə gedirik. Amma ora çatanda gördüyümüz ərazi və qurulan plan artıq nəsə deyirdi bizə. Təlimlərdə iştirak etdik, iki gün qalmış bizə dedilər ki, real döyüş olacaq. Döyüş istiqamətinin Seysulan istiqaməti olduğu bildirildi. Aprelin 1-də günorta qəfil əmr gəldi, biz maşınlarla öz bölmələrimizə qayıtdıq. Şəxsi heyətə istirahət əmri gəldi. O zaman başa düşdüm ki, axşam döyüş olacaq. Bizə məlumat gəlmişdi ki, neytral ərazi deyilən keçidlər, sağ-sol cinahlar minalardan təmizlənib. İki gün əvvəl bu barədə istehkamçı bölmələrə tapşırıq verilmişdi. Artıq birinci gün məruzə olundu ki, deyilən ərazi təmizdir. Ayın 1-də gecə saat 11-12 radələrində bizə artıq döyüş istiqamətində hərəkət əmri verildi. Həmin istiqamətə məsafə uzun idi, hərbi hissənin 30 kilometr müdafiə zolağı vardı. Düşmənin müşahidəsinə düşməmək üçün o istiqamətdə təxminən 7-8 kilometr piyada irəlilədik. Saat 4-ün yarısı artilleriya qüvvələri hərəkətə keçməliydi, mən saat 4-də döyüş əmrini icra etməliydim. 4-ün yarısında artilleriya qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr vurdu. Əslində, bu, mənim qrupum üçün keçdiyimiz təlimlərlə müqayisədə çox rahat tapşırıq idi. Təmiz ərazidə irəliləyib döyüşmək elə də çətin olmur. Biz əvvəlki döyüş tapşırıqlarını artilleriyasız yerinə yetirmişdik, minaları özümüz təmizləyə-təmizləyə düşmən mövqeyinə keçirdik. Burda isə düşmən mövqelərini artilleriya susdururdu və biz rahat şəkildə ərazini keçib mövqeyə çatırdıq. Aprel döyüşlərində ərazi yaxşı təmizlənməmişdi. Ərazinin təmizlənməməsi, döyüşə təcrübəsiz, gənc əsgərlərin qatılması bizi xeyli ləngitdi. Qorxulu, çətin vəziyyət yaranmışdı. Açığını deyim, nə qədər təcrübəli olsam da, belə qarışıq vəziyyətdə nə edəcəyimi bilmirdim. Şəhidlər var idi. Rəhbərə məruzə etdim ki, şəhidləri ortadan götürmək lazımdır, gənc əsgərlər bunu görür və psixoloji cəhətdən tab gətirmirlər. Mən orda bir hadisənin şahidi oldum. Snayper atırdı, bu an əsgər başını qaldırdı və böyrümdə vuruldu. Baş nahiyəsindən dəydi və beyni yerə səpildi. Vurulan əsgər ortada qalıb, o anda digər əsgər gözümə sataşdı. Şəhid olan əsgərin yoldaşı idi. Yoldaşının vəziyyətini görən əsgərin əlində silah necə donub heykələ çevrildiyinin, necə yerə çırpıldığının şahidi oldum. O mənzərəyə şahid olmaq ağır idi. Çox çətinliklə də olsa, biz düşmən mövqeyinə girib iki nəfər erməni əsgərini tutduq. Onları əsir götürmək fikrim var idi. Əsgərimə komanda verdim ki, ona de, təslim olsun. Elə bunu deyəndə erməni əsgəri bizim əsgərin üstünə qumbara tulladı. Orda hisslərimə hakim ola bilmədim, əmr verdim ki, ikisini də öldürün. Artıq mövqe bizdədir və arxaya məruzə edirəm ki, mövqe bizdədir, qüvvə göndərin otuzduraq səngərə. Əsgəri səngərə salmalıyam. Çünki artilleriya vursa, hamısı qırılacaq. Amma arxa cəbhə ilə rabitə kəsildi. Kömək gəlmədiyi üçün düşmən itirilmiş ərazini geri almaq istəyirdi və məni sıxmağa başlamışdı. Əlbəttə ki, mən 19 nəfərlə uzaqbaşı 2-3 saat döyüşə bilərdim. Bölüyümə komanda verdim ki, çıxırıq, amma topa yox. İki-iki, üçü-üç giriş nöqtəmizi göstərdim ki, bu qaydada keçəcəyik. Şəxsi heyəti sağ-salamat təhlükəsiz əraziyə gətirmişdim, bu zaman xəbər gəldi ki, iki kəşfiyyatçı qalıb orda. Çevrilib gördüm həqiqətən də uşaqlardan ikisi yoxdur. Kəşfiyyatçının düşmən mövqeyində qalması nə deməkdir? Bu an ərazidən bir ZİL keçirdi. Maşını saxlayıb sürücünü dartıb yerə saldım, qrupuma dedim hamınız minin maşına, qayıdırıq döyüş bölgəsinə. Mən o uşaqları orda qoya bilməzdim. Ora çatanda gördüm heç kim yoxdur. Başladım səslənməyə. Bir neçə dəqiqə sonra səsimə səs verdilər. Sual verdim ki, niyə qaldınız orda? Dedilər, komandir, yanımızda 15 yaralı var. Hətta tabor komandiri də vardı aralarında. Yaralılar da qışqırır ki, bizi burdan çıxardın. Yaralıları çıxaranda bölüyümdən bir nəfər öz minamıza düşdü. Mən çox pis vəziyyətə düşmüşdüm. Kəşfiyyatçının döyüş meydanında ölümü çox pis hadisədir. Aprel döyüşləri də çətin və ağır döyüş idi. Amma biz öhdəsindən gəldik.
- “Tərtər işi” ilə bağlı 10 ay həbsdə yatmısınız. Bəraət alıb həbsdən çıxdıqdan sonra psixoloji və sosial vəziyyətiniz necə oldu?
- Çox pis. Sağlamlığım yaxşı deyildi. Uzun müddət mənə heç yerdə iş vermədilər. İşsizlik, ailədə çətin vəziyyət, 4 körpə ilə kirayədə çətin günlər yaşadım. Amma ən ağırı üstümdəki “vətən xaini” ləkəsi ilə gəzmək idi. Uzun müddətdən sonra türk iş adamı mənim günahsız olduğuma inandı və mənə iş verdi.
- Şəhid general Polad Həşimovla çox yaxın münasibətləriniz olub. Onun şəhid olması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
- Bəli, Polad Həşimovla bizim çox yaxşı münasibətlərimiz olub. Həm bir şəxsiyyət, həm də bir hərbçi kimi Polad Həşimovdan, onun qəhrəmanlıqlarından saatlarla danışmaq olar. 2020-ci ilin iyulunda döyüş baş verəndə mən Şəkidə ata yurdumda idim. Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğunu eşidəndə 3 gün bir otağa qapandım.
- Məlum məsələdir ki, dəfələrlə düşmənlə üz-üzə gəlmisiniz, onları məhv etmisiniz. Olubmu ki, düşməni öldürmək istəməyib buraxasınız?
- Düşmən mənim torpağımı zəbt edib, mənim dinc əhalimə divan tutubsa, onun qarşılığını hökmən almalıdır. Döyüş meydanında mərhəmət hissi hərbçiyə yaddır. Müharibə zamanı yalnız dinc əhali üçün keçərlidir mərhəmət. Amma düşmən bunu belə bacarmır. Gəncə terroru, Bərdə hadisəsi, bundan əvvəl Xocalı faciəsi nümunədir. Mənim bölüyümdə bir kəşfiyyatçı var idi - Elnur Fərzəliyev. Aprel döyüşləri zamanı erməni hərbçinin başını kəsmişdi. Ermənilər onun başına pul qoymuşdular. Açığı, bizə həmin hadisəyə görə çox irad bildirdilər yuxarıdan. Amma mən öldürdüyüm heç bir erməni hərbçiyə görə peşman deyiləm. Çünki Aprel döyüşləri zamanı onlar bizim bir neçə şəhidimizin cəsədinə işgəncə vermişdilər. Kəsilən erməni hərbçisinin başını şəxsən mən özüm aparıb erməni zabitlərə təhvil verib 16 şəhidimizi təhvil almışam. Orda erməni zabiti ilə aramızda belə bir dialoq olmuşdu. Mən şəhidləri təhvil alıb gedəndə məni arxadan çağırdı. Dedi, komandir, biz bildik sən kimsən, səninlə döyüş meydanında görüşəcəyik. Mən güldüm. O qıcıqlandı. Dedi şübhə edirsən? Dedim yox, inşallah döyüş meydanında görüşərik.
- Vətən müharibəsinə nə zaman qoşuldunuz?
- Müharibə başlayanda tez telefonumda nömrəsi olan kəşfiyyatçı dostlarımı yığmağa başladım. 60 nömrənin demək olar ki, 40-na zəng çatmadı. Dedilər, həlak olublar. Mən iki dəfə könüllü yazıldım. Heç bir xəbər çıxmadı. Özüm bir də zəng vurdum. Kimliyimi biləndən sonra dedilər ki, sənə ehtiyac yoxdur. Mən də onlara dedim ki, təcrübəsiz əsgərlərləri qabağa verməyin, bu iş mənim işimdir, buraxın gedim döyüşüm. Məni oktyabr ayına kimi orduya buraxmadılar. Oktyabrın 16-da məni orduya çağırdılar. Qızğın döyüşlər gedirdi, irəliləyiş də var idi. Öz istəyimlə 2-ci Ordu Korpusuna göndərildim. Füzuli istiqamətində kəşfiyyat bölük komandiri kimi döyüşlərə qatıldım. Sırf o istiqamətə çatanda mən üçüncü bölük komandiri idim. Mənə qədər iki zabit, iki komandir kəşfiyyat rəisləri şəhid olmuşdu. Ağır döyüşlər getmişdi, nəticə də var idi, kəndlər, rayonlar azad olunmuşdu.
- Füzuli istiqamətində gərgin döyüşlər olduğunu bilirik. Amma o anların canlı şahidi sizsiniz. Nə baş verirdi orda?
- Döyüşün əvvəllərində bir qədər çətinlik var idi. Məsələn, düşmənin bir bunkeri var idi, oranı tutmaq üçün altı dəfə hücum olmuşdu, amma bunkeri götürə bilməmişdik. Çünki ora çox zirehli yer idi. Hətta aviasiya da vurdu, amma dağılmadı. Sağından-solundan ötüb hücuma davam etmək lazım idi. O hücumun qabağında erməni bunkerdən çıxıb döyüşməyə cürət edə bilməyəcəkdi, axırda təslim olacaqdı. Nəhayət, sonuncu - 7-ci addım uğurlu oldu və bunkeri götürdük. Bununla da Füzuli rayonu işğaldan azad olundu. Gecə ilə əmr gəldi, bizi Hadrut istiqamətinə verdilər. Hadrut istiqamətində Tehran Mənsimovun tabeçiliyinə verildim, bir həftəyə kimi onun tabeçiliyində döyüşdüm...
- Vətən müharibəsi dövründə ən ağır əməliyyatınız hansı istiqamətdə oldu?
- Şuşa istiqamətində. Biz Topxana meşəsi deyilən yerdə kolon şəkilində düşmənin artilleriya pusqusuna düşdük. Birinci və axırıncı maşını vurdular və 30-dan çox maşın, 500-ə yaxın şəxsi heyət qaldıq ortada. Təsəvvür edin nə geri qayıda bilirik, nə irəli gedə bilirik. O anda polkovnik Tehran Mənsimov qışqırdı ki, şəxsi heyət düşür enişə. Düşmən bizim sağımızda idi, enişə düşməsəydik, bizi vuracaqdılar. Həqiqətən də şəxsi heyət enişə düşəndə artilleriya başladı maşınları vurmağa. Hətta düşmən atdığı mərmilərdən biri gəlib bizim qradımıza düşdü, qradın üzü çöndü və başladı özümüzə mərmi yağdırmağa. Amma hər şey polkovnikin doğru qərarından asılı oldu. Komandir düzgün qərar verdi ki, şəxsi heyət piyada bu yerdən uzaqlaşmalıdır. Sonra bir-bir sürücülər gəlib maşınları çıxarda biləcəkdi. Elə də oldu. O yerdən piyada çıxdıq və heç bir canlı itki vermədik. Düşmən kolonu tutub, amma bilmir ki, şəxsi heyət enişlə çıxıb ordan. Biz o istiqamətdə Tuğa gəldik. Orda da üç gün çətin yerdə yüksəkliyi tutub saxlamalı idik və bunu bacardıq. O yüksəkliyi tutub saxladıq. Düşmənin əks hücumlarına məruz qaldıq. Şükür Allaha, ora qədər hər şey yaxşı idi, şəhid verməmişdik. Qarşımızda Daşaltı dururdu. Daşaltını ilk dəfə görəcəkdim. Strateji baxımdan əhəmiyyətli kənd idi. Bilirdim ki, bizi hansı çətinlik gözləyir. Qolumda hərbi saat var idi. O saatla özüm üçün təsadüfən kəndin kompasla dərəcəsini çıxartmışdım. Kəndə girəndə yenə pusquya düşdük və o qayalıqlarda xeyli şəhid verdik. Qızğın döyüşlər getdi.
- Yaralıları o qayalıqlardan, pusqudan necə çıxardınız?
- Saatla çıxartdığım dərəcə mənə yaralıları ordan çıxartmaqda çox kömək oldu. Yol ilə qayıda bilmirdim, çünki ordan qayıtsam, vuracaqdılar məni. Meşəyə girməli idim. Meşə də qaranlıq idi. Mən tərs bucaqda geri qayıtmalı idim. Amma şükürlər olsun ki, yaralıları haradan gəlmişdimsə, ora çatdıra bildim.
- Komandir üçün müharibədə ən dəhşətli situasiya nədir?
- Təsəvvür edə bilməyəcəyiniz qədər çətin və dəhşətlidir müharibə. Ağır yaralı olduğu halda əsgərə sakit olmağı əmr etmək çox çətin idi. Təsəvvür edin, əsgərin əzaları yoxdur, onun ağrısını siz öz canınızda hiss edə bilirsiniz, amma onu susdurmaq məcburiyyətindəsiniz. Yaralı əsgərlər dəhşətli ağrılarına rəğmən səslərini çıxartmamalı idi. Çünki düşmənin harada gizləndiyini təxmin etmək çətin idi. Biz o yerlərə nabələd idik. Orxan adında bir qazimiz var. Artilleriyanın zərbəsindən gözlərini itirmişdi. Mənim yanımda yaralandı. Yanımda sanitar ləvazimatlar da yox idi. Elə bir vəziyyət yaranıb ki, mən onu ordan çıxartmalıyam. Çıxartmışam, amma əlim sanitara çatmır. Başımdan çeçenka papağı çıxardıb Orxanın gözlərinə sıxmışam. Hələ dalda nə qədər yaralı var! Birinin çənəsi dağılıb, mərmi birinin qolunu aparıb, birinin ayağını. Mən bunların hamısını ordan çıxartmalıyam. 3 gündür də elə bir yorğunçuluq vardı ki, təsəvür edə bilmirəm sizə o yorğunluğu. Su da tapmırıq içməyə. Dodaqlarımız, ağzımızda dilimiz çatlayırdı susuzluqdan. Yarpaqlardan yaralılara şeh içirdə-içirdə aparırdım. Orxanın da övladı olacaqdı. Tez-tez deyirdi ki, komandir, mən balamı görə bilməyəcəm. Qulağına dedim ki, mən sənə söz verirəm, sən balanı qoxlayacaqsan. Mən onu gətirib tibbi maşına mindirdim. Orxanı təhvil verib yenidən qayıtdım bölüyün olduğu yerə. Artıq biz Daşaltının üst hissəsini, sağ cinahını götürmüşdük.
- Döyüş meydanında tez-tez xatırladığınız hadisə varmı?
- Unudulmayan anlar çoxdur. Amma bir şey heç vaxt yadımdan çıxmayacaq. Noyabrın 4-ü mənim ad günüm idi. O ad günümü heç vaxt yadımdan çıxarmaram. Həmin gün biz o qayalıqlarda nə qədər üşümüşdük. Döyüşə gedəndə istər-istəməz yüngül geyimdə olursan. Nazik geyinirsən ki, qaçanda, manevrlər edəndə ağırlıq olmasın. Amma özümüzlə götürürdük qalın geyim. Çantamız qalmışdı arxada. Səhərə qədər bütün şəxsi heyət o qayalıqda titrədik. Hərəkət də edə bilmirdik ki, heç olmasa bir az isinək. Düşmən gecə vaxtı işıq verirdi ki, yerimizi öyrənsin. Dərhal komanda verirdim ki, tərpənməyin. Yerimizdən tərpənməyəndə texnika təxmin edə bilmirdi ki, bu, daşdır, yoxsa adam. Amma bizdəki texnika tam fərqli idi. Daha güclü idi. Canda istiliyə qədər bilirdi. Əgər onlarda da bizdəki kimi güclü texnika olsaydı, biz o meşəlikdən salamat çıxa bilməzdik.
- Daşaltı istiqamətində o vəziyyətdə nə qədər qaldınız?
- Daşaltı istiqamətində hava sutkanın çox vaxtı dumanlı olurdu. Dumanlı havada piyada döyüşçünün hərəkəti daha rahatdır. Pis cəhəti odur ki, Harop, Bayraktar dumanlı havada işləyə bilmir ki, sənin qarşındakı zirehlini dağıtsın, rahat gedib o mövqeyi götürəsən. Biz o vəziyyətdə bir sutka qaldıq. Noyabrın 5-də artıq hücum oldu və biz bölüklə birlikdə ilk dəfə kəndə daxil olduq. Kəndə girəndə 21 nəfər idik. Xeyli şəhidimiz vardı. Kəndə girdik. Tam axtarış etmirdik, evlərə girmirdik. Çünki bilirdim ki, bu evlərdə erməni varsa da, artıq özü çıxıb təslim olardı. Kəndin çıxacağında qarşımıza bulaq çıxdı. Suyu görəndə hamımızın gözünə işıq gəldi. Tapşırığa əsasən bizi artıq yuxarıda Xüsusi təyinatlılar gözləyirdi, mən onlara yaxınlaşıb birləşməliydim. Əlimlə işarə etdim ki, mühafizəni tutub iki-iki su içib çıxırıq. Hamımız topa şəkildə bulağın başına yığışa bilməzdik. Elə də etdik. Birinci iki əsgər gedib su içib qayıdanda bizi atəşə tutdular. Güllə yağmağa başladı. Məndən 300 metr yuxarıda Şuşa yolu idi, mən o yolu tutmalıydım. Qarşımızda 6 aşırım vardı. Birini qalxdıq. İkinci aşırımı qalxanda yuxarıdakı əsgər qışqırdı ki, komandir, bunlara bax, silahı atıb qaçıblar. Baxdım ki, hamısı iriçaplı silahlardır. Amma silahlar səliqə ilə düzülüb. Atılıb qaçılana oxşamırdı. Anladım ki, düşmən özü üçün təyin edib hər şeyi. Bu nöqtəni keçdiksə, deməli ölü nöqtəyə keçirik və bizi rahatlıqla öldürə bilərlər. Əraziyə baxdım. Yoldan arx keçirdi. Qarşıda meşə var idi. Bildim ki, kimdirsə meşədə olacaq. Gördüm meşədən ata bilər mənə. Anladım ki, tələdəyik. Elə bu an istədim qışqıram ki, solu tut, bir anda başımıza güllə qar kimi yağdı. Elə birinci atışda uşaqların neçəsini götürdü. Dal-dala süründüm. Bir yandan da qışqırıram ki, arxa gir. Arxa girəndə düz başımın yanında güllə açıldı. Allaha yalvarırdım ki, güllə bircə başıma dəyməsin. Əlimə, ayağıma dəysə, sürünüb çıxacam. Amma başıma dəysə, öləcəm. Mənsə şəxsi heyəti görünməz nöqtəyə salmalıydım. Qışqırıram ki, dala sürünün. Mən çıxdım, amma baxdım ki, qabağıma heç kim gəlmir. O anda bildim ki, şəhid olublar. Mən ölü sahəni keçmişəm. Arxamda əsgərlər vardı. Dedim, bu yoldan çıxmayacağıq. Məni bulaqda görürsə, deməli hər yerdə görür. Çünki atəş məni ancaq döngələrdə tutur. Başa saldım ki, burdan qayalıqdan qəfil keçəcəyik. Daşaltıda girişdəki situasiya oldu. Girişdə də artilleriya arxanı bağladı. Minamyotlar arxa nöqtəni vurmağa başladı ki, çıxa bilməyək. Ayağa durdum ki, çıxam, minamyot düz böyrümə düşdü, məni qayalıqdan aşağı tulladı, düşdüm qayalığın dibinə. İstədim durum, gördüm dura bilmirəm, ayağımdan yaralanmışdım. Başımı yuxarı qaldırdım ki, görüm uşaqlardan kim gəlir. Səs gəlmədi, elə bildim hamısı şəhid olub, mən tək qalmışam. Sonra gördüm iki nəfər dığırlanıb gəldi. Dedilər, meşədən çıxıb üstümüzə gəlirlər. Qismətdən əsgərin birində balaca rabitə var idi. Yoxladım, gördüm, danışıq var. Artilleriyaya dedim ki, yolun solunu vur. Sağ olsun, dərhal da cavab oldu, vurdular dediyim yeri.
- Yaralı və silahsız vəziyyətdə hara getdiniz?
- Daşaltının sol tərəfində qayalıqda bir erməni qəbiristanlığı var idi. Fikirləşdim ki, nə qədər də olmasa, düşmən öz ölüsünə hörmət edər, qəbiristanlığı vurmaz, bəlkə orda sağ qalarıq. Gəldik qəbiristanlığa çıxdıq, iki gün orda qaldıq. Yaralı idim. Dizim oynaqdan aralanmışdı, belim də ciddi zədələnmişdi. Ağrıdan hərəkət edə bilmirdim. Bu an arxamdan Tehran Mənsimov gəlirdi. Məndən sonra o pusquya düşdü. Onun pusqudan çıxması təxminən 5 saat çəkdi.
- Müharibə bitdi, qələbə qazandıq. Bu qələbədə sizin də payınızın olmasına baxmayaraq hələ də sizə qarşı təzyiqlər olduğunu deyirsiniz.
- Mən nə müxalifətçiyəm, nə hansısa partiyanın üzvüyəm, nə də dövlətə qarşı olan bir insanam. Mən bu dövlət üçün, xalq üçün yaşamışam özümü dərk edəndən. 17 ilimi vermişəm hərbiyə. Müxalif kanala çıxıb ölkə başçısının tərəfini tutmuşam. Belə müxalifətçi olur? Biz hərbçi kimi and içəndə nə deyib and içirik? Bu xalqa, dövlətə ömür boyu şərəflə xidmət edib onu qoruyacağıq. Mən öz vətəndaşıma, dövlətimə sadiqəm. Bu ölkənin əsgəriyəm. Anam mənim üzümə qarşı bir söz dedi müharibəyə gedəndə. Mesaj yazdım ki, ana, birdən mənə bir şey olsa, balalarım sənə əmanətdir, onlara yaxşı bax. Mənə yazdı ki, mən səni vətənə vermişəm, yolun açıq olsun. Şəxsiyyət vəsiqəmin vaxtı keçib, amma yenisini al bilmirəm. COVİD pasportu almalıyam, iş tapmalıyam, bu mənə lazımdır. Amma qanunsuz şəkildə şəxsiyyət vəsiqəmi vermirlər. Heç bir səbəb də göstərmirlər, heç bir arqument gətirə bilmirlər, vermirlər, vəssalam. ASAN xidmətə yaxınlaşıb şəxsiyyət vəsiqəmin ödənişini də etmişəm. Yenə müraciət edəcəm və bu, mənim sonuncu müraciətim olacaq. Ölkə rəhbərliyindən xahiş edirəm, bu məsələni araşdırsınlar, Azərbaycan Ordusunu, əsgərini, zabitini təhqir edən, alçaldan, şərləyən, ləkələyən qüvvələr cəzalandırılsınlar.
Günel MUSA, "525-ci qəzet"
Комментариев нет:
Отправить комментарий